İyunun 21-də Bakıda BMT-nin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə “Azərbaycanda 2015-ci ildən sonrakı dövr üçün milli məsləhətləşmələrin nəticələrinin təsdiqi” mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların təmsilçiləri, ziyalılar, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak etmişlər.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek konfransı açaraq bildirmişdir ki, Birləşmiş Millətlər Təşkilatı Minilliyin İnkişaf Məqsədlərinin müddətinin başa çatdığı 2015-ci ildən sonrakı dövrdə əsas inkişaf məqsədlərini formalaşdırmaq üçün əhatəli məsləhətləşmələr prosesini aparmaq məqsədi ilə hökumətlər və digər tərəfdaşlarla birgə fəaliyyət göstərir. 2013-cü ilin iyun ayınadək milli dialoqların nəticələrinin əldə olunması və Yüksək Səviyyəli İşçi Qrupuna təqdim edilməsi nəzərdə tutulur. Bu hesabatların əsasında hazırlanan 2015-ci ildən sonrakı dövr üçün əsas inkişaf məsələləri ilə bağlı təkliflərin BMT Baş Məclisinin 2013-cü ilin sentyabrında keçiriləcək 68-ci sessiyasının gündəliyinə daxil ediləcəyi gözlənilir.
A.Broek konfransın yerli və qlobal istiqamətləri özündə əhatə edən 2015-ci ildən sonrakı dövr üçün inkişaf çərçivəsinə təkliflərini verməklə milli müzakirələr prosesi nəticəsində yaranan fikir və tövsiyələrin mübadiləsinə kömək edəcəyinə əminliyini bildirmişdir.
Konfransda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev çıxış edərək demişdir ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən sosial, iqtisadi və siyasi uğurlar Azərbaycanı beynəlxalq sistemin vacib amilinə çevirmişdir. Dövlətimizin başçısının həyata keçirdiyi siyasi strategiyanın mahiyyəti və məqsədləri milli çərçivəni aşaraq bəşəriyyətin gələcəyi naminə uzunmüddətli inkişafın təmin edilməsinə xidmət edir. Bugünkü tədbirdə 2015-ci ildən sonrakı dövr üçün Davamlı İnkişaf Məqsədləri üzrə Milli Məsləhətləşmələrin müzakirəyə çıxarılması Azərbaycanın çoxsahəli fəaliyyət prioritetlərinin bariz nümunəsidir.
Prezident Administrasiyasının rəhbəri daha sonra bildirmişdir ki, Azərbaycan müstəqilliyinin ilk dövründə vətəndaş müharibəsi, dərin iqtisadi tənəzzül, Ermənistanın hərbi təcavüzü ilə üzləşmiş, torpaqlarının 20 faizi işğal edilmiş, 1 milyondan çox azərbaycanlı öz yurdundan didərgin düşmüşdür. Bu çətinliklərə baxmayaraq, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycan postsovet ölkələri arasında Minilliyin İnkişaf Məqsədlərinə (MİM) ilk sıralarda nail olmağı bacarmışdır. Bu, o deməkdir ki, Azərbaycan MDB ölkələri arasında daha sürətlə inkişaf etmiş və beynəlxalq ictimaiyyət qarşısında təhsil, səhiyyə, gender bərabərliyi, idarəetmə və iqtisadi inkişaf sahəsində üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirmişdir.
Akademik Ramiz Mehdiyev vurğulamışdır ki, Prezident İlham Əliyevin inam və əzmkarlıqla həyata keçirdiyi siyasi xətt, davamlı islahatlar Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığını artırmış, insan inkişafı indeksində yüksəlişini təmin etmiş, sürətlə irəliləyən azsaylı dünya ölkələrindən birinə çevirmişdir. Bu siyasət 2015-ci ildən sonra da indiki sosial-iqtisadi inkişaf tempini qorumaqla Azərbaycanın sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edir.
Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqla Azərbaycan insan kapitalını yüksək inkişaf səviyyəsinə çatdıra bilmişdir. 2015-ci ildən sonrakı dövrdə Azərbaycanın inkişafının əsasını insan kapitalı təşkil edəcəkdir. Bu o demək deyildir ki, Azərbaycan enerji dövləti kimi əhəmiyyətini itirəcəkdir. Əksinə, ölkəmiz inkişafının yeni əsaslarını təyin edərək biliklərə və innovasiyalara əsaslanan, qloballaşan dünyanın müasir tələb və çağırışlarına cavab verən iqtisadiyyatını təkmilləşdirəcəkdir.
Prezident Administrasiyasının rəhbəri qeyd etmişdir ki, Azərbaycanda qurulan iqtisadi model öz humanizmi ilə sosial bazar konsepsiyasına, insan kapitalına əsaslanan bilik iqtisadiyyatı fəlsəfəsinə, əhatəliliyinə, davamlı inkişaf prinsiplərinə və maraqların uzlaşdırılmasına görə sosial korporatizmə uyğun gəlir. Bu modelin qeyri-adiliyi ondadır ki, sosial-iqtisadi və mədəni inkişafı balanslı və əhatəli şəkildə təmin edir, ekoloji tarazlığı qoruyur və cəmiyyətin siyasi sabitliyi üçün zəmin kimi çıxış edir. Bunun nəticəsi olaraq Azərbaycan Davamlı İnkişaf Məqsədləri (DİM) üzrə Milli Məsləhətləşmələr aparmaq üçün seçilən 80 ölkədən biridir.
2012-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və BMT-nin Davamlı İnkişaf Məqsədləri arasında uyğunluğun olması onu göstərir ki, Azərbaycan dövləti öz inkişafını qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur. Minilliyin İnkişaf Məqsədləri çərçivəsində Azərbaycan dövləti əldə etdiyi uğurları 2015-ci ildən sonra Davamlı İnkişaf Məqsədlərinə uyğun şəkildə daha da irəli aparacaqdır.
Prezident Administrasiyasının rəhbəri daha sonra bildirmişdir ki, Azərbaycan cəmiyyətinin ayrı-ayrı təbəqələrinin də açıq şəkildə Davamlı İnkişaf Məqsədləri (DİM) üzrə Milli Məsləhətləşmələrə qoşulması ölkəmizin qlobal miqyasda əhatəli, ədalətli və davamlı inkişaf yolunun tapılmasına verdiyi töhfədir. Biz regional və qlobal məsuliyyətimizi başa düşərək BMT-nin bu təşəbbüsündə də fəal iştirak etmək əzmindəyik. BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycanın dövlət olaraq məsuliyyəti artıq milli və regional səviyyədən qlobal miqyaslara çıxmışdır.
2015-ci ilədək Minilliyin İnkişaf Məqsədləri, daha sonra isə Davamlı İnkişaf Məqsədləri çərçivəsində Azərbaycan dövləti təkcə donor statusunda deyil, həm də xaricdə yatırdığı sərmayə və digər iştirak formalarından istifadə etməklə BMT-nin missiyasına böyük töhfələr vermək əzmindədir.
Lakin təəssüf ki, Azərbaycan dövlətinin qarşılaşdığı təcavüzün nəticələrinin aradan qaldırılması üçün tələb olunan böyük maliyyə vəsaiti bizim BMT-nin qlobal çağırışlarına daha çox töhfə vermək imkanlarımızı məhdudlaşdırır. Dünyanın çox əhəmiyyətli və nüfuzlu bir qurumu olan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılmasını nəzərdə tutan 4 qətnaməsi hələ də icra edilmir.
Akademik Ramiz Mehdiyev vurğulamışdır ki, iki gün əvvəl Minsk qrupunun həmsədri olan dövlətlərin başçıları Vladimir Putin, Barak Obama və Fransua Ollandın yaydıqları bəyanat Azərbaycan və Minsk qrupu həmsədrləri tərəfindən irəli sürülmüş yenilənmiş Madrid prinsiplərindən demək olar ki, kənara çıxmır. Lakin Ermənistan bunu qəbul etmir. Onun bugünkü siyasəti regionda vəziyyəti gərginləşdirir və təcavüzkar dövlət bütün vasitələrlə mövcud status-kvonu saxlamağa çalışır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan dövləti öz haqq yolundan geri çəkilməyəcəkdir. Zaman Ermənistanın xeyrinə işləmir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi xüsusilə Cənubi Qafqaz regionunda Davamlı İnkişaf Məqsədlərinin reallaşmasına geniş üfüqlər açar və humanitar böhran girdabında çabalayan Ermənistanın da sivil dünya ilə inteqrasiyasına daha münasib şərait yaradardı. Güclü iqtisadi təməl olmadan, diasporun maliyyə yardımları hesabına yaşayan dövlət perspektivdən söhbət aça bilməz. Ermənistanın öz inkişafı naminə dinc qonşuluq siyasətinə və regional əməkdaşlığa böyük ehtiyacı vardır. Əksinə, indiki status-kvonun davam etməsi Ermənistanı böyük regional layihələrdən kənarda saxlayır, bu ölkənin getdikcə dərinləşən iqtisadi tənəzzülünü sürətləndirir və onu davamlı inkişaf üçün təhlükə mənbəyi olaraq saxlayır. BMT bu həqiqəti nəzərə almalı və Cənubi Qafqazın Davamlı İnkişafı naminə işğalçıların Azərbaycan torpaqlarından çıxarılması, özünün dörd qətnaməsinin yerinə yetirilməsi, sülh və təhlükəsizliyin təmin olunması üçün həlledici sözünü deməlidir.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycanın Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün yürütdüyü nümunəvi siyasətini 2015-ci ildən sonrakı dövrdə də Davamlı İnkişaf Məqsədlərinin reallaşmasına verəcəyi töhfə ilə davam etdirəcəyinə əminliyini bildirmişdir.
BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi A.Broek çıxışında qeyd etmişdir ki, Azərbaycan digər 189 üzv dövlətlə birgə 2000-ci ilin sentyabrında BMT-nin Sammitində 2015-ci ilədək insanların həyatında müsbət dəyişikliklər yaratmaq üçün ortaq müstəvi rolunu oynayan səkkiz məqsəddən ibarət Minilliyin İnkişaf Məqsədlərinin əhatə olunduğu Minilliyin Bəyannaməsini qəbul etmişdir.
Hazırda Azərbaycan 2015-ci ildən sonrakı inkişafla bağlı məsləhətləşmələrə başlamış 87 ölkə arasındadır. Bu ölkələr 2015-ci ildən sonrakı inkişafın gündəliyi üzərində işləyirlər.
Bildirilmişdir ki, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı ofisi hökumət və digər tərəfdaşlarla birgə BMT tərəfindən 2015-ci ildən sonrakı inkişaf gündəliyinə dair aparılan müzakirələrin bir hissəsi olaraq qlobal inkişaf çərçivəsini formalaşdırmaq üçün mühüm prioritetləri müəyyənləşdirmək məqsədilə Milli Məsləhətləşmələrə başlamışdır. Bu məsləhətləşmələr 2013-cü ilin martında başlamışdır və iyunun axırınadək davam edəcəkdir. İqtisadiyyatın şaxələndirilməsi, məşğulluq, gənclər və qadınların imkanlarının genişləndirilməsi (xüsusən də kənd yerlərində), əhalinin artım dinamikası, miqrasiya və insan alveri, ərzaq təhlükəsizliyi, qidalanma və kənd yerlərinin inkişaf etdirilməsi kimi müxtəlif məsələləri əhatə edən milli tərəfdaşlar, milli və beynəlxalq inkişaf tərəfdaşları və digər maraqlı tərəflərlə müzakirələr aparılmışdır.
Şübhəsiz ki, bu məsləhətləşmələr 2015-ci ildən sonrakı əsas inkişaf məsələləri üzrə Azərbaycanın regional və qlobal müzakirəyə töhfəsini müəyyənləşdirməyə kömək edəcəkdir. Azərbaycan xalqı ilə birgə biz bütün dünyanın 2015-ci ildən sonrakı inkişaf perspektivləri ilə bağlı mövqeyini formalaşdıracağıq və milli kontekstimizdən çıxış edərək yeni uzunmüddətli inkişaf prioritetlərini müəyyən edəcəyik.
Qeyd olunmuşdur ki, Birləşmiş Millətlər Təşkilatı ölkələri 2015-ci ilədək Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün növbəti min gün ərzində qlobal səviyyədə daha sürətli fəaliyyətə çağırır. Meydana çıxan qlobal inkişaf problemlərinin qarşısını ala biləcək təkmil sahələri qurmaqla dünya nə qədər çox MİM-lərə nail olarsa, o qədər daha güclü şəkildə 2015-ci ildən sonrakı İnkişaf Çərçivəsinə dəstək verə biləcəkdir.
A.Broek əminliklə vurğulamışdır ki, Bakıda keçirilən konfrans “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd olunmuş milli prioritetlərlə uzlaşan, Azərbaycanın 2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinə dair tövsiyələrin hazırlanmasına və qlobal inkişafın problemlərinin müəyyən edilməsinə töhfə verəcəkdir. Bununla da, bu müzakirələrin keçirilməsi BMT-nin iyulun əvvəllərində yekunlaşdırılması planlaşdırılan məruzəsinin hazırlanmasına kömək edəcəkdir.
Daha sonra BMT-nin beynəlxalq məsləhətçisi xanım Şəhrbanu Tacbahş “Azərbaycanda 2015-ci ildən sonrakı inkişafla bağlı Milli Məsləhətləşmələr” mövzusunda təqdimatla çıxış etmişdir.
