“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Moldova ombudsmanı xanım Aureliya Qriqoriunun Ermənistanda hüquqlarının pozulması ilə əlaqədar bəyanat yaymışdır

 

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin iyulun 8-də keçirilmiş toplantısında Moldova ombudsmanı xanım Aureliya Qriqoriunun Ermənistanda hüquqlarının pozulması ilə əlaqədar bəyanat qəbul edilmişdir. Bu barədə İctimai Birliyin analitik-informasiya mərkəzindən bildirmişlər.

Bəyanatda deyilir: “Bu günlərdə Moldova Respublikasının parlament vəkili (ombudsmanı) Aureliya Qriqoriunun Ermənistanda keçirilən beynəlxalq konfrans çərçivəsində bu ölkənin parlamentində çıxışı işğalçı dövlətin rəsmilərinin ənənəsinə uyğun olaraq şantajla qarşılanmışdır. Bu, moldovalı ombudsmanın Ermənistan Konstitusiya Məhkəməsinin Yerevanda təşkil etdiyi Ümumavropa konfransında insan hüquqları və dondurulmuş münaqişələr mövzusundakı çıxışının məzmunu ilə bağlıdır. Həmin çıxışında Aureliya Qriqoriu Dağlıq Qarabağ münaqişəsindən danışmış və Ermənistanın tərəfindən Azərbaycan ərazilərinin 20 faizini zəbt etməsinin, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmasının, ermənilərin Xocalıda soyqırımı törətməsinin artıq beynəlxalq səviyyədə etiraf edilmiş fakt olduğunu bildirmişdir.

Moldovalı xanım BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsini də xatırladaraq, Ermənistanda və Dağlıq Qarabağda azərbaycanlıların hüquqlarının pozulduğunu, onlara qarşı soyqırımı siyasəti yürüdüldüyünü vurğulamışdır.

Bu çıxışdan sonra Ermənistanın hakimiyyət orqanları hədə-qorxu, təqib, təhdid yolu ilə ombudsmanı şantaj etmişlər ki, bu da dövlət terrorizmi siyasətinə sadiq qalan Ermənistanın dünya birliyi tərəfindən tanınmış dəyərlərə növbəti dəfə tam hörmətsizlik nümayiş etdirdiyini göstərir. Bu hadisə Ermənistanın siyasi hakimiyyətinin və erməni millətçilərinin bir daha öz cinayətkar hərəkətlərinin ört-basdır edilməsinə cəhd göstərməsi və beynəlxalq hüquq normalarının pozulmasının əyani surətdə nümayiş olunması idi.

Biz, Dağlıq Qarabağdan olan məcburi köçkünlər çox təəssüf hissi ilə qeyd edirik ki, çox cəsarətli çıxışına görə toxunulmazlıq hüququ olan moldovalı ombudsmanın Ermənistanda öz otağından kənara çıxmasına qadağa qoyulması, həmçinin digər dövlətlərin səfirliklərinin bu məsələ ilə məşğul olduğu bir vaxtda beynəlxalq təşkilatların, eləcə də insan hüquqlarının müdafiəsi ilə bağlı daim bəyanatlar səsləndirən Avropa qurumları baş verən bu  kobud hüquq pozuntusuna heç bir münasibət bildirməmişlər. Hesab edirik ki, BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların toplantılarında bu məsələ ilə bağlı müvafiq qərarlar qəbul edilməli və Ermənistanda beynəlxalq tədbirlərin keçirilməsinə qadağa qoyulmalıdır.

Bir daha diqqətə çatdırırıq ki, regionda etnik təmizləmə siyasətini həyata keçirmiş, bütün bəşəriyyət  üçün qara ləkə olan Xocalı, Qaradağlı və neçə-necə qanlı  soyqırımlarını reallaşdırmış Ermənistan Respublikası dünya birliyi tərəfindən tanınmış dəyərlərə növbəti dəfə tam hörmətsizlik nümayiş etdirmişdir.

Xatırladırıq ki, 1988-1993-ci illərdə monoetnik dövlət yaratmağa nail olan Ermənistan Respublikası Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır. XX əsrin sonunda ermənilərin  Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.

Ermənistanın Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi bu təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan  çox   əhali öz torpağında qaçqın vəziyyətinə düşmüş və hazırda Azərbaycan ərazisinin 20  faizindən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Bununla yanaşı,  BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətin ifadə edildiyi, zor işlədilməklə sərhədlərin dəyişdirilməsinin yolverilməzliyinin qeyd olunduğu və erməni hərbi birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələbinin də olduğunu  bir daha nəzərinizə çatdırırıq. Beynəlxalq təşkilatların məlum sənədlərində Ermənistan Respublikasının münaqişədə iştirakı etiraf olunmuş, təcavüz faktları öz əksini tapmışdır.

Bu səbəbdən Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, işğal etdiyi ərazilərdən çıxmasını tələb etmədən və qəbul edilən sənədlərdə  bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Ona görə də  Azərbaycan torpaqlarının işğalını və Ermənistan təcavüzkar siyasətini davam etdirdiyini etiraf etməyin vaxtı çoxdan çatmışdır.

Biz, Dağlıq Qarabağdan olan məcburi köçkünlər Moldova Respublikasının parlament vəkili (ombudsmanı) Aureliya Qriqoriuya qarşı Ermənistanda baş vermiş bu kobud hüquq pozuntusunu qətiyyətlə pisləyir və beynəlxalq təşkilatları, Moldova ombudsmanına qarşı baş vermiş bu yolverilməz hadisəyə laqeyd qalmamağa və öz münasibətlərini bildirməyə çağırırıq.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ümidvar olduğunu bildirir ki, Ermənistanın qeyri-insani hərəkətləri beynəlxalq birlik tərəfindən kəskin şəkildə qınanılacaq, bu ölkənin işğalçı siyasətinə son qoyulması üçün ən təsirli tədbirlər görüləcəkdir".

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında