İyunun 24-də AŞPA-nın yay sessiyasının ilk iş günündə Avropa ortaq təhsil məkanının gələcək tərəqqisi ilə əlaqədar mövzu ətrafında müfəssəl diskussiya aparılmışdır.
Avropa Şurasında qəbul edilmiş qaydalara görə, Parlament Assambleyasında təsdiqlənmiş məruzələrin qətnamələri onların üzv ölkələrdə tətbiqi məqsədi ilə Nazirlər Komitəsinə göndərilir. Nazirlər Komitəsi isə öz növbəsində həmin qətnamələrdə ümumavropa məkanı üçün faydalı ola biləcək məqamları hazırladığı cavab sənədində əks etdirir.
Ötən il oktyabrın 5-də Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırladığı “Avropa ali təhsil məkanının vahidliyi və beynəlxalq açıqlığı” adlı məruzə müzakirə olunaraq müvafiq qətnamə qəbul edilmiş, bu araşdırma Avropada təhsilin gələcək inkişafına töhfə kimi qiymətləndirilmişdir. 2013-cü il fevralın 12-də isə Avropa Şurası Nazirlər Komitəsi tərəfindən həmin məruzə ilə bağlı hazırlanmış cavab mədəniyyət, elm, təhsil və mətbuat komitəsinə göndərilmişdir. Komitənin tapşırığına əsasən deputat Rafael Hüseynov həmin layihənin təhlili əsasında əlavə məruzə tərtib etmiş və Nazirlər Komitəsinin təhsil siyasətini daha düzgün apara bilməsi üçün silsilə tövsiyələr irəli sürmüşdür.
AŞPA-nın təhsil, gənclər və idman alt komitəsinin iyunun 24-də keçirilən xüsusi iclasında həmin tövsiyələr müzakirə olunmuş, onların Nazirlər Komitəsinin qərar layihəsinə əlavə edilməsi lazım bilinmişdir.
Komitə iclasında çıxış edən Rafael Hüseynov demişdir: “Avropa ali təhsil məkanında müşahidə edilən bütün müsbət təmayüllərlə yanaşı, prosesin gedişi bir sıra problemləri də üzə çıxarmış və çıxarmaqdadır. Əlbəttə, çoxsaylı ölkələri, minlərlə tələbəni, təhsil sisteminin saysız-hesabsız incəliklərini əhatə edən bir prosesdə bunlar təbii və qaçılmazdır. Lakin işin gələcək səmərəliliyi üçün mühüm şərtlərdən biri ortaya çıxan nöqsanların, çətinliklərin, maneələrin vaxtında müəyyənləşdirilməsi, onların aradan götürülməsi üçün faydalı təkliflərin hazırlanmasıdır. Avropa ali təhsil məkanı ideyasının daha mütəşəkkil, daha sürətli prosesə çevrilməsi üçün bizim nöqteyi-nəzərimizdən əhəmiyyətli sayılan aspektlər müəyyənləşdirilərək müvafiq təhlillər aparılmışdır”.
Azərbaycanlı deputat demişdir ki, arzu edilən inkişafa nail olmaq üçün əsas amillərdən biri ölkələrarası əməkdaşlığın gücləndirilməsi, bu sahəyə siyasi dəstəyin, o cümlədən milli parlamentlərin dəstəyinin daha geniş miqyasda həyata keçirilməsi və proseslərə təhsil müəssisələrinin, təhsil işçilərinin, tələbələrin fəal surətdə cəlb edilməsidir. Prosesə qoşulmuş və bu niyyətdə olan ölkələrdə ali təhsil müəssisələri arasında ölkə daxilində və xaricdə genişmiqyaslı yarışların keçirilməsi üçün proqramların hazırlanması və reallaşdırılması da çox önəmlidir.
R.Hüseynov bu haqda danışarkən vurğulamışdır ki, Lissabon Tanıma Konvensiyasında kifayət qədər hüquqi əsaslar mövcuddur və bu, qeyri-Avropa ölkələrinə də prosesə qoşulmaq, bu proseslərdə səmərəli şəkildə iştirak etmək imkanı qazandırır. Böyük ölçüdə Avropa ali təhsil məkanı ideyasının hədəfi elə mütərəqqi dünya üçün ortaq olan bir təlim, tədris, bilik fəzasını formalaşdırmaqdır. Ali təhsil məkanının coğrafi genişlənməsi anlayışı mahiyyət etibarilə həm də bu coğrafiya daxilindəki ölkələri bir-birinə yaxınlaşdırmaq və ortaq prinsiplərə yönəltməklə coğrafiyanı müəyyən mənada kiçiltmiş, yığcamlaşdırmış olur. Avropa məkanından kənar ölkələrlə də tələbə mübadiləsinə hüquqi baza yaradan yeganə beynəlxalq sənədi - Lissabon Tanıma Konvensiyasını artıq Avstraliya, ABŞ, Kanada, İsrail, Qazaxıstan, Yeni Zelandiya və digər ölkələrin imzalaması bu çərçivənin gələcəkdə daha da genişlənəcəyinə inam oyatmaqdadır.
Mədəniyyət, elm, təhsil və mətbuat komitəsi AŞPA-nın növbəti sessiyalarında Avropada ali təhsil problemləri ilə bağlı müzakirələrin daha intensiv şəkildə aparılması və deputat Rafael Hüseynovun həmin müzakirələrə, eləcə də müvafiq sənədlərin hazırlanmasına ekspert kimi cəlb edilməsi məqsədəuyğun sayılmışdır.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Strasburq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.