Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı kimi fəaliyyət göstərdiyi müddətdə sosial-iqtisadi sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə respublikamızın ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifi olmuşdur. Ölkə başçısında olan bir sıra yüksək keyfiyyətlər - qətiyyətlilik, prinsipiallıq, zamanında sözünü demək, radikal tədbirlər görmək bacarığı Azərbaycanın inkişafını və müxtəlif sferalarda qazanılan uğurları şərtləndirən əsas amillərdəndir. Dövlət başçısının istər xarici, istərsə də daxili məsələlərdə nümayiş etdirdiyi siyasi iradə Azərbaycanın daha da qüdrətlənməsinin, ölkənin dinamik inkişafının əsas leytmotivini təşkil etmişdir.
Bütün bunlarla yanaşı, dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməsi, problemlərə böyük həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olması cəmiyyətin nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm cəhətlərdir. Ötən illər ərzində ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi bütün vədləri yerinə yetirən və beləliklə, Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan dövlətimizin başçısı İlham Əliyev hər bir addımda vətəndaşların mənafeyini əsas götürmüşdür.
Prezidentlik fəaliyyəti ölkəmizin bütün şəhər və rayonlarına intensiv səfərlərlə əlamətdar olan dövlət başçısı İlham Əliyevin səfər proqramlarında əsas yeri məhz sakinlərlə görüşlər təşkil edir. Son dərəcə səmimiyyət fonunda keçən bu görüşlər ölkə Prezidentinin vətəndaşların məhz qayğılarına və problemlərinə həssas münasibətinin nümayişinə çevrilir. Odur ki, Prezident İlham Əliyevin regionlara səfəri şəhər və rayonlarda təkcə sosial-iqtisadi inkişafın yeni mərhələsinin başlanğıcı olmur, eyni zamanda, sadə insanların həyatında dərin və silinməz iz buraxır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şamaxı rayonuna səfəri zamanı da bunun bir daha şahidi olduq. Dövlət başçısı səfər çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdur.
Xatırladaq ki, son illərdə Azərbaycanda astronomiya elminin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Bu baxımdan adı çəkilən rəsədxanada aparılan təmir və yenidənqurma işləri diqqəti cəlb edir. Azərbaycan astronomiya elmi Nəsirəddin Tusi tərəfindən XIII əsrdə Cənubi Azərbaycanda yaradılmış məşhur Marağa Rəsədxanası ilə şöhrət qazansa da, XX əsrdə milli astronomiya elminin inkişafında yeni əlamətdar bir mərhələ başlanmışdır. 1927-ci ildən Azərbaycanda astronomiya ekspedisiyaları fəaliyyət göstərmişdir. Bu ekspedisiyalar Şamaxı da daxil olmaqla Azərbaycanın bir sıra rayonlarını tədqiq etmiş, son nəticədə rəsədxananın tikilməsi üçün məhz Pirqulu ərazisinə üstünlük verilməsini tövsiyə etmişdir.
Rəsədxana 1959-cu ildə Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılmış və 1960-cı ildə fəaliyyətə başlamışdır. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən rəsədxana çətin müşahidə edilən cənub göyünün öyrənilməsində dünyanın bir çox rəsədxanası ilə müqayisədə üstünlüklərə malikdir. Mütəxəssislərin rəyinə görə, burada aydın gecələrin sayı il ərzində 200-ə çatır.
2008-ci ildən sonra Şamaxı Astrofizika Rəsədxanasının həyatında yeni əlamətdar mərhələ başlanmışdır. Belə ki, Azərbaycanda elmin inkişafına böyük diqqət göstərən dövlət başçısı rəsədxananın yenidən qurulması, burada təmir-bərpa işlərinin aparılması ilə bağlı sərəncamlar imzalamış, tapşırıqlar vermişdir. Prezident İlham Əliyevin 2008-ci ilin sentyabrında və 2009-cu ilin iyulunda imzaladığı sərəncamlarla rəsədxananın maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti işlərinin aparılması üçün dövlət büdcəsindən və Prezidentin Ehtiyat Fondundan ümumilikdə 8 milyon manat vəsait ayrılmışdır. Sərəncamların icrası nəticəsində bu elmi-tədqiqat mərkəzinin maddi-texniki bazası möhkəmlənmiş, əsaslı təmir və yenidənqurma işləri aparılmış, yeni binalar inşa olunmuş, müasir qurğular işə salınmışdır.
Prezident İlham Əliyev rəsədxanada əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olarkən məlumat verilmişdir ki, burada inzibati bina, sərgi və 110 nəfərlik mühazirə zalları, 6 teleskop binası, o cümlədən 2 metrlik əsas teleskopun binası əsaslı təmir olunmuş, 110 nəfərlik yeməkxana tikilmişdir. Əsaslı təmir və yenidənqurmadan sonra buradakı inzibati otaqlarda iş şəraiti ən müasir səviyyəyə çatdırılmışdır.
Rəsədxananın Bakı şəhər bölməsi, Günəş fizikası, Günəş və Yer əlaqələri, Planetlər və kiçik səma cisimləri və digər şöbələri vardır. İki metrlik əsas teleskopun yerləşdiyi binada yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, bu bina ilə yanaşı, horizontal Günəş teleskopunun, 70 və 35 santimetrlik teleskopların, həmçinin alman teleskopunun binaları da əsaslı təmir olunmuşdur. Əsas teleskopun idarəetmə sistemi tam avtomatlaşdırılmışdır. Rəsədxananın bütün teleskoplarına müasir və yeni işıq qəbulediciləri alınmış, xüsusi kameralar və kriogen qurğusu quraşdırılmışdır. Ümumilikdə rəsədxana astrofizika və fundamental astronomiya sahəsində keçmiş sovet və postsovet elmi proqramlarına mühüm töhfələr vermişdir.
Rəsədxana AMEA tərəfindən təsdiq olunmuş elmi proqram əsasında fəaliyyət göstərir. Proqram dünya elminin ən qabaqcıl və prioritet problemləri ilə uzlaşdırılmışdır. Rəsədxanada qalaktikanın, ulduzların, planetar dumanlıqların, Günəşin, planetlərin və kometaların müşahidəsi aparılır. Burada ulduzlar fizikası, Günəş sistemi cisimlərinin dinamikası və fizikası, həmçinin Günəş fizikası istiqamətində elmi işlər görülür.
Dövlət başçısı rəsədxananın yenidən qurulmasını yüksək qiymətləndirərək demişdir:- Son illər burada aparılan tikinti-quruculuq işləri öz bəhrəsini vermişdir. Şamaxı Rəsədxanası uzun illərdir ki, fəaliyyət göstərir. Vaxtilə buraya böyük investisiyalar qoyulmuşdu. Amma sonra bu şəkillər də göstərir, mən də burada birinci dəfə olarkən görmüşəm ki, yararsız vəziyyətə düşmüşdü. Həm burada elmi araşdırmalar aparmaq üçün problemlər yaranmışdı, həm də alimlərin yaşayış səviyyəsi çox ağır idi. Vaxtilə tikilmiş binalar yararsız vəziyyətə düşmüşdü, dağılırdı. Ona görə biz qərara gəldik ki, rəsədxananı kompleks şəkildə bərpa edək.
Müvafiq sərəncamlar verilmişdir. Mən burada dəfələrlə olmuşam. Çox şadam ki, artıq biz rəsədxananı tam şəkildə yenidən qurduq, bərpa etdik. Çox gözəl şərait yaradılmışdır. Əsas teleskop da təmir edildi. Alimlərin də yaşayış şəraiti yaxşılaşdı. Burada yaşamaq, işləmək üçün bütün imkanlar vardır. Bu, Azərbaycan elminə verilən böyük töhfədir.
Prezident İlham Əliyev daha sonra bildirmişdir ki, Azərbaycanda elmin inkişafı üçün əməli tədbirlər görülür. Son illər elmin maddi-texniki bazasının möhkəmləndirilməsi, alimlərin fəaliyyətinin stimullaşdırılması üçün vacib addımlar atılmışdır. Elmin İnkişaf Fondu yaradılmışdır. Yəni Azərbaycan dövləti çalışır ki, elmə ayrılan vəsait artsın və elm ölkəmizin uğurlu inkişafına maksimum dərəcədə xidmət göstərsin.
Prezident İlham Əliyev səfər çərçivəsində rayonda yenidən qurulan Olimpiya İdman Kompleksi ilə də tanış olmuşdur. Bildirilmişdir ki, bu gün Azərbaycan dünyada həm də güclü idman ənənələri ilə tanınır. Çünki idman ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə paytaxtla yanaşı, regionlarda da inşa olunan müasir idman obyektləri, ilk növbədə, dövlət başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Şamaxı Olimpiya Kompleksi də bu baxımdan mühüm rol oynayır.
Regionun ən böyük olimpiya-idman komplekslərindən biri olan bu qurğuda yarışların, təlim-məşq toplantılarının və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Ölkəmizdə bütün idman qurumlarının bir yerdə fəaliyyət göstərməsi uğurlu nəticənin əldə olunmasının əsas səbəblərindən biridir.
Bu sırada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın idmançılara olan diqqəti də nəzərdən qaçmır. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban Əliyevanın uğurlu fəaliyyəti bu sahədə ölkəmizin ciddi nailiyyətlər qazanması ilə müşayiət olunur. Azərbaycan dünya idman aləminə nəhəng mərkəzlərdən biri kimi daxil olmuşdur. Məhz bunun nəticəsidir ki, birinci Avropa Oyunları 2015-ci ildə Azərbaycanda keçiriləcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Şamaxıda inşa olunmuş Uşaq Yaradıcılıq Mərkəzinin açılışında da iştirak etmişdir. Burada xatırladılmışdır ki, Azərbaycan dövləti gələcək nəslin sağlam və Vətənə sədaqət ruhunda böyüməsi, savadlı və yüksək intellekt sahibi olması qayğısını da öz üzərinə götürmüşdür. Hələ uşaq yaşlarından hər bir vətəndaşın ilkin peşə və sənət vərdişlərinə yiyələnməsi üçün müxtəlif tədbirlər görülür. Son illər paytaxtda və regionlarda Heydər Əliyev Fondu tərəfindən çoxlu sayda uşaq incəsənət məktəbləri və yaradıcılıq mərkəzləri istifadəyə verilir. Mədəniyyət və incəsənətin inkişafına, bu sahədə çalışan insanlara Heydər Əliyev Fondu tərəfindən göstərilən diqqət və qayğı, mədəniyyət ocaqlarının əsaslı təmiri, müasir tipli yeni infrastrukturun yaradılması bu sahənin hərtərəfli inkişafına stimul verir.
Şamaxı Uşaq Yaradıcılıq Mərkəzində tanınmış mədəniyyət xadimlərimizə həsr olunan guşə onların həyatına və sənət fəaliyyətinə aid eksponatlarla zəngindir. Mərkəzin yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq işləri görülmüş, xeyli ağac və gül kolları əkilmiş, bütün zəruri infrastruktur yaradılmışdır.
Prezident İlham Əliyevə məlumat verilmişdir ki, bu incəsənət ocağı musiqi məktəbi kimi 1959-cu ildən fəaliyyət göstərir. 1995-ci ildə isə həmin məktəbin bazasında Uşaq İncəsənət Məktəbi yaradılmışdır. Məktəb 1984-cü ildən yararsız binada fəaliyyət göstərirdi. On bir şöbədən ibarət müəssisədə 70 müəllim çalışır, 384 şagird musiqi təhsili alır. Bina uzun illər əsaslı təmir olunmadığına görə tam yararsız vəziyyətə düşmüş və sökülmüşdü. Azərbaycan mədəniyyətinin hamisi Heydər Əliyev Fondunun təşəbbüsü ilə həmin ünvanda Şamaxı Uşaq Yaradıcılıq Mərkəzi üçün üçmərtəbəli yeni müasir bina inşa edilmişdir.
Səfər çərçivəsində dövlət başçımız həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı bərpa edilən və yenidən qurulan Şamaxı Cümə məscidinin açılış mərasimində iştirak etmişdir.
