ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat qəbul etmişlər

 

Rusiya, ABŞ və Fransa prezidentləri Vladimir Putin, Barak Obama və Fransua Olland iyunun 18-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat qəbul etmişlər. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları Azərbaycanı və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin hələ də açıq qalan məsələləri üzərində diqqəti cəmləşdirməyə çağırmışlar.

Prezidentlərin bəyanatında vurğulanır: “Biz dərindən təəssüfləndiyimizi bildiririk ki, tərəflər danışıqlar prosesində qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan həll yolu tapmağa çalışmaq əvəzinə, birtərəfli mənfəət əldə etmək səylərini davam etdirmişlər. Biz qəti əminik ki, münaqişənin dinc yolla hərtərəfli tənzimlənməsinə doğru aparan tarazlaşdırılmış çərçivə razılığına nail olmaqda bundan sonra da ləngimə qəbuledilməzdir, buna görə də Azərbaycan və Ermənistan liderlərini səylərini hələ açıq qalan məsələlərin həlli üzərində yeni əzmlə cəmləşdirməyə çağırırıq”.

Liderlər üç ölkənin son dörd ildəki bəyanatlarında təsbit olunmuş müddəaları xatırlatmışlar. Sənəddə deyilir: “Bu müddəaları vahid bir tam kimi nəzərdən keçirmək lazımdır, çünki onlardan birinə digərləri qarşısında üstünlük vermək üçün göstərilən hər hansı cəhd tarazlaşdırılmış qərar qəbul edilməsinin mümkünlüyünü istisna edir”.

Bəyanatda deyilir: “Yalnız danışıqlar yolu ilə tənzimləmə regional inkişaf və əməkdaşlıq üçün imkanlar yaratmaqla sülhə, sabitliyə və barışığa gətirib çıxara bilər”. Sənəddə daha sonra qeyd edilir: “Cari qarşıdurma və qeyri-sabitlik vəziyyətinə gətirib çıxarmış hərbi qüvvə tətbiq edilməsi münaqişəni həll etməyəcəkdir. Hərbi əməliyyatların yenidən başlanması region əhalisi üçün fəlakətli nəticələr doğurar, insan tələfatına, yeni dağıntılara, qaçqınların sayının artmasına, çox böyük maliyyə məsrəflərinə gətirib çıxarar”.

RF, ABŞ və Fransa prezidentlərinin bəyanatında deyilir: “Biz tərəflərin rəhbərlərini Helsinki prinsiplərinə, xüsusən, zor tətbiq edilməməsi və ya zor tətbiq ediləcəyi barədə hədələməmək, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların təyini-müqəddərat hüququ prinsiplərinə sadiq olduqlarını bir daha təsdiqləməyə qətiyyətlə çağırır, onlardan təkidlə xahiş edirik ki, regionda gərginliyin artmasına və münaqişənin genişlənməsinə gətirib çıxara biləcək hərəkətlərdən və bəyanatlardan çəkinsinlər. Rəhbərlər xalqları müharibəyə deyil, sülhə hazırlamalıdırlar”.

Vladimir Putin, Barak Obama və Fransua Olland təsdiq etmişlər ki, onların ölkələri “tərəflərə kömək etməyə hazırdırlar, lakin münaqişəyə son qoymaq üçün məsuliyyət tərəflərin özlərinin üzərinə düşür”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında