İyulun 8-də Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Moldova parlamentinin ombudsmanı xanım Aureliya Qriqoriunun Ermənistanda hüquqlarının pozulması ilə bağlı bəyanat yaymışdır.
Ombudsman Aparatının mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, bəyanatda bildirilir ki, bu günlərdə Moldova parlamentinin vəkili (ombudsmanı) Aureliya Qriqoriu Ermənistanda keçirilən beynəlxalq konfransda bu ölkənin parlamentindəki çıxışında Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyini və Xocalıda azərbaycanlılara qarşı soyqırımının törədildiyini demişdir. Bu fikirlərinə görə o, təhdidlərə, hədələrə və təzyiqlərə məruz qalmışdır.
Bəyanatda qeyd olunur ki, Aureliya Qriqoriunun hüquqları kobud şəkildə pozulmuş və onun öz ölkəsinə qayıtmasına imkan verilməmişdir. İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxsin, xüsusilə də xarici ölkənin rəsmi nümayəndəsinin sivil ölkələrdə azad fikir meydanı kimi qəbul edilən parlamentdə dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş tarixi faktları, həqiqəti səsləndirdiyinə görə Ermənistanda təzyiqlərə məruz qalması və hüquqlarının məhdudlaşdırılması bu ölkənin hüquqi, demokratik dövlət olmadığını bir daha sübut etmişdir. BMT-nin, Avropa Şurasının üzvü olan Ermənistan həmin təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrə və digər sənədlərə, o cümlədən insan hüquqlarına dair bir sıra beynəlxalq müqavilələrin iştirakçısı kimi üzərinə götürdüyü öhdəliklərə saymazyana münasibət göstərir.
Sənəddə vurğulanır ki, insan hüquqları sahəsində ilk fundamental sənəd olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinə əsasən, hər kəs hər bir dövlətin hüdudları daxilində sərbəst hərəkət etmək, istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir. Həmçinin Ermənistanın da iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir dövlətin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və hər hansı bir ölkəni tərk etmək hüququ vardır. Paktın mühüm tələblərindən biri də ondan ibarətdir ki, heç kəs öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz.
Göründüyü kimi, Ermənistanın müvafiq qurumları tərəfindən Aureliya Qriqoriunun hərəkət etmək azadlığının məhdudlaşdırılması, onun öz ölkəsinə qayıtmasına maneçilik törədilməsi yuxarıda sadalanan beynəlxalq hüquqi aktların kobud şəkildə pozulmasıdır.
Eyni zamanda, harada olmasından asılı olmayaraq hər kəsin öz fikrini sərbəst şəkildə söyləmək və buna görə təqiblərə məruz qalmamaq əsas insan hüquqlarından biridir. Ermənistanın da iştirakçısı olduğu Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə əsasən, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Müvafiq müddəa həm Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, həm də Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda da təsbit olunmuşdur.
Azərbaycan ombudsmanının bəyanatında bildirilir ki, Aureliya Qriqoriunun çıxışı zamanı Ermənistanın rəsmi nümayəndələri tərəfindən onun sözünün kəsilməsi, dediyi fikirlərə görə səlahiyyətli qurumlar tərəfindən açıq-aşkar hədələrə, təqiblərə məruz qalması Avropa İnsan Hüquqları Konvensiyasının və digər beynəlxalq sənədlərin kobud şəkildə pozulmasıdır. Xüsusilə də hazırda Ermənistanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə belə bir hadisənin baş verməsi Ermənistan dövləti tərəfindən beynəlxalq hüququn ümumtanınmış prinsiplərindən olan insan hüquqlarına və azadlıqlarına hörmət prinsipinə əməl edilməməsinin bariz nümunəsi olmaqla, əsas məqsədini insan hüquqlarının müdafiəsi təşkil edən Avropa Şurasının mühüm orqanlarından biri olan Nazirlər Komitəsinə bu ölkənin səmərəli sədrliyini də şübhə altına alır.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili moldovalı həmkarına qarşı Ermənistanda baş vermiş bu kobud hüquq pozuntusu halını qətiyyətlə pisləmişdir. Azərbaycan ombudsmanı beynəlxalq təşkilatları, o cümlədən bütün həmkarlarını Ermənistanda Moldova ombudsmanına qarşı törədilmiş yolverilməz hərəkətlərə laqeyd qalmamağa və münasibətlərini bildirməyə çağırmışdır.
Bu bəyanat BMT-nin baş katibi, BMT-nin insan hüquqları üzrə ali komissarı, ATƏT, Avropa Şurası, Avropa Şurasının insan hüquqları üzrə komissarı, Beynəlxalq və Avropa Ombudsmanlar institutları, Asiya Ombudsmanlar Assosiasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycanın xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirliklərinə ünvanlanmışdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.