Mərasimdə iştirak edən Qafqaz müsəlmanları müftiləri, islam ölkələrinin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri və din xadimləri dövlət başçısını hərarətlə qarşılaşmışlar.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa olunmuşdur. Bəzi mənbələrə görə, Xilafət ordularının məğlub etdiyi Xəzər xaqanı məhz bu məsciddə islam dinini qəbul etmişdir. 1859-cu ildə Qafqazın ən böyük quberniyalarından olan Şamaxıda baş verən dağıdıcı zəlzələ şəhəri alt-üst etdiyindən quberniyanın mərkəzi Bakıya köçürülmüşdür. Zəlzələdən sonra məscidin bərpası əslən Şamaxıdan olan Qasım bəy Hacıbababəyova həvalə edilmişdir. 1902-ci ildə baş verən növbəti zəlzələ zamanı da məscid dağılmamış, yenə də təbiətin sərt sınağına davam gətirməyi bacarmışdır. Bundan sonra məscidin bərpasının əvvəlki özül üzərində aparılmasına qərar verilmişdir. Bərpa işlərini əvvəl memar Zivərbəy Əhmədbəyov, sonra isə polşalı memar-mühəndis İozef Ploşko aparmışdır. Ploşkonun bir qədər fərqli və orijinal layihəsi əsasında aparılan bərpa işləri başa çatdırılmamışdır. Məscid tamamlanmamış halda belə öz əzəmətini qoruyub saxlamışdır.
Bildirilmişdir ki, Heydər Əliyev Fondunun müvafiq layihəsi çərçivəsində Şamaxı Cümə məscidində aparılan əsaslı bərpa və yenidənqurma işlərini dövlət başçısı daim diqqətdə saxlamışdır. Prezident İlham Əliyev 2009-cu ilin noyabrında Şamaxıya səfəri çərçivəsində Cümə məscidində olmuş, böyük tarixi dəyəri və xalqımızın mənəvi dünyasında xüsusi yeri olan bu abidənin bərpasına qərar vermişdir. Bununla əlaqədar Azərbaycan Prezidentinin 2009-cu ilin dekabrında və 2013-cü ilin fevralında imzaladığı sərəncamlarla müvafiq maliyyə vəsaiti ayrılmışdır. Bundan sonra məsciddə əsaslı bərpa və yenidənqurma işlərinə başlanmış, Azərbaycan tarixinin mühüm mərhələsini təşkil edən Şirvanşahlar paytaxtının şanlı memarlıq nümunəsinin yenidən xalqımızın mənəvi dünyasına qaytarılması istiqamətində yüksək təəssübkeşlik missiyası həyata keçirilmişdir. Dövlət başçısı və xanımı Mehriban Əliyeva dəfələrlə məscidə gəlmiş, burada həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yerindəcə tanış olmuşlar.
Prezident İlham Əliyev işlərin yüksək keyfiyyətlə aparılmasına dair tapşırıq və tövsiyələrini vermişdir. Beləliklə, dövlət başçısı milli-mənəvi dəyərlərimizin qorunmasına, dini memarlıq abidələrinin bərpasına böyük diqqət göstərən Heydər Əliyev Fondunun təşəbbüsünə dəstək olmuş, Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə ikinci həyat bəxş etmiş, xalqımızın əsrlərlə formalaşan zəngin irsinin və mədəniyyətinin qorunmasına, gələcək nəsillərə ötürülməsinə töhfə vermişdir.
Prezident İlham Əliyev Şamaxı Cümə məscidinin açılış mərasimində bildirmişdir ki, dostlarımız - Şimali Qafqaz müftiləri, səfirlər, digər qonaqlar bizim, demək olar ki, bütün tədbirlərimizdə - Təzəpir məscidinin əsaslı təmirindən sonra açılış mərasimində, Bibiheybət məscidində, Əjdərbəy məscidinin yenidən açılışlarında iştirak etmişlər. Bu, özlüyündə göstərir ki, Azərbaycanda həm dini ocaqlar bərpa edilir, eyni zamanda, bütün bölgələrdə məscidlər tikilir. Bu yanaşma yenə də demək istəyirəm ki, dövlət siyasətidir. Bundan sonra da biz bu yolla gedəcəyik. Bütün dini abidələrimizi bərpa edəcəyik və edirik. Qeyd etmək istəyirəm ki, son 10 il ərzində Azərbaycanda 200-dən çox məscid tikilmişdir, 80-dən çox məscid təmir edilmişdir. Hazırda xalqımız üçün böyük əhəmiyyət daşıyan İmamzadə dini-tarixi memarlıq abidəsi bərpa edilir. Bakının Binəqədi rayonunda Azərbaycanın ən böyük məscidi inşa olunur.
Vaqif BAYRAMOV,
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.