İyunun 21-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumu keçirilmişdir.
Forumda diaspor nümayəndələri ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikalarının dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, mədəniyyət və digər yaradıcı qurumlarının nümayəndələri iştirak etmişlər.
Forum türkdilli dövlətlərin və Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı filmin təqdimatı ilə başlamışdır.
Forumu açan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Xəlil Akıncı tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, sovetlər birliyi dağıldıqdan sonra türkdilli dövlətlər arasında əməkdaşlıq güclənməyə başlamışdır. Bu əlaqələrin genişləndirilməsi, türkdilli ölkələrin beynəlxalq səviyyədə tanıdılması, onların problemlərinin həlli istiqamətində diaspor təşkilatları mühüm rol oynayır.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tədbir iştirakçılarını salamlamış, Forumun işinə uğurlar arzulamışdır.
Diqqətə çatdırmışdır ki, türk dünyasının siyasi coğrafiyası müstəqillik qazanan türkdilli dövlətlər hesabına genişlənmişdir. Ümummilli lider Heydər Əliyevin türkdilli dövlətlərin birliyinə yüksək dəyər verdiyi, Azərbaycan Prezidenti İlham Əliyevin hazırda bu siyasəti layiqincə davam etdirdiyi diqqətə çatdırılmışdır.
N.İbrahimov bildirmişdir ki, bu gün dünyada türkdilli ölkələrin diaspor təşkilatlarının milyonlarla üzvü vardır və türk xalqları arasında birliyin, həmrəyliyin möhkəmləndirilməsi qarşıya qoyulan əsas vəzifələrdən biridir.
Türk dünyasının birliyi ideyasının yüz illərdir mövcud olduğunu diqqətə çatdıran N.İbrahimov qeyd etmişdir ki, buna baxmayaraq, həmin ideya XX əsrin sonlarında geniş yayılmağa başlamışdır. O, bu gün türk dünyasının ciddi bir reallıq kimi qəbul edildiyini vurğulamışdır.
Komitə sədri türkdilli ölkələrin siyasi və mədəni birliyi istiqamətində indiyədək həyata keçirilmiş tədbirlər, görülən işlər barədə də məlumat verərək demişdir: “Bu gün dünyanın müxtəlif ölkələrində türkdilli xalqların sayı milyonlarla olan diasporu fəaliyyət göstərir. Bu, kifayət qədər ciddi qüvvədir və bizə qüvvələrimizi birləşdirib, xalqlarımızın maraqları naminə birgə fəaliyyət göstərmək imkanı verir”.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Prezident İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxumuşdur (Məktubun mətni qəzetin bugünkü nömrəsində dərc olunur).
Forumda, həmçinin Türkiyə, Qazaxıstan və Qırğızıstan prezidentlərinin də iştirakçılara təbrik məktubları oxunmuşdur.
Ümumdünya Qazaxlar Assosiasiyasının İdarə Heyəti sədrinin birinci müavini Talqat Mamaşov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumunun əhəmiyyətini yüksək qiymətləndirmişdir. T.Mamaşov bütün türk xalqlarını ortaq tarix, mədəniyyət və incəsənətin birləşdirdiyini demişdir. Vurğulamışdır ki, Bakıda keçirilən bu Forum türkdilli dövlətlər arasında əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradacaqdır. T.Mamaşov xaricdə yaşayan türkdilli xalqların nümayəndələrinin öz vətənləri ilə əlaqə yaratmaları baxımından diaspor təşkilatlarının fəaliyyətinin əhəmiyyətini qeyd etmişdir.
Qırğız Respublikasının əmək, miqrasiya və gənclər naziri Alisbek Alımkulov Forumun təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir. Dünyada yaşayan türkdilli xalqların birliyinin vacibliyini diqqətə çatdıran qırğızıstanlı nazir Bakı Forumunun bu istiqamətdə böyük rol oynayacağına ümidvar olduğunu demişdir. O, vətəndən xaricdə yaşayan soydaşların qarşılaşdıqları problemlərin həll edilməsi, ölkələrimizin beynəlxalq arenadakı nüfuzunun daha da artması baxımından türkdilli dövlətlərin birliyinin əhəmiyyətindən danışmışdır. A.Alımkulov bugünkü gənclərin əcdadlarımızın yolunu uğurla davam etdirmələrini qürurverici fakt kimi qiymətləndirmişdir.
Türkiyə Respublikası Nazirlər Kabineti yanında Xaricdə yaşayan Türklər və Əqraba İcmaları Departamentinin sədri Kamal Yurtnaç türkdilli xalqların birliyinin təmin olunması, maraqlarının qorunması, onların haqq səsinin dünyaya çatdırılması istiqamətində Forumun mühüm əhəmiyyətli bir tədbir olduğunu demişdir.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumunun əhəmiyyətindən danışmışdır. TÜRKSOY-un baş katibi tədbir iştirakçılarına türkdilli ölkələrin diasporlarının təşkilatlanması və onlar arasında daha yaxın münasibətlərin qurulması istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Forumda çıxış edən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışmışdır. TürkPA-nın sədri Bakıda keçirilən bu Forumun türkdilli xalqların yaxınlaşması prosesinin sürətlənməsində mühüm rol oynayacağına əminliyini bildirmişdir.
Daha sonra Forumda çıxış edən Türk Akademiyasının prezidenti, Kokşetau Dövlət Universitetinin rektoru, akademik Şakir İbrayev, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmailova, Türkdilli Xalqların Assambleyasının sədri Mustafa Camgöz, Dünya Azərbaycanlıları Gənclər Birliyinin sədri Ramin Məmmədov və başqaları Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin Bakıda keçirilən birinci Forumunun əhəmiyyətindən danışmış, tədbirin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına və Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını bildirmişlər.
Forumun yekununda Bakı Bəyannaməsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə, Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə müraciət qəbul olunmuşdur.
Bəyannamədə türk xalqları birliyinin möhkəmləndirilməsinin regionda sülhün və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyətə malik olduğu vurğulanmışdır. Sənəddə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının doqquz istiqamətdə fəaliyyətinin koordinasiya olunması tövsiyə edilmişdir. Qeyd edilmişdir ki, Forumun iştirakçıları türkdilli ölkələrin diasporlarının təşkilatlanması prosesinə dəstək verilməsi, türkdilli diaspor təşkilatlarının, icma və qurumlarının fəaliyyətinin koordinasiya olunması məqsədi ilə regional mərkəzlərin yaradılması, eləcə də dünya ictimaiyyətinin türk dünyasının tarixi, mədəniyyəti, müasir həyatı barədə ətraflı məlumatlandırılması istiqamətində tədbirlərin görülməsini vacib hesab edirlər.
Türkdilli ölkələrin prezidentlərinə müraciətdə isə Forum iştirakçıları dövlət başçılarını əmin edirlər ki, türkdilli xalqların birliyinin təmin olunması, maraqlarının qorunması, onların haqq səsinin dünyaya çatdırılması istiqamətində üzərilərinə düşən vəzifələrin böyük məsuliyyət və yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün qüvvə və bacarıqlarını əsirgəməyəcək, bu istiqamətdə səylərini daha sıx birləşdirəcəklər.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.