Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzində bölgələri təmsil edən ictimai təşkilatların nümayəndələrinin, ziyalıların, gənclərin və KİV təmsilçilərinin iştirakı ilə geniş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbiri açan mədəniyyət mərkəzinin idarə heyətinin sədri Fazil Həsənov bəzi KİV-lərdə və sosial şəbəkələrdə heç bir sosial dayağı və cəmiyyətdə nüfuzu olmayan qondarma təşkilat rəhbərlərinin Gürcüstan azərbaycanlılarının adından yayılan, azərbaycançılıq ideyalarına zidd olan və Azərbaycan-Gürcüstan tarixi dostluğuna xələl gətirmək niyyəti güdən yazıların verilməsindən narahatlığını ifadə etmişdir. O, həmin yazıların ziyalıların mövqeyini əks etdirmədiyini xüsusi vurğulayaraq, Gürcüstanın azərbaycanlı ziyalıları adından bununla bağlı bəyanat hazırlandığını bildirmişdir.
“Regionpress” qəzetinin redaktoru Binnət Əlioğlu tədbir iştirakçılarını bəyanatın mətni ilə tanış etmişdir.
Tədbirdə professor Mahmud Kamaloğlu, Gürcüstan Azərbaycanlı Jurnalistlər İttifaqının sədri Nizami Məmmədzadə, Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının sədri Leyla Məmmədova, yazıçı Elbəyi Cəlaloğlu, jurnalistlər Şahismayıl Şəmmədoğlu, Bəhram Mehdi, şair-publisist Givi Paçxatişvili, Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu, məktəb direktorları Zal Vəliyev və Həsən Abbasoğlu, “Meydan” jurnalının baş redaktoru Alxan Binnətoğlu, ziyalılardan Tapdıq İsmayılov, Suddarxan Kazımov, Zahid Nəsibov, şair Səyavuş Uyğun, publisist Qurban Əzizli, Rusiyada yaşayan şair Aslan Gorarxılı və başqaları çıxış etmişlər. Onlar Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmləndirilməsində, münasibətlərin bugünkü yüksək səviyyəyə çatdırılmasında ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin tarixi xidmətlərini xatırlatmış, onların Gürcüstana səfərlərindən, habelə qardaş ölkənin, bütövlükdə Cənubi Qafqazın inkişafına verdikləri töhfələrdən söz açmış, bunun bəyanatda əks etdirilməsi təklifini irəli sürmüşlər.
Yekdilliklə qəbul olunmuş bəyanatda qeyd edilir ki, son vaxtlar bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Gürcüstan azərbaycanlılarının adından yayılan üzdəniraq bəyanatlar və qərəzli məlumatlar təəccüb və təəssüf doğurur. Bəzi şəxslər cəmiyyətdə heç bir nüfuzu və sosial dayaqları olmayan, qondarma təşkilatların rəhbərləri kimi xarici ölkələrdəki havadarlarının təşviqi və təhriki ilə strateji əməkdaşlıq, dostluq və qardaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Gürcüstan münasibətlərinə kölgə salmağa zaman-zaman cəhdlər göstərirlər. Bununla da dünya birliyinə inteqrasiya və demokratik inkişaf yolu seçmiş, inkişaf etmiş ölkələr arasında sanballı söz sahibinə çevrilən, gündən-günə çiçəklənən iki qardaş ölkənin uğurlarını, bütövlükdə Cənubi Qafqaz regionunun taleyini şübhə altına almaq niyyəti güdürlər.
Bəyanatda vurğulanır ki, ümummilli lider Heydər Əliyevin ideyalarına daim sadiq qalan və bu gün öz doğma torpaqlarında yaşadıqlarına görə özlərini Ulu Öndərə və onun siyasi varisi - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə borclu sayan Gürcüstan azərbaycanlıları dövlətçilik ənənələrinə həmişə sədaqətli olmüş, iki ölkə arasında minillik tarixə malik mehriban dostluq və qardaşlıq münasibətlərinin qorunub saxlanılması ilə qürur duymuşlar.
Bəyanatda, həmçinin 2004-cü ildə Prezident İlham Əliyevin Gürcüstana səfərindən və azərbaycanlıların yığcam yaşadığı Marneuli şəhərində soydaşlarımızla görüşündən sonra bu münasibətlərin ümumi mənafe baxımından xüsusi mərhələyə qədəm qoyduğu və yeni məna kəsb etməyə başladığı diqqətə çatdırılır. Təəssüf hissi ilə qeyd olunur ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində son illər qazanılmış nailiyyətlər bəzi bədxah qüvvələri narahat etməyə başlamışdır. Onlar nəyin bahasına olursa-olsun, beynəlxalq aləmdə ölkəmizi gözdən salmağa, daxili sabitliyi pozmağa və bununla da qarşıdakı prezident seçkilərində ucuz dividend qazanmağa can atırlar.
Gürcüstanın azərbaycanlı ziyalıları bəyan edirlər ki, heç vaxt bu cür təxribata uymayan uzaqgörən Azərbaycan xalqı yaxşını yamandan seçməyi, dostunu düşmənindən ayırmağı bacarır. Odur ki, ictimai rəyi çirkin və saxta yolla öz xeyrinə dəyişmək istəyən şər qüvvələrin niyyətləri bu dəfə də puça çıxacaqdır.
Bəyanat belə bir qəti inamla tamamlanır: Xalqımız yenə də müdriklik göstərərək Prezident İlham Əliyevin ətrafında sıx birləşəcək, doğma Azərbaycanımızın daha da çiçəklənməsi və parlaq gələcəyi naminə bütün qüvvə və bacarığını sərf edəcəkdir.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.