Dünya sivilizasiyasını, bəşər xəzinəsini çoxsaylı elm və sənət zirvələri, misilsiz maddi və mənəvi mədəniyyət abidələri, qüdrətli qılınc və qələm dahiləri ilə zənginləşdirən Azərbaycan xalqının tarixində ağır, faciəli məqamlar, sarsıdıcı böhranlar da çox olub. 1993-cü ilin yayında, iyun ayının əvvəllərində Azərbaycanda yaranan son dərəcə gərgin, böhranlı hərbi, sosial-siyasi situasiya tariximizin heç bir ağır dövrü, heç bir faciəsi ilə müqayisəyə gəlmir.
Çünki həmin vaxt, yəni 1993-cü il iyunun əvvəllərində Azərbaycan xalqı yenicə yaranan müstəqil dövlətindən məhrum olmaq, kiçik dövlətciklərə, quberniyalara parçalanmaqla bütöv varlığını itirmək təhlükəsi, ümummilli süqut, fəlakət ilə üz-üzə dayanmışdı. Yaxın-uzaq imperiya maraqları, daxili və xarici düşmən fitnələrilə baş qaldıran “Sadval”, “Talış-Muğan” separatizmi gənc dövləti vətəndaş müharibəsi, bütöv iflas, qlobal məhvolma məqamına gətirib çatdıran səhvlər ölkəni diz çökdürmüşdü. Azərbaycan öz tarixinin ən fəlakətli, ən böhranlı günlərini, qanlı ölüm-qalım yolayrıcının tragik məqamlarını yaşayırdı. Və bu dəhşətli tarixi şəraitdə bütün ümidlər, arzular Naxçıvana, dahi dövlət xadimi, müdrik siyasətçi Heydər Əliyevə dikilmişdi. Bütün xalqımız yeganə xilas yolunu Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında görür, çoxsaylı təkidli çağırışlarla onu gözləyirdi.
Bu böyük ümumxalq inamını, etibarını, etimadını Heydər Əliyev Azərbaycan xalqına sədaqətli, şərəfli xidmətilə qazanmışdır. Mən bu tarixi xidmətin bir neçə məqamını qısaca olaraq xatırlatmaq istərdim.
Xalqa qarşı cəza maşını kimi istifadə olunan, yad, antiazərbaycan qüvvələrin çoxluq təşkil etdiyi təhlükəsizlik orqanı Heydər Əliyevin tarixi hünəri, uzaqgörən müdrik siyasəti ilə mərhələ-mərhələ saf milli kadrlarla yenidən komplektləşdirildi, milli mövqeli əsl təhlükəsizlik sisteminə çevrildi. Bu yolla dəhşətli repressiyalara son qoyuldu, əslində, xalq xilas edildi.
Azərbaycan dili xalqın neçə min illik həyatının, duyğu və düşüncəsinin, milli mənəviyyatının canlı abidəsidir. O, unudulan, unutdurulan abidəni təkidlə Azərbaycan gerçəkliyinin ön mövqeyinə, diqqət mərkəzinə çəkdi, xalqı öz milli-tarixi yaddaşı ilə silahlandırdı, səfərbər etdi Heydər Əliyev.
Dilə, dilçilik elmimizə böyük qayğı nəticəsində qısa bir dövrdə fundamental əsərlər yarandı, neçə-neçə dilçi alimimiz dövlət mükafatlarına layiq görüldü.
İmperiya maraqları ilə keçmişi unutduran Azərbaycan xalqı 70-ci illərdə qeyd edilən böyük yubiley yığıncaqlarında özünə qayıdır, misilsiz tarix-mədəniyyət dərsləri keçir, öz milli yaddaşı, tarixi gücü ilə silahlanaraq ayağa qalxırdı. Bu, xalqın mənəvi xilası, səfərbərliyi, sonrakı xalq azadlıq hərəkatının ilk qüvvə toplama mərhələsi idi.
Təəssüf ki, Heydər Əliyevin Azərbaycan naminə yeritdiyi geniş miqyaslı, uzaqgörən siyasət, həyata keçirilən böyük işlər bəzən qısqanclıqla, hətta düşmənçiliklə qarşılanırdı. Moskvaya, Kremlə axın-axın anonim məktublar, teleqramlar göndərilir, Azərbaycanda millətçiliyin baş qaldırması iddia olunurdu. Heydər Əliyev bəzən Kremlin yüksək vəzifəli dövlət məmurları ilə də mübarizə aparır və qalib gəlirdi.
Məlumdur ki, bir sıra böyük zavod və fabriklər, nəhəng sənaye və kənd təsərrüfatı kompleksləri Heydər Əliyevin nüfuzu, təkidi nəticəsində məhz Azərbaycanda tikilirdi. Bunlar Azərbaycanın iqtisadi potensialına onun tarixi töhfələri idi.
Qafqazda ən güclü elektrik enercisi sisteminin Azərbaycanda yaradılması Heydər Əliyevin dərindən düşünülmüş, uzaqgörən siyasətinin nəticəsi idi. İndi azad, müstəqil Azərbaycanın enerji sarıdan korluq çəkməməsi Heydər Əliyevin keçən əsrin 70-ci illərindəki böyük xidmətinin nəticəsidir.
Bir sözlə, 70-ci illərdə Azərbaycan başdan-başa tikinti-quruculuq, sosial-mədəni tərəqqi, bütöv dirçəliş meydanına dönmüşdü; bu illərdə Azərbaycan öz qədim tarixinin qızıl dövrünü - keçmişin bərpası və bu günün, gələcəyin quruculuğunda təkrarsız dirçəliş, intibah dövrünü yaşayırdı. Həmin dövrün dahi strateqi, baş memarı Heydər Əliyev idi. Yalnız öz xalqını, Vətənini həqiqi övlad məhəbbəti ilə sevən qüdrətli dövlət rəhbəri belə uzaqgörən siyasət yeridə bilər, belə misilsiz, fenomenal nəticələrə nail ola bilərdi.
İlk baxışda adi görünən bütün bu və digər konseptual istiqamətlər nəticəsində Heydər Əliyev xalqı daxilən, ruhən səfərbər edib böyük məqsədlərə doğru yönəldə bildi, sözün həqiqi mənasında, Azərbaycanı Azərbaycana qaytara bildi.
Xalq öz böyük oğlunun, dahi rəhbərinin tarixi xidmətlərini unutmamışdı. Odur ki, dar ayaqda yenə ona üz tutdu, onun ağlına, bacarığına, xilaskar qüdrətinə bel bağladı. Mən özüm canlı şahidəm ki, 1993-cü ilin 4 iyun qiyamı, faciəli vətəndaş müharibəsi ərəfəsində yüzlərlə, minlərlə məktub, teleqram, faks gəlirdi Naxçıvana – Heydər Əliyevin ünvanına. Bu saysız-hesabsız məktub və teleqramlarda, faks və telefon danışıqlarında xalq Heydər Əliyevi təkidlə Bakıya dəvət edir, Azərbaycanı düşdüyü son dərəcə böhranlı, faciəli vəziyyətdən xilas etməyə çağırırdı. Xalqın bu arzuları, ümidləri, təkidi, tələbi, Azərbaycanın siyasi hakimiyyətində kimi görmək istəyi ən yeni tariximizə “91-lər” adı ilə daxil olan ziyalıların, görkəmli elm və sənət adamlarının bir qədər əvvəl, 1992-ci ildə Heydər Əliyevə ünvanlanan tarixi məktubunda daha əhatəli, konseptual şəkildə qeyd olunmuşdur. 91 nəfər Azərbaycan ziyalısının, respublikamızda çox böyük hörməti, nüfuzu olan elm və sənət adamlarının imzalayıb göndərdiyi həmin tarixi sənəd, əslində, bütün xalqın, Azərbaycanın məqsəd və məramını, ümummilli narahatlığını, Heydər Əliyev xilaskarlığına dərin inam və etiqadını ifadə edirdi.
Bəli, Heydər Əliyev 1993-cü ilin yayında, iyunun əvvəllərində faciələr girdabında boğulan, dəhşətli vətəndaş müharibəsinin ilk qurbanlarının qanı ilə sinəsi dağlanan Azərbaycanın fəryadını eşitdi, onun səsinə səs verdi.
Bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Həmin vaxt iqtidarda olan qüvvələr - AXC-Müsavat cütlüyü də öz səhvləri nəticəsində yaranmış böhranlı vəziyyətdən xilas olmaq üçün dönə-dönə Naxçıvana üz tutur, Heydər Əliyevi Bakıya dəvət edirdilər. Çox ibrətamiz faktdır: hətta ulu öndər Əliyevə düşmən gözü ilə baxan qüvvələr də yeganə xilas yolunu Heydər Əliyevdə, onun siyasi hakimiyyətə qayıtmasında görürdülər. Özünün çoxsaylı səhvləri, siyasi səriştəsizliyi, dövləti idarəetmədə buraxdığı kobud nöqsanları ilə gənc, müstəqil Azərbaycan Respublikasını “ölüm-qalım” yolayrıcına, qlobal iflas uçurumuna gətirib çıxaran bədnam AXC-Müsavat cütlüyü də başqa yol tapmayaraq Heydər Əliyevin xilaskar gəlişinə müntəzir idi, intizarla onun gələcəyi yollara boylanırdı.
1993-cü il iyunun 9-da dahi dövlət xadimi Heydər Əliyevi gətirən təyyarə Bakı hava limanında yerə endi. O gün bütün Azərbaycan sevinc içində idi; ürəklərin kədərinə, həsrətinə, ümidsizlik və intizarına son qoyulmuşdu. Xalq inandığı, etibar etdiyi oğlunu və rəhbərini gül-çiçəklə, qəlbinin ən böyük sevgisi, sevinci ilə qarşılayırdı. Həmin sevgi, sevinc ümmanında mənim yadıma orta əsr salnaməsindən yaddaşıma həkk olunmuş bir cümlə düşdü: “Şah İsmayıl Xətai ruhun bədənə qovuşduğu kimi Təbrizə daxil oldu”. 1501-ci ildə Şah İsmayıl Xətainin Təbrizə daxil olub Səfəvilər dövlətini yaratmasına işarə edilən bu tarixi cümləni xatırlaya-xatırlaya Heydər Əliyevin Bakıya gəlişini izləyir, Azərbaycan dövləti və dövlətçiliyinin xilasına sevinirdim. Heydər Əliyev də ruhun bədənə qayıtdığı kimi Bakıya daxil olurdu. Bu tarixi analogiyada böyük bir tarixi həqiqət var. Heydər Əliyev də Şah İsmayıl Xətai kimi Azərbaycan dövləti və dövlətçiliyini xilas etdi, qorudu və möhkəmləndirdi.
1993-cü ilin 15 iyununda Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Heydər Əlirza oğlu Əliyev Azərbaycan Respublikası Milli Məclisinin 15 iyun 1993-cü il tarixli iclasındakı proqram xarakterli çıxışında deyirdi: “Azərbaycanın bu faciəli dövründə biz böyük fəlakət qarşısındayıq. Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün siyasi partiyalar, bütün siyasi qurumlar, bütün siyasi və ya ictimai təşkilatlar, bütün insanlar hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır, hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən qurtarmalıyıq”.
Bu, haqqın, həqiqətin səsi idi. Bu, dahi xilaskarın Azərbaycan xalqına ünvanlanan tarixi çağırışı idi. Xalq bu səsi, tarixi çağırışı eşitdi, ona hay verdi, Heydər Əliyevin, onun xilaskar ideyalarının ətrafında birləşdi, alınmaz qalaya, güclü səngərə döndü. Xalq bütün tarixi gücü, milli-mənəvi yaddaşı ilə, bütün qəlbi, ruhu ilə səfərbər oldu, ayağa qalxdı.
Beləliklə, Azərbaycan Respublikasında dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başlandı. Çox böyük sürətlə, misilsiz qətiyyətlə həyata keçirilən bu mürəkkəb proses nəticəsində, sözün həqiqi mənasında, Heydər Əliyevin hakimiyyət ustalığı, fenomenal xilaskarlığı ilə Azərbaycan gəmisi dəhşətli girdabdan, gizli-aşkar qayalıqlara çırpılıb məhv olmaqdan qurtuldu. 1993-cü il oktyabrın 3-də respublika əhalisinin böyük əksəriyyətinin - 98,8 faizinin səs verməsi ilə Azərbaycan Prezidenti seçilən Heydər Əliyev 1993-cü il oktyabrın 10-da vətənə, dövlətə, xalqa sədaqət andı içdi. Andiçmə mərasimindəki nitqində dahi rəhbərimiz deyirdi: “Azərbaycan Respublikası bundan sonra heç vaxt başqa bir dövlətin tərkibinə daxil olmayacaq, başqa bir dövlətin tabeliyinə düşməyəcək, öz müstəqilliyini daim qoruyacaqdır”. Milli qurtuluş yolunun bu əsas istiqaməti Heydər Əliyev qüdrətilə günbəgün, ilbəil möhkəmləndirildi, əbədi və dönməz xarakter aldı.
Bəli, Azərbaycanın tale kitabına Milli Qurtuluş Günü kimi əbədilik yazılan 1993-cü ilin 15 iyunu ilə yeni bir dövr başlandı. Həmin gün xalqın arzusu, ümidi, təkidli çağırışı, tarixi ehtiyacı ilə yenidən hakimiyyətə qayıdan dahi siyasətçi Heydər Əliyev Vətən və xalq naminə, azad, müstəqil, bütöv Azərbaycan naminə qüdrətli xilaskarlıq fəaliyyətinə başladı.
Azadlığına yenicə qovuşan Azərbaycan Respublikası daxili və xarici düşmən fitnələrilə, imperiya maraqları ilə parçalanaraq bölüşdürülmə faciəsindən, milli iflasdan, dövləti məhvolmadan xilas edildi.
Heydər Əliyevin müdrik siyasəti nəticəsində qanlı vətəndaş müharibəsinin qarşısı alındı. Respublikamızın şimalında və cənubunda alovlanmaqda olan separatizmə, xəyanətlərə son qoyuldu, qısa müddətdə məmləkətimizdə sosial-siyasi sabitlik bərqərar edildi. Dövlətçilik sisteminin möhkəmlənməsi, daxili və xarici siyasətdə uğurlar, tarixi quruculuq dövrü başlandı. İqtisadiyyatda geriləməyə, tənəzzülə son qoyuldu, ilbəil müsbət dəyişikliklər çoxaldı, əsaslı yüksəliş ardıcıl xarakter aldı. Ona görə xalqımız, dünyada yaşayan bütün azərbaycanlılar 15 iyunu Milli Qurtuluş Günü kimi bayram edir. Həmin gün, həqiqətən, ümummilli, ümumxalq qurtuluşunun əsası qoyuldu.
Bu, cəmiyyəti məhv edən qorxulu anarxiyadan, dağıdıcı separatizm və özbaşınalıqdan, terror və banditizmdən sivil, sabit, dünyəvi, demokratik dövlətçilik sisteminə qayıdış bayramıdır.
Bu, parçalanma məğlubiyyətindən bütövləşmə, birləşmə qalibiyyətinə, tənəzzüldən tərəqqiyə qayıdış bayramıdır.
Əsrimizin əvvəllərində Mustafa Kamal Atatürk Türkiyəni necə xilas etmişdisə, iyirminci yüzilliyin sonlarında Heydər Əliyev də Azərbaycanı eləcə xilas etdi. Türkiyənin beynəlxalq Atatürk mükafatının Heydər Əliyevə verilməsi müasir tariximizin ibrətamiz bir hadisəsi, əslində, haqqın, həqiqətin təntənəsi idi.
Bütün bunlara görə tam təbiidir ki, hər il 15 iyunda - Milli Qurtuluş Günündə Heydər Əliyev zirvəsinə boylanırıq. Azərbaycanın əbədi müstəqillik, azadlıq, milli istiqlal yoluna məşəl kimi yanan ürəyin – Heydər Əliyev dühasının işığı düşür. Bu bayramda – Milli Qurtuluş Günündə o qalib, qüdrətli işığa üz tuturuq.
Nizami XUDİYEV,
filologiya elmləri doktoru, professor,
əməkdar elm xadimi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.