Dünyanın əksər görkəmli siyasətçiləri ölkəmizdə
həyata keçirilən siyasəti “müdrik idarəetmə” adlandırırlar
Bizim üçün hədsiz dərəcədə sevincli və iftixar hissləri doğuran bir tendensiya yaranıb. Artıq elə bir ay olmur ki, beynəlxalq aləmdən Azərbaycanla bağlı ürəkaçan xəbərlər gəlməsin. Bu barədə qələmə alınan faktlar onlarla, yüzlərlə olduğuna görə ancaq son iki aya nəzər salmaqla fikrimizi yekunlaşdırmaq istəyirik. “Qallup İnternational” təşkilatının ənənəvi olaraq keçirdiyi “Qlobal sevinc və kədər barometri” sorğusunun iyun ayında yayılan növbəti nəticəsinə görə Azərbaycan dünyanın ən xoşbəxt 10 ölkəsindən biri elan edilmişdi.
Bir çox əcnəbi ekspertlər bu uğuru hətta ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən 155 dövlətin dəstəyini qazanması ilə müqayisə edirdilər: “Dövlətin və dövlət başçısının öz əhalisini xoşbəxt edə biləcək siyasət yeritməsi istənilən beynəlxalq uğurdan dəyərlidir. Çünki dövlətin qüdrətli olması üçün ilk amil onun sıravi vətəndaşının həyat şəraitinin yüksək səviyyəyə qaldırılmasıdır”. Bu qənaəti öz oxucuları ilə bölüşən kütləvi informasiya vasitəsi mövqeyini belə əsaslandırırdı ki, tarixən bütün müdrik dövlət başçıları öncə insan amilini fikirləşmişlər və bugünkü Azərbaycanda həmin tarixi ənənə uğurla yaşadılır. Yeri gəlmişkən, Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyasının dünya ölkələrində biznes mühitinə dair “Doinq Business- 2009" hesabatında Azərbaycan dünyanın 181 ölkəsi arasında bir nömrəli islahatçı ölkə elan ediləndə də həm ölkəmizdəki, həm də xaricdəki ekspertlər qeyd olunan islahatların məhz insan amilinə xidmət etdiyini yazmışdılar. Çünki BMT İnkişaf Proqramının hesabatında göstərilirdi ki, Azərbaycan “Orta insan inkişafı” qrupundan “Yüksək insan inkişafı” qrupuna keçmişdir. Bütün bunlar isə ölkədə aparılan uğurlu daxili siyasətin, müdrik idarəetmənin və dövlət - xalq, xalq - dövlət birliyinin, ölkənin istənilən sakininin dövlətə inamının, eləcə də dövlətin hər bir vətəndaşın mənafelərini qorumasının nəticəsi idi.
İyul ayının birinci ongünlüyündə xalqımız bu qəbildən olan daha bir xoş xəbərin şahidi oldu. Beynəlxalq aləmin aparıcı kütləvi informasiya vasitələrinin yaydığı məlumatda bildirilir ki, dünyanın 40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc arasında canlı şəkildə və 10 minə yaxın tələbə arasında online keçirilən sorğuya əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatı coğrafiyasında “İlin dövlət başçısı” seçilmişdir. Məlumat verilir ki, bu qərar iyulun 6-da Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun və Malayziya Beynəlxalq İslam Universitetinin təşkilatçılığı ilə Kuala Lumpur şəhərində keçirilən 3-cü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Modelinin Sammitinin bağlanış mərasimində elan edilmişdir.
“İlin dövlət başçısı” nominasiyasında iştirak etmiş və İqtisadi Əməkdaşlıq Təşkilatının 57 üzv ölkəsi sırasından seçilmiş dövlət başçılarının namizədlikləri İslam irsinə göstərilən qayğı, bu quruma üzv olan ölkələr arasında həmrəyliyin möhkəmləndirilməsi, təşkilata üzv ölkələrin sosial-iqtisadi inkişafı və beynəlxalq mövqelərinin gücləndirilməsi sahəsində fəaliyyətləri kimi parametrlər üzrə qiymətləndirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev bu nominasiyanın qalibi olmuşdur.
Qeyd edək ki, Prezident İlham Əliyevin İslam irsinə göstərdiyi qayğı və İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər və təşkilata üzv ölkələrin sosial-iqtisadi inkişafının gücləndirilməsinə verdiyi töhfələr təkcə bu qərarla deyil, ümumiyyətlə, dünya siyasətçiləri və politoloqlar tərəfindən daim yüksək qiymətləndirilib. Dövlət başçımızın özünün də bu il may ayının 30-da Bakıda, Heydər Əliyev Mərkəzində “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” devizi altında keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi kimi Azərbaycan bu sahədə çox mükəmməl layihələr reallaşdırmış, İslam irsinin qorunması üçün xüsusi səylər göstərmişdir. Dövlət başçımız forumun açılışındakı nitqində qeyd etmişdir ki, əslində bu forumun keçirilməsi “Bakı prosesi”nin təzahürüdür. “Bakı prosesi” 2008-ci ildə başlanmışdır. Müasir tarixdə bu, çox önəmli bir hadisə idi. Geniş prosesin başlanması Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin 2008-ci ildə Bakıda keçirilmiş toplantısında İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə yaddaşlarda qalıb. Ondan sonra - 2009-cu ildə artıq İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin toplantısında Avropa Şurasından həmkarlar qoşulmuşdular. Yəni, Bakı əslində coğrafi körpü rolunu oynamaqla bərabər , mədəniyyətlərarası körpü rolunu da müvəffəqiyyətlə icra edir. Dövlət başçımız qeyd etmişdir ki, 2010-cu ildə də bu istiqamətdə önəmli hadisə baş vermişdir. Dünya dinləri liderlərinin Bakıda zirvə görüşü, 2011-ci ildə isə birinci forum keçirilmişdir. O demişdir: “Artıq “Bakı prosesi”inkişaf edir və əminəm ki, bu forumda aparılan diskussiyalar, fikir mübadiləsi, məruzələr bizim ümumi işimizə töhfə verəcəkdir. Çünki biz hamımız istəyirik ki, dünyada dinlərarası, mədəniyyətlərarası münasibətlər sağlam zəmində öz həllini tapsın". Dövlət başçımız əminliyini bildirmişdi ki , Bakıda keçirilən ikinci forum bütün dünyadakı tərəfdaşlarımızın ümumi işinə verilən töhfədir.
Yeri gəlmişkən, Azərbaycan dövləti təkcə sivilizasiyalar, mədəniyyətlər və dinlər arasındakı münasibətlərin formalaşdırılmasında deyil, eləcə də diplomatik münasibətlərin, dünyanın aparıcı siyasi partiyalarının arasında sıx əməkdaşlıq münasibətlərinin yaradılmasında özünəməxsus təşəbbüskarlıq göstərir, yeni nümunə formalaşdırır. Ona görə də bütün beynəlxalq təşkilatlar və dünyanın böyük dövlətçilk təcrübəsinə malik olan ölkələri əksər məsələlərdə rəsmi Bakının mövqeyi ilə razılaşmağı məqsədəuyğun sayırlar. Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, Çin, Fransa, Britaniya, Almaniya , Yaponiya, yaxın qonşularımız olan Türkiyə, İran, Qazaxıstan, Gürcüstan kimi ölkələr Azərbaycanın uğurlarını dostcasına qəbul edir və ölkəmizin addımlarını dəstəkləyirlər. Vladimir Putin, Barak Obama, Fransua Olland, Devid Kemeron, Abdullah Gül və digər görkəmlı dövlət başçıları müxtəlif əlamətdar günlər münasibətiylə Azərbaycan Prezidentinə ünvanladıqları məktubda rəsmi Bakı ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirməklə yanaşı, daim bilavasitə cənab İlham Əliyevlə birgə fəaliyyət göstərmək arzularını da ifadə edirlər. Bütün bunlar isə ölkəmizin növbəti uğurlarını təmin edir.
Prezident İlham Əliyevin “İlin dövlət başçısı” elan edildiyi tədbirin bağlanış mərasimində qərarı oxuyan İƏT Modeli Sammitinin hazırlıq komitəsinin sədri və Malayziya Beynəlxalq İslam Universitetinin prorektoru, professor Abdulaziz Berqut bildirmişdir ki, Prezident İlham Əliyev “İlin dövlət başçısı” seçilərkən Azərbaycan Prezidentinin rəhbərliyi altında əldə olunmuş nailiyyətlər, o cümlədən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu mövqedən İƏT ölkələrinin maraqlarının müdafiəsi, Fələstin dövlətinə yardım üzrə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına yardım üzrə donor konfransına 2013-cü ilin iyununda Bakıda ev sahibliyinin edilməsi, bütövlükdə Azərbaycanın İƏT-in İslam həmrəyliyi istiqamətində fəaliyyətinə dəstəyi, həmçinin Cənubi Qafqazın ilk məscidi və İslam sivilizasiyasının incisi sayılan Şamaxı məscidinin bərpası təşəbbüsləri nəzərə alınmışdır.
Deməli, Azərbaycan həqiqətləri dünyanın diqqət mərkəzindədir və bizim reallaşdırdığımız tədbirlərin, həyata keçirdiyimiz layihələrin heç biri heç kəsin yadından çıxmır. Bu ilin payızında ölkəmizdə keçiriləcək prezident seçkiləri ərəfəsində bizə doğma olan bir dünyadan - islam ölkələrindən belə bir qiymətləndirmə almağımız təkcə Azərbaycan üçün deyil, eləcə də türk dünyası və müsəlman ölkələrinin hamısı üçün xüsusi bir önəm kəsb edir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.