Tarix boyu böyük ədəbiyyat həmişə dünyanın qüdrətli dövlət xadimlərinin həyatında və siyasi fəaliyyətində mühüm yer tutmuşdur. Dövlət xadimlərindən bir çoxu dünya ədəbiyyatının ən fəal mütaliəçisi kimi fərqlənmişlər. Belə siyasi rəhbərlər hətta bədii ədəbiyyata dair bilik və informasiyaları ilə ziyalı mühitini heyrətləndirmişlər. Başqa qrup dövlət başçıları şeir həvəskarları olmuş, rəğbət bəslədikləri şairlərin əsərlərini ən ciddi məclislərdə əzbər söyləmişlər. Hətta tarixdə şeir yazan, dramatik əsərlərini teatrlara təqdim edən rəhbərlər də olmuşdur.
Az da olsa ədəbiyyatdan, yazıçıdan uzaqda dayanan, bu sahəyə rəğbəti olmadığını gizlədə bilməyən ölkə başçıları haqqında da məlumatlar mövcuddur. Bütün bunlarla bərabər, ədəbiyyatı dövlət siyasətinin üzvi tərkib hissəsi səviyyəsində qəbul edən, bu tükənməz xəzinədən milli siyasətin həyata keçirilməsində bacarıqla və yaradıcı şəkildə faydalanan dövlət xadimləri də olmuşdur.
Görkəmli dövlət xadimi Heydər Əliyevin taleyində və siyasi fəaliyyətində ədəbiyyat faktorunun yeri, rolu və imkanları çox geniş anlayış olub, yuxarıda sadalanan prinsiplərin bir çoxunu özündə cəmləşdirir. Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, Heydər Əliyev dünyada geniş və sistemli ədəbiyyat biliyinə malik olan nadir dövlət xadimlərindəndir. Hələ gənclik illərindən etibarən qeyri-adi mütaliə qabiliyyəti ilə fərqlənən, hətta cavan yaşlarında tamaşalarda peşəkar teatr xadimləri ilə yanaşı cəsarətlə səhnəyə çıxan Heydər Əliyevin dünyabaxışının formalaşmasında ədəbiyyat amili xüsusi yer tutmuşdur. Müasirləri onun “Vaqif” pyesində, “Qaralar ölkəsində” adlı dram əsərində əsas rolları ifa etdiyini xatırlayırlar. Hətta Heydər Əliyevin teatr həvəskarı olmasına dair nadir fotoşəkillər də görkəmli dövlət xadiminin Naxçıvan səhnəsindəki muzeyində qorunub saxlanmaqdadır.
Bütün bunlarla bərabər, bu tarixi şəxsiyyət bədii ədəbiyyatın şəxsi taleyindəki böyük rolunu özü də nəzərə çarpdırmışdır. O, 1997-ci ildə, müstəqillik dövründə keçirilən Azərbaycan yazıçılarının onuncu qurultayındakı nitqində bu gerçəkliyi aşağıdakı kimi etiraf etmişdir: “Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm... Mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum... O illərdə, o uşaqlıq və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu, “oxumuşam, unutmamışam” sözləri sadəcə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam”.
Heydər Əliyevin geniş həcmə malik olan şeirləri, poemalardan böyük parçaları, dramlarda əsas obrazların sözlərini əzbər bilməsi və bütün bunları uzun illər yaddaşında qoruyub saxlaması onun hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi qeyri-adi üstünlüyünün əsas göstəricilərindən biri idi. Siyasi-tarixi baxımdan möhtəşəm xəzinə kimi qabarıq şəkildə diqqəti cəlb edən Heydər Əliyevin bənzərsiz ədəbiyyat yaddaşına malik olması onun görkəmli dövlət xadimi kimi möhtəşəm obrazını əlavə cizgilərlə tamamlamış və zənginləşdirmişdir. Heydər Əliyev təkcə geniş və mükəmməl ədəbiyyat biliyi ilə deyil, həm də fenomenal ədəbiyyat yaddaşı ilə nəinki diqqəti cəlb etmiş, hətta çox hallarda ətrafındakıları heyrətləndirmiş və təəccübləndirmişdir.
Əlbəttə, görkəmli dövlət xadimi Heydər Əliyevin də xüsusi rəğbət bəslədiyi yazıçı və şairlər, ayrıca fərqləndirdiyi, üstünlük verdiyi bədii əsərlər olmuşdur. Bu məqamda dövlət xadimliyi çərçivəsində onun şəxsi ədəbi zövqü və maraqları da ifadə olunur. Böyük siyasi xadim dram əsərləri içərisində Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyasına, şairlərdən xalq şairi Səməd Vurğunun “Azərbaycan”ına, poema baxımından Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasına, milli mətbuat sarıdan “Molla Nəsrəddin” jurnalına, opera üzrə Üzeyir Hacıbəyovun “Koroğlu”suna, mənzum faciələrdən Hüseyn Cavidin “İblis” əsərinə... xüsusi önəm verdiyini, və ədəbi nümunələri xüsusilə fərqləndirdiyini nəzərə çarpdırmışdır. Hətta belə məqamlarda da Heydər Əliyevin bədii ədəbiyyata münasibətdə şəxsi maraqları ilə dövlətçilik düşüncəsinin üst-üstə düşdüyü, bir-birini tamamladığı aşkar müşahidə olunur.
Bütövlükdə isə Heydər Əliyev ədəbiyyata xalqın milli-tarixi varlığının, mənəviyyatının üzvi tərkib hissəsi kimi baxmış, mənsub olduğu xalqı ədəbiyyatı ilə bir yerdə bütöv bir tamın ayrılmaz hissəsi kimi dəyərləndirmişdir. Yəni Heydər Əliyevin ədəbiyyat sevgisi Vətən və xalq sevgisinin əsas göstəricilərindən, zəruri amillərindən birini təşkil edir. Görkəmli dövlət xadimi hələ 1972-ci ildə Azərbaycan yazıçılarının beşinci qurultayındakı tarixi nitqində məsələnin bu cəhətini ön mövqeyə çəkərək demişdi: “Azərbaycan ədəbiyyatı həmişə öz xalqının həyatının ön sıralarında irəliləmişdir. Bu ədəbiyyat xalqımızın qəhrəmanlıq tarixini ədəbiləşdirib bizə çatdırmış, bizim qarşımızda bütün əzəməti ilə açmışdır”.
Ədəbiyyata xalqın taleyinin və tarixi yaddaşının əks-sədası kimi baxan Heydər Əliyev bədii düşüncədə tarixilik, millilik və müasirlik prinsiplərinə xüsusi dəyər vermişdir. Millilik, tarixilik və müasirlik Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasətinin əsasını təşkil edir. Bu prinsiplər qüdrətli dövlət xadiminin siyasi fəaliyyətinin də təməl şərtlərindəndir. Həmin prinsiplər Heydər Əliyevin dövlətçilik təlimində və ədəbiyyat siyasətində yanaşı mövcud olan amillər deyildir. Əksinə, qeyd olunan istiqamətlər Heydər Əliyev təlimində dövlətçilik fəaliyyəti ilə ədəbiyyat işinin vəhdətində, üzvi sintezində tam məna tapa bilir.
Görkəmli dövlət xadimi dövlətçilik fəaliyyəti prosesində millilik amilini, tarixilik anlayışını və müasirlik prinsipini ardıcıl olaraq həyata keçirmək yollarındakı mübarizəsində ədəbiyyatda dərin iz salmış, köklü ənənələrə malik olan həmin amillərdən yerli-yerində, əsaslı şəkildə faydalanmaqla özünün ali məqsədinə nail olmağa çalışmışdır. Bu yüksək ali qayə isə hələ sovet rejimi çərçivəsində olsa belə Azərbaycanda möhkəm milli əsaslara malik olan, davamlı tarixi ənənələri qoruyub saxlayan və müasir inkişafın önündə gedən dövlət hakimiyyətini formalaşdırmaqdan ibarət olmuşdur. Müşahidələr və təhlillər göstərir ki, sovet hakimiyyəti illərində Heydər Əliyevin bu istiqamətdə apardığı ardıcıl və düşünülmüş siyasəti özünün ilkin böyük bəhrələrini vermişdir. Belə ki, Azərbaycan yazıçılarının, xüsusən, böyük demokrat Cəlil Məmmədquluzadənin, xalq şairləri Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, bir qədər sonra Sabir Rüstəmxanlı kimi sənətkarların ana dili uğrunda apardıqları milli mücadiləyə dövlət səviyyəsində müəyyən üsullarla meydan açılmış və bu, nəticə etibarilə xalq arasında və Mərkəzi hökumətdə Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması üçün ictimai rəyi hazırlamışdır.
