Şəkidə Yeni Azərbaycan Partiyasının fəalları ilə görüş keçirilmişdir

 

İyulun 18-də Şəkidə Yeni Azərbaycan Partiyası (YAP) şəhər təşkilatının fəalları ilə görüş olmuşdur.

AzərTAc xəbər verir ki, YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı və şəhər rəhbərliyi əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Tədbirdə çıxış edən YAP Şəki şəhər təşkilatının sədri Həsən Həsənov 102 ərazi ilk partiya təşkilatında 10 min 279 nəfəri birləşdirən bu siyasi qurumun rayonun ictimai-siyasi həyatındakı rolu, gördüyü işlər, növbəti prezident seçkilərinə hazırlıqla əlaqədar təşkilat üzvlərinin qarşısında duran vəzifələr barədə məlumat vermişdir. Bildirilmişdir ki, təşkilat üzvlərinin 5022 nəfərini qadınlar, 3538 nəfərini isə gənclər təşkil edirlər. Partiyanın V qurultayı və prezident seçkiləri ərəfəsində YAP sıralarına fəalların, xüsusilə də gənclərin axını daha da sürətlənmişdir. Son bir ildə təşkilat üzvlərinin sayı 1200 nəfərdən çox artmışdır.

Bildirilmişdir ki, prezident seçkilərinə hazırlıqla əlaqədar YAP Şəki şəhər təşkilatında 34 nəfərdən ibarət seçki qərargahı və 29 nəfərdən ibarət təbliğatçılar qrupu yaradılmışdır. Qərargaha və qrupa təbliğat və təşviqat işlərini dərindən bilən, ictimaiyyət arasında yüksək nüfuza malik olan partiya fəalları cəlb edilmişlər. Qeyd olunmuşdur ki, YAP Şəki şəhər təşkilatı öz fəaliyyətini nizamnamə tələbləri və Seçki Məcəlləsi əsasında qurmaqla partiyanın namizədinin seçkilərdə qələbə çalması üçün bütün qüvvələri səfərbər edəcəkdir.

Görüşdə YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək partiyanın iyunun 7-də keçirilmiş V qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürüldüyünü diqqətə çatdırmışdır. Bildirmişdir ki, bütün müşahidələr, aparılan təhlillər onu göstərir ki, YAP-ın qəbul etdiyi bu qərar Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə dəstəklənir, vətəndaşların, seçicilərin əksəriyyətinin arzusunu ifadə edir.

YAP sədrinin müavini demişdir: “Bu qərarın Azərbaycan seçicilərinin və bütövlükdə Azərbaycan xalqının əksəriyyəti tərəfindən birmənalı şəkildə dəstəklənməsi ciddi əsaslara söykənir. Təbiidir ki, belə bir rəyin formalaşması dövlətimizin başçısının rəhbərliyi altında son 10 il ərzində Azərbaycanda həyata keçirilən siyasətin nəticələrinə insanların verdiyi yüksək qiymətin bilavasitə ifadəsidir. Hər birimiz yaxşı dərk edirik ki, son 10 ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm, əzəmətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu illər ərzində Azərbaycanın iqtisadiyyatında, həyatımızın bütün sahələrində çox ciddi dəyişikliklər baş vermişdir. Azərbaycan ümummilli lider Heydər Əliyevin apardığı islahatların nəticəsində yaranmış bünövrəyə istinad edərək Prezident İlham Əliyevin rəhbərliyi altında 10 ildə iqtisadiyyatını 3 dəfə artıra bilmişdir. İqtisadiyyatın belə sürətli inkişafı Azərbaycan dövlətinin qüdrətinin artmasına gətirib çıxarmışdır. Son 10 il ərzində Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artmışdır”.

Qeyd olunmuşdur ki, iqtisadiyyatın sürətli inkişafı həyatın digər sahələrində də, insanların rifahının, həyat səviyyəsinin yüksəlməsində də ciddi layihələrin həyata keçirilməsinə imkan yaratmışdır. Bu illər ərzində Azərbaycanda 1 milyon 200 minə yaxın yeni iş yeri açılmışdır. Yoxsulluq həddi 50 faizdən 6 faizədək enmişdir. Bu rəqəmlər Azərbaycan iqtisadiyyatının kifayət qədər sürətli inkişafından xəbər verir. Azərbaycan, sözün həqiqi mənasında, müasir bir məmləkətə, cəmiyyətə çevrilmişdir. Hər yerdə - paytaxtdan tutmuş bölgələrədək, hər bir yaşayış məntəqəsində yeniləşmə ab-havası yaşanmaqdadır. Kəndlərin, şəhərlərin siması gündən-günə dəyişir, gözəlləşir.

YAP sədrinin müavini bildirmişdir ki, bu müasirləşmə ab-havası ölkənin hər yerində olduğu kimi, Şəkidə də özünü göstərməkdədir. Şəki bu gün öz tarixinin yeni bir mərhələsini - sürətli inkişaf dövrünü yaşayır. Şəhər, eyni zamanda, özünün tarixi ənənələrini bərpa edir. Şübhə yoxdur ki, bu gün başlanan, hər bir şəkilinin iştirakçısı olduğu, Prezident İlham Əliyevin diqqət mərkəzində saxladığı bu proseslər çox qısa bir müddətdə Şəkinin yeni bir simasını ortaya qoyacaqdır. Şəki dünyanın qədim ənənələrə malik olan ən gözəl şəhərlərindən birinə çevriləcəkdir.

YAP-ın icra katibi demişdir: “Bütün bunların hamısı ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ayrı-ayrı sahələrdə özünü göstərən əzəmətli uğurları və nailiyyətləridir. Bu, sadəcə olaraq yeniləşmə, abadlıq, şəhərin, küçənin, gözəlləşməsi deyildir. Bu, həm də insan həyatının yeni mənasının formalaşmasıdır”.

Əli Əhmədov diqqətə çatdırmışdır ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın yüksəlməsi, güclənməsi, iqtisadi imkanların artması insanların rifahının yaxşılaşması üçün əsas yaratmışdır. Bu gün insanlar daha yaxşı yaşayırlar, onların həyat səviyyəsi yüksəlmişdir.

YAP sədrinin müavini-icra katibi Əli Əhmədov çıxışında prezident seçkilərinə hazırlıqla bağlı görülən işlərə də toxunmuş, təşkilat üzvlərinə bu məsul siyasi kampaniyada uğurlar arzulamış, tövsiyələrini bildirmişdir.

Tədbirdə çıxış edən YAP şəhər təşkilatının fəalları şəkililərin əvvəlki seçkilərdə olduğu kimi, qarşıdakı seçkilərdə də yekdilliklə Yeni Azərbaycan Partiyasının namizədini, Prezident İlham Əliyevi dəstəkləyəcəklərini, tərəqqiyə, sülhə, əmin-amanlığa səs verəcəklərini bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında