Əcnəbi gənclərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verilmişdir

 

İyunun 19-da Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “Şərq tərəfdaşlığı” gənclər şəbəkəsi - regional platforma modeli” layihəsinin iştirakçısı olan əcnəbi gənclərlə görüşmüşdür.

Azərbaycanın əldə etdiyi uğurlardan danışan Əli Həsənov ölkəmizin bir sıra mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana və dünyanın maraq mərkəzinə çevrildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan çox qısa müddətdə dünyanın sürətlə inkişaf edən ölkələri sırasında yer almışdır. Ölkəmizdə son on ildə bir milyondan çox iş yeri açılmış, yoxsulluğun səviyyəsi xeyli aşağı düşmüşdür. Azərbaycan dünyanın 155 dövlətinin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir.

Baş nazirin müavini diqqətə çatdırmışdır ki, Prezident İlham Əliyev artıq ölkəmizin 2020-ci ilədək strateji istiqamətlərini müəyyənləşdirmişdir. “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında yoxsulluğun səviyyəsinin aşağı salınması, iqtisadiyyatımızın neftdən asılılığının minimuma endirilməsi, Azərbaycanda insan hüquqlarının qorunmasının beynəlxalq standartlara çatdırılması, korrupsiyaya qarşı mübarizənin maksimum gücləndirilməsi və digər məsələlər nəzərdə tutulur.

Əli Həsənov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, nəticələri, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə də məlumat vermişdir. Bildirilmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Qeyd edilmişdir ki, Ermənistanın təcavüzkar siyasəti BMT, ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə dəfələrlə pislənilmişdir. Həmçinin işğal altındakı ərazilərimizdən erməni silahlı qüvvələrinin çıxarılması, öz doğma yurd yerlərindən didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpası tələb edilmişdir. Təəssüf ki, beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan və danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutan Ermənistan işğal altında saxladığı ərazilərimizdə qanunsuz fəaliyyətini davam etdirməkdədir. Nəzarətdən kənarda qalmış bu ərazilərdə narkotik vasitələr əkilib-becərilir, transmilli cinayətkarlığın digər təhlükəli növləri tüğyan edir. Həmin zona böyük həcmdə narkotiklərin MDB və Avropa ölkələrinə tranzit marşrutuna çevrilmişdir. Azərbaycan güclənir, Ermənistan isə ağır demoqrafik problemlər içərisində boğulur. Bu ölkənin iqtisadiyyatı durmadan tənəzzülə uğrayır və əhali öz nicatını ölkəni tərk edərək xaricə getməkdə görür.

Komitə sədri qonaqlara qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə ölkə rəhbərliyi və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlər barədə də məlumat vermişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuş, 78 müasir qəsəbə salınmışdır. Bu qəsəbələrdə 140 mindən çox qaçqın və məcburi köçkün yerləşdirilmişdir. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.

Görüşdə əcnəbi gənclər Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini və ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrildiyini dilə gətirmiş, qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək dəyərləndirmişlər.

Sonda qonaqlara Ermənistanda azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasətinin və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini əks etdirən məlumat kitabçası, videodisk və xatirə hədiyyələri təqdim edilmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında