Qondarma Milli Şuranın yığıncağı qalmaqalla başlandı

Müxalifət düşərgəsində qarşıdurma daha da güclənir

Müxalifət nümayəndələrinin  “Milli Şura”nın  sessiyası adlandırdıqları  toplantı əslində daha çox qeybətə bənzəyirdi. Çünki prezidentliyə namizədliyə iddialı olan  dağıdıcı müxalifətin nümayəndələri aranı qatmağa bəhanə axtarırdılar. Buraya toplaşanlara qabaqcadan məlum idi ki, bu oyuncaq qurumun namizədi kinorejissor, ermənilərin sədaqətli dostu Rüstəm İbrahimbəyov olacaq. Bu sifarişin erməni lobbisindən gəldiyi bəlli idi. Çünki “Milli Şura”ya maliyyə vəsaiti də məhz erməni lobbisi tərəfindən verilirdi.

Qeybətə toplaşanlar özlərini çox saxlaya bilmədilər və dərhal dava - dalaşa başladılar. Bəhanə isə yer üstündə oldu. Rəsul Quliyevin tərəfdarları ilə İsa Qəmbərin tərəfdarları arasında yaranmış qalmaqalın əsasını Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı qoydu. Onunla  sabiq deputat, Rəsul Quliyevin tapşırıqlarını yerinə yetirməklə məşğul olan  Akif Şahbazov  arasında yer üstündə dava düşdü. Hətta  bir - birilərini ləyaqətsiz sözlərlə təhqir də etdilər. Onların davasının əsas səbəbi heç də yer üstündə deyildi. Müsavatçılar çox yaxşı bilirdilər ki, rəsulçular vahid namizədlik məsələsində İsa Qəmbəri yox, Rüstəm İbrahimbəyovu müdafiə edirlər.  Bəzi  müsavatçılar  ev sahibi olduqları üçün, qeyd edək ki, “Milli Şura”nın bu dəfəki qeybəti Müsavat Partiyasının qərargahında keçirilirdi.  T.Abbaslını səbirli olmağa dəvət etsələr də, o, Akif Şahbazovu “ləyaqətsiz” və “satqın” kimi sözlərə “qonaq etdi”.

Bu dəfə “qeybət” toplantısına  AXCP sədri Əli Kərimli sədrlik edirdi. Bu da təsadüfi deyidi. Neçə vaxtdır ki, Müsavat Partiyası ilə AXCP arasında gedən dava - dalaş artıq açıq müstəviyə keçib. İsa Qəmbərin İctimai Palatada müzakirə olunmadan prezidentliyə öz namizədliyini irəli sürməsi və bununla da AXCP sədri Əli Kərimliyə “atması” cəbhəçilərə çox pis təsir edib. Ona görə də bu iki partiya arasında qarşıdurma səngimək bilmir. Bu gərginlik qondarma Milli Şuranın növbəti yığıncağında da özünü açıq şəkildə büruzə verdi. Rüstəm İbrahimbəyovun bu oyuncaq qurumdan prezidentliyə namizədliyinin irəli sürülməsi və təsdiqlənməsi İsa Qəmbər tərəfindən ironiya ilə qarşılanıb. O deyib ki,  Rüstəm İbrahimbəyov  hazırda ölkədə yoxdur. Özünün deməsinə görə, bu ayın sonunadək ölkəyə qayıdacaq. Ancaq Rüstəm İbrahimbəyov ölkəyə qayıtmaq üçün elə bir şərt qoyub ki, bu heç vaxt əmələ gələn deyil. Çünki  Milli Şuranın namizədi ölkəyə 100 min nəfərlik mitinq keçirilərkən qayıdacaq. Müsavat başqanı  çox yaxşı bilir ki, müxalifət nümayəndələri heç vaxt belə bir mitinq görməyəcəklər. Ona görə də İsa Qəmbər Rüstəm İbrahimbəyovun Azərbaycana gələcəyinə inanmır. Axı, o, müxalifətin keçirdiyi mitinqlərə toplaşanların sayının nə qədər olacağını çox yaxşı bilir.

 İsa Qəmbər  Müsavat Partiyasına rəhbərlik etdiyi 21 il  ərzində müxtəlif təşkilatlar formalaşdırılaraq müxalifətin birlik görüntüsü yaratmağa calışmış, insanları pulla, yalan vədlərlə, fırıldaqla mitinqlərə çağırmışdır. Mitinqlərə ən çox halda belə iki - üç min adam toplaya bilmişdir. Son vaxtlar isə İctimai Palatanın təşkilatçılığı  ilə keçirilən  mitinqlərə 500 - 600 nəfər gəlmişdi. Sonralar isə ümumiyyətlə, müxalifətin mitinqlərinə qatılan olmadı. Ona görə də müxalifət artıq mitinq keçirmək söhbətinə birdəfəlik son qoyub. İndi Rüstəm İbrahimbəyovun yüz minlik mitinq arzusunda olması ac toyuğun yuxusunda darı görməsinə bənzəyir. Bunu İsa Qəmbər də yaxşı bilir. Ona görə də Rüstəm İbrahimbəyovun bu şərtini ironiya ilə qarşılayıb. Daha dəqiq desək, qoca kinorejissorun Azərbaycana heç vaxt dönməyəcəyinə əminliyini ifadə edərək Müsavat Partiyasının  prezidentliyə namizədinin qüvvədə qaldığını bildirib. O, hətta  istehza ilə “Milli Şuranı” tərifləyib də. Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini üzdə dəstəklədiyini bildirən İ.Qəmbər, ancaq bunun çox riskli olduğunu deyib və  qeybətə toplaşanların ürəyinə şübhə toxumu da səpib. İ.Qəmbər  bildirib ki,  risklərlə bağlı kuluarlarda adamlar bir-birindən soruşur ki, Rüstəm müəllim ölkəyə gələcəkmi? Biz ona inanmaq istəyirik və ümid edirik ki, gələcək. Ümid edirik ki, İbrahimbəyovun 100 minlik mitinq olsun, sonra gələcəm, namizədliyim qeydə alınsın sonra gələcəm, fikrini eşitməyəcəyik.

İkinci riskdən söhbət açan İ.Qəmbər bunun  namizədin qeydə alınması məsələsi olduğunu bildirib. Bu risk də qalmaqdadır. Vahid namizədin qeydə alınmaması “Milli Şura”nın  kənarda qalması deməkdir. İ.Qəmbər çox yaxşı bilir ki, “Milli Şura”nın namizədinin qeydə alınması qeyri-mümkündür. O, fikirləşib ki,  Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacaq. Azərbaycan Konstitusiyasının 100-cü maddəsinə görə, prezidentliyə namizəd olan şəxs üçün bir neçə tələblər var: o, son 10 ilini Azəbaycanda yaşamalı, Azərbaycan vətəndaşı olmalı, ikili vətəndaşlığı, başqa dövlət qarşısında öhdəliyi olmamalı, məhkəmə qərarı ilə ağır cinayətdə ittiham edilməməlidir. R.İbrahimbəyovun isə  ikili vətəndaşlığı var, son 10 ili davamlı şəkildə ölkədə yaşamayıb, başçılıq etdiyi Kinematoqrafiya İttifaqı haqqında cinayət işi açılıb. Bütün bunları nəzərə alan İ. Qəmbər ümid edir ki, bu yolla vahid namizəd özü olacaq. Məlumdur ki, R.İbrahimbəyov Kinemotoqrafçılar İttifaqının rəhbəri kimi külli miqdarda  vergidən yayınıb və haqqında vergi cinayəti var. Əslində bunu Rüstəm İbrahimbəyov da bilir. Ancaq yaşının ahıl vaxtında satqınçılığı və xəyanəti özünə şərəf bilib və erməni lobbisinin çirkli pulları hesabına ortalığa atılıb. Adını müxalifət qoyan R.İbrahimbəyov əslində müxalifətçilər tərəfindən də qəbul olunmur. Çünki müxalifət düşərgəsində də artıq hamıya bəllidir ki, bu qoca rejissor düşmən dairələrin  əlində alətə çevrilib. Aldığı qrantları isə tək xərcləmək fikrindədir. Ona görə də onun namizədliyini qəbul etməyənlər də var.

