Azərbaycan Silahlı Qüvvələri Günü xarici ölkələrdə də qeyd olunmuşdur

 

ABŞ

Ölkəmizin ABŞ-dakı səfirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə Vaşinqtonda ziyafət təşkil etmişdir.

Mərasimə ABŞ Müdafiə Departamentinin yüksək rütbəli zabitləri, Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və müdafiə attaşeləri, yerli ictimaiyyət və eləcə də Azərbaycan diasporunun təmsilçiləri qatılmışlar.

 Tədbirin əvvəlində Azərbaycan Respublikası və ABŞ-ın dövlət himnləri səsləndirilmişdir.

 Azərbaycanın ABŞ-dakı müdafiə attaşesi Ağaverdi Quliyev, səfir Elin Süleymanov və Müdafiə Departamenti adından Birləşmiş Ştatların nəqliyyat komandanı, general Vilyam Freyzer çıxış etmişlər.

 Müdafiə attaşesi A.Quliyev qonaqları Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının tarixi və qısa müddətdə əldə etdiyi nailiyyətlər barədə məlumatlandırmış, müstəqilliyimizin bərpasından sonra üzləşdiyimiz hərbi işğal və iqtisadi böhrana baxmayaraq, Azərbaycanın ordu quruculuğunda həyata keçirilən tədbirlərdən danışmış və ordumuzun etibarlı bir müttəfiq kimi beynəlxalq əməkdaşlığından söz açmışdır.

 Ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov mərasimin əsas qonağı general Freyzeri təqdim etməklə yanaşı, müdafiə və təhlükəsizlik sahəsində Azərbaycan və ABŞ arasında mövcud əməkdaşlığa toxunaraq, iki ölkənin ordusunun müxtəlif bölgələrdə sülh və əmin-amanlığın bərqərar olması naminə birgə fəaliyyətlərini qeyd etmiş və əsgərlərimizin İraqda, Balkanlarda və Əfqanıstanda çiyin-çiyinə xidmət etdiklərini xatırlatmışdır.

Səfir Azərbaycanın qısa müddətdə öz təhlükəsizliyi üçün digərlərinin yardımını istəyən ölkədən regional təhlükəsizliyə töhfə verən bir dövlətə çevrildiyini vurğulamışdır.

 General Vilyam Freyzer əlamətdar gün münasibətilə Azərbaycan Silahlı Qüvvələrinə təbriklərini çatdırmış, müdafiə və təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əməkdaşlığını yüksək qiymətləndirmişdir. O, ölkəmizi ABŞ-ın çox mühüm və etibarlı tərəfdaşı kimi xarakterizə edərək, qaynar nöqtələrdə xidmət edən Azərbaycan əsgərləri barədə xoş sözlər demişdir. General, həmçinin Azərbaycana səfərlərinə istinad edərək, ölkəmizin nail olduğu inkişafı yüksək qiymətləndirmişdir.

V.Freyzer müttəfiq qüvvələrin Əfqanıstan ilə nəqliyyat əlaqəsinin təmin edilməsində Azərbaycanın xüsusi rolunu təqdir etmiş və ölkəmizin göstərdiyi dəstək sayəsində müttəfiqlər ordusunun əhəmiyyətli sayda hərbçisinin həyatının xilas edilməsindən minnətdarlıq hissi ilə danışmışdır.

RUSİYA

Azərbaycanın Rusiyadakı səfirliyi iyunun 26-da  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  yaradılmasının  95-ci  ildönümü münasibətilə təntənəli qəbul təşkil etmişdir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu  tədbiri açaraq demişdir: “Bu gün Bakıda parad keçirildi. Biz  Azərbaycanın Silahlı Qüvvələrinin günbəgün möhkəmlənməsinə  qürur hissi ilə tamaşa etdik.  Əlbəttə, ordumuz  ölkəmizin düşdüyü vəziyyəti,  Ermənistan-Azərbaycan , Dağlıq Qarabağ münaqişəsinin həll  olunmamasını  nəzərə alaraq  ciddi sınaqlara hazırlaşmalıdır.  Azərbaycan Prezidenti, Azərbaycan hökuməti və  Azərbaycan xalqı  bu problemi sülh yolu ilə həll etməyə çalışır. Biz  qan tökülməsini istəmirik, lakin eyni zamanda hamımız başa düşürük ki,  heç bir xalq, heç bir  suveren dövlət  öz torpağının bir santimetrini belə güzəştə getməz. Bu böhrandan çıxış yolu axtarmaq, razılığa gəlmək lazımdır. Lakin  rusların yaxşı bir  məsəli var: “Sülh istəyirsənsə, müharibəyə hazırlaş”.  Bu gün Azərbaycan hökuməti, şəxsən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin qarşıya  qoyulan vəzifəni istənilən anda yerinə yetirməsi üçün mümkün olan hər şeyi edirlər”.  

Azərbaycanın Rusiyadakı səfirliyinin hərbi attaşesi  Tofiq Salmanov  çıxışında  Azərbaycan Milli Ordusunun  yaradılmasından və onun inkişaf tarixindən, ümummilli lider Heydər Əliyevin ordu  quruculuğundakı  əvəzolunmaz rolundan,  Azərbaycan-Rusiya münasibətlərindən söz açmışdır.

Təntənəli tədbirdə  xarici ölkələrin Rusiyada akkreditə olunmuş səfirliklərinin hərbi attaşeləri, diasporun üzvləri və KİV-lərin nümayəndələri  iştirak etmişlər.

ALMANİYA

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyində Silahlı Qüvvələrimizin yaradılmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov 95 il əvvəl yaranmış milli ordumuzun Azərbaycan xalqının müstəqil, demokratik və dünyəvi dövlətinin qarantı olduğunu vurğulamışdır. Diplomat Azərbaycanın sürətlə inkişaf etdiyini və müstəqil xarici siyasət yürütdüyünü qeyd etmişdir.

P.Şahbazov bildirmişdir ki, hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi müasirləşmə kursu nəticəsində Azərbaycanda siyasi və iqtisadi islahatlar uğurla davam etdirilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan səfir qeyd etmişdir ki, Azərbaycan işğal olunmuş torpaqlarının diplomatik yolla azad olunmasının tərəfdarıdır. Azərbaycanın güclü orduya malik olması onun diplomatik mövqeyini daha da möhkəmləndirir.

Azərbaycanın Almaniyadakı hərbi attaşenin nümayəndəsi, polkovnik-leytenant İlqar Ağayev milli ordumuzun yaranma tarixindən, silahlı qüvvələrimizin bugünkü vəziyyətindən, bu sahədə NATO standartlarına uyğun həyata keçirilən əsaslı islahatlardan və s. məsələlərdən danışmışdır. O, vurğulamışdır ki, Azərbaycan Almaniya ilə həm də hərbi sahədə uğurla əməkdaşlıq edir, hərbi qulluqçularımız  Almaniyada təhsil alırlar. Ölkəmizin iqtisadi inkişafının ordu quruculuğuna da müsbət təsir göstərdiyini və hazırda milli ordumuzun yüksək döyüş qabiliyyətinə malik olduğunu deyən İ.Ağayev demişdir ki, silahlı qüvvələrimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə hər an hazırdır.

Tədbirdə Silahlı Qüvvələr Günü münasibətilə Bakıda keçirilmiş hərbi paradın videoyazısı  nümayiş etdirilmişdir.

AVSTRİYA

İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ölkəmizin Avstriyadakı səfirliyinin nəzdindəki hərbi nümayəndəliyi tərəfindən Vyanada Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümünə həsr olunmuş rəsmi ziyafət təşkil edilmişdir.

Mərasimdə Avstriya Müdafiə Nazirliyinin, ölkə parlamentinin, Slovakiya Müdafiə Nazirliyinin rəsmiləri və nümayəndələri, Azərbaycan ilə sıx əməkdaşlıq edən bir sıra ölkələrin səfirləri, Avstriyada akkreditə olunmuş ölkələrin hərbi attaşeləri, ATƏT-in üzv dövlətlərinin hərbi nümayəndələri, Avstriyadakı diaspor təşkilatlarımızın üzvləri, eləcə də səfirliyin və Azərbaycan Respublikasının Slovakiyadakı fəxri konsulluğunun əməkdaşları iştirak etmişlər.

 Tədbirdə Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov 1918-ci ildə müstəqilliyini elan etmiş gənc Azərbaycan dövlətində qısa zamanda bütün dövlət təsisatlarının yaradıldığını, eləcə də ordu quruculuğuna ciddi diqqət yetirildiyini nəzərə çatdırmışdır. Azərbaycan ordusunun keçdiyi tarixi yola nəzər salan Q.İsrafilov hazırda Azərbaycanın ölkənin ərazi bütövlüyünü bərpa etməyə qabil olan qüdrətli orduya malik olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, işğalçı Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində hazırda Azərbaycanın əraziləri hələ də işğal altındadır. Lakin sülh və danışıqlar yolu ilə münaqişəni nizamlamağa çalışan Azərbaycan dövləti tarixi və əzəli torpağımız olan Qarabağ üzərində suveren hüquqlarını, ölkənin ərazi bütövlüyünü bərpa edəcəkdir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ölkəmizin  Avstriyadakı səfirliyi nəzdində hərbi nümayəndəsi, polkovnik-leytenant Kamil Quliyev 1918-ci il  iyunun 26-da ilk nizami hərbi korpusun yaradılması ilə Azərbaycan Silahlı Qüvvələrinin təməlinin qoyulduğunu diqqətə çatdırmışdır. Milli ordumuzun tarixi, onun keçdiyi şanlı yol və hazırkı inkişafından danışan K.Quliyev 1998-ci ildə ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə həmin günün rəsmi bayram statusu aldığını bildirmişdir.

Qeyd edilmişdir ki, material-texniki bazası son illərdə gücləndirilmiş Azərbaycan ordusu Cənubi Qafqazda ən qüdrətli və müasir hərbi gücə çevrilmişdir. K.Quliyev Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün istiqamətlərdə, xüsusilə də ordu quruculuğunda ciddi işlərin aparıldığını bildirmiş, dövlətimizin başçısının komandanlığı altında Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə, beynəlxalq sülh və təhlükəsizliyə töhfə verməyə qadir güclü bir ordunun mövcud olduğunu vurğulamışdır.

Mərasimdə Azərbaycan Silahlı Qüvvələrinə həsr olunmuş  videoçarxlar, eləcə də iyunun 26-da Bakıda keçirilmiş hərbi paradın videoyazısı nümayiş etdirilmiş və tədbirin sonunadək Azərbaycanın hərbi marşları səsləndirilmişdir. Eyni zamanda, tədbirdə iştirak edən qonaqlara Silahlı Qüvvələrimiz bərədə tərtib edilmiş təbliğat kitabçaları da təqdim edilmişdir. Mərasim ziyafətlə başa çatmışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında