Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Krallığında rəsmi səfərdə olmuşdur.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, səfərin ilk günü Oqtay Əsədov Belçika Parlamenti Nümayəndələr Palatasının sədri Andre Flao, Belçika Senatının sədri xanım Sabina de Betkin, Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filip Blanşar ilə ayrı-ayrılıqda görüşlər keçirmişdir. Dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşlərdə dövlətlərarası münasibətlər, parlamentlərarası əməkdaşlığın inkişafı məsələləri müzakirə olunmuşdur.
Görüşlərdə Oqtay Əsədov ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətdən, region, eləcə də Avropa üçün mühüm əhəmiyyət kəsb edən nəhəng enerji layihələrindən söz açmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Milli Məclisin sədri ATƏT-in Minsk qrupunun fəaliyyətinin hələ də nəticə vermədiyini diqqətə çatdırmışdır. Nüfuzlu beynəlxalq təşkilatlar olan BMT Təhlükəsizlik Şurası, Avropa Şurası Parlament Assambleyası, ATƏT Parlament Assambleyası kimi qurumların münaqişənin həllinə dair qətnamə və qərarları icra olunmamış qaldığını qeyd edən Oqtay Əsədov beynəlxalq ictimaiyyəti bu məsələnin həllini intensivləşdirməyə çağırmışdır.
Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brokla görüşdə Milli Məclisin sədri Avropa Parlamentinin Azərbaycanda insan haqlarına dair qəbul etdiyi bir sıra qərarları xatırlayaraq vurğulamışdır ki, ətraflı araşdırmalar aparılmadan qəbul edilən bu sənədlər ölkə ictimaiyyətinin haqlı narazılığına səbəb olur. Qeyd olunmuşdur ki, bu kimi məsələlərin ilkin olaraq Avronest Parlament Assambleyasında müzakirə edilməsi və yalnız bundan sonra hər hansı bir qərar çıxarılması daha ədalətli olardı.
Səfər çərçivəsində Oqtay Əsədov Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy ilə də görüşmüşdür. Azərbaycana səfərini xatırlayan Herman Van Rompuy ölkəmizdən xoş təəssüratla ayrıldığını dilə gətirmiş və qeyd etmişdir ki, Azərbaycan Avropa İttifaqı üçün demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafı və enerji təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Azərbaycan-Avropa İttifaqı əlaqələri gələcəkdə sürətlə inkişaf edəcəkdir. Herman Van Rompuy Azərbaycanda növbəti prezident seçkilərinin uğurla keçəcəyinə ümidvar olduğunu bildirmişdir.
Milli Məclisin sədri Azərbaycanın demokratik dəyərlərə yiyələnməsində Avropa İttifaqının siyasi dəstəyinə ehtiyacı olduğunu qeyd edərək bildirmişdir ki, bu məsələdə hər iki tərəfin fikirləri üst-üstə düşür. Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söz açaraq diqqətə çatdırmışdır ki, problem nəinki regional, eləcə də beynəlxalq əməkdaşlığı və təhlükəsizliyi təhdid edir.
Görüşdə qeyd olunmuşdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə gözlənilən səfəri əməkdaşlığımızın daha da möhkəmlənməsinə təkan verəcəkdir.
Səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədov və Avropa Parlamentinin prezidenti Martin Şults arasında da görüş keçirilmişdir. Oqtay Əsədovun Avropa Parlamentinə ilk dəfə gəldiyini diqqətə çatdıran M.Şults ümidvar olduğunu bildirmişdir ki, gələcəkdə belə görüşlər davamlı olacaqdır.
Avropa Parlamentinin prezidenti vurğulamışdır ki, mürəkkəb regionda yerləşən Azərbaycan böyük təhlükələrlə yanaşı, həm də böyük imkanlara malikdir. Bu gün əsas diqqət Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına yönəldilməlidir.
Buna cavab olaraq Milli Məclisin sədri Oqtay Əsədov demişdir ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətini Avropaya inteqrasiya təşkil edir və bununla bağlı ölkəmiz bu mötəbər qurumdan dəstək gözləyir.
Azərbaycanın sürətlə inkişaf etdiyini və regionun lider dövlətinə çevrildiyini deyən Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söz açmışdır. Bildirmişdir ki, münaqişə bütöv region, eləcə də nəhəng enerji layihələrinin reallaşdırılması üçün təhlükədir. Avropa Parlamentinin münaqişə ilə bağlı konstruktiv mövqe nümayiş etdirməsi çox vacibdir.
Sonda Oqtay Əsədov və Martin Şults birgə brifinq keçirmişlər.
Brifinqdən sonra Milli Məclisin sədri Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşmüşdür. Demokratik dəyərlərə dair öz baxışlarını paylaşan Ştefan Füle qeyd etmişdir ki, Azərbaycan və Avropanın bu məsələlərə dair fikirlərinin üst-üstə düşməsi vacibdir.
Oqtay Əsədov vurğulamışdır ki, Avropaya inteqrasiya Azərbaycan dövlətinin xarici siyasətinin əsas xəttini təşkil edir. Bu istiqamətdə kifayət qədər işlər görülmüşdür və bu siyasət gələcəkdə də davam etdiriləcəkdir.
Beləliklə, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Brüsselə səfəri başa çatmışdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.