İ.Qəmbərin yaranmış fürsətdən istifadə edərək özünü vahid namizəd kimi aparmasına AXCP sədri Əli Kərimli dərhal reaksiya verib və  Müsavat Partiyasının hazırda çox zəif olmasına işarə edərək deyib ki, Azərbaycanda ayrı-ayrı partiyaların seçkilərə qatılıb uğur qazanmaq şansı yoxdur. Bəzi siyasi partiyalar o mövqeyə çatıblar ki, şəxsi və partiya maraqlarını hər seydən önə keçiriblər. Ə.Kərimli vahid namizədlikdə İsa Qəmbərə yox, Rüstəm İbrahimbəyova güzəştə getdi. Görünür bu işdə də yaxşı qazanc əldə edib. R.İbrahimbəyovun arxasında dayanan erməni lobbisi AXCP sədrini pulla satın alıb. O da qondarma  İctimai Palatada bir yerdə olduğu İsa Qəmbəri yox, Rüstəm İbrahimbəyovu dəstəkləyib.

Seçkiyə az qalmış müxalifət düşərgəsində qarşıdurma daha da gücləndi. İ.Qəmbərin tərəfdarlarına elə gəlirdi ki, “Milli Şura”nın növbəti “qeybət” toplantısında hamı durub Rüstəm İbrahimbəyovun qoca kişi, siyasətdən bixəbər, dünyagörüşünün məhdud və ermənilərlə six iş birliyində olduğunu deyəcək və İ.Qəmbərin vahid namizədliyini irəli sürəcək. Ancaq hər şey əksinə oldu. Bu ondan xəbər verir ki, radikal müxalifət nümayəndələri də İsa Qəmbərin prezidentliyə namizədliyini qəbul etmirlər. Onlar kinorejissora aktyorluq edərək onun namizədliyinin üzərində dayandılar. Hətta çox yaxşı bilirlər ki, Rüstəm İbrahimbəyov qeyri - ciddi adamdır, azərbaycançılıqdan çox uzaq düşüb, ermənilərlə sıx əməkdaşlıq edir, onların tapşırıqlarını yeriniə yetirir, siyasət adamı deyil, yenə də onu İsa Qəmbərdən üstün tutdular. Bu müxalifət düşərgəsində İsa Qəmbərə olan nifrətin bariz nümunəsidir. Çünki hamıya məlumdur ki, İsa Qəmbər müxalifətçilik adı altında  xalqa və cəmiyyətə müxalifətçilik yolunu tutub və həmişə də şəxsi maraqlarına üstünlük verib. Əgər AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər,  “El” hərəkatının rəhbəri reneqat Eldat Namazov,  “Milli Şura”nın sədri Rüstəm İbrahimbəyov və digərləri  dövlət maraqlarını satmaqla hər hansı bir mövqe qazanacaqlarsa, bu nə vətəndaş, nə də siyasətçi mövqeyi olacaq. Bu yalnız satqın və xəyanətkar  mövqeyi adlandırıla bilər. Təəssüflər olsun ki,  belələri müxalifət  adı altında  xarici qüvvələrin, antimilli dairələrin əllərində bir vasitəyə çevriliblər.

Müxalifət düşərgəsində vəziyyət getdikcə  gərginləşir. “Milli Şura”nın prezidentliyə namizədinin müəyyənləşdirilməsindən sonra vəziyyət daha da ağırlaşıb.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında