Ağdaşlılar prezident seçkilərində yekdilliklə YAP-ın namizədi, dövlətimizin başçısı İlham Əliyevə səs verəcəklər

 

İyulun 12-də Ağdaş şəhərində Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının fəalları ilə görüş keçirilmişdir.

Görüşdə cari ilin oktyabr ayında keçiriləcək prezident seçkiləri ilə bağlı fikir mübadiləsi aparılmış, qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Tədbirdə çıxış edən YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov 77 ərazi ilk partiya təşkilatında 15 min 328 nəfəri birləşdirən siyasi təşkilatın gördüyü işlər barədə iştirakçılara məlumat vermişdir. Bildirmişdir ki, YAP üzvlərinin 6594 nəfəri gənclər, 7851 nəfəri isə qadınlardır. Son bir ildə rayonda partiya sıralarına 1051 nəfər yeni üzv qəbul edilmişdir.

Rayon təşkilatının sədri dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən kompleks tədbirlərdən danışmış, ağdaşlıların qarşıdan gələn prezident seçkilərində yekdilliklə YAP-ın namizədinə səs verəcəklərini bildirmişdir.

Prezident seçkilərinə hazırlıqla bağlı görülən işlərdən danışan Cavid Osmanov bildirmişdir ki, qarşıda duran əsas vəzifə YAP üzvlərinin seçkilərdə fəallıq nümayiş etdirməsidir. O, rayonda gedən quruculuq işlərindən bəhs edərək bu tədbirlərdə YAP üzvlərinin fəallığını qeyd etmişdir.

 YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov görüşdə çıxış edərək bildirmişdir ki, Azərbaycan müasir dünyanın ən mütərəqqi dövlətlərindən birinə çevrilməkdədir. Ölkəmizdəki sabitlik, əmin-amanlıq şəraiti insanların firavan yaşamaları üçün real imkanlar yaratmışdır.

Əli Əhmədov bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək növbəti prezident seçkilərinə hazırlıqlarla bağlı YAP üzvləri, xüsusən də gənclər qarşısında duran vəzifələrdən ətraflı söhbət açmışdır. Vurğulamışdır ki, ulu öndər Heydər Əliyev həmişə gənclərə böyük qayğı göstərmiş, onların cəmiyyətdə layiqli vətəndaş kimi yetişməsinə, təhsil almasına və məsul vəzifələrə təyin olunmasına böyük önəm vermişdir. Hazırda bu siyasət Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Əli Əhmədov cəmiyyətdə baş qaldıran mənfi hallara qarşı mübarizədə gənclərin vəzifələrindən danışmış, rayon gənclərinin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xəttin fəal müdafiəçilərinə çevriləcəklərinə əminliyini ifadə etmişdir.

YAP sədrinin müavini qeyd etmişdir ki, siyasi partiyalar bütün dövrlərdə xalqa arxalanmalı və xalqın dəstəyini qazanmalıdırlar. O, sözünə davam edərək demişdir: “Bu gün “Milli şura” adı altında meydana atılan qüvvələrin xalqın dəstəyindən məhrum olduqları gerçəklikdir. Məhz buna görə də, “Milli şura” adlı qurumda təmsil olunanlar xarici qüvvələrə sığınmışlar və onların diktəsi ilə hərəkət edirlər. Xalqa söykənməyən qüvvə məhvə məhkumdur və onların heç bir gələcəyi yoxdur. Azərbaycan xalqı belə qüvvələri heç vaxt dəstəkləməyəcəkdir”.

 Bildirilmişdir ki, seçki kampaniyası dövründə fəal gənclərin, qadınların potensialından, ziyalı insanların və ictimaiyyət arasında böyük nüfuza malik ağsaqqalların qüvvəsindən maksimum istifadə olunmalıdır.

 Görüşdə Milli Məclisin elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, eləcə də  YAP rayon təşkilatının fəalları çıxış edərək respublikamızın inkişafında, müasirləşməsində Yeni Azərbaycan Partiyasının və onun sıralarında cəmləşən 600 mindən artıq insanın əməyinin, fədakarlığının mühüm rol oynadığını qeyd etmişlər.

Bildirilmişdir ki, Yeni Azərbaycan Partiyası 20 ildən artıq dövrü əhatə edən fəaliyyətində partiyanın yaradıcısı xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti əldə rəhbər tutaraq fəaliyyət göstərmiş və bunun nəticəsində də əzəmətli, möhtəşəm uğurlar qazanmışdır. Ötən 10 ildə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olmuşdur. Bütün bunlar isə Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsinin xalqımızın mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi deməkdir.

Tədbirdə ağdaşlıların seçkilərdə fəal iştirak edəcəyi və YAP-ın namizədi, dövlətimizin başçısı İlham Əliyevə yekdilliklə səs verəcəkləri diqqətə çatdırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında