İyunun 14-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Milli Qurtuluş Gününün 20-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.
Ali Məclisin sədri Milli Qurtuluş Gününün 20-ci ildönümünün qeyd olunduğunu bildirmiş, bu münasibətlə xalqımızı, bütün muxtar respublika əhalisini təbrik edərək demişdir: Milli Qurtuluş günü Azərbaycan xalqı üçün, bizim hamımız üçün müqəddəsdir. Ona görə ki, ötən əsrin 90-cı illərində başımızın üstünü almış təhlükənin sovuşmasına, milli dövlətçiliyimizin xilasına və bu gün müstəqil Azərbaycanda sabitlik, əmin-amanlıq şəraitində yaşamağımıza görə Milli Qurtuluş Gününə borcluyuq. Bu bayram bizim üçün bir də ona görə müqəddəsdir ki, o, ulu öndər Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır.
Ulu öndərin 1969-cu ildə ölkəmizdə birinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın dirçəliş və çiçəklənmə dövrü kimi səciyyələnirsə, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin yazılması ilə əlamətdardır. Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Bu mərhələni bir daha göz önünə gətirərək möhtərəm Heydər Əliyevin millət və vətən qarşısındakı müstəsna xidmətlərini və əziz xatirəsini dərin ehtiramla yad edirik.
Ali Məclisin sədri demişdir ki, milli qurtuluşumuzun bir yaradıcısı var: O bütün varlığı ilə mənsub olduğu xalqı sevən, millət, xalq mənafeyini hər şeydən üstün tutan, Azərbaycan naminə mübarizəni həyatının mənasına çevirən, daim azərbaycanlı olması ilə fəxr edən ulu öndər Heydər Əliyevdir! Azərbaycan xalqı xoşbəxtdir ki, həyatının ən ağır dövründə siyasi hakimiyyətin sükanı arxasında Heydər Əliyev kimi güclü iradəyə malik dövlət xadimi dayanmışdı. 20 il əvvəl, Naxçıvan şəhərinin baş meydanında muxtar respublika əhalisi möhtərəm Heydər Əliyevi Bakıya yola salarkən o, böyük şəxsiyyətlərə, milli liderə xas olan siyasi iradə göstərək bəyan etdi: “Xalq mənə ümid bəsləyir. Mən bu ümidi doğrultmaq üçün həyatımın qalan hissəsini xalqıma bağışlayıram və ona qurban verməyə hazıram”.Qurtuluş Günü belə yarandı. Bu qətiyyət, xalqımızın böyük oğlunun inanılmaz fədakarlığı olmasaydı, qurtuluş günü də olmayacaqdı. Qurtuluş günü olmasaydı, indi Azərbaycan adlı müstəqil dövlət də olmayacaqdı.
“1993-cü ilin 15 iyununa qədər Azərbaycan formal olaraq müstəqil dövlət idisə, həmin tarixdən sonra real müstəqilliyin əsası qoyuldu. 1993-cü ilə qədər Azərbaycanda hakimiyyətsizlik, siyasi hərc-mərclik, vətəndaş qarşıdurması hökm sürürdüsə, həmin tarixdən sonrakı dövr ölkəmizdə dövlət müstəqilliyinin möhkəmlənməsi ilə xarakterizə edilir”, - deyən Ali Məclisin sədri bildirmişdir ki, 1993-cü ildən sonra Azərbaycanın inkişafı göz qabağındadır. Əgər o vaxt Azərbaycanda xaos hökm sürürdüsə, bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idisə, bu gün Azərbaycanda əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdısa, bu gün Azərbaycan dünyanda ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycanda total böhran hökm sürürdüsə, bu gün Azərbaycan qüdrətli ölkəyə çevrilmişdir.
Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası bu davamlı inkişafa nəyin hesabına nail olub? O hesaba nail olub ki, ölkəmizdə Heydər Əliyev yolu, Heydər Əliyev quruculuq xətti dövlət başçısı hörmətli İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasi xəttə, seçilən yola sədaqət Azərbaycanımızı hərtərəfli inkişaf və tərəqqi yoluna çıxarmışdır. Zaman keçdikcə bu nailiyyətlər daha da artacaq. Çünki Azərbaycan düz yolla, haqq-ədalət yolu ilə, Heydər Əliyev yolu ilə gedir. Bu yol Azərbaycanı daha firavan həyata, işıqlı sabahlara aparır.
Ali Məclisin sədri bu yolda hər kəsə uğurlar arzulamış, çıxışını Prezident İlham Əliyevin “Müasir tariximiz 1993-cü ildən başlayır. O ildən Azərbaycan böyük və uğurlu yol keçmişdir, dövlətçiliyin əsasları qoyulmuşdur. Ulu öndərin xalq qarşısında göstərdiyi xidmətlər misilsizdir. Azərbaycan xalqı Heydər Əliyev sevgisini qəlbində yaşadır və yaşadacaqdır”, - fikirləri ilə tamamlamışdır.
Sonra yazıçı-dramaturq Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı” pyesi əsasında hazırlanmış tamaşaya baxış olmuşdur.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.