Amerikada çıxan “Washington Times” qəzetində ABŞ-ın keçmiş konqresmeni Den Bertonun “Biz Qafqazda xüsusi tərəfdaşımızı pis vəziyyətdə qoymağa risk edirik” sərlövhəli məqaləsi dərc olunmuşdur.
Karyerasının xeyli hissəsi ABŞ konqresi ilə bağlı olan Den Berton məqaləsində yazır ki, o, “Washington Post” qəzetinin şərhçisi ilə razılaşa bilməz. Prezident Obamanın Berlinə səfərindən bəhs edən həmin məqalənin müəllifi Obamanı, xüsusən ABŞ administrasiyasının xarici işləri sahəsində, “reallıqdan qeyri-adi dərəcədə uzaq” bir şəxs kimi səciyyələndirmişdir.
Keçmiş konqresmen göstərir ki, ABŞ-ın indiki administrasiyası, xüsusən Misir, Liviya və Koreya Xalq Demokratik Respublikası hadisələri ilə bağlı məsələlərdə, habelə İranla münasibətlərdə yaranmış böhranlı vəziyyət məsələlərində dəfələrlə səhvə yol vermişdir. Bu gün isə ABŞ administrasiyası sadəlövhcəsinə Suriyada potensial fəlakətə cəlb olunur. Berton yazır: “ABŞ administrasiyasının Qafqaz regionundan könüllü uzaqlaşması xüsusən Azərbaycana münasibətdə ABŞ-ın milli mənafeləri üçün çox əhəmiyyətli olan bütün bu regionda sabitliyin pozulması ilə nəticələnə bilər”. Azərbaycan dünyada yeganə dövlətdir ki, həm Rusiya, həm də İran ilə həmsərhəddir. Neoimperialist meyllərin və teokratik artımın mövcud olduğu bu regionda indiyə qədər heç bir xarici təzyiq özünə güvənən Azərbaycanı Qərbdən üz döndərməyə məcbur edə bilməmişdir. Azərbaycan Birləşmiş Ştatların dəyərli və sınanmış müttəfiqidir. Den Berton vurğulayır: “Terrorizmə qarşı mübarizə və kütləvi qırğın silahlarının yayılmaması sahəsində əməkdaşlıqdan Əfqanıstanda sabitlik yaradan qüvvələrdə tərəfdaşlığa qədər bütün məsələlərdə Azərbaycan ABŞ-ın etibarlı dostu olduğunu sübut etmişdir”.
Müəllif daha sonra oxucuların diqqətini nadir bir fakta – əhalisinin böyük əksəriyyəti müsəlmanlar olan Azərbaycan dövlətinin İsrail ilə sıx əməkdaşlıq və dostluq münasibətlərinə cəlb edir. Məsələn, keçən il Azərbaycan ilə İsrail arasında əmtəə dövriyyəsinin həcmi 4 milyard dollara çatmışdır. Bu, Amerika ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmindən iki dəfə artıqdır. Bundan əlavə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu yaxınlarda İsraildə rəsmi səfərdə olmuşdur. Prezident Şimon Peres bu səfəri “tarixi hadisə” adlandırmışdır. 2013-cü ildə Amerika-Yəhudi Komitəsinin Dünya forumunda geniş auditoriya qarşısında çıxış etmiş E.Məmmədyarov həm də bu forumda müsəlman ölkələrini təmsil edən yeganə nazir idi.
Yuxarıda sadalanan müsbət amillərdən əlavə, qlobal enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolunu da qeyd etmək lazımdır. Uzunluğu 1099 mil olan, dünya bazarlarına gündə 1 milyon barrel “qara qızıl” nəql edə bilən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərini, habelə yaxın vaxtlarda Xəzərdəki və Orta Asiyadakı yataqlardan Avropaya hər il 60-120 milyard kubmetr qaz nəql edəcək, gələcəkdə qaz yataqlarını tədricən qitəyə doğru şaxələndirəcək “Cənub dəhlizi” layihəsini də qeyd etmək lazımdır. ABŞ-ın Azərbaycandakı səfiri məhz bunları nəzərə alaraq “Xəzər Beynəlxalq neft və qaz sərgisi - 2013" tədbirinin iştirakçılarına xatırlatmışdır ki, Azərbaycan enerji təhlükəsizliyinə sanballı töhfələr verir.
30 ildən artıq müddətdə ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində çalışmış Den Berton Azərbaycanda insan hüquqları məsələlərinə də toxunaraq qeyd edir ki, keçmiş sovet ittifaqı respublikalarından biri olan Azərbaycanda demokratiya yüksək səviyyədə olmasa da, burada başqa postsovet ölkələri ilə müqayisədə insan hüquqları sarıdan vəziyyət qat-qat yaxşıdır. Azərbaycanda qadınların müdafiəsi, onların hüquq bərabərliyi, habelə bütün dinlərə tolerant münasibət mübahisəyə ehtiyacı olmayan faktlardır.
ABŞ dövlət katibi Con Kerri bu yaxınlarda Azərbaycan haqqında çıxışında qeyd etmişdir ki, Azərbaycan “müxtəlif dinlərin, müxtəlif dini sektaların dinc yanaşı yaşaması baxımından gözəl nümunədir. Burada müxtəlif dinlərin nümayəndələri mehribanlıq şəraitində yaşayır, inkişafın ümumi yollarını tapmağı bacarırlar”. Bakıda yaxşı başa düşürlər ki, demokratikləşmə prosesləri üzərində hələ uzun müddət işləmək lazımdır.
Azərbaycan bu istiqamətdə inkişaf edir. Lakin əgər ABŞ-ın Azərbaycandan uzaqlaşmasına səbəb insan hüquqlarıdırsa, - deyə D.Berton soruşur, - “onda nə üçün ABŞ administrasiyası Myanma rejiminə - soyqırımı törətməkdə, azyaşlı əsgərlərdən istifadə edilməsində, mütəmadi zorlamalarda, uşaq əməyindən istifadə edilməsində, insanları kölə vəziyyətində saxlamaqda, insan alverində və ümumi siyasi tiranlıqda ittiham edilən rejimə bu cür fəallıqla dost əli uzadır?”.
D.Berton yazır: “Mən ABŞ Konqresində cənab Kerri ilə işləmişəm. Düzdür, biz siyasi diapazonun müxtəlif tərəflərində idik, çox məsələlərdə bir-birimizlə razılaşmırdıq, lakin onun xarici siyasəti yaxşı başa düşməsinə hörmət edirəm. O, Azərbaycanın bir strateji tərəfdaş kimi Birləşmiş Ştatlar üçün əhəmiyyətini, başqa xalqlarla dinc yanaşı yaşamaq sahəsində çoxəsrlik ənənələrə malik olan Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən Avropa Şurasında və İslam Əməkdaşlıq Təşkilatında oynaya biləcəyi müstəsna rolu başa düşür”.
Konqresmen Berton öz məqaləsinin sonunda dövlət katibi Kerriyə müraciətlə Ağ Ev administrasiyasını Azərbaycanda öz fəaliyyətini gücləndirməyə razı salmağa çağıraraq vurğulamışdır ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair danışıqlar üçün ABŞ-dan yüksək vəzifəli vasitəçi təyin edilməsi bu işin məntiqi başlanğıcı ola bilərdi.
Xatırladaq ki, Den Berton İndiana ştatından Respublikaçılar Partiyasının konqresmeni, ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya üzrə altkomitəsinin sədri olmuşdur.
Yusif BABANLI,
AzərTAc
Vaşinqton
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.