Azərbaycanlı deputat AŞPA-nın sessiyasında ölkəmizin maraqlarını qətiyyətlə müdafiə etmişdir

 

Avropa Şurası Parlament Assambleyasının yay sessiyası davam edir. Hüquqi işlər və insan hüquqları komitəsinin iyunun 25-də keçirilən iclasında hazırlanmaqda olan bir sıra məruzələrlə yanaşı, italiyalı deputat Renato Farinanın təqdim etdiyi “Məhkum edilmiş şəxslərin verilməsi haqqında Konvensiyadan sui-istifadənin qarşısını almaq üçün təkliflər” adlı sənəd də müzakirə edilmişdir.

Konvensiyanın müəyyən bəndlərinin sərtləşdirilməsi təklifini irəli sürən R.Farina məruzəsini bütövlüklə 2004-cü ilin yanvarında Budapeştdə ingilis dili kursları keçən Azərbaycan ordusunun zabiti Ramil Səfərovla erməni zabiti Qurgen Marqaryan arasında baş verən insidentə həsr etmişdir. Məruzəçi Macarıstanda məhkum edilmiş R.Səfərovun Azərbaycana qaytarılmasını və sonradan azadlığı buraxılmasını tənqid edərək məhz bununla bağlı Konvensiyada dəyişiklik aparılması məsələsini qaldırmışdır.

Hüquqi işlər və insan hüquqları komitəsinin üzvü Rafael Hüseynov italiyalı deputatın təqdimatını və məruzəsinin mətnini kəskin tənqid edərək demişdir: “Vaxtilə hazırlanmış və işləməkdə olan konvensiyaların hər birini diqqətlə təhlil edəsi olsaq, müəyyən korrektələr, düzəlişlər, təkmilləşdirmələr üçün yer olduğunu görərik. Bu təbiidir. Dəyişən həyat öz təkliflərini daim irəli sürməkdədir. Lakin belə dəyişmələr və təkmilləşdirmələr bu cür tələskənliklə və qərəzli iddialar əsasında deyil, dərin araşdırmalar üzərində aparılmalıdır. Təqdim olunan məruzə sırf emosional səciyyə daşıyır, faktları təhrif edərək birtərəfli qaydada tərtib edilmişdir və layiqli hüquqi sənəd olmaq səviyyəsindən çox uzaqdır”.

Azərbaycanlı deputat illərdən bəri işləməkdə olan konvensiyada dəyişiklik etmək təşəbbüsünü qaldıran şəxsin ilk növbədə hərtərəfli araşdırmalara əsaslanmasının, belə bir dəyişikliyi zəruri edən qanunauyğunluğu zəngin faktlar əsasında sübuta yetirməsinin zəruriliyini diqqətə çatdıraraq demişdir: “Burada isə bircə Ramil Səfərov məsələsinə əsaslanaraq konvensiyada dəyişiklik edilməsi israr olunur. Belə təşəbbüslər Avropa Şurasının nüfuzuna ziyan gətirir. Çünki açıqca hiss olunur ki, bu qəbil təşəbbüslərin arxasında təmiz olmayan maraqlar durur. Biz aylar öncə Parlament Assambleyasında Ramil Səfərov hadisəsini müfəssəl müzakirə etmiş, bütün real faktları ortaya qoymuşuq. Kimsə güman edirsə ki, belə təşəbbüslərlə Ramil Səfərov məsələsi ilə əlaqədar indi nəyəsə nail olmaq mümkündür, çox yanılır. Hüquqda qanunun geriyə işləməməsi müddəası var və mövcud konvensiya əsasında Ramil Səfərovun Azərbaycana təhvil verilməsi tamamilə qanun çərçivəsində həyata keçirilmiş, heç bir pozuntuya yol verilməmişdir. Ramil Səfərovun Azərbaycanda əfv edilməsi isə Azərbaycan xalqının istəyi və Azərbaycan Prezidentinin iradəsi ilə baş vermişdir ki, bu da dövlət başçısının konstitusion hüququdur. Ona görə də sadəlövh etirazları bir kənara qoymaq lazımdır”.

R.Hüseynov belə bir məsələnin məruzə çərçivəsində qaldırılmasının digər zərərli cəhətinə də toxunaraq qeyd etmişdir ki, Avropa Şurası iki üzv dövlət arasında olan münaqişənin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin diplomatik vasitələrlə həlli yolunda səylər göstərdiyi bir vaxtda kimlərsə belə qızışdırıcı məruzələrlə qurumun prinsiplərinə və yeritdiyi xəttə zidd gedir. Təqdim olunmuş məruzənin hüquqi baxımdan əsassız, siyasi nöqteyi-nəzərdən çox ziyanlı olduğunu bir daha vurğulayan azərbaycanlı deputat onu qətiyyətlə rədd etdiyini bildirmişdir.

Qeyd edək ki, hələ tamamlanmamış bu məruzəni hazırlayan R.Farinanın deputat səlahiyyətləri avqust ayında bitir. R.Farina həmin məruzənin digər deputat tərəfindən davam etdirilməsi, Rafael Hüseynov isə məruzənin dayandırılması təklifini irəli sürmüşdür. Hüquqi işlər və insan hüquqları komitəsi bu məruzənin gələcək taleyini payız sessiyasında nəzərdən keçirəcəkdir.

Əsgər ƏLİYEV

AzərTAc-ın xüsusi müxbiri

Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında