İyunun 21-də Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, iclasın gündəliyinə ümumilikdə 19 məsələ daxil edilmişdir.
Milli Məclisin sədri Oqtay Əsədov bildirmişdir ki, Avropa Parlamenti artıq ikinci dəfədir Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən “təxirəsalınmaz qətnamə” qəbul etmişdir. Həmin sənədi ölkəmizə təzyiq vasitəsi kimi dəyərləndirən O.Əsədov Milli Məclisin bu qətnaməyə kəskin münasibət bildirməsinin vacibliyini vurğulamışdır.
Milli Məclis sədrinin təklifinə əsasən, “Avropa Parlamentinin 2013-cü il 13 iyun tarixli qətnaməsi ilə əlaqədar Milli Məclisin Bəyanatı” məsələsi gündəliyə əlavə olunmuşdur.
Oqtay Əsədov çıxışında Azərbaycanın Avropa İttifaqı, Milli Məclisin Avropa Parlamenti ilə tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin genişlənməsi tarixinə toxunmuşdur. Sədr bir sıra arqumentlərə istinadla xaricdə Azərbaycanın inkişafına, müstəqil siyasət yürütməsinə qarşı çıxan qüvvələrin mövcudluğunu vurğulamışdır. Bildirmişdir ki, budəfəki qətnamənin qəbul olunduğu iclasda Avropa Parlamentinin 754 üzvündən cəmi 32-nin iştirak etməsinə baxmayaraq, sənəd qurumun adından göndərilmişdir.
“Avropa Parlamentinin 2013-cü il 13 iyun tarixli qətnaməsi ilə əlaqədar Milli Məclisin Bəyanatı” məsələsinin müzakirəsində deputatlar Musa Quliyev, Siyavuş Novruzov, Valeh Ələsgərov, Asəf Hacıyev, Sahibə Qafarova, Azay Quliyev, Fərəc Quliyev, Musa Qasımlı, Hadı Rəcəbli, Fazil Mustafa, Əli Əhmədov, Fəzail Ağamalı, Fəzail İbrahimli, Yaqub Mahmudov və başqaları fikirlərini bölüşmüşlər. Qeyd olunmuşdur ki, sözügedən qətnamə bütövlükdə Azərbaycan ictimaiyyətini narahat edən, qərəzli, əsassız, hüquqi cəhətdən qeyri-ciddi və Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq doğura biləcək sənəddir.
Geniş müzakirələrdə Milli Məclisin üzvləri Azərbaycanın haqlı və ədalətli mövqeyindən, demokratiya yolu ilə qətiyyətlə addımlamasından söz açmışlar. Onlar dünya ölkələrində baş verən bir sıra hadisələri və oxşar hadisələrə fərqli prizmadan yanaşmaları yada salaraq bu qətnamənin də ikili standartların ifadəsi olduğunu bildirmişlər.
İclasda bəyanatın mətninin hazırlanması üçün Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun sədrliyi ilə işçi qrupu yaradılmışdır.
Daha sonra gündəlikdəki digər məsələlərə baxılmışdır.
İclasda bir sıra qanun layihələrini təqdim edən beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ilk olaraq “Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyası haqqında” Əsasnamənin təsdiqinə dair qanun layihəsi barədə məlumat vermişdir. Sənəd ratifikasiya edildikdən sonra bu ilin may ayında Vyanada imzalanmış “Azərbaycan Respublikası və Avstriya Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında” Bəyannamə barədə məlumat dinlənilmişdir. Qeyd olunmuşdur ki, bu sənəd Azərbaycanın dünyada etibarlı tərəfdaş olduğunu bir daha sübut edir.
Bəyannamə səs çoxluğu ilə təsdiq edilmişdir.
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin məlumatı dinlənildikdən sonra deputatlar 2001-ci ildə təsdiqlənmiş “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının 12-ci maddəsinin 2-ci bəndinə dair Azərbaycan Respublikasının Bəyanatı”nda dəyişiklik edilməsinə səs vermişlər.
Parlament “Azərbaycan Respublikasının və Latviya Respublikasının aviasiya hakimiyyəti orqanları arasında əməkdaşlıq haqqında” Protokolun təsdiq olunmasına razılıq vermişdir.
Daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə Makedoniya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Makedoniya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” sazişlər də təsdiqlənmişdir.
Parlament bir sıra qanunlara dəyişikliklər etmişdir.
İclasda Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə məlumat verən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli demişdir ki, qanun layihəsinə təklif olunan dəyişiklik cinayət işləri üzrə təhqiqatın aparılması maddəsinə aiddir. Deputatlar məsələyə müsbət münasibət bildirmişlər.
“İcra haqqında” Qanunun müvafiq maddələrinə təklif olunan dəyişikliklər də ətraflı şərh olunmuşdur.
Dəyişikliklər səsverməyə qoyularaq qəbul edilmişdir.
Milli Məclis üzvlərinin nəzərinə çatdırılmışdır ki, “İcra məmurları haqqında” Qanunda təklif olunan dəyişiklik bu sənədin İnzibati Prosessual Məcəlləyə uyğunlaşdırılması ilə bağlıdır.
Parlament dəyişiklikləri təsdiq etmişdir.
“Bank olmayan kredit təşkilatları haqqında” və “Banklar haqqında” qanunlara təklif olunan dəyişikliklər də səs çoxluğu ilə qəbul olunmuşdur.
Parlament “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Yol hərəkəti haqqında” qanunlara, həmçinin “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”yə təklif olunan dəyişiklikləri də təsdiqləmişdir.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov deputatları “Avropa Parlamentinin 2013-cü il 13 iyun tarixli qətnaməsi ilə əlaqədar Milli Məclisin Bəyanatı”nın mətni ilə tanış etmişdir. Bəyanat müzakirə olunduqdan sonra səs çoxluğu ilə qəbul edilmişdir (Bəyanat qəzetin bugünkü nömrəsində dərc olunur).
Bununla da Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclası başa çatmışdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.