Cəmiyyətdə gedən həmin prosesləri zaman-zaman Mərkəzi hökumətin diqqətinə çatdırmaqla və məsələyə Siyasi Büro səviyyəsində aydınlıq gətirməyi bacarmaqla Heydər Əliyev sovet hakimiyyəti illərində, 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi ölkənin Konstitusıyasına ayrıca maddə kimi daxil edilməsinə nail olmuşdu. Bununla yanaşı, milli mücadiləyə könül vermiş, ömür həsr etmiş yazıçılar isə deputat seçilmək, fəxri adlar və dövlət mükafatları almaqla həm rəğbətləndirilmiş, həm də müdafiə olunmuşlar. Əslində bu yolla Heydər Əliyev həm də onların fəaliyyətinə dəstək verdiyini sezdirmiş, o yazıçıların toxunulmazlığına təminat vermişdir.
Keçən əsrin 70-ci illərində Heydər Əliyevin Azərbaycanın bir qrup tanınmış dilçi alimlərini Muxtar Hüseynzadəni, Əlövsət Abdullayevi, Yusif Seyidovu, Ağaməli Həsənovu çoxcildlik Müasir Azərbaycan dili dərsliyinə görə respublikanın Dövlət mükafatı ilə təltif etməsi də elmi-ictimai və ədəbi-mədəni mühitdə ana dilinin mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edirdi. Bununla Heydər Əliyev hələ XVI əsrdə Şah İsmayıl Xətai ilə başlanan, zaman-zaman qabarıb-çəkilən ana dili siyasəti məsələsini ilk dəfə tam rəsmi olaraq dövlət siyasəti səviyyəsində həyata keçirməklə tamamlamışdır.
Ölkəmiz müstəqillik qazandıqdan sonra Heydər Əliyevin dilimizin adının müəyyənləşməsi uğrunda apardığı mübarizə dövlətimizin maraqlarına, respublikamızın reallıqlarına tamamilə uyğun idi. Bu sahədə də qəti fikrə, yekun qənaətə gəlmək üçün Heydər Əliyev Azərbaycan ziyalılarının, o cümlədən ədəbiyyat xadimlərinin dəstəyindən istifadə etməyi zəruri saymışdır. Onun 21 sentyabr 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasında ziyalılarla görüşü zamanı irəli sürdüyü Azərbaycan dili anlayışı geniş mənada cəmiyyətin marağına, ölkəmizdə yaşayan bütün xalqların və etnik qrupların maraqlarına uyğundur. Azərbaycan dili ideyası Azərbaycanda yaşayan bütün etnik qrupları öz ətrafında birləşdirən bir faktor kimi Azərbaycan yazıçıları tərəfindən müdafiə olunmuşdur.
Bundan başqa, millətin və ölkənin bütövlüyü düşüncəsinin cəmiyyətdə formalaşdırılmasında da Heydər Əliyev ədəbiyyat faktorundan məqsədyönlü şəkildə faydalanmışdır. XX əsrin yetmiş-səksəninci illərində Cənub mövzusunda yazılmış əsərlərə dövlət səviyyəsində bəslənilən loyal münasibətlərin kökündə Cənubi Azərbaycanla bağlı ictimai fikri formalaşdırmaq tendensiyası dayanırdı. Nəhayət, Azərbaycan dövlətinin rəhbəri Heydər Əliyevin 12 iyun 1981-ci ildə ölkə yazıçılarının VII qurultayındakı nitqində Cənub ədəbiyyatı ilə əlaqədar söylədiyi aşağıdakı fikirlər Cənubi Azərbaycanla ədəbi-mədəni əlaqələrin yaradılmasına, dəmirdən də möhkəm olan prinsiplər əsasında formalaşdırılmış məhdudiyyətlərin aradan qaldırılmasına münasib şərait yaratmışdır: “Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər. Yaradıcılıq ittifaqının rəhbərliyi onlara daim diqqət yetirməli, onların əsərlərini respublikada və respublikanın hüdudlarından kənarda geniş təbliğ etməlidir. Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmləndirmək, mədəniyyətin və mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, bizdə toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barədə düşünmək lazımdır”.
O zamana qədər nəinki yazıçılar və alimlər, heç bir siyasətçi keçmiş Sovetlər İttifaqı məkanında Cənubi Azərbaycan, yaxud Cənub ədəbiyyatı haqqında rəsmi yığıncaqlarda bir kəlmə belə danışa bilməmişdi. Bu, təkcə Azərbaycanda yox, geniş mənada sovet dövlətində həmin mövzuda son altmış ildə açıq ifadə edilən ilk mühüm tezislər idi. Bu tezislərin işığında səksəninci illərdən etibarən elmi-ədəbi mühitdə Azərbaycan ədəbiyyatının bütövlüyü və Cənubda yaşayan yazıçılarla əlaqələrin yaradılması istiqamətində ilk addımlar atılmağa başlamışdır. İran İslam Respublikasında yaşayan Məhəmmədhüseyn Şəhriyar kimi qüdrətli sənətkarı Azərbaycanın dövlət səviyyəsində səslənən bu cür bəyanatlarından sonra geniş dairədə tanımağa başladılar.
Xalq şairləri Süleyman Rüstəmin və Məmməd Rahimin Məhəmmədhüseyn Şəhriyarla şeirləşmələri, xalq şairləri Bəxtiyar Vahabzadə və Nəbi Xəzrinin ustad şairlə telefon danışıqları ictimai-ədəbi mühitdə ildırım kimi çaxmışdır. Yaxud əslən cənublu olan, lakin taleyin hökmü ilə Azərbaycanın şimalında yaşayıb-yaradan Balaş Azəroğlu, Mədinə Gülgün, Hökümə Bülluri, Söhrab Tahir, Əli Tudə və başqaları kimi görkəmli söz ustalarının əsərləri ilə Cənubi Azərbaycanda əsaslı tanışlıq keçən əsrin səksəninci illərindən etibarən baş verdi. Eyni zamanda, bu dövrdən başlayaraq Cənub mövzusunda yeni əsərlər meydana qoyuldu. Azərbaycan Yazıçılar Birliyində və Nizami adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı şöbələrinin təşkili və çoxcildlik Cənubi Azərbaycan ədəbiyyatı antologiyalarının hazırlanıb nəşr edilməsi, ədəbi ictimaiyyətə çatdırılması görkəmli dövlət xadımi Heydər Əliyevin atdığı qətiyyətli addımların, açdığı yeni üfüqlərin sayəsində mümkün olmuşdu.
Bütün bunlara görə heç tərəddüd etmədən belə demək mümkündür ki, görkəmli dövlət xadimi Heydər Əliyev hələ sovet rejimi dövründə İran İslam Respublikası ilə, Cənubi Azərbaycanla ədəbi-mədəni əlaqələrin yaradılmasının əsasını qoymuş, qarşılıqlı münasibətlərin möhkəm təməlini atmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkə Prezidenti Heydər Əliyevin yeni tarixi epoxada apardığı məqsədyönlü siyasət nəticəsində bu sağlam əlaqələr daha da genişlənmiş və möhkəmlənmişdir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin “Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında”kı 29 oktyabr 1997-ci il tarixli sərəncamı xüsusi əhəmiyyətə malikdir. Həmin dövlət sərəncamı əsasında qüdrətli sənətkarın yubileyi ilə bağlı Bakıda, Tehranda və Təbrizdə keçirilən genişmiqyaslı tədbirlərlə ölkələrarası ədəbi-mədəni əlaqələr yeni və daha yüksək səviyyəyə qaldırılmışdır.
Heydər Əliyevin ədəbiyyat təlimindəki millilik anlayışı özündə bütün dolğunluğu ilə Azərbaycançılıq məfkurəsini əks etdirir. Və yaxud da Azərbaycançılıq Heydər Əliyevin apardığı milli siyasətin lokomotividir. Ədəbiyyat siyasəti görkəmli dövlət xadiminin bu istiqamətdə apardığı geniş siyasi-ideoloji və təşkilati işin özülünü təşkil edir. Azərbaycan ədəbiyyatı klassiklərindən Nızami Gəncəvinin, Məhəmməd Füzulinin, Cəlil Məmmədquluzadənin, Nərıman Nərimanovun, Hüseyn Cavidin, həmçinin yeni dövr bədii fikrimizin Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Süleyman Rüstəm, Anar, Qabil, Məmməd Araz, Mirvarid Dilbazi və başqaları kimi onlarla nümayəndələrinin dövlət səviyyəsində yubileylərinin keçirilməsi, aparılan tədqiqat-təbliğat işləri həmin sənətkarların xalqa daha yaxından tanıdılması ilə bir sırada, həm də Azərbaycançılıq ideyasının geniş miqyasda yayılmasına və dərindən mənimsədilməsinə uğurla xidmət etmişdir.
Heydər Əliyev keçmiş İttifaq səviyyəsində ən yüksək siyasi dairələrdə böyük cəsarətlə bəyan edirdi ki, “Nizami Gəncəvi elə bir şəxsiyyətdir, tarixdə, dünya mədəniyyətində elə bir iz qoyub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər”. Nizami Gəncəvinin yubileyi bu böyük sənətkarın timsalında Azərbaycanın əvvəlcə keçmiş Sovetlər İttifaqında, daha sonra isə bütün mədəni dünyada tanıma missiyasına xidmət etmişdir. Dahi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibətilə Heydər Əlıyevin yubileyi keçirən Təşkilat Komitəsinin 1 avqust 1994-cü il tarixli yığıncağındakı böyük əks-səda doğurmuş nitqində səslənən aşağıdakı mülahizələr də Azərbaycanın, xalqımızın tanıdılmasının qayğılarını əhatə edir: “Bu yubileyi keçirərkən biz xalqımızın özünü tanımasını təmin edəcəyik və etməliyik.
Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın. Şübhəsiz ki, bu yubileyin keçirilməsi indiki nəslin... tariximizin nə qədər zəngin olduğunu və Azərbaycan xalqının dünya mədəniyyətinə neçə töhfələr verdiyini dərk etməsinə şərait yaradacaq və hər bir azərbaycanlıda, ilk növbədə, gənc nəsildə milli iftixar, vətənpərvərlik hisslərini daha da yüksəldəcəkdir. Bunun özü müstəqil Azərbaycanda bizim üçün çox gərəkli bir amildir”.
Deməli, ədəbiyyat vasitəsilə milli-mənəvi özünüdərk prinsiplərinin daha da dərinləşdirilməsi, Azərbaycançılıq məfkurəsinin mənimsədilməsi Heydər Əliyevin ədəbiyyat siyasətinin əsas prinsiplərindəndir. Heydər Əliyev bu tarixi vəzifəni həm ölkə daxilində, həm də Azərbaycandan kənarda böyük bacarıqla həyata keçirmişdir. Böyük ədəbiyyat Heydər Əliyevin Azərbaycanı dünyada tanıtdırması baxımından da mühüm vasitələrdən birinə çevrilmişdir. Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi qüdrətli sənətkarların yubileylərinin, “Kitabi-Dədə Qorqud” dastanlarının yaranmasının 1300 illiyinin beynəlxalq miqyasda keçirilməsi görkəmli dövlət xadiminin Azərbaycan xalqını və ölkəsini dünya səviyyəsində tanıtmasına, dövlətimizə və xalqımıza etibarlı tərəfdaşlar qazandırmasına doğru istiqamətləndirilmiş və müsbət nəticələrin əldə edilməsinə səbəb olmuşdur.
Bundan başqa, müxtəlif bəhanələrlə Azərbaycan xalqına mənsub olmasına şübhə ilə yanaşılan, ətrafında yersiz və haqsız mübahisələr açılan ədəbiyyat xadimlərinin yubileylərinin keçirilməsi həm də həmin şübhəli mülahızələrin, məqamların, iddiaların aradan qaldırılmasına, Azərbaycan gerçəkliyinin daha dərindən əsaslandırılıb təsdiq olunmasına hesablanmışdır. Nizami Gəncəvinin 840 illik, Məhəmməd Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illik yubileyləri prosesində aparılan məqsədyönlü elmi-ideoloji işin sayəsində ortaq cəhətləri ilə yanaşı bu sənətkarların və abidələrin Azərbaycan xalqına məxsusluğu nəinki möhkəm surətdə əsaslandırılmış, hətta bütün dünyaya bəyan edilmişdir. Bunlar isə Heydər Əliyevin ədəbiyyat siyasətində həm də Azərbaycanın mənafelərinin qorunması, müdafiə edilməsi kimi məsələlərin də əhatə olunduğunu nəzərə çarpdırır.
Ümummilli lider Heydər Əliyevin ədəbiyyat siyasətində tarixilik prinsipinin də özünəməxsus yeri vardır. Əslində bu amili tarixi dərk prinsipi də adlandırmaq olar. Böyük dövlət xadimi Heydər Əliyev bu fikirdə idi ki, “Azərbaycanın qədim tarixini, əsrlər boyu keçdiyi yolu gərək həm öz vətəndaşlarımıza, həm də... respublikamıza maraq göstərən adamlara tanıtmaq lazımdır”. Heydər Əliyev Azərbaycan xalqına özünün soykökünü, milli-tarixi keçmişini dərindən və əsaslı şəkildə dərk etdirmək, mənimsətmək, xalqımızda milli qürur hisslərini daha da yüksəltmək üçün tarixi mövzularda bədii əsərlərin yazılmasına meydan verilməsini zəruri saymışdır.
Görkəmli Azərbaycan yazıçıları Anarın, Elçinin, İsa Hüseynovun, Əzizə Cəfərzadənin, Hüseyn İbrahimovun, Fərman Kərimzadənin, Əlisa Nicatın və başqalarının tarixi mövzularda yazdıqları bədii əsərlər milli-tarixi özünüdərk proseslərinin dərinləşməsində əhəmiyyətli rol oynamışdır. Tarixi mövzularda yazılmış bədii əsərlərin əsasında filmlərin çəkilməsi, teatr tamaşalarının hazırlanması, bu əsərlərdən bəzilərinin rus dilinə tərcümə olunması Türkiyədə nəşri prosesinin kütləviləşdirilməsinə və miqyasın genişlənməsinə özünün layiqli töhfəsini vermişdir. Azərbaycan təkcə müasir inkişaf səviyyəsi ilə deyil, həm də zəngin tarixi ənənələri ilə dünyada tanıdılmışdır.
Heydər Əliyevə görə, tarixi mövzuda yüksək bədii səviyyədə əsər yazmaq yazıçıların Vətən və xalq qarşısındakı ən məsul vəzifələrindəndir. Belə əsərlərdə tarixiliklə bədiiliyin vəhdət daşımalı olduğunu da görkəmli dövlət xadimi diqqət mərkəzinə çəkmişdir: “Tarixi simaların obrazları yaradılan və tarixımizin çox mühüm dövrləri tərənnüm olunan ədəbi əsərlər ən yüksək səviyyədə yazılmalıdır. Bunlar çox mühüm, açıq deyək ki, mürəkkəb mövzulardır. Belə mövzuların öhdəsindən yalnız yüksək istedadlı, dərin bilikli sənətkarlar gələ bilərlər”.
İstiqaməti ilə yanaşı, elmi cəhətdən də əhəmiyyətli olan yuxarıdakı mülahizələr tarixiliklə bədiiliyin sintezinə dair Heydər Əliyev tezisləri kimi səslənir. Bu cür aydın və konkret tələblər tarixi mövzuların meydanını genişləndirmiş, həmin mövzuda layiqli bədii əsərlərin yazılması ilə nəticələnmişdir. Bu isə öz növbəsində milli-tarixi dərk proseslərinin dərinləşdirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
Əliyevin ədəbiyyat siyasətində müasirlik meyarının özünəməxsus rolu və yeri vardır. Böyük siyasətçinin nəzərində müasirlik geniş miqyaslı bir kateqoriya kimi həm çağdaş həyatın ədəbiyyatda əks etdirilməsi, həm də müasir düşüncənin, yeni təfəkkürün ədəbiyyata gətirilməsi vəzifələrini əhatə edir. Ona görə də Heydər Əliyev həmişə öz dövrünü tam dolğunluğu ilə göstərməyin, ictimai inkişafın dialektikasını bədii formada canlandırmağın, onun ən mühüm meyillərini və qanunauyğunluqlarını açmağın necə məsul vəzifə olduğunu hər bir sənətkarın dərk etməsi çox böyük vəzifədir” qənaətində olmuşdur. Onun fikrincə, müasir həyatdan söz açan əsl sənətkar ötəri, keçəri meyilləri deyil, “ictimai inkişafın müqəddəratını müəyyən edən prosesləri və hadisələri ilk növbədə etməlidir”. Heydər Əliyev hesab edirdi ki, “bizim zəmanəmiz və müasirlərimiz haqqında gözəl əsərlər yaratmaq Azərbaycan yazıçılarının əsas qayğısı olmalıdır”.
Həm keçmiş sovet hakimiyyəti illərində, həm də müstəqillik dövründə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan yazıçılarının qurultaylarındakı dərin məzmunlu məruzələri müasir ədəbiyyatın, yaxud da ki, ədəbiyyatda müasirlik məsələsinin bədii əksinin proqramına çevrilmişdir. Onun müasiri olduğu sənətkarların yubiley mərasimlərindəki çıxışları müasir həyat və çağdaş ədəbiyyat münasibətlərinin əsas ana xətləri ilə açılmasına aydınlıq gətirmişdir. Beləliklə, cəmiyyətdə və ədəbiyyatda müasirlik anlayışının Heydər Əliyev konsepsiyası formalaşmışdır. Fikrimizcə, XX əsrin almışıncı illərindən sonra yaranan müasir Azərbaycan ədəbiyyatı ən yaxşı nailiyyətlərini həmin müdrik konsepsiyanın işığında qazana bilmişdir.
Heydər Əliyevin ədəbiyyat təlimi sözün həqiqi mənasında əsl professonallığa əsaslanır. Görkəmli dövlət xadiminin ayrı-ayrı sənətkarlar, konkret bədii əsərlər, teatr tamaşaları haqqındakı baxışları və mülahizələri ədəbiyyatşünaslıq və sənətşünaslıq elmlərinin ən yüksək tələbləri və prinsiplərindən ucada dayanır. O, yazıçılara və əsərlərə qiymət verərkən ədəbiyyatşünaslığın, yəni elmin tələblərindən deyil, ədəbiyyatdan və həyatdan çıxış etmişdir. Heydər Əlıyevin ədəbiyyat təlimi ədəbiyyatşünaslıq və sənətşünaslıq, tarix və dilşünaslıq elmlərini də zənginləşdirmiş və inkişaf etdirmişdir. Azərbaycanda professional milli dövlətçilik siyasətinin banisi, olan ümummilli liderimiz Heydər Əliyev ədəbiyyat haqqında elmdə də professionallıq siyasətinin böyük müdafiəçisidir. Bədii ədəbiyyatla bir sırada ədəbiyyatşünaslıq, sənətşünaslıq, dilşünaslıq kimi elmlər də Heydər Əliyevin ədəbiyyat siyasətinin zəminində yeni inkişaf səviyyəsinə yüksələ bilmişdir.
Yazıçılar Birliyinin mətbu orqanları olan lƏdəbiyyat qəzeti”nin “Azərbaycan”, “Qobustan” və “Ulduz” jurnallarının nəşrinin dövlət tərəfindən malıyyələşdirilməsi də Heydər Əliyevin çətin keçid dövrü proseslərində milli ədəbiyyatın inkişafına göstərdiyi böyük qayğının əməli təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsaslandığı Azərbaycançılıq siyasətinin ideoloji özülü görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyat və mədəniyyət təlimindən yoğrulmuşdur. Prezident İlham Əliyev bu əbədiyaşar təlimi yeni epoxanın prinsiplərinə uyğun olaraq əlavə müddəalarla daha da zənginləşdirərək, müasir dövrün ədəbiyyat siyasətini müəyyən etmişdir.
Yeni tarixi epoxada ilk növbədə görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyat siyasətində formalaşmış ənənələri davam etdirilmişdir. Ölkəmizdə hazırkı şəraitdə adlı-sanlı sənətkarların dövlət səviyyəsində yubileylərinin keçirilməsi, onların əsərlərinin sanballı yubiley nəşrlərinin hazırlanaraq geniş oxucu auditoriyasına təqdim edilməsi bədii yaradıcılıq fəaliyyətinin daha da inkişaf etdirilməsinə təkan verir. Həmçinin böyük xidmətləri nəzərə alınmaqla tanınmış yazıçılara fəxri adların, fərdi təqaüdlərin və yaradıcı gəncliyin istedadlı nümayəndələrinə mükafatların verilməsi də ulu öndər tərəfindən ədəbi prosesin stimullaşdırılması siyasətinin konkret davamından ibarətdir. Bundan başqa, uzun illik fasilədən sonra Azərbaycan Respublikası Dövlət Mükafatının yenidən bərpa edilməsi də ədəbiyyat siyasəti sahəsindəki varisliyin əməli ifadəsidir. Bütün bunlarla bərabər, cəmiyyətin inkişaf xüsusiyyətlərinə, ölkəmizin artan iqtisadi imkanlarına uyğun olaraq, ədəbiyyat siyasəti sahəsində bir sıra yeni tədbirlərin həyata keçirilməsi də müşahidə olunmaqdadır. Ədəbiyyat və incəsənət sahəsində Heydər Əliyev mükafatının müəyyən edilməsi və həyata keçirilməsi, hər şeydən əvvəl, Azərbaycan dövlətinin ədəbiyyat siyasətini müəyyən edən görkəmli dövlət xadiminin xatirəsinə böyük ehtiramın ifadəsidir.
Heydər Əliyev mükafatlarının təsis olunması ədəbiyyat və incəsənətin ulu öndərin ümummilli ideallarına layiq şəkildə inkişaf etdirilməsi ənənəsinin yaşadılması deməkdir. Eyni zamanda, son vaxtlarda “Qızıl çinar”, “Buta” kimi yüksək səviyyəli mükafatların meydana çıxması, Heydər Əliyev fondunun mükafatları və təqaüdlərinin yaradılması mövcud siyasətin işığında formalaşan yeni ənənələrdir. Son illərdə ölkədə aparılan böyük quruculuq prosesslərınin tərkib hissəsi kimi Azərbaycan Yazıçılar Birliyinin, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin, Azərbaycan Dövlət Milli Dram Teatrının, Opera Teatrının, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının, Naxçıvan Yazıçılar Birliyinin və digər teatrların binalarının, görkəmli yazıçıların muzeylərinin əsaslı şəkildə yenidən qurulması, yeni texnologiya və müasir avadanlıqlarla təchiz edilməsi, Muğam Mərkəzinin yaradılması, Naxçıvanda Ədəbiyyat muzeyınin və Kəngərli rayonunda Şahtaxtinskilər muzeyinin tikilib istifadəyə verilməsi bədii ədəbiyyatın, söz sənətinin inkışafında mühüm rol oynayır.
Bütün bunlar ölkəmizin Prezidenti İlham Əliyevin ədəbiyyat və mədəniyyət işini müstəqillik dövrünün yüksək tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi tədbirlərinin yeni səviyyəyə qaldırdığını qabarıq şəkildə nümayiş etdirir. Beləliklə, möhtərəm Prezidentimiz İlham Əliyev yeni tarixi epoxanın ədəbiyyat siyasətini formalaşdırır və ardıcıl olaraq inkişaf etdirir. Müstəqil Azərbaycanda uğurla həyata keçirilən ədəbiyyat siyasəti yeni ədəbiyyat axtarışlarının və çağdaş ədəbi nəslin meydana çıxması, ərsəyə gəlməsi ilə nəticələnir. Müasir dövrün ədəbiyyat siyasəti Azərbaycançılıq məfkurəsinin daha da zənginləşdirilməsinə də xidmət edir.
Göründüyü kimi, yeni dövr Azərbaycan ədəbiyyatının son yarım əsrdəki inkişafında ümummilli lider Heydər Əliyevin ədəbiyyat siyasətinin böyük rolu və təsiri olmuşdur. Əslində Azərbaycanın son qırx ildəki ədəbiyyatı Heydər Əliyev epoxasının ədəbiyyatıdır. Hesab edirik ki, ən yeni dövr Azərbaycan ədəbiyyatının bir məsul vəzifəsi də yeni tarixi epoxanın fonunda görkəmli dövlət xadimi Heydər Əliyevin mükəmməl, hərtərəfli şəkildə işlənmiş, ciddi ədəbi-tarixi meyarlara cavab verən bədii obrazını yaratmaqdan ibarətdir.
İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Milli Məclisin deputatı, akademik
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.