Böyük xilaskarlığın tarixi nümunəsi

 

 

 

 

Xalqımız bu günlərdə 15 İyun  Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd edir. Azadlıq, müstəqillik hər bir vətəndaş üçün, eləcə də xalqlar üçün ən müqəddəs nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan böyük insan – ulu öndər Heydər Əliyevdir.

Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası və xalqa bağışlanan ömür yolu müasir Azərbaycan tarixinin zəngin tərkib hissəsidir. Heydər Əliyev zamanın və taleyin mütləq mənada ehtiyac duyduğu, tarixin yeni mərhələsində, yeni sosial-siyasi və iqtisadi şəraitdə özünün çox böyük fitri lider potensialını reallaşdıra bilmiş bir şəxsiyyət idi. XX əsrdə xalqımızın yetirdiyi bu fenomen şəxsiyyət müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irs və yeni düşüncə əsasında yaradaraq, praktik surətdə gerçəkləşdirmiş strateq kimi daim böyük rəğbət və ehtiramla xatırlanır.

Xalqımız qərinələr boyu əxz etdiyi dövlətçilik ənənələrini məhz Heydər Əliyev epoxasında və onun rəhbərliyi ilə sistem halına salmış, millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını ən yüksək həddə nümayiş etdirmişdir. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan kəşməkəşli və şərəfli yolu, əslində, məhz dahi öndərimizin hakimiyyətə gəlişindən sonra başlanmışdır. Ötən əsrin 70-ci illərindən başlanan unikal inkişaf və yüksəlişdən tutmuş müstəqil Azərbaycan dövlətinin yaranmasınadək mahiyyət etibarilə əzəmətli epoxa məhz Heydər Əliyevin qurtuluş və quruculuq missiyasının məntiqi nəticəsidir.

Yetkin siyasət və dövlət xadimi kimi Heydər Əliyevin Azərbaycanın siyasi səhnəsinin birinci şəxsi kimi fəaliyyətə başlaması və onun ölkə həyatına gətirdiyi əzəmətli inkişaf tendensiyası dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübuta yetirmək üçün ən tutarlı nümunədir. Bu nümunə həm də ona görə xüsusi əhəmiyyətə malikdir ki, digər böyük şəxsiyyətlərdən fərqli olaraq, Heydər Əliyev bu sosioloji qanunauyğunluğu iki dəfə və fərqli ictimai-siyasi formasiyalarda sübuta yetirməli olmuşdur.

Dövlətimizin tarixində ulu öndər iki dəfə siyasətdə və dövlət idarəçiliyində səriştəsizliyə və bəsitliyə son qoya bilmişdir. Bu insan azərbaycanlıların güclü iradəyə və ruha malik olduqlarını, onun xalqının böyük enerji potensialını öz timsalında bütün dünyaya nümayiş etdirmişdir. Tale elə gətirmişdir ki, ümummilli lider Azərbaycana rəhbərlik etdiyi zaman başladığı tarixi missiyanı, şərəfli və müqəddəs yolu sonradan müstəqil, suveren Azərbaycan dövlətinin prezidenti kimi uğurla, ardıcıl şəkildə davam etdirmişdir. Heydər Əliyev birinci dəfə də, ikinci dəfə də eyni şəraitdə - ictimai münasibətlərin kəskin şəkildə gərginləşdiyi, dövlət idarəçiliyinin fundamental əsaslarının dağıldığı, cəmiyyətin zehnində dolaşıqlıq və mənəvi dayaqlarında hərc-mərclik yarandığı dövrlərdə ölkəyə rəhbərlik etməyə başlamışdır.

Azərbaycan xalqının taleyində Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası özünün ifadəsini təkcə onun Azərbaycana uzun müddət rəhbərlik etməsində deyil, bəlkə də bundan daha çox bu rəhbərliyin kifayət qədər zəngin və dolğun məzmuna malik olmasında tapır. Tam qətiyyətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr onun tarixinin xüsusi, ən intensiv inkişaf mərhələsini təşkil edir. Bu mənada həmin dövrü tariximizin nəinki sürətli və hərtərəfli yüksəliş illəri, yeni tarixi də adlandırmaq daha dəqiq olardı. Məhz haqqında söhbət açdığımız zaman kəsiyində Azərbaycan malik olduğu böyük intellektual petensialı, təbii sərvətləri, bir sözlə milli gücü, birliyi və ruhu cəmləyib ölkənin tərəqqisinin qüdrətli amilinə çevirmək imkanı qazanmış və bununla da özünün keyfiyyətcə yeni bir dövrünə qədəm qoymuşdur.

Bəli, Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası dövrü müasir Azərbaycan cəmiyyətinin formalaşması vəzifələrinin uğurla və ardıcıl olaraq yerinə  yetirilməsini özündə ehtiva edir. 1970-80-ci illərdə Azərbaycan cəmiyyətinin həyatında baş verən sürətli tərəqqi sayəsində ölkənin mahiyyət etibarilə yeni keyfiyyət halına, Azərbaycan tarixinin isə yeni inkişaf mərhələsinə keçməsi inkaredilməz reallıqdır. Azərbaycanın ikinci dəfə yeni tarixi mərhələyə daxil olması isə artıq başqa siyasi reallıqlar çərçivəsində, 1993-cü ildə Heydər Əliyevin möhtəşəm Qayıdışı ilə səciyyələnir.

1969-cu ildə bu dahi şəxsiyyətin Azərbaycanın rəhbəri seçilməsi, çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması kimi daxil olmuşsa, 1993-cü ildə məşhur tarixi qayıdış əsrlərin sınağından keçə-keçə min bir əziyyətlə məqsədinə doğru addımlayan bir millətin özünəqayıdışına çevrilmişdir. Bununla da Azərbaycan özünün müstəqillik tarixinin daha şərəfli və əzəmətli mərhələsinə qədəm qoymuşdur.

Heydər Əliyev sovet dövründə mövcud olan ideologiyanın qəlibləri çərçivəsində və bu ideologiyaya, əlbəttə, aşkarda daban-dabana zidd olmayan formada olsa belə, alt qatda ona müxalif qalaraq, Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmış və bununla Azərbaycanı gizli və aşkar şəkildə gözləyən təlatümlərdən sovuşdura bilmişdir.

1993-cü ildə xalqın təkidli tələbi ilə Bakıya qayıdanda da ulu öndərimiz Azərbaycanı iflasdan, fəlakətdən qurtarmış, dövlətçiliyi möhkəmlətmiş, onu xain əllərdən, çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəltmişdir. Ulu öndər müdrik fəaliyyəti ilə cəmiyyətdə özünəinam hissini bərpa etmiş, sabitlik və firavanlığa ciddi təminat yaratmışdır. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu günün özündə də daha yüksək dinamika ilə davam etməsi 1969-cu ildən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyası funksiyasını yerinə yetirdiyini qətiyyətlə təsdiq edir.

Qüdrətli lider Heydər Əliyev zamanın onun zəkasına, iradəsinə, təcrübəsinə və vətən sevgisinə etibar etdiyi missiyanı layiqincə yerinə yetirməyə müvəffəq olmuşdur. Azərbaycan təhlükələrdən xilas edilmiş, bütövlüyü saxlanmış, ləyaqəti qorunmuşdur.

Əzəmətli adı Azərbaycan xalqının yaddaşına dövlət qurucusu kimi əbədi həkk olunmuş ulu öndər Heydər Əliyev öz yeni tarixi missiyasına çox ağır, mürəkkəb şəraitdə başlamışdı. Təsadüfü deyil ki, tale özü Azərbaycanı yenidən dirçəltmək, onun müstəqilliyini və suverenliyini qorumaq kimi çox çətin və şərəfli vəzifəni məhz Heydər Əliyevin qadir əllərinə tapşırdı. Yalnız 1993-cü ilin yayından Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra illərlə davam edən siyasi hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoyuldu, Azərbaycanda yeni tarixi mərhələ - dövlət müstəqilliyinin möhkəmləndirilməsi və real dövlət quruculuğu dövrü başlandı.

Dövlətin müqəddəratının həll olunduğu bir dövrdə Azərbaycan xalqının öz taleyini Heydər Əliyevə etibar etməkdə yanılmadığını ulu öndər qayıdışının elə ilk aylarından sübuta yetirdi. Ölkəni bir neçə il ərzində taqətdən salan hərc-mərcliyə qısa müddətdə son qoyuldu. Sabitlik və əmin-amanlıq təmin edildi, siyasi və iqtisadi böhran dayandırıldı.

Heydər Əliyev özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bildi və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacardı.

Böyük xilaskarın 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmız tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.

Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmışdır və bu, müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategityasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdur. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı ulu öndərimizin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanılmışdır.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyev azərbaycançılığın bütün tərkib hissələrini milli ideologiyamızın strukturlarına daxil etməklə mənəviyyat və dövlətçiliyin sintezindən çıxış edirdi. Həyatının bütün dönəmlərində xalqımızın dərin tarixi köklərə malik mədəni irsini ləyaqətlə qoruyan Heydər Əliyev bir ömür boyu ölkəmizin milli-mənəvi dəyərlərinin ən qüdrətli himayəçisi, ən böyük xeyirxahı olmuşdur. O, belə hesab edirdi ki, azərbaycançılığın əsas komponentlərindən biri milli dövlətçilik, digəri isə milli-mənəvi dəyərlərdir. Ulu öndərin ən böyük tövsiyəsi ondan ibarət idi ki, milli dövlətçiliyimizin qorunması və əbədi yaşaması üçün, ilk növbədə ziyalılar milli-mənəvi dəyərlərin keşiyində möhkəm durmalı, onu yaşatmalıdırlar.

Xalqın mənəvi dünyasına sonsuz qayğı və məhəbbətlə yanaşan ümummilli lider  demokratik, hüquqi dövlət quruculuğu istiqamətində də davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prisiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.

Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Ümummilli liderimizin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin kökündən dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.

Ulu öndər Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərmişdir. Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsinə başlanmışdır. Heydər Əliyevin təşəbbüsü ilə böyük siyasi məna kəsb edən bir sıra dünyamiqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamışdır.

 Bütün bu illər ərzində əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmişdir. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarmışdır.

Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü miniliyyə inamla qədəm qoymuşdur. Heydər Əliyev bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır.

Bu gün artıq hamımıza aydındır ki, ümummilli liderimizin cahanşümül fəaliyyəti öz əhəmiyyəti baxımından Azərbaycanın hüdudlarından çox-çox kənarlara çıxır. Müasir dövrdə nəinki Azərbaycanda, hətta bütün postsovet məkanında, eləcə də dünya miqyasında gedən prosesləri Heydər Əliyevin şəxsiyyətindən və fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyildir.

Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir.

Xalqımızın ümummilli lideri olaraq Heydər Əliyevin tarixi qayıdışı özünün ilk ifadəsini ölkəmizin nicatında tapırsa,onun ikinci ifadəsi, heç şübhəsiz, müstəqil Azərbaycan dövlətinin qurulmasıdır. Heydər Əliyevin tarixi qayıdışı və onun yaratdığı gerçəkliyin məntiqi obyektiv olaraq zamanın yeni çağırışlarını irəli sürməyə qadir idi. Bu çağırışlar müstəsna olaraq Azərbaycana xidmət edən və fayda gətirən, bu səbəbdən də, xalq tərəfindən qətiyyətlə dəstəklənən Heydər Əliyev siyasətinin gələcək taleyinə ünvanlanması ilə diqqəti cəlb edirdi.

Heydər Əliyevin qayıdışını qırılmaz zərurət kimi irəli sürən obyektiv tarix, eyni məntiqlə də dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasətin uzun müddət yaşamasını yeni tarixin yeni zərurətinə çevirmək hökmünü vermişdi. Bu zəruri siyasəti yaşadan, yüksəldən, zənginləşdirən və dünyaya təqdim edən isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

Əbədiyaşar lider Heydər Əliyevin təlatümlərdən çıxararaq qurub-yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikasını nümayiş etdirir. Xilaskarlıq missiyasının yaratdığı quruculuq ab-havası, yeni, müasir Azərbaycanın real siyasi və iqtisadi gerçəkliklərində təzahür edir. Ulu öndərin bizə miras qoyduğu dövlətçilik irsi bu gün də yaşayır, Prezident İlham Əliyevin timsalında xalqımızın mütərəqqi inkişaf yoluna daim işıq saçır.

Asif ƏSGƏROV,

Səbail Rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında