Azərbaycanın dünyada 70-dən artıq diplomatik missiyası fəaliyyət göstərir

 

Elman ABDULLAYEV: “Ölkəmizin daha bir neçə diplomatik nümayəndəliyinin açılması planlaşdırılır”

Bu gün dünyada Azərbaycanın 70-dən artıq diplomatik missiyası fəaliyyət göstərir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin APA-ya verdiyi məlumata görə, Azərbaycan 2012-2013-cü illərdə Braziliya, Avstraliya və Vyetnamda yeni diplomatik missiyalar açmışdır.

Yaxın zamanlarda Azərbaycanın daha bir neçə ölkədə diplomatik nümayəndəliklərinin açılması planlaşdırılır: “Azərbaycan diplomatiyasının əsas hədəfi ölkəmizi dünyada layiqincə təmsil etməkdir. Hələ 20 il əvvəl çoxları Azərbaycanın harada yerləşdiyini bilmirdi, bu gün isə ölkəmiz beynəlxalq arenada, o cümlədən müxtəlif beynəlxalq təşkilatlarda fəal rol oynayır. Bu işdə Azərbaycan diplomatlarının rolu böyükdür”.

Elman Abdullayev qeyd etmişdir ki, Azərbaycan öz diplomatik missiyalarının coğrafiyasını genişləndirmək işini davam etdirəcək: “Azərbaycan regionda yeni diplomatik nümayəndəliklərin açılmasına görə ən yüksək dinamikaya malikdir. Hələ 8-9 il əvvəl Azərbaycanın cəmi 25-30 diplomatik missiyası vardı, indi isə bunların sayı 70-dən çoxdur. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirmək niyyətindəyik”.

Ölkəmizdə akkreditə olunan xarici diplomatik missiyaların sayı ilbəil artmaqdadır: “Bu isə ölkəmizə olan marağın göstəricisidir. Hazırda Azərbaycanda 60-dan artıq xarici diplomatik missiya fəaliyyət göstərir”.

Xatırladaq ki, iyulun 9-da Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı qeyd olunur. Bu bayram prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə təsis olunmuşdur.

Azərbaycan diplomatiyasının tarixi rəsmən 9 iyul 1919-cu ildən başlayır. Bu tarix, arxivlərdə Azərbaycan Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə dair tapılmış ilk rəsmi sənədin tarixi ilə əlaqədardır. Belə ki, məhz həmin tarixdə (9 iyul 1919-cu il) AXC-nin Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat qəbul edilmişdir.

1918-1920-ci illərdə Bakı şəhərində dünyanın 16 ölkəsinin diplomatik nümayəndəlikləri fəaliyyət göstərmişdir. İlk xarici işlər naziri Məmmədhəsən Hacınski, ilk səfir isə Əlimərdan bəy Topçubaşov (Türkiyə) olmuşdur.

Həmin illərdə AXC-nin diplomatik xidmətində 239 nəfər işləyirdi. 1920-ci ilin aprelinədək AXC-nin bu ölkə və şəhərlərdə diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi: Gürcüstan, İran, İstanbul, Ukrayna, Krım, Kuban, Don, İrkutsk, Ermənistan.

Hazırda Azərbaycan Respublikasının dünyanın 170 ölkəsi ilə diplomatik əlaqələri vardır. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında