17 iyul 2013-cü il tarixdə Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov partiyanın İsmayıllı rayon təşkilatının fəalları ilə görüşmüşdür.
Tədbiri YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova giriş sözü ilə açaraq qeyd etmişdir ki, ötən hər gün bizi Azərbaycan Respublikası Prezidentinin seçkilərinə yaxınlaşdırır.Yeni Azərbaycan Partiyasının sədri möhtərəm Prezidentimiz İlham Əliyevin liderliyi dövründə Azərbaycan hər bir sahədə əsrə bərabər böyük inkişaf yolu keçib. Son 10 il müddətində ölkəmizdə qazanılan uğurlar onu təsdiq edir ki, respublika doğru yolda irəliləyir.
Təsadüfi deyil ki, Azərbaycan xalqı cənab İlham Əliyevi 2013-cü ildən sonra da özünün Prezidenti kimi görür.
Görüşdə YAP sədrinin müavini- icra katibi, Millət vəkili Əli Əhmədov geniş nitq söyləmişdir. Natiq bildirmişdir ki, belə görüşlərin keçirilməsində məqsəd Yeni Azərbaycan Partiyasının qarşıdan gələn prezident seçkiləri kampaniyasını yüksək səviyyədə keçirməsinə partiya fəallarını səfərbər etməkdir.
YAP sədrinin müavini qeyd etmişdir ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin birmənalı şəkildə qənaəti bundan ibarətdir ki, ölkəmizin sürətli inkişafı, iqtisadiyyatın yüksəlişi, həyatımızın bütün sahələrində baş verən dəyişikliklər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bağlıdır.
YAP sədrinin müavini vurğulamışdır ki, təbii ki, bütün bu amillər Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin nüfuzunu daha da artırır. Hazırki siyasətin uğurlarını insanlar öz rifahlarının yüksəlməsində görür və bu siyasətin davamlı olmasını arzulayırlar.
Əli Əhmədov bildirmişdir ki, seçki ilə bağlı partiyanın yerli strukturları, o cümlədən ilk təşkilatları üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. Gənclərin və qadınların seçki kampaniyasında fəal iştirakı təmin olunmalıdır. Təbliğat və təşviqat kampaniyasına tanınmış ziyalıların, nüfuz sahibi olan yaşlı nəslin nümayəndələrinin cəlb olunması məqsədəuyğun olmalıdır.
YAP sədrinin müavini qarşıdan gələn prezident seçkiləri kampaniyasına hazırlıqla əlaqədar partiyanın İsmayıllı rayon təşkilatının fəallarına müvafiq tövsiyələr verdi.
Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov bildirmişdir ki, seçkilərlə bağlı rayon icra hakimiyyəti qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun olaraq lazimi hazırlıq işləri görür.
Hazırda rayonda əhalini uzun illərdən bəri narahat edən sosial problemlər həll olunur.
Ölkənin hər yerində olduğu kimi, İsmayıllıda da tikinti-quruculuq, abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Yeni Azərbaycan Partiyasının sədri möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü və dəstəyi sayəsində rayonun bu günü və gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən irimiqyaslı layihələr həyata keçirilir.
Əsas diqqət iş yerlərinin açılmasına yönəlmişdir. Yaxın günlərdə tikiş sexi işə salınacaq, kompüter təmiri sexi açılacaqdır. Rayonun inkişafı ilə bağlı kadrlara zəruri ehtiyacı nəzərə almaqla ölkə rəhbərinin diqqət və qayğısı sayəsində Dövlət Humanitar və Texnologiyalar Kolleci açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 6 ayında 8 dəfə çox iş yeri açılıb. İstər ölkə miqyasında, istərsə də İsmayıllıda görülən işlər göstərir ki, xalq öz seçimində yanılmayıb, düzgün olaraq cənab İlham Əliyevi Prezident seçib.
Görüşdə qurultay nümayəndəsi Həşim Həşimov, gənclər adından Zaur Muradov çıxış edərək əminliklə qeyd etmişlər ki, son on ildə ölkədə həyata keçirilən nəhəng quruculuq işləri, sürətli dinamik inkişaf, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində görülən tədbirlər İsmayıllıda da seçki kampaniyasının uğurla başa çatması üçün zəmin yaradır. Həmişə dövlətə və dövlətçiliyə sadiqliyini nümayiş etdirən ismayıllılar da qarşıdan gələn seçkilərdə ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamına, Azərbaycanın xoşbəxt gələcəyinə səs verəcəklər.
Görüşdə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı və Milli Məclisin deputatı Ərəstun Cavadov iştirak etmişlər.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.