Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yeni təyin edilmiş Müşahidə Şurasının ilk iclası keçirilmişdir

 

  İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yeni təyin edilmiş müşahidə şurasının ilk iclası keçirilmişdir.

Fonddan AzərTAc-a bildirmişlər ki, iclası açan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov yeni təyinatla bağlı icraçı direktoru və müşahidə şurasının üzvlərini təbrik etmişdir. Diqqətə çatdırmışdır ki, ötən dörd ildə Fond səmərəli fəaliyyət göstərmiş, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirmişdir.

 Əli Həsənov diqqətə çatdırmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi yüksək etimadı doğrultmaq, ölkəmizdə KİV-lərin müstəqilliyinin inkişaf etdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi və digər məsələlərin həlli məqsədilə həyata keçirilən dövlət siyasətinə əməli işlə daha böyük töhfələr vermək üçün fondun kollektivi və müşahidə şurasının üzvləri bundan sonra da əzmlə çalışmalıdırlar.

 Şöbə müdiri demişdir: “Ötən dörd ildə fondun fəaliyyətinin təşkili, KİV-lərə yardım mexanizminin formalaşdırılması, onun təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülmüşdür. Fondun maliyyə dəstəyi, reallaşdırdığı digər tədbirlər mətbuatın iqtisadi müstəqilliyini gücləndirmiş, onun problemlərinin həllinə müsbət təsir göstərmişdir. Fond məqsədyönlü fəaliyyəti ilə cəmiyyətdə və media arasında nüfuz qazanmışdır. İndiki mərhələdə isə artıq hazır mexanizmə, yetkin fəaliyyət proqramına əsaslanaraq Azərbaycan mediasının daha dərindən öyrənilməsi, onun ehtiyaclarının müəyyənləşdirilməsi və ödənilməsi üçün var qüvvənizlə çalışmalısınız”.

Özünə və müşahidə şurasının üzvlərinə göstərilən etimada görə dövlətimizin başçısına minnətdarlığını bildirən Fondun icraçı direktoru Vüqar Səfərli ötən dörd ildə qurumun fəaliyyətinin təşkili və mətbuata yardım məqsədilə həyata keçirilən tədbirlərdən danışmış, habelə gələcək planlar barədə məlumat vermişdir.

Sonra Fondun Müşahidə Şurası sədrinin və onun müavininin seçilməsi məsələsi müzakirə edilmişdir.

Təkliflər dinlənildikdən sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevin Fondun Müşahidə Şurasının sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin isə sədr müavini seçilməsi təklifi səsə qoyulmuş və yekdilliklə  qəbul edilmişdir.

İclasda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək fondun gələcək fəaliyyəti barədə fikirlərini bölüşmüşlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında