Ərəb inqilabları ssenarisi kənarda düşünülmüş məkrli prosesdir

 

Qardaş Türkiyə  Cümhüriyyətinin gündən-günə qüdrətlənməsini və türk xalqının beynəlxalq aləmdəki nüfüzunun  anbaan artmasını gözü götürməyən qüvvələrin İstanbulda və ölkənin digər şəhərlərində törətdiyi xaos, anarxiya və qarşıdurmalar bütün təəssübkeş türk övladları kimi məni də qəlbən  sarsıdır və dərindən narahat edir.

Ona görə də biganə qala bilmədiyim bu hadisələrlə bağlı səmimi qardaş hisslərimi hələ iyunun 3-də Türkiyənin yazılı və elektron mətbuatı vasitəsiylə həmin ölkənin ziyalılarına, alimlərinə, millət vəkillərinə, ağsaqqallarına və geniş xalq kütlələrinə, hər bir vətəndaşa ünvanlamışam.

Qeyd etmək istəyirəm ki, bu gün müsəlman ölkələrinə demokratiya gətirmək adıyla xaos, anarxiya, fəsad, xüsusən, iqtisadiyyatın çökməsi, siyasi qüvvələrin  parçalanması kimi nəticələr verən hadisələr bizim hər birimizi dərindən düşündürməli və narahat etməlidir. Azərbaycanın kədərini öz kədəri, sevincini öz sevinci kimi qəbul edən Türkiyə Cümhuriyyəti bizim hər birimizin fəxr etdiyimiz, güvəndiyimiz və inandığımız dövlətdir. Ona görə də hamı başa düşməlidir ki, Liviya, Tunis, Misir və digər ərəb ölkələrini 40- 50 il geriyə salan siyasi proseslərin İstanbula köçürülməsi cəhdləri düşünülmüş bir təxribat planının tərkib hissələrindəndir. Hamı bu məsələyə soyuq başla münasibət bildirərsə, istənilən təhlükədən yayına bilərik.

Təkcə türk qardaşlarımız deyil, eləcə də bu ölkənin vətəndaşı olan bütün xalqların nümayəndələri  ununtmasın ki, söhbət əsrlər boyu bütün dünyada islam xalqlarının və dövlətlərinin  təəssübünü çəkən, ona arxa olan bir dövlətin sabahından gedir. Hər birimiz fəxrlə deyə bilirik ki,  bu ğün bütün müsəlman aləmində ən güclü orduya malik olan, ən demokratik bir dövlət imici qazanan, bəşəri dəyərlərə düşmən kəsilən qüvvələrə dəyanətlə sinə gərən yeganə dövlət məhz Türkiyə Cümhuriyyətidir. Türk dövləti və xalqı tarixin bütün dönəmlərində başqa xalqlarla ünsiyyət və münasibətlərındə   daim sevgi və məhəbbət, insanlığa hörmət, qonaqpərvərlik, birlik və bərabərlik nümayiş etdirib. Hər bir türk yaşadığı  Avropa ölkələrində ,  Amerikada  və ya dünyanın hər hansı bir dövlətində öz mədəniyyətini ən yüksək səviyyəli insanlıq nümünəsi kimi göstərmişdir. Hər bir türk  həmişə yaşadığı dövlətlərin qayda-qanunlarına riayət edib, adət və ənənələrinə hörmət edib və indi də edir. Mən bu gün Türkiyədə baş vermiş hadisələrə təmkin, səbr, soyuqqanlılıq, düşüncə və ağılla  münasibət bildirilməsini arzulayıram və bunu hər bir türk qardaşımdan xahiş edirəm. Bu hərəkətlərin nə ilə başa çatacağının məsuliyyətini hər bir türk və Türkiyə vətəndaşı öz üzərində hiss etməlidir.  Türk xalqının hər bir ziyalısının, dövlət rəsmisinin, millət vəkillərinin, alimlərinin, ağbirçək analarının borcudur ki, Türkiyənin xaricdə düşünülmüş  çirkin oyunlardan qorunmasında iştirak etsin.

Yalnız Türkiyənin sabahını düşünən bu insanlar geniş kütlələri sakitləşdirər, baş verən hadisələri diqqətlə təhlil edib, törədilmiş əməllərin səbəblərini araşdıra bilər və dövlətçilik naminə zəruri olan qərarları qəbul etməyi bacararlar. Bu əməllərin günahkarlarının cəzalandırılmasını da Türkiyənin qanunları ilə bərabər türk xalqının müdrikliyi təşkil edə bilər. Bu ocağa od atanlar mütləq öz cəzasına çatmalıdırlar.

Türkiyəyə, türk ordusuna və türk xalqına  Azərbaycan sevgisini və məhəbbətini təcəssüm etdirən bir xatirəni qardaş ölkənin bu günündə yada salmaq zərurəti var. Ötən əsrin 17-18-ci illərində Azərbaycanda baş alıb gedən soyqırımları, erməni daşnaklarının bolşeviklərlə birgə törətdiyi qətliamların tüğyan etdiyi zaman başda Nuru Paşa olmaqla türk əsgərləri bizə həqiqi qardaş əli uzadaraq möhtəşəm bir nümünə yaratmışdılar. Babam danışırdı ki, bizim  doğulub böyüdüyümüz Bakıətrafı kəndlərin qadın və qızları erməni cəlladlarının əlinə keçməmək, öz namuslarını qorumaq üçün Xəzərin sahilinə toplaşmışdılar. Qaniçənlərin yaxınlaşacağı təqdirdə hamı özünü dənizə ataraq intihar etmək qərarına gəlmişdi. Onları bu namus intiharından türklərin Bakıya gəlməsi xilas edə bilmişdi. Əgər o zaman analarımız intihar etmiş olsaydı, onda bu gün biz dünyada olmayacaqdıq. Biz həmin tarixi həqiqətləri heç zaman unutmamaq  məqsədilə  gənc nəsillərə də öyrədirik. Mən başqa bir həqiqəti də öz babamdan eşitdiyim kimi hörmətli oxuculara  çatdırıram: - “Türk dilini öyrənin və onlarla daim qardaş olun, onların səltənəti uzun çəkəcək”.       Hədislərin birində bu barədə deyilir: “Allah sözüdür, - mənim yer üzərində türk adlı bir ordum var, kimə qəzəbim tutar, onun üzərinə yönəldərəm!”.

Bu həqiqətləri bilən qardaşlarım unutmamalıdırlar  ki, istər türkün mədəniyyəti, istər tarixi, istər də adət-ənənələri ulu əcdadlarımızdan bizə qalan mənəvi irsdir. Fateh Mehmetlər, Süleyman Qanunilər, Osmanlı Sultanları, Yunis İmrələr yetişdirən o dəyərli və bəhərli torpaqları necə qarşıdurmalar məkanına çevirə bilərık? Minlərlə camiləri olan, Azan zamanı “Allah!” - deyə səslər ucalan bir məmləkətdə xarici qüvvələrin istəyinin reallaşmasına necə imkan verə bilərik? Bu sual Türkiyənin hər bir vətəndaşını düşündürməlidir.

Mən əziz qardaşlarıma  bütün bunları xatırlatmaqla  bir daha Allah xatirinə hər bir türkdən rica  edirəm ki, bəşər övladına, islami dəyərlərə, türk xalqlarına böyük məhəbbətlə yanaşan, bütün insanlar üçün birlik və qardaşlıq yaradan dövləti - Türkiyəni qoruyun!

Biz ümid edirik ki, İstanbuldakı Taksim meydanında başlanan bu hadisələr  elə orada da sevgi və məhəbbətlə, bir süfrə arxasında, qardaşın qardaşa əl uzatması ilə tamamlanacaq. Orada başlanıb orada başa çatan hadisələr türk xalqının həqiqətən vahid  məsləkə xidmət etdiyini, Vətən və dövlət naminə yekdil olduğunu, Türkiyənin məğlubedilməzliyini bir daha bütün dünyaya sübut edəcəkdir.

Əminik ki, türk xalqı öz tarixi mərdanəliyini, qürurunu və dönməzliyini növbəti dəfə ortaya qoyacaqdır. İstər “ərəb baharı” olsun, istər “zənci payızı”, heç bir xarici ictimai-siyasi proses Türkiyəyə ixrac olunmamalıdır.

 Hacı  Fərhad  MİRZƏ,

Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının  akademiki, Respublika Ağsaqqallar Şurasının üzvü,

yazıçı - filosof

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında