Milli Məclisin növbədənkənar sessiyası başa çatmışdır

 

İyulun 2-də Milli Məclisin növbədənkənar sessiyası keçirilmişdir. AzərTAc xəbər verir ki, iclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki apellyasiya məhkəmələrinin hakimlərinin təyin edilməsi haqqında məsələlərə baxılmışdır.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu barədə ətraflı məlumat verdikdən sonra deputatlar məsələlərə müsbət münasibət bildirərək təyinatları təsdiq etmişlər.

Milli Məclisin sədri Oqtay Əsədov hakimləri təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.

Sonra “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi müzakirə edilmişdir.

 Layihə ilə bağlı Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat vermişdir.

Qeyd  olunmuşdur ki, sənədin iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulsa da, deputatlar bu müddətin sentyabrın 1-dək uzadılmasını təklif etmişlər. Komitə sədri bildirmişdir ki, məsləhətləşmələrdən sonra həmin tarixin avqustun 1-nə keçirilməsi qərara  alınmışdır.  Miqrasiya Məcəlləsi qüvvəyə mindiyi gündən etibarən “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında”, “İmmiqrasiya haqqında”, “Əmək miqrasiyası haqqında”, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə" mövcud qanunlar öz qüvvəsini itirəcəkdir.

Qanun layihəsi səsə qoyularaq təsdiq olunmuşdur.

İclasda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilmişdir.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə birinci oxunuşdan sonra layihə üzərində aparılmış işlər barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, bu qanunun qəbulunun məqsədi ölkəmizdə sahibkarlıq sahəsində aparılan yoxlamaların məram və prinsiplərini, təşkili və həyata keçirilməsi qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, vəzifəli şəxslərin, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən etməkdir.

Layihənin müzakirəsi zamanı deputatlardan Fazil Mustafa, Qənirə Paşayeva, Zahid Oruc və Sədaqət Vəliyeva çıxış edərək bu sənədin ölkəmizdə sahibkarlığın inkişafına, sahibkarların hüquqlarının etibarlı şəkildə qorunmasına yönəldiyini bildirmişlər.

Qanun layihəsi ikinci və üçüncü oxunuşlarda təsdiq edilmişdir.

Bununla da parlamentin növbədənkənar sessiyası öz işini başa çatdırmışdır.

Milli Məclisin sədri Oqtay Əsədov sessiyanı bağlı elan etmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında