Joze Manuel Barrozu: TAP-ın seçilməsi Avropanın birgə uğuru və Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsində dönüş nöqtəsidir

 

Avropa Komissiyası Azərbaycan qazının Avropaya ötürülməsi üçün boru kəmərinin yekun seçiminə dair bugünkü qərarı alqışlamışdır. İllik 16 milyard kubmetr qaz ehtiyatını hasil etmək üçün lisenziyası olan “Şahdəniz II” qaz yatağı Konsorsiumu qazın Türkiyə sərhədindən Yunanıstan və Albaniyadan İtaliyaya çatdırılması üçün Trans Adriatik boru kəmərini (TAP) seçib.

Türkiyədə tikilməkdə olan yeni TANAP boru kəmərini nəzərə aldıqda, yeni qaz infrastrukturu birbaşa Xəzər dənizini Avropa ilə əlaqələndirəcəkdir.

Trend-in Aİ-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Aİ Komissiyasının prezidenti Joze Manuel Barrozu demişdir ki, “Cənub Qaz Dəhlizi”nin Avropa marşrutu olaraq Trans Adriatik boru kəmərinin (TAP) seçilməsi ilə bağlı “Şahdəniz II” Konsorsiumunun bugünkü qərarını alqışlayır:

“Bu, Avropanın birgə uğuru və ittifaqımızın enerji təhlükəsizliyinin gücləndirilməsində bir dönüş nöqtəsidir. Əminəm ki, 2011-ci ilin yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyevlə imzaladığım strateji Birgə Bəyanata əsaslanan bu qərar Xəzər dənizindən Avropa İttifaqına birbaşa xüsusi keçid olacaq və zamanla genişlənəcək “Cənub Qaz Dəhlizi”nin tam və çevik şəkildə reallaşmasına daha çox təkan verəcəkdir”.

Aİ-nın enerji məsələləri üzrə komissarı Günter H. Oettinger isə bildirmişdir ki, qazın yeni xüsusi qaz boru kəməri sistemilə birbaşa Avropaya çatdırılması ilə bağlı Azərbaycan öz üzərinə aydın öhdəlik götürmüşdür: “Sistemin TANAP və TAP iki qaz boru kəmərindən və ya əvvəlki layihələrdə nəzərdə tutulduğu kimi bir boru kəmərindən ibarət olmasının enerji təhlükəsizliyi baxımından heç bir fərqi yoxdur. Bizim artıq qazla bağlı yeni tərəfdaşımız var və gələcəkdə daha çox qaz qəbul edəcəyimizdən əminəm.”

2009-cu ildə baş vermiş qaz böhranından sonra Avropa İttifaqı öz qaz təchizatını şaxələndirməyə çalışır. Strategiyalardan biri Avropa İttifaqının qaz bazarını dünyanın ən geniş qaz depoziti olan Xəzər dənizi hövzəsi və Yaxın Şərqlə birbaşa və fiziki baxımdan birləşdirmək üçün “Cənub Qaz Dəhlizini” açmaq olub.

Prinsipcə, Xəzər dənizindən Aİ-na qaz həm Baumgarten/Vyanaya (Nabucco West), həm də İtaliyaya (TAP) ötürülə bilərdi. Konkret marşrutdan asılı olmayaraq, Avropa Komissiyası hər zaman o faktı vurğulamağa çalışmışdır ki, istənilən variant qazın sonradan Xəzərdən Avropanın digər hissələrinə təchiz olunmasına imkan verməlidir. Avropa İttifaqı həm də gələcəkdə əlavə qaz həcmlərinin daşınması üçün miqyası genişlənə bilən yeni boru kəmərinin Aİ-dan kənarda tikilməsində, eləcə də Avropaya qazın nəqli üçün aydın və şəffaf hüquqi bazanın mövcud olmasında təkid etmişdir.

Aİ-da çatışmayan birləşdirici xətlərin tikintisi ilə bağlı Aİ-nın təşviq etdiyi cari işlə yanaşı, “Cənub Qaz Dəhlizi”nin açılması Xəzərdə hasil olunan qazın Avropada, xüsusilə də Cənub-Şərqi Avropada bir sıra ölkələrə də çatdırılmasına imkan verəcəkdir.

Aİ əlavə qaz həcmləri baxımından daha geniş regionda potensial qaz təchizatçıları ilə danışıqları davam etdirir.

Beynəlxalq Enerji Agentliyi proqnozlaşdırır ki, Aİ-da qaza tələbat 2030-cu ilədək 526 milyard kub metrdən 622 milyard kub metrədək artacaqdır. Eyni şəkildə, Aİ-nın “2050 Enerji Yol xəritəsi”ndə təxmini hesablanmışdır ki, xüsusən də daxili istehsal sahəsində azalma nəticəsində qaz idxalları artacaqdır. Bu əlavə tələbatı yeni, əlavə qaz təchizatçıları ödəməlidir.

Trans Adriatik boru kəməri (TAP) layihəsinin səhmdarlarının tərkibi İsveçrənin “Axpo” (42.5%), Norveçin “Statoil” (42.5%) və Almaniyanın “E.ON” (15%) şirkətlərindən ibarətdir.

Trans Anadolu Boru kəməri (TANAP) 2012-ci ilin iyun ayında artıq seçilmişdir. Səhmdarların tərkibi: Türkiyənin Botas və TPAO (20%) şirlkətləri, Azərbaycanın ARDNŞ (80%).

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında