Əhməd DAVUDOĞLU: Türkiyə Qafqazda ikitərəfli və üçtərəfli əməkdaşlığı maksimum genişləndirmək niyyətindədir

 

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Trend-ə müsahibəsi

- Türkiyənin Qafqaz və Mərkəzi Asiya regionlarında strategiya və perspektivləri nədən ibarətdir?

- Türkiyə Yaxın Şərq, Qafqaz və ya Mərkəzi Asiya regionundan asılı olmayaraq, bütün regionlarla münasibətlərin möhkəmləndirilməsinə istiqamətlənib. Rəsmi Ankaranın məqsədi iqtisadi və diplomatik münasibətlərin dərinləşdirilməsi, həmçinin bu regionlarla mədəni əlaqələri genişləndirməkdir. Bu, əsas hədəflərdir, lakin bu məqsədlərin həyata keçirilməsinin hər regionda öz çətinlik və xüsusiyyətləri var. Belə ki, Qafqazda Türkiyənin təşəbbüsü ilə 2008-ci ildə Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması yaradıldı. Platformanın məqsədi Qafqaz ölkələri arasında birliyin yaradılmasıdır. Lakin bu məsələdə istənilən nəticələr əldə edilmədi. Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasının yaradılmasında əsas problem bu bölgədəki dondurulmuş münaqişələrdir. İlk növbədə, bu, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, həmçinin Abxaziya və Osetiya məsələləridir. Bu problemlər Qafqazda tam əməkdaşlığa maneələr yaradır. Məhz bu səbəbdən Türkiyə mümkün istiqamətlərdə - Qafqazda ikitərəfli və üçtərəfli əməkdaşlığı maksimum genişləndirmək niyyətindədir. Üçtərəfli əməkdaşlığın parlaq nümunəsi Bakı-Tbilisi-Ceyhan boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi kimi enerji-nəqliyyat layihələri vasitəsilə Türkiyə, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıqdır.

Bununla yanaşı, Türkiyə Azərbaycan ilə əməkdaşlığı uğurla genişləndirir ki, bu da ikitərəfli əməkdaşlığın vacib nümunəsidir. Azərbaycan-Türkiyə münasibətləri qardaşlıq münasibətlərinə və “Bir millət iki dövlət” şüarına əsaslanıb. Dünyada bu münasibətlərə bənzər nümunə yoxdur.

Türkiyə və Azərbaycan uğurla ikitərəfli əməkdaşlıq edir, lakin hər iki ölkə Mərkəzi Asiyada birgə əməkdaşlıq edə bilərdi. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması Türkiyə və Azərbaycanın təşəbbüsü olub. Ölkələr, məsələn, Azərbaycan-Türkiyə-Qazaxıstan və ya Azərbaycan-Türkiyə-Türkmənistan prinsipi üzrə üçtərəfli əməkdaşlıq formatı yaratmaqla Orta Asiyada tərədaşlığı genişləndirə bilərdi.

Bundan başqa, Qafqazda uğurlu ikitərəfli əməkdaşlığın nümunəsi kimi Gürcüstan və Türkiyənin əməkdaşlığını göstərmək olar. Ankara və Tbilisi təkcə vizaların ləğv edilməsi barədə razılığa gəlməyib, həm də sərhədi keçərkən xarici pasportlardan imtina ediblər. Ermənistan istisna olmaqla, Türkiyənin Qafqazda problem yaşadığı heç bir qonşusu yoxdur. Türkiyənin Ermənistan ilə problemləri, ilk növbədə, Azərbaycan torpaqlarının işğalı ilə bağlıdır. Biz ümid edirik ki, Ermənistan öz səhv siyasətindən imtina edəcək və Azərbaycan torpaqlarının işğalını dayandıracaq. Yalnız bu halda Yerevanla münasibətlərin normallaşmasından danışmaq olar.

- Türkiyə Avropa İttifaqına daxil olmaq üçün hansı addımlar atacaq və ölkənin Avropa İttifaqına alternativi varmı?

