2013-cü il iyunun 5-6-da Rusiya Federasiyası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Volqoqrad vilayəti Hökumətinin dəstəyi ilə Dördüncü “Rusiya-Azərbaycan: regionlararası dialoq - 2013" Rusiya-Azərbaycan regionlararası forumu keçirilmişdir. Forumun işində Rusiya Federasiyası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərliyinin, Rusiya Federasiyası federal və regional dövlət hakimiyyəti orqanlarının, Azərbaycan parlamentinin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, iki ölkənin ali məktəblərinin, biznes dairələrinin və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak etmişlər.
Forum “meydanlarında” Dostluq Parkı tikintisinin başlanmasına həsr edilmiş təntənəli mərasim keçirilmiş, “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlığın yeni üfüqləri” mövzusunda sərgi açılmışdır.
Plenar iclasda Rusiya-Azərbaycan regionlararası münasibətlərin müasir vəziyyəti və ikitərəfli münasibətlərdə mövcud problemlər müzakirə edilmiş, regional ticari-iqtisadi və humanitar əlaqələrin gələcək inkişafına yönəlmiş birgə tədbirlər nəzərdən keçirilmişdir.
Forum iştirakçıları regionlararası münasibətlərin qarşılıqlı iqtisadi əlaqələrin möhkəmlənməsinin ən mühüm vasitəsi kimi çıxış etməsi, istehsal, elmi-texniki və humanitar əlaqələrin dərinləşməsinə şərait yaratması fikri ilə razılaşaraq, bu forumun regionlararası əməkdaşlığın intensivləşməsinə yönəlmiş zəruri və səmərəli bir məkan kimi qorunub saxlanmasının vacibliyini təsdiq etmişlər.
“Dəyirmi masa”ların gedişində ikitərəfli regionlararası əməkdaşlıq, energetika və nəqliyyat kommunikasiyaları, humanitar əlaqələr və gənclər siyasəti sahəsində qarşılıqlı fəaliyyət məsələlərinə dair konstruktiv fikir mübadiləsi aparılmışdır. Xəzər regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi kimi aktual mövzuya toxunulmuşdur.
Qeyd edilmişdir ki, Rusiya və Azərbaycan sənayenin və kənd təsərrüfatının ayrı-ayrı sektorlarında ənənəvi ticarət əlaqələrinin potensialından istifadə edilməsində xeyli irəliləmişlər.
Forum iştirakçıları bu qənaətə gəlmişlər ki, regionlararası əlaqələrin stimullaşdırılması, Rusiya və Azərbaycan regionlarının davamlı sosial-iqtisadi inkişafı məqsədilə:
- qarşılıqlı əmtəə dövriyyəsində elm tutumlu məhsulların payını artırmaq, bunun üçün tərəfdaş ölkələr arasında qüvvədə olan sazişlərin konkret innovasiya layihələri ilə tamamlanması, informasiya mübadiləsinin intensivləşdirilməsi, iqtisadi əməkdaşlığın yeni və səmərəli formalarının təşkili və inkişafı üzrə qarşılıqlı fəaliyyəti təkmilləşdirmək;
- göstərilən nəqliyyat xidmətlərinin səmərəsinin artırılması, daşımalar prosesində qabaqcıl texnologiyaların tətbiq edilməsi, logistika mərkəzlərinin yaradılması və inkişafı üzrə işləri davam etdirmək;
- investisiyaların qarşılıqlı müdafiəsi, vergitutma, sahibkarlıq fəaliyyətinə, kiçik və orta biznesə dəstək sahəsində ikitərəfli müqavilə hüququ bazasını təkmilləşdirmək;
- təsərrüfatçılıq subyektləri arasında ticari-iqtisadi əlaqələrin genişlənməsinə kömək göstərilməsi prosesinə Rusiya Federasiyası və Azərbaycan Respublikasının ticarət-sənaye palatalarını fəal cəlb etməklə bu işi davam etdirmək;
- regionlararası əməkdaşlıq sahəsində kiçik və orta biznesin innovasiya fəallığının güclənməsi mexanizmlərinin axtarışına diqqəti artırmaq, müştərək müəssisələri inkişaf etdirmək və yenilərini yaratmaq, sərgilər və yarmarkalar təşkil etmək, ikitərəfli investisiya layihələrini fəal gerçəkləşdirmək;
- ikitərəfli turist axınının artırılması və turizmə aid informasiya mübadiləsi üçün şərait yaratmaqla turizm sahəsində əməkdaşlığı genişləndirmək;
- müştərək, o cümlədən “Böyük İpək yolu” tarixi-coğrafi dəhliz çərçivəsində tarixi-mədəni və turizm marşrutları işləyib hazırlamaq;
- ticari-iqtisadi sahədə, humanitar və təhsil məkanında, qeyri-hökumət sektorunda Rusiya ilə Azərbaycanın qarşılıqlı fəaliyyətinin aktual məsələləri üzrə müştərək intellektual məhsullar yaradılması üçün iki ölkənin ekspert dairələrinin işini fəallaşdırmaq;
- Azərbaycanın rayonlarından birində rus dilinin və Rusiya tarixinin öyrənilməsi üzrə resurs mərkəzinin, Rusiya Federasiyası subyektində Azərbaycan tarixinin və Azərbaycan dilinin öyrənilməsi üzrə resurs mərkəzinin yaradılması ideyasını dəstəkləmək.
Tərəflər beşinci Rusiya-Azərbaycan regionlararası forumu 2014-cü ildə Azərbaycan Respublikasında keçirməyi qərara almışlar.
Forum iştirakçıları regionlararası əməkdaşlığın durmadan inkişaf etdirilməsinin Rusiya və Azərbaycan xalqlarının maraqlarına uyğun olmasına, xalqlar arasında etimadın möhkəmlənməsinə və qarşılıqlı yaxınlaşmaya xidmət etməsinə əmin olduqlarını bildirmiş və Rusiya-Azərbaycan dialoqunun inkişafına imkanları daxilində töhfə verməyə hazır olduqlarını təsdiq etmişlər.
6 iyun 2013-cü il, Volqoqrad
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.