Bildirilmişdir ki, 2000-ci ildə Nyu-Yorkda qəbul edilmiş Minilliyin İnkişaf Məqsədlərində səkkiz məqsəd müəyyənləşdirilmişdir. Azərbaycanda bu sahədə böyük nailiyyət əldə edilmişdir. Yoxsulluğun səviyyəsi 2003-cü ildəki 45 faizdən 6 faizə enmişdir. İqtisadi artım əməkhaqlarının qaldırılması, sosial yardımların tətbiqi Azərbaycana böyük imkanlar yaratmışdır.
Lakin hələ görüləcək işlər də çoxdur. Biz insanların həyatına dəyər verən layihələr reallaşdırmaqla nailiyyətlər əldə edə bilərik.
Xanım Şəhrbanu Tacbahş daha sonra demişdir ki, biz yeni davamlı inkişaf məqsədlərinə doğru gedirik. Azərbaycan bu sahədə nailiyyətləri ilə kifayətlənmir, daim irəliyə can atır. Bu, belə də olmalıdır. Məlum olduğu kimi, artıq məsləhətləşmələr prosesi gedir. Azərbaycan bu prosesə qoşulmuş 87 ölkə arasındadır. Artıq 40-dan çox ölkədə məsləhətləşmələr aparılmışdır. Biz bu məsləhətləşmələrlə bağlı BMT olaraq öz hesabatlarımızı da hazırlayırıq. Azərbaycanda cari ilin mart ayında başlamış Milli Məsləhətləşmələrdə 2 mindən çox insan, o cümlədən gənclər, məcburi köçkünlər iştirak etmişlər. BMT-nin Baş Məclisində bu məsələnin müzakirə olunacağı təqdirdə Azərbaycan artıq öz təcrübəsi əsasında tətbiq etdiyi innovasiyalar haqqında danışacaq, fikirlərini cəsarətlə söyləyə biləcəkdir.
Bildirilmişdir ki, Minilliyin İnkişaf Məqsədləri proqramı Azərbaycan hökuməti ilə birgə uğurla həyata keçirilmişdir.
2015-ci ildən sonrakı inkişaf məsələləri ilə bağlı tövsiyələrə dair geniş müzakirələr aparılmışdır.
Ölkəmizin son illər əldə etdiyi iqtisadi uğurlardan danışan iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirmişdir ki, hazırda Azərbaycan rəqabətqabiliyyətliliyinə görə dünyada 46-cı yerdədir. Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi siyasət nəticəsində son 10 ildə ümumi daxili məhsul 3,4 dəfə, onun adambaşına düşən həcmi 3 dəfə, sənaye istehsalı 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 19 dəfə artmışdır. Son 10 ildə ölkədə yaradılan iş yerlərinin sayı 1 milyon 100 mini keçmişdir. Bu nailiyyətlər ölkədə yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaratmışdır.
Müzakirələrdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov vurğulamışdır ki, Minilliyin İnkişaf Məqsədlərindən biri 2015-ci ilədək ümumi icbari ibtidai təhsilə nail olmaqdır. Ölkədə təhsil sahəsində aparılan islahatlardan söz açan nazir demişdir ki, son 10 ildə Azərbaycanda bu istiqamətdə 10-dan çox Dövlət Proqramı hazırlanaraq həyata keçirilmişdir. Ölkədə 2500-dən çox məktəb istifadəyə verilmişdir. Dövlət büdcəsindən təhsilə ayrılan xərclər ötən illərlə müqayisədə dəfələrlə artmışdır. Əminliklə deyə bilərik ki, Azərbaycan minilliyin təhsillə bağlı inkişaf məqsədinə nail olmuşdur. Hazırda bu nailiyyətin qorunub saxlanılması və inkişaf etdirilməsi təhsil sistemimiz qarşısında duran ən vacib məsələdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 2015-ci ildən sonra dayanıqlı inkişaf, gender bərabərliyi, qadınlara səlahiyyətlərin verilməsi məsələlərindən bəhs etmiş, Azərbaycanın bu sahədə əldə etdiyi uğurları diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, gender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsi inkişafın fundamental əsasıdır və 2015-ci ildən sonrakı qlobal məsləhətləşmələrdə mühüm yer tutur.
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov respublikamızın qazandığı sosial-iqtisadi uğurlardan danışaraq bildirmişdir ki, 2015-ci ildən sonrakı dövrdə bu uğurların yeni mərhələsi ötən il dövlətimizin başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapmışdır. Azərbaycan Davamlı İnkişaf Məqsədləri üzrə Milli Məsləhətləşmələrə qoşulmuşdur. Bu isə bizdə belə bir inam yaradır ki, Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün qeyd edilən müddətdən sonrakı dövrdəki fəaliyyətimiz öz bəhrəsini verəcəkdir.
Müzakirələrdən sonra konfrans öz işini başa çatdırmışdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.