- Hazırda Avropa İttifaqının Türkiyənin üzvlüyünü rədd etməsi üçün heç bir səbəbi yoxdur. Türkiyə Avropa İttifaqına üzv olmaq üçün vacib islahatlar aparıb. Bu gün Türkiyə iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən və güclü iqtisadiyyatlardan biridir. Türkiyə iqtisadiyyatı Avropanın bəzi ölkələrinin birgə iqtisadiyyatından daha güclüdür. Eyni sözləri Türkiyədəki demokratik islahatlar barədə də demək olar. Bununla da Avropa İttifaqının Türkiyənin üzvlüyünü rədd etməsi üçün heç bir səbəbi yoxdur. Türkiyənin Avropa İttifaqına daxil olması üçün təkcə Türkiyənin deyil, hər iki tərəfin istəyi lazımdır. Kənardan Türkiyənin Avropa İttifaqına üzv olması üçün bütün qapıların açıq olması görünə bilər, lakin Türkiyə qarşısında əslində İttifaqın özünün yaratdığı maneə dayanır. İlk növbədə, bu, Kipr məsələsi ilə bağlı maneədir. Kipr məsələsindən istifadə edərək, həmçinin mədəni fərqliliyi səbəb göstərərək Türkiyənin Avropa İttifaqına daxil olmasına əngəl törətməyə çalışan bəzi dövlətlər var.

Türkiyənin İttifaqın hələ də bərabərhüquqlu üzvü ola bilməməsinin səbəblərindən biri də Avropada yayılan islamofobiyadır. Avropa İttifaqının yaratdığı bütün maneələrə baxmayaraq, Türkiyə İttifaqa üzv olmaq üzrə siyasətini qətiyyətlə davam etdirmək niyyətindədir və heç vaxt bu siyasətindən əl çəkməyəcək. Hazırda Avropa İttifaqı qətiyyətsizlik nümayiş etdirir. İttifaq Türkiyənin əhəmiyyətini nə vaxt başa düşərsə, Ankara qarşısında Avropa İttifaqına qapılar açıq olacaq. Türkiyə digər beynəlxalq təşkilat və ittifaqlarla tərəfdaşlığı genişləndirməklə Avropa İttifaqına alternativ axtarmır. Türkiyə üçün hər hansı region və ya təşkilatla yaxınlaşma üzrə siyasət İttifaqdan ayrılmaq mənasına gəlmir. Hətta Türkiyə Avropa İttifaqının bərabərhüquqlu üzvü olarsa, Mərkəzi Asiya regionu ilə əməkdaşlıq Türkiyənin xarici siyasəti üçün vacib prioritetlərdən biri olaraq qalacaq.

- Türkiyənin Misir və Suriya böhranları ilə bağlı mövqeyi necədir?

- Ayın əvvəlində Misirdə baş vermiş hərbi çevriliş ölkədə mövcud problemlərin həlli deyil, əksinə, çevriliş ölkəyə yalnız böyük hərc-mərclik gətirəcək. Misirdə prezident seçkiləri keçirildi və Türkiyə Prezident seçilən Məhəmməd Mursini dəstəklədi. Türkiyə Misirdə seçilən istənilən şəxsi dəstəkləyəcəkdi, çünki biz ayrı-ayrı şəxsləri deyil, xalqın iradəsini dəstəkləyirik. Yalnız demokratik yolla seçilmiş siyasi liderin xalqı təmsil etmək hüququ var.

Türkiyə çevrilişlərin baş verdiyi ölkələrdə vəziyyətin normallaşması üçün çox şey edib. Təkcə Misirə 2 milyard dollar ayrılıb. Misir önəmli ölkədir, çünki Misirdə sabitliyi bərqərar etmədən regionda stabillik mümkün olmayacaq.

Suriyaya gəlincə, vəziyyət orada daha mürəkkəbdir, çünki ölkədə ölən insanların sayı artıq 100 mini ötüb. Suriyada hadisələrin qurbanlarının çoxu hava zərbələri nəticəsində həlak olub və hamıya məlumdur ki, bütün bunlar Suriya rejimi tərəfindən törədilib. Belə ki, Suriya müxalifətinin arsenalında bu tip silahlar yoxdur. Suriya müxalifəti əvvəlcə güc tətbiq etmədən dinc nümayişlər keçirirdi. Müxalifətin tələbi demokratik seçkilər və islahatların keçirilməsi idi. Lakin Suriya rejimi xalqın tələblərinə cavab vermədi. Türkiyədə hazırda 500 min suriyalı qaçqın var. Türkiyə qaçqınlara 1,5 milyard dollar vəsait ayırıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında