Elnur ASLANOV: Ermənistanın Moldova ombudsmanına qarşı atdığı addım bir daha sübut edir ki, bu dövlət konstruktiv və rasional siyasətdən uzaqdır

 

Azərbaycan daim Minsk qrupu həmsədrlərinin daha fəal olmalarının vacibliyi haqqında bəyanatlar vermiş və çağırışlar etmişdir. Bölgədə mövcud durum, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət ölkəmizi qane etmir.

Bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov jurnalistlərə müsahibəsində demişdir.

E.Aslanov Minsk qrupu həmsədrlərinin bəzən sülhə çağırış bəyanatlarını Ermənistan rəhbərliyinin çox yanlış anlamasından və bu bəyanatları bilavasitə status-kvonun qorunması və saxlanılması kimi qələmə verməsindən təəssüfləndiyini bildirmişdir. O demişdir: “Bu, qəbuledilməz faktdır. Çünki Azərbaycan, bir qayda olaraq, status-kvonun əleyhinə çıxış etmişdir. Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, bölgədə sülhün, əmin-amanlığın bərqərar olması üçün Azərbaycanın işğal altındakı əraziləri mütləq şəkildə azad edilməlidir. Qaçqınlarımız və məcburi köçkünlərimiz doğma yurdlarına, evlərinə qayıtmalıdırlar. Bununla da bölgədə sülhün, sabitliyin bərqərar olması üçün zəmin yaranacaqdır”.

Prezident Administrasiyasının şöbə müdiri onu da qeyd etmişdir ki, Ermənistan tərəfi daim öz uğursuzluğunu Azərbaycan tərəfinə yazmaq istəyir. Danılmaz faktdır ki, ermənilər tarix boyu azərbaycanlılara qarşı soyqırımları həyata keçirmişlər. Azərbaycan bu məsələ ilə bağlı dünya birliyini xəbərdar edir. Prezident İlham Əliyevin siyasəti ondan ibarətdir ki, bu məsələdə bizim ədalətli mövqeyimiz dünya birliyi tərəfindən düzgün başa düşülsün və Ermənistanın işğalçılıq siyasətinə son qoyulsun. Azərbaycanın ürək ağrısı olan Xocalı soyqırımını tanıyan dövlətlərə təşəkkürümüzü bildirir və ümid edirik ki, digər ölkələr də eyni addımı atacaqlar.

Moldova ombudsmanı xanım Aureliya Qriqoriunun Ermənistanda verdiyi bəyanata münasibətini bildirən E.Aslanov demişdir: “Ermənistanın Moldova ombudsmanına qarşı atdığı addım bir daha sübut edir ki, bu dövlət konstruktiv və rasional siyasətdən uzaqdır. Ermənistan rəhbərliyi konstruktiv danışıqlardan uzaq olduğunu bir daha sübut etdi. Artıq digər dövlətlər, onların təmsilçiləri çox gözəl anlayırlar ki, bölgədə əmin-amanlığın, sülhün əleyhinə çıxış edən bilavasitə Ermənistandır. Moldova ombudsmanı da bu mövqedən çıxış edərək Ermənistanı sülhə, daha rasional mövqe nümayiş etdirməyə və Xocalı soyqırımını tanımağa çağırmışdır. Burada qeyri-adi bir şey yox idi. Ermənistan prezidenti öz müsahibəsində bilavasitə təsdiq etmişdir ki, Xocalı soyqırımını həyata keçirən ermənilərdir və bununla da onlar azərbaycanlıları qorxutmaq istəyirdilər.

Ermənistan parlamentinin üzvləri prezident Serj Sarkisyanın bu sözlərini təkrar edən moldovalı ombudsmana qarşı təzyiq göstərməklə, hətta onun həyatının təhlükə ilə üzləşəcəyinə dair bəyanatlar verməklə kifayətlənməmiş, A.Qriqoriunun ölkədən çıxmasına mane olmuşlar. Bu, Ermənistan rəhbərliyi tərəfindən həyata keçirilən dövlət terrorizminin yeni mərhələdə davam etdirilməsi deməkdir. Biz Ermənistanda bir çox terror təşkilatlarının təmsilçilərinə göstərilən təəssübkeşliyi dəfələrlə, o cümlədən Monte Melkonyana və digərlərinə münasibətdə görmüşük. Ermənistan həmişə terror təşkilatlarını, onların üzvlərini dəstəkləmişdir.

Ədalətli mövqeyi ilə seçilən, konstruktiv çıxış edən, diplomatik toxunulmazlığı olan insana - digər dövlətin təmsilçisinə qarşı parlamentin belə mövqe nümayiş etdirməsi, təbii ki, dövlət terrorizmin yeni bir mərhələyə keçirilməsidir. Biz bundan sonra da Ermənistandan eyni addımları gözləyirik. Çünki Ermənistan bununla sübut etməyə çalışır ki, onun qarşısında haqqı, ədaləti tapdalamaq üçün heç bir maneə yoxdur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında