İyunun 11-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) Azərbaycan-Belarus diplomatik münasibətlərinin yaradılmasının 20 illiyinə həsr olunmuş forum keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, KİV nümayəndələri iştirak etmişlər.
Tədbirdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, ADA-nın rektoru, akademik Hafiz Paşayev xalqlarımız və dövlətlərimiz arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən, siyasi, iqtisadi və mədəni sahələrdə səmərəli əməkdaşlıqdan danışmışdır. Rəhbərlik etdiyi ali təhsil müəssisəsində belə tədbirlərin tez-tez keçirildiyini qeyd edən Hafiz Paşayev demişdir ki, Azərbaycan-Belarus diplomatik münasibətlərinin yaradılmasının 20 illiyinə həsr olunmuş forumun keçirilməsi üçün ADA ən yaxşı məkandır.
İki ölkə arasında diplomatik münasibətlərin təməlinin 1993-cü il iyunun 11-də qoyulduğunu diqqətə çatdıran akademik Hafiz Paşayev ötən 20 il ərzində ölkələrimiz arasında münasibətlərin inkişafından, əldə olunan uğurlardan danışmışdır. Bildirilmişdir ki, hazırda iki ölkə arasında əlaqələr bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni sahələrdə dinamik inkişaf edir. Azərbaycanda və Belarusda tez-tez qarşılıqlı mədəniyyət günləri keçirilir. Xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsində belə tədbirlərin böyük əhəmiyyəti vardır.
Ölkəmizin beynəlxalq münasibətlərdə əldə etdiyi uğurları diqqətə çatdıran akademik Hafiz Paşayev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin diplomatiyamızın ən böyük uğurlarından biri, beynəlxalq birlik tərəfindən dövlətimizin əhəmiyyətinin təsdiqi olduğunu qeyd etmiş, həmin vaxt Azərbaycanı dəstəklədiyinə görə Belarus Respublikasına təşəkkürünü bildirmişdir.
Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyin ölkəmizə səfərinin əhəmiyyətini qeyd edən akademik Hafiz Paşayev əminliklə vurğulamışdır ki, belaruslu nazirin Bakıda keçirdiyi görüşlər ölkələrimiz arasında dostluq və mehriban tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə öz töhfəsini verəcəkdir.
Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey Azərbaycanın paytaxtında sürətli inkişafa doğru böyük dəyişikliklərin baş verdiyini, Bakının, sözün əsl mənasında, memarlıq incisi və dünyanın ən gözəl şəhərlərindən biri olduğunu vurğulamışdır. Qonaq demişdir ki, hazırda respublikanız təməli ümummilli lider, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən qoyulmuş yolla inamla irəliləyir. Dövlətlərimizin müstəqilliyinin möhkəmləndirilməsi, xalqlarımızın rifahının daim yüksəldilməsi Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenkonun həyata keçirdikləri siyasətin prioritetlərindəndir.
Ölkəsinin Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verdiyini qeyd edən nazir demişdir ki, Azərbaycan Belarusun mühüm strateji tərəfdaşlarındandır. Bakıya səfərinin ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyi ilə üst-üstə düşdüyünü söyləyən V.Makey bu münasibətlə Azərbaycan və Belarus xalqlarını təbrik etmiş, iki ölkə arasında əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirmişdir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iki ölkə arasında münasibətlərin dərin köklərə bağlı olduğunu, Azərbaycan-Belarus əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə sürətlə inkişaf etdiyini bildirmişdir. Nazir bu münasibətlərin genişlənməsində və dərinləşməsində dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi vurğulamışdır.
Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini söyləyən nazir ölkələrimiz arasında elm, təhsil, yüksək texnologiyalar üzrə əməkdaşlıq çərçivəsində böyük işlərin görüldüyünü bildirmişdir. Ə.Abbasov ötən 20 il ərzində iki ölkənin iqtisadi münasibətlərinin dinamik inkişafından, qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən də danışmışdır.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, Azərbaycan-Belarus Dostluq və Əməkdaşlıq Cəmiyyəti sədrinin müavini, akademik Ziyad Səmədzadə ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyini bildirmişdir. Xalqlarımız və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində belə tədbirlərin əhəmiyyətini qeyd edən Milli Məclisin komitə sədri Azərbaycan-Belarus münasibətlərinin qurulmasında ulu öndər Heydər Əliyevin böyük xidmətlərini və bu əlaqələrin hazırkı inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun uğurlu fəaliyyətlərini xüsusi vurğulamışdır.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Əli Hüseynli bildirmişdir ki, dostluq münasibətlərinin daim möhkəmləndirilməsi, istər ikitərəfli, istərsə də beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi yolunda səylər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir.
Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç 20 ildə qazanılmış uğurların qorunub saxlanmasının və daha da artırılmasının iki ölkənin qarşısında duran mühüm vəzifələrdən olduğunu bildirmişdir.
İki ölkə arasında əlaqələrin inkişafına müstəsna töhfələr verdikləri üçün akademik Z.Səmədzadə, Ə.Hüseynli, Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru Mehriban Alışanova Belarus Respublikasının müvafiq qurumlarının fəxri fərmanları ilə təltif olunmuşlar.
Tədbirdə, həmçinin iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasına həsr olunmuş poçt markasının təqdimat mərasimi keçirilmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.