Elnur ASLANOV: Ölkəmizin tövsiyələri 2015-ci ildən sonrakı dövr üçün qlobal gündəliyin razılaşdırılması prosesinə mühüm töhfə olacaqdır

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov AzərTAc-a müsahibə vermişdir.

- Keçən həftə Bakıda 2015-ci ildən sonrakı dövrdə davamlı inkişaf məqsədlərinə dair Azərbaycan ilə BMT arasında milli məsləhətləşmələrin yekunlarına həsr edilmiş konfrans keçirilmişdir. Həmin tədbirdə qeyd edilmişdir ki, Azərbaycan BMT-nin Davamlı inkişaf məqsədlərinə dair milli məsləhətləşmələr aparılması üçün seçilmiş 88 dövlət sırasına daxildir. Siz bu proqramın mahiyyətinin nədən ibarət olmasını və ölkəmizin həmin proqrama nə töhfə verməsi  nəzərdə tutulduğunu izah edə bilərdinizmi?

- Problemlərin və vəzifələrin spesifikasını aydınlaşdırmaq üçün ilk növbədə, bu proqramın tarixinə ekskurs etmək zəruridir. Məlum olduğu kimi, 2000-ci ildə BMT “Minilliyin inkişaf məqsədləri” adlı geniş miqyaslı və yetərincə mürəkkəb bir proqram qəbul etmişdir. Həmin proqramın həyata keçirilməsini 2015-ci ildə başa çatdırmaq nəzərdə tutulurdu. Dünyanın bütün ölkələri və inkişafı müəyyənləşdirən bütün aparıcı təşkilatlar tərəfindən qəbul edilmiş bu proqramda Minilliyin Bəyannaməsində ifadə olunmuş səkkiz məqsəd dəqiq göstərilmişdir. Prioritet məqsədlər arasında yoxsulluğun və aclığın aradan qaldırılması, ümumi ibtidai təhsilin təmin edilməsi, uşaq ölümünün azaldılması, HİV/QİÇS və digər xəstəliklərə qarşı mübarizə problemləri qeyd edilmişdi.

Lakin 2015-ci ildə BMT-nin “Minilliyin inkişaf məqsədləri” proqramı xeyli mürəkkəb danışıqlar prosesi və problemin addım-addım həlli fonunda başa çatır. Buna baxmayaraq, bir sıra sosial məsələlər əvvəlki kimi qlobal xarakter daşıyır, bəşəriyyətin üzləşdiyi təbii problemlərin spektri genişlənir. BMT-nin 2012-ci ilin iyununda Rio-de-Janeyroda keçirilmiş “Rio+20" konfransı bu faktı nəzərə alaraq davamlı inkişafın məqsədlərinin ifadə edilməsi prosesinə start vermişdir. Bu prosesdə sosial problemlərin həlli ilə yanaşı, ekologiya və energetika məsələlərinə də toxunulacaq, hamı üçün daha təhlükəsiz, ədalətli, ekoloji təmiz və firavanlaşan dünyaya aparan yol müəyyən ediləcəkdir.

Bu gün Azərbaycan BMT-nin Davamlı inkişaf məqsədlərinə dair Milli Məsləhətləşmələr aparılması üçün seçilmiş 88 dövlət sırasına daxildir. Davamlı inkişaf məqsədlərinə dair təkliflər formalaşandan sonra yaradılacaq vahid sənədə Birləşmiş Millətlər Təşkilatının 193 üzvünün hamısının iştirakı ilə Baş Məclisin 68-ci sessiyasının iclasında (2013-2014-cü illər) baxılacaqdır.

Bu o deməkdir ki, ölkəmizin tövsiyələri 2015-ci ildən sonrakı dövr üçün qlobal gündəliyin razılaşdırılması prosesinə mühüm töhfə olacaqdır. Ölkəmizin təcrübəsi və inkişafın Azərbaycan modeli həmin qərarın qəbul edilməsinə imkan verən bir amil kimi əyani şəkildə nümayiş etdirir ki, davamlı inkişaf gənclərin inkişafı və təhsil şəraitinə, layiqli iş yerləri yaradılması məsələsinə xüsusi diqqət yetirilməklə problemin siyasi, iqtisadi, sosial və ekoloji aspektlərinin qarşılıqlı əlaqələrinə əsaslanır.

- Konfransda xatırladıldı ki, bu proqram hazırlanarkən 2000-ci ildən sonrakı dövrdə dünyada baş vermiş qlobal dəyişikliklər, habelə 2030-cu ilə qədər proqnozlaşdırılan dəyişikliklər nəzərə alınacaqdır. Qlobal inkişaf məsələləri ilə Azərbaycanın milli inkişaf proqramları arasında müəyyən paralellər vardırmı?

- Azərbaycan öz gələcəyini qlobal çağırışları və meylləri nəzərə almaqla qurur. Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Azərbaycan-2020: gələcəyə baxış” inkişaf konsepsiyasının əsas məqamlarının BMT-nin Davamlı inkişaf məqsədlərinə uyğun olması buna dəlalət edir. Son illərdə Azərbaycanda sosial problemlərin səmərəli həlli istiqamətində böyük tərəqqi əldə edilmiş, əhalinin sosial müdafiəsi sistemi qabaqcıl beynəlxalq standartlara uyğun olaraq yenidən qurulmuşdur. Məsələn, Şərqi Avropa və MDB ölkələrinin əksəriyyətində inkişaf sürəti, bərabərlik və ekologiya arasında optimal tarazlığa çətinliklə nail olunduğu halda, Azərbaycanın bütün inkişaf proqramlarında belə bir ideya dəqiq ifadə olunmuşdur ki, Azərbaycanın gələcək inkişafı insan kapitalı təməli üzərində, ölkəmizdə formalaşmaqda olan innovasiyalı iqtisadiyyat fonunda qurulur.

Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, yaxşı hazırlıq keçmiş, mükəmməl təhsil almış gənc kadrlar Azərbaycanın biliklərə və innovasiyalara əsaslanan, müasir dünyanın tələblərinə və çağırışlarına cavab verən iqtisadi siyasətinin özəyini təşkil edəcəklər. Nəticə etibarilə inkişafın Azərbaycan modelində qlobal çağırışlar və regional meyllər nəzərə alınır. Beynəlxalq ekspertlər BMT-nin Davamlı inkişaf məqsədlərinə dair Milli Məsləhətləşmələr üçün seçim parametrlərindən söhbət açanda məhz bu məqamı vurğulayırlar.

Müstəqilliyin ilk dövründə Azərbaycanın vətəndaş müharibəsi və dərin iqtisadi böhranla üzləşməsinə, Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin beşdə bir hissəsinin işğal edilməsinə, bir milyondan çox azərbaycanlının öz torpaqlarından zorla qovulmasına və etnik təmizləmələrə baxmayaraq, ölkəmiz postsovet məkanında Minilliyin inkişaf məqsədlərinə nail olmuş ilk dövlətlər sırasındadır.

Məsələn, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan insan potensialının inkişafında çox sanballı uğurlar qazanmışdır. BMT-nin İnsan potensialının inkişaf indeksi (Human Development Index) üzrə 2005-ci ildə 101-ci yeri tutan ölkəmiz qısa müddətdə xeyli irəliləyərək, 2010-cu ildə 67-ci mövqeyə çatmışdır. Bu, hesabatın əhatə etdiyi 169 dövlət arasında həmin indeks üzrə ən yaxşı göstəricidir.

Ötən on il ərzində görülmüş işlərə nəzər salsaq görərik ki, 2003-cü ildə Azərbaycanın dövlət büdcəsinin həcmi cəmi 2 milyard manat təşkil etdiyi halda, bu gün müvafiq göstərici 24 milyard manat civarındadır. 2003-cü ildə Azərbaycanda adambaşına ÜDM cəmi 86 dollar olduğu halda, bu gün həmin göstərici 7490 dollara bərabərdir. Digər tərəfdən, son onillikdə Azərbaycan iqtisadiyyatına 130 milyard dollar investisiya qoyulmuşdur.

Azərbaycanın sürətli iqtisadi inkişafında neft sektoru mühüm rol oynasa da, qeyri-neft sektoru ümumi iqtisadi artımda getdikcə irəli çıxır. Belə ki, 2013-cü ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna investisiyaların həcmi 3,917 milyard manat və ya ölkə iqtisadiyyatına investisiyaların ümumi həcminin 68 faizi qədər olmuşdur.

Yadda saxlamaq lazımdır ki, ölkəmizə xarici investisiyalar axını Azərbaycanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən etibarlı tərəfdaş imici ilə birbaşa bağlıdır.

2013-cü ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına xarici investisiyaların həcmi 2,8 milyard dollar və ya keçən ilin müvafiq dövrünün göstəricisindən 17,7 faiz çox olmuşdur. Bununla yanaşı, dünya geoiqtisadiyyatında və geosiyasətində xarici investisiyaların mühüm rolunu nəzərə alan Azərbaycan müxtəlif ölkələrin iqtisadiyyatının perspektivli sahələrinə bilavasitə sərmayə qoymaq məsələlərini fəal araşdırır. Məsələn, Yunanıstanın DESFA qaz nəqletmə sistemi operatorunun özəlləşdirilməsi nəticəsində Azərbaycan Avropanın inkişaf etmiş ölkələrindən birinin qaz bazarına nəzarət edəcək, eyni zamanda öz qazını Yunanıstana ixrac etmək imkanı qazanacaqdır.

Bu baxımdan Türkiyənin energetika və neft-kimya seqmentlərinə sərmayə qoyulmasını da qeyd etməliyik. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2018-ci ilə qədər bu ölkəyə təqribən 17 milyard dollar sərmayə qoymağı, bununla da qardaş Türkiyənin ən iri xarici sərmayədarlarından birinə çevrilməyi planlaşdırır. Bu vəsait TANAP Transanadolu qaz kəmərinin çəkilişinə, neftayırma zavodu, 1000 meqavat gücündə elektrik stansiyası, habelə Türkiyədə ən iri limanın tikilməsinə sərf ediləcəkdir. Nəticədə Türkiyənin ən iri neft-kimya şirkəti, səhmlərinin nəzarət paketi ARDNŞ-ə məxsus olan Petkim Avropaya neft-kimya məhsulları ixracını xeyli artırmaq imkanı əldə edəcəkdir.

Həyata keçirilən iqtisadi siyasət, neft gəlirlərinin səmərəli idarə edilməsi nəticəsində artan iqtisadi göstəricilər və onlardan qeyri-neft sektorunun inkişafı üçün istifadə olunması ölkə əhalisinin sosial rifahının artmasına təsir edir. Azərbaycanın humanitar yardım alan dövlətdən donor dövlətə çevrilməsi üçün zəmin yaradır. Ölkəmizin iqtisadi vəziyyətinin əsaslı şəkildə yaxşılaşması, iqtisadi artımın sabit sürətinin və deməli, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsinin təmin edilməsi Azərbaycanın beynəlxalq inkişafa kömək edə bilməsi üçün ən mühüm şərtdir.

- Azərbaycan regionda lider dövlətə, qlobal əhəmiyyətli regional layihələri birləşdirən aparıcı iqtisadi qüvvəyə çevrilmişdir. Müxtəlif analitik agentliklərin statistik məlumatları da bu faktı təsdiqləyir. Lakin bəzi sosial problemlərin həll edilmədiyi, torpaqlarımızın 20 faizinin işğal altında olduğu, bu ərazilərin azad edilməsi və bərpası üçün milyardlarla vəsait ayrılması zəruri olduğu bir şəraitdə Azərbaycanın humanitar yardımın resipiyentindən donora çevrilmək istəyi nə dərəcədə əsaslıdır?

- Bu məsələ vəziyyətin təhlil edilməsi və əsaslandırılmış qərar qəbul edilməsi məqsədilə aparılmış çoxsaylı diskussiya və məsləhətləşmələrin ahəngini əks etdirir. Təbii ki, uğurlarla yanaşı problemli məqamlar da vardır. Bununla əlaqədar qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu günə qədər nizamlanmaması ölkəmizin inkişafında ən böyük problemdir. Lakin ilk növbədə, bir məsələni aydınlaşdırmaq lazımdır ki, humanitar yardımın resipiyentindən donora çevrilmək Azərbaycanın milli maraqlarına aidiyyəti olmayan kor-koranə “filantropiya” fəaliyyətinin həyata keçirilməsi kimi başa düşülməməlidir.

Əslində biz ondan danışırıq ki, Azərbaycan məhz özünün sosial-iqtisadi inkişafı naminə xarici şəraitə əlverişli təsir göstərmək üçün sanballı resurs imkanlarını akkumulyasiya etmək iqtidarındadır.

Sirr deyildir ki, Azərbaycan ayrı-ayrı dövlətlərin hakimiyyət orqanlarının təkbaşına öhdəsindən gələ bilmədiyi təbii fəlakətlərin və antropogen qəzaların nəticələrinin aradan qaldırılmasına kömək göstərir. Məsələn, keçən il Qəzzə bölgəsində hərbi münaqişələr nəticəsində yaranmış humanitar böhranın nəticələrinin aradan qaldırılması məqsədilə Fələstin xalqına maddi yardım göstərilmişdir. Azərbaycan İordaniya ərazisində özlərinə sığınacaq tapmış Suriya qaçqınlarına da maliyyə yardımı göstərmişdir. İslam İnkişaf Bankı ilə əməkdaşlıq şəraitində Afrikanın 9 ölkəsində görmə qabiliyyətinin itirilməsinə qarşı mübarizə kampaniyası keçirilməsi haqqında saziş əldə edilmişdir. Quraqlıqdan əziyyət çəkən Burkina-Faso dövlətinə, habelə su və ərzaq ilə bağlı problemlərlə üzləşmiş Komor adaları sakinlərinə maliyyə yardımı ayrılmışdır.

Azərbaycan başqa dövlətlərə humanitar yardım göstərməklə bərabər, dünya mədəni irsinin qorunması sahəsinə də sanballı töhfə verir. Bu baxımdan, ölkəmizin münasib beynəlxalq imicinin formalaşmasına, habelə Azərbaycanın mənafelərinin qorunmasına xidmət edən Heydər Əliyev Fondunun xeyriyyəçilik diplomatiyasını xatırlatmaq zəruridir.

Məsələn, bu Fond xətti ilə dünya tarixi irsinin qorunması üzrə bir sıra iri layihələr həyata keçirilmişdir. Fransada bir neçə tarixi abidənin, o cümlədən X-XII əsrlərə aid yeddi kilsənin, Versal sarayında iki tarixi abidənin, Strasburqun mərkəzində yerləşən kafedral kilsənin, habelə Roma katakombalarının bərpasına maliyyə dəstəyi göstərilmişdir.

Lakin bu cür kömək fonunda Azərbaycanın mənafelərinə birbaşa aidiyyəti olan problemlərin həlli üçün dəstəyi də qeyd etmək lazımdır. Nümunə kimi, Əfqanıstanda sülhün və təhlükəsizliyin bərpası üçün səyləri göstərmək olar. Əfqanıstanda permanent siyasi, iqtisadi-sosial böhran vəziyyəti davam edərsə, bu, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda sabitliyi pozan çox ciddi amilə çevrilə bilər. Ölkəmiz bu faktı nəzərə alaraq öz hərbi kontingentinin köməyini də əsirgəmir. Azərbaycan silahlı qüvvələri İSAF proqramı çərçivəsində fəaliyyətini davam etdirir, hava və quru vasitəsilə nəzərəçarpacaq tranzit dəstəyi göstərir. Bundan əlavə, ərazilərin minalardan təmizlənməsi, təhsil sahəsində ikitərəfli humanitar proqramların həyata keçirilməsi fonunda fövqəladə vəziyyət şəraitində fəaliyyət göstərən kadrlar hazırlanması sahəsində də əməkdaşlıq davam edir.

Beləliklə, deyə bilərik ki, Azərbaycan qlobal tərəfdaşlığın ciddi və sabit iştirakçısı kimi dünya siyasi sistemində öz mövqelərini addım-addım möhkəmlədir. Yoxsulluğun miqyasının azaldılmasına, səhiyyə və təhsilin inkişafına, kişilərin və qadınların bərabərliyinə, ətraf mühitin qorunmasına nail olmaq üçün əlverişli şərait yaradır.

Nəticə etibarilə, yuxarıda göstərilən problemlərin həlli sahəsində Azərbaycanın bu gün malik olduğu təcrübə qlobal inkişaf məqsədləri üçün qlobal tərəfdaşlığa unikal töhfədir. Başqa dövlətlər üçün maraq doğuran bu təcrübə beynəlxalq inkişafa kömək tədbirlərinin milli mənafelərin təmin edilməsi elementinə çevrilməsi mexanizmini nümayiş etdirir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında