Azərbaycan Diplomatik Akademiyasında yeddinci Bakı yay enerji məktəbi başa çatmışdır

 

Azərbaycan Diplomatik Akademiyasının (ADA) Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birgə təşkil etdiyi sayca 7-ci Bakı yay enerji məktəbi başa çatmışdır.

ADA-dan AzərTAc-a bildirmişlər ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məktəb iştirakçıları qarşısında “Xəzər hövzəsi və onun ətrafında enerji siyasətinin tarazlaşdırılması”  mövzusunda məruzə ilə çıxış etmişdir.

Xarici siyasət idarəsinin başçısı Azərbaycan üçün siyasi prioritetlərdən biri olan enerji diplomatiyasının tarixinə nəzər salmış, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu neft strategiyasının  müstəqil ölkəmizin inkişafı üçün həlledici rolundan bəhs etmişdir.

Məktəb iştirakçılarına, həmçinin Cənubi Qafqaz bölgəsində cərəyan edən son geosiyasi proseslər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar barədə ətraflı məlumat verilmişdir.

Yay enerji məktəbinin son günündə iştirakçılar qarşısında, həmçinin Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Qazaxıstanın ölkəmizdəki səfiri Amangeldi Cumabayev, eləcə də Türkiyə və Gürcüstan səfirliklərinin nümayəndələri çıxış edərək təmsil etdikləri dövlətlərin Xəzər dənizinin hüquqi statusuna dair rəsmi mövqeləri barədə fikirlərini bölüşmüşlər.

Yeddinci Bakı yay enerji məktəbinin 38 məzununa iki həftəlik akademik proqramı uğurla bitirdiklərinə görə xarici işlər naziri Elmar Məmmədyarov və ADA-nın rektoru, səfir Hafiz Paşayev tərəfindən sertifikatlar təqdim edilmişdir.

Yeddinci Bakı yay enerji məktəbi iyulun 6-dan 20-dək davam etmiş və 15 müxtəlif ölkədən enerji sahəsi üzrə təhsil alan və çalışan mütəxəssisləri bir araya gətirmişdir. İştirakçılar bu günlər ərzində Azərbaycanın enerji sektorunu təmsil edən ARDNŞ, Ekologiya və Təbii Sərvətlər, Sənaye və Energetika nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, həmçinin ölkəmizdə fəaliyyət göstərən xarici neft və qaz şirkətlərinin nümayəndələri, dünyanın aparıcı ali məktəblərinin beynəlxalq enerji məsələləri üzrə professorlarının təqdimatlarını və mühazirələrini dinləmişlər. Onlar bu müddətdə enerji siyasətinin iqtisadi, siyasi əsasları, ətraf mühitə təsiri, regional inkişafa töhfəsi və digər məsələlər barədə biliklərini artırmışlar. Bundan əlavə, məktəbin iştirakçıları Azərbaycanda neft-qaz sahəsinin inkişafında tarixi əhəmiyyəti olan yerlərə də baş çəkmişlər.

ADA-nın Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirmişdir ki, hər il Avropa, Asiya, Afrika və digər bölgələrdən onlarla iştirakçının Azərbaycanda yay enerji məktəbinə qatılması ölkəmizin qlobal enerji təchizatı və təhlükəsizliyi, təbii resurslardan əldə edilən gəlirlərin istifadəsi ilə bağlı siyasətin işlənilməsi kimi məsələlərin araşdırılması və öyrənilməsində nüfuz mərkəzi kimi formalaşdığını göstərir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında