Ankarada TürkPA-nın növbəti plenar sessiyasının gələn il Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir

 

Türkdilli Ölkələrin Parlament Assambleyası - TürkPA-nın 4-cü plenar sessiyasında iştirak etmək üçün Türkiyədə səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov və rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Ankaradakı Heydər Əliyev parkını ziyarət etmişlər.

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyulmuş, xatirəsi ehtiramla yad edilmişdir.

Qonaqlara ulu öndərin adını daşıyan parkda görülən işlər haqqında məlumat verilmişdir.

Azərbaycan nümayəndə heyətinin üzvləri TürkPA-nın  yaradılmasının beşinci ildönümünə həsr edilmiş 4-cü plenar sessiyanın işində iştirak etmişlər.

Sessiyanı açan Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək bildirmişdir ki, TürkPA-nı digər bənzər qurumlardan fərqləndirən cəhət bu assambleyanın qardaş xalqların deputatlarından ibarət olmasıdır.

Cəmil Çiçək qeyd etmişdir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti qurumun bütün üzvlərini ən çox narahat edən məsələlərdən biridir və bu da təbiidir. Türkdilli ölkələr bundan sonra da Azərbaycanı bu məsələdə birmənalı olaraq dəstəkləməlidirlər.

Sessiyada çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov isə TürkPA-nı türkdilli xalqların inteqrasiyası, siyasi əlaqələr və parlamentlərarası əməkdaşlığın inkişafı baxımından olduqca mühüm qurum kimi qiymətləndirmişdir.

Azərbaycan parlamentinin sədri qeyd etmişdir ki, ölkəmiz bu quruma, eləcə də bütövlükdə parlament diplomatiyasına böyük önəm verir.

Qazaxıstan parlamentinin sədri Nurlan Niqmatulin və Qırğızıstan parlamentinin sədri Əsilbəy Jenbəyov TürkPA-nın Bakıda yerləşən beynəlxalq katibliyinin binasına paytaxtımızın ən görkəmli yerlərindən birində torpaq sahəsi və tikinti üçün vəsait ayrılmasında Azərbaycan Prezidenti İlham Əliyevin xidmətlərini dərin minnətdarlıq hissi ilə qeyd etmişlər.

Sessiyada müşahidəçi qismində iştirak edən Türk Şurası, TÜRKSOY, Dünya Türk Gənclər Liqası və digər beynəlxalq qurumların rəhbərləri TürkPA ilə əməkdaşlıq əlaqələri haqqında danışmış, sessiyanın işinə uğurlar arzulamışlar.

Daha sonra TürkPA-nın baş katibi Ramil Həsənov Assambleyanın beynəlxalq katibliyinin 2012-ci ildə gördüyü işlər haqqında məlumat vermişdir.

Sessiya iştirakçıları TürkPA-nın ötən dövrdəki fəaliyyətini yüksək qiymətləndirmişlər.

Toplantıda Parlament Assambleyasının beynəlxalq əlaqələr, sosial, mədəni və humanitar məsələlər, eləcə də iqtisadi, ticarət və maliyyə məsələləri, hüquq  komissiyalarının hesabatları müzakirə edilmişdir.

Komissiyaların tövsiyələri ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir.

2014-cü il üçün qurumun büdcəsi təsdiq edilmişdir.

Sessiyada, həmçinin dörd illik səlahiyyət müddəti başa çatan TürkPA-nın beynəlxalq katibliyinin yeni tərkibi formalaşdırılmışdır.

Tədbir iştirakçıları sessiyanın yekunları ilə bağlı Ankara Bəyannaməsini qəbul etmişlər.

TürkPA-nın növbəti plenar sessiyasının gələn il iyunda Azərbaycanda keçirilməsi haqqında qərar qəbul olunmuşdur.

Sessiyada iştirak edən parlament sədrləri Türkiyə Prezidenti Abdulla Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşmüşlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında