Qurtuluşdan başlanan davamlı inkişaf strategiyası

 

 

 

Tarixən zamanın nəbzini tutmağı, hadisələrə obyektiv qiymət verməyi bacaran liderlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olmuş, təmsil etdikləri xalqları zamanın sərt  sınaqlarından məharətlə çıxarmış, milli xilaskara çevrilmişlər. Belə müdrik dövlət xadimləri ən çətin vəziyyətlərdən az itki ilə çıxmaq imkanı yaradan optimal qərarlar qəbul etmiş, xalqlarının mənafeyi naminə həyatlarını riskə atmaqdan belə çəkinməmişlər.

 Azərbaycan xalqının müasir tarixində əvəzolunmaz yeri və xidmətləri olmuş dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyev də məhz xilaskarlıq və quruculuq missiyası ilə hələ sağlığında xarizmatik liderə çevrilmişdir.

Yüksək idarəçilik keyfiyyətləri, hadisələrin gələcək inkişaf axarını böyük uzaqgörənliklə duymaq, sözünü məqamında demək bacarığı, bütöv və prinsipial xarakteri sayəsində ulu öndər hadisələrin fövqünə qalxaraq idarəçilik qabiliyyətini reallaşdıra bilmiş, lider imicini qorumuşdur. Böyük strateq məhz bu keyfiyyətləri sayəsində milli liderə çevrilmiş, hər bir vətəndaşın maraq və mənafeyini uca tutmuşdur. Ulu öndər Heydər Əliyev həm də müstəqil Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu kimi çağdaş tariximizə şanlı səhifə yazmışdır.

Ümummilli liderin Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi və möhkəmləndirilməsi istiqamətində cərəyan edən proseslərin önündə getdiyini təsdiqləyən faktlar kifayət qədərdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində respublikada cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə qətiyyən biganə qalmayan ulu öndər Heydər Əliyev hələ Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə müstəqilliyin qazanılması, milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak etmişdir. Naxçıvan MSSR-in adının dəyişdirilməsi, burada ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli dövlət bayrağının ucaldılması, habelə SSRİ-nin saxlanılmasına münasibəti öyrənən referendumun boykot edilməsi və digər mühüm hadisələr bunun əyani təsdiqidir.

Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini əldə etsə də, de-fakto bu istəyini reallaşdıra bilməmiş, hakimiyyətdə olan naşı və səriştəsiz qüvvələr ictimai-iqtisadi formasiya dəyişkənliyinin doğurduğu ağır problemlərin öhdəsindən gəlməmişlər. Nəticədə ölkədə iqtisadi tənəzzül prosesi dərinləşmiş, xalqın yaşayış səviyyəsi pisləşmiş, qanunçuluğun, hüquq qaydalarının təminatında ciddi problemlər yaranmışdı. Xüsusən də 1992-ci ilin mayında silahlı yolla hakimiyyətə gələn AXC-Müsavat iqtidarının siyasi səriştəsizliyi, qətiyyətsizliyi Azərbaycan dövlətçiliyinə ciddi təhlükəyə çevrilən neqativ meyillərin baş qaldırmasına - siyasi mübarizədə qanunsuz silahlı birləşmələrdən istifadəyə, etnik separatizmə, vətəndaş itaətsizliyinə gətirib çıxarmışdı. Nəhayət, 1993-cü ilin iyun ayında Gəncədə baş verən hadisələr isə ölkədəki hərc-mərcliyin, anarxiya mühitinin, siyasi hakimiyyətə qarşı total inamsızlığın məntiqi sonluğa yetişməsi idi. Müəyyən xarici qüvvələrin dəstəklədiyi bu hadisələr respublikamızın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, vətəndaş müharibəsi, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanması təhlükəsini reallaşdırmışdı.

Ümummilli liderin 1993-cü ilin 9 iyununda xalqın təkidli istəyinə səs verərək  Bakıya qayıtması isə onun nə qədər qətiyyətli, prinsipial, heç bir təhlükədən çəkinməyən, xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqlədi. Respublikada hərc-mərcliyin, özbaşınalığın hökm sürdüyü, qanunsuz silahlı dəstələrin at oynatdığı, düşmənlə mübarizə apara biləcək nizami ordunun olmadığı, ermənilər tərəfindən işğalın gündən-günə genişləndirilməsi, bir çox xarici dövlətlərin Azərbaycanı suveren dövlət kimi görmək istəmədiyi, beynəlxalq aləmdə ölkəmizin təkləndiyi bir vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini qısa zamanda dəyişərək normal məcrasına salmaq böyük siyasət və müdriklik tələb edirdi. Bu günün prizmasından bir daha aydın görünür ki, Heydər Əliyevin “qan içi”ndə çalxalanan paytaxta gəlməsinin özü bir cəsarət nümunəsi, liderlik örnəyi idi. Başıpozuq bir ölkədə, qardaş qardaşın qanını axıtdığı bir zamanda ulu öndərin təhlükəsizliyinə heç kim zəmanət verə bilməzdi. Ölkəyə rəhbərlik edənlər Gəncədə böyük fəlakətlər törətdiklərinə baxmayaraq, günahsız olduqlarını, bu qarşıdurmaya sərəncam vermədiklərini israr edir, bir-birini günahlandırır, özlərini “sığortalanmağa” çalışırdılar. Belə bir vəziyyətdə Bakıya gəlmək və heç bir təhlükədən çəkinmədən Gəncəyə, hadisələrin cərəyan etdiyi bir bölgəyə səfər etməyi, hadisələrə düzgün siyasi qiymət verməyi yalnız Heydər Əliyev kimi fenomenal şəxsiyyət bacara bilərdi.

Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilməsi isə onun, sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda, xalqın qurtuluş, qəhrəmanlıq tarixidir. Həmin gün həm də Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi təcəssümüdür. Əgər xalqın təkidi ilə Heydər Əliyev həmin gün yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki, mümkün olacaqdı. Bu qayıdış, ilk növbədə, Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi.

Ümummilli liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalığın, hərc-mərcliyin, qanunsuzluqların, kütləvi iğtişaşların, aclığın, səfalətin qarşısı alındı. Ermənistanın daha geniş ərazilərimizi işğal etməsinə, kütləvi qanlar axıdılmasına son qoyuldu, atəşkəsin imzalanmasına nail olundu. Bu da təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi respublikanın çağdaş tarixində dönüş və qurtuluş mərhələsi kimi dəyərləndirilir. Beləliklə, 15 iyun tarixi Azərbaycanın böyük faciə və məşəqqətlərdən qurtuluşunun həqiqi ifadəsinə, inkişaf və tərəqqi ilə səciyyələnən yeni mərhələsinin başlanğıcına çevrilmişdir.

Xilaskarlıq missiyasının nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin 10 oktyabrında ulu öndər Heydər Əliyevə etimad göstərərək onu özünün layiqli rəhbəri seçmiş, müdrik liderinin rəhbərliyi altında davamlı inkişaf yoluna qədəm qoymuşdur. Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi, münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur.

Sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən Heydər Əliyev xarici şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına da strateji məsələ kimi yanaşmışdır. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlanmış və mərhələlərlə həyata keçirilmişdir. XX əsrin qlobal layihələrindən biri kimi alternativ enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən “Əsrin müqaviləsi” Azərbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına da təkan vermişdir. Bu müqavilə, eyni zamanda, Azərbaycanın yüksək siyasi iradəsini, milli maraqlarını sonadək müdafiə etmək, təbii sərvətlərinə sahib çıxmaq əzminin təntənəsi kimi tarixiləşmişdir.

1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində ulu öndər Heydər Əliyev özünün qətiyyəti, xarizması ilə Azərbaycan dövlətçiliyini növbəti ağır təhlükələrdən hifz etmişdir. Sonrakı mərhələdən etibarən Heydər Əliyevin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan addımlar, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan köklü islahatlar insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb olmuşdur. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.

Həmin gün Konstitusiyanın qəbulu ilə yanaşı, həm də Azərbaycan Respublikası Milli Məclisinə I çağırış seçkilər keçirilmiş, demokratik şəraitdə ilk parlament formalaşdırılmışdır. Birinci çağırış parlament ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi, Azərbaycanın Avropa xalqları ailəsinə inteqrasiyası üçün hüquqi bazanın yaradılması və digər vəzifələri uğurla yerinə yetirmiş, qanun yaradıcılığı işində dünyanın qabaqcıl demokratik ölkələrinin təcrübəsindən bəhrələnmişdir.

Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik qarşısında mühüm xidmətlərindən biri də modernləşməyə xidmət edən demokratik və hüquqi islahatların paralel şəkildə həyata keçirilməsidir. Bütün səylərini səfərbər edərək dövlət müstəqilliyini, sadəcə, şərti müstəqillik aktı və bəyanat səviyyəsindən çıxarmış böyük strateq Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti ideyasının təkamül yolu ilə reallaşdırılması istiqamətində ardıcıl islahatlar həyata keçirmişdir. Azərbaycanı dünyaya tanıtmaq, ölkə həqiqətlərini beynəlxalq arenaya çıxarmaq istiqamətində davamlı tədbirlər həyata keçirən Heydər Əliyev həm də milli maraqlara xidmət edən çevik xarici siyasət yürütmüşdür. Son 20 ildə Azərbaycanda milli mənafelərə əsaslanmaqla həyata keçirilmiş xarici siyasət kursunun prioritet istiqaməti müstəqil və güclü dövlət modelinin praktik surətdə reallaşdırılmasına yönəlmiş, respublikamızın beynəlxalq normalara istinad edərək sivil dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlük vermişdir. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir.

Hər bir ölkədə demokratik inkişafın leytmotivini çoxluğun iradəsinə söykənən fundamental qərarların qəbulu  təşkil   edir.   2003-cü  ilin  15 oktyabr seçkilərinin nəticəsi olaraq xalqımız uzun illərin sərt sınaqlarından çıxaraq yüksək etimad qazanmış siyasətin davamlığının təmin olunması, hər bir fərdin perspektiv mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatların ardıcıl şəkildə davam etdirilməsi naminə ciddi siyasi iradə ortaya qoymuşdur. Heydər Əliyev siyasətinin alternativsizliyi qənaətini özü üçün tam yəqinləşdirmiş Azərbaycan xalqının cənab İlham Əliyevi strateji islahatlar kursunun layiqli davamçısı qismində görməsi bir sıra obyektiv reallıqlarla şərtlənmişdir. 1995-2003-cü illərdə fəaliyyət göstərdiyi sahələrdə özünü vətənpərvər, praqmatik, təşkilatçı və yüksək idarəçilik keyfiyyətlərinə malik şəxsiyyət kimi təsdiqləmiş cənab İlham Əliyev cəmiyyətdə mütləq çoxluğun etimad və inamını qazanmaqla şəksiz qələbəsini təmin etmişdir.

Dövlətə rəhbərlik missiyasını üzərinə götürən liderin şəxsiyyətcə bütöv, prinsipial, qətiyyətli olması xalqın özünəinamını təmin etməklə yanaşı, hər bir vətəndaşın sabit və güvənli yaşam tərzinə imkan yaradır. Bu mənada, cənab İlham Əliyev elə ilk andan dövlət maraqları ilə bağlı həlledici məqamlarda qətiyyətli mövqe tutduğunu, bir çoxları üçün çətin və riskli görünən siyasi gedişlərdən belə çəkinmədiyini sübuta yetirmişdir. 2003-cü ilin məlum 15-16 oktyabr iğtişaşlarının qarşısını xalqın iradəsi ilə alan dövlət başçısı ictimai-siyasi sabitliyin etibarlı təminatçısı olduğunu bir daha nümayiş etdirmiş, üzləşdiyi ilk dövlətçilik imtahanından üzüağ çıxmışdır. İfrat radikal qüvvələrin dağıdıcı addımlarını zərərsizləşdirən Prezident İlham Əliyev, ilk növbədə, xalqa dövlətçilik sükanının etibarlı əllərdə olduğu mesajını vermişdir. 2003-cü ilin və 2008-ci ilin 15 oktyabr seçkiləri isə respublikamızda möhkəm, heç bir qüvvənin sarsıtmağa gücü çata bilməyəcək siyasi həmrəyliyin, dövlət idarəçilik mexanizmlərinin mövcudluğunu göstərmişdir.

İqtisadi inkişaf göstəricilərinə görə dünyanın aparıcı dövlətləri ilə bir sıraya yüksəlmək iddiasını ortaya qoymuş Azərbaycan 2020-ci ilədək bütün sahələrdə sürətli modernləşmə yolu keçmək, ümumi daxili məhsulu 2 dəfəyədək artırmaq niyyətindədir. Cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında son illərdə ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilməsi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının reallaşdırılması üçün geniş imkanlar açır.

Ölkənin iqtisadi inkişaf tempi siyasi və hüquqi islahatların çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirilməsinə imkan yaradır. Şübhəsiz, hər bir dövlətdə demokratikləşmə prosesinin həyata keçirilməsi üçün ilk növbədə, insanın azadlığını təmin edən iqtisadi mühit olmalıdır. Demokratik cəmiyyətin əsas təməl prinsiplərindən biri də fərdiyyətçiliyə əsaslanan iqtisadi münasibətlər sisteminin təşəkkülü, xüsusi mülkiyyət formasının genişlənməsi, orta təbəqənin mövqelərinin möhkəmlənməsidir. Bu mühüm iqtisadi faktorların inkişafı üçün ümumi daxili məhsulun müəyyən bir səviyyəyə yüksəlməsi vacib məsələlərdən biri hesab olunur.

Bütün bunlara nəzərən Azərbaycanda dünya ölkələrinin heç birinə bənzəməyən inkişaf modelinin formalaşması faktı tam təsdiqini tapmışdır. Demokratik quruculuq yolu ilə gedən respublikamız həssas bölgədə yerləşsə də, onun həm iqtisadi, həm siyasi, həm də hüquqi sahələrdə özünəməxsus inkişaf modeli formalaşmışdır. Azərbaycanda demokratik inkişaf suverenlik və özünütəminetmə prinsiplərinə söykənir. Bu konseptual elmi-fəlsəfi yanaşma tərzi cılız iddialarını yeni müstəqil dövlətlərə zorla qəbul etdirməyə çalışan, dünyaya yeni mövcudluq üsulu vermək istəyən ayrı-ayrı siyasi mərkəzlərə, ikili standartlardan çıxış edən beynəlxalq təşkilatlara tutarlı cavabdır.

Ümumi qənaət bundan ibarətdir ki, bu sürətli inkişaf və tərəqqi prosesində Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, dövlətinin taleyini cənab İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Elə məhz bu inamın təzahürü kimi də hakim Yeni Azərbaycan Partiyası bir neçə gün əvvəl keçirilmiş V qurultayında möhtərəm Prezident İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmüşdür. İnanırıq ki, ağı qaradan seçməyi bacaran müdrik xalqımız növbəti seçkilərdə də gələcək taleyi naminə düzgün seçim edəcək, alternativsizliyi ötən illərdə tam təsdiqini tapmış siyasi kursun təntənəsinə səs verəcəkdir. 

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı 

 

 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında