Bakıda “Bəşəriyyət sülhə və işgüzar əməkdaşlığa “hə”, müharibə və münaqişələrə “yox” deyir” mövzusunda beynəlxalq konfrans keçirilir

 

İyunun 6-da Beynəlxalq Muğam Mərkəzində “Bəşəriyyət sülhə və işgüzar əməkdaşlığa “hə”, müharibə və münaqişələrə “yox” deyir” mövzusunda beynəlxalq konfrans işə başlamışdır.

AzərTAc xəbər verir ki, Avrasiya Qiymətləndiricilər Birliklərinin 12-ci Konqresi çərçivəsində reallaşan tədbirdə münaqişə və  müharibələrin dövlətlərə və xalqlara, ümumilikdə, bəşəriyyətə gətirdiyi bəlalardan danışılmışdır.

 Tədbirdə Milli Məclisin deputatı,  Avrasiya Qiymətləndiricilər Birlikləri idarə heyətinin üzvü, professor Xanhüseyn Kazımlı çıxış edərək seçilmiş mövzunun aktuallığından və bu gün dünyanı narahat edən məsələlərin həll olunmasında işgüzar əməkdaşlığın mühüm rolundan geniş söz açmışdır.

Qarabağ münaqişəsinin regionun inkişafına mane olduğunu söyləyən natiq demişdir ki, hazırda  Azərbaycanın 800-ə qədər yaşayış məntəqəsi işğal altındadır. Bu da, ümumilikdə, həm Azərbaycanın, həm də Qafqaz regionunun inkişafına maneədir.

X. Kazımlı Azərbaycan Prezidentinin tapşırığı ilə yaradılan işçi qrupunun Ermənistanın işğalı nəticəsində ölkəmizə dəyən zərərin qiymətləndirilməsi üzərində işlədiyini və hesablamaların birinci mərhələsinin başa çatmaq üzrə olduğunu qeyd etmişdir.

Alim diqqətə çatdırmışdır ki,  hər il dünyada təxminən 13 milyon hektar meşə sahəsi məhv edilmişdir. Azərbaycanın işğal altında olan meşə sahələri ölkənin işğaldan kənar ümumi meşə massivinin 54,5 faizini təşkil edir.

Azərbaycanın dünyada nüfuzunun günbəgün artdığını söyləyən  Milli Məclisin deputatı vurğulamışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi təkcə ölkəmizin deyil, bütövlükdə bölgənin hərtərəfli inkişafına maneələr yaradır.

Tədbirdə Avrasiya Qiymətləndiricilər Birlikləri idarə heyətinin baş direktoru Nikolay Trifonov çıxış edərək  dünyada baş verən qlobal iqtisadi və maliyyə böhranından danışmışdır. O,  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəyən ziyanın beynəlxalq standartlara uyğun qiymətləndirilməsinin vacibliyini vurğulamışdır.

Moldova Qiymətləndiricilər Assosiasiyası idarə heyətinin sədri Dmitri Tereburke tədbirin əhəmiyyətini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, bu cür tədbirlərin keçirilməsi münaqişələr nəticəsində Azərbaycana, Moldovaya və digər ölkələrə dəymiş ziyanın obyektiv hesablanmasına öz töhfəsini verəcəkdir.

Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəymiş ziyandan danışmışdır. Bildirmişdir ki, bu ziyanın qiymətləndirilməsi beynəlxalq məsələdir. Beynəlxalq aləmdə də münaqişələrin vurduğu ziyanın qiymətləndirilməsi artıq formalaşmaqdadır. Bu, Azərbaycan dövləti və xalqı üçün son dərəcə vacibdir. Beynəlxalq yanaşma ilə təxmini dəymiş ziyanın hesablanmasına görə, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti nəticəsində Azərbaycana 300 milyard dollardan çox zərər dəymişdir.

Əli Həsənov demişdir: “Ermənistanın dövlət büdcəsi isə 3 milyard dollardır. Azərbaycan beynəlxalq məhkəmələrdə dəyən zərərə görə təzminatın ödənməsini tələb etdikdə bu ziyanı əli günahsız azərbaycanlıların qanına batmış hazırkı Ermənistan rəhbərliyi deyil, erməni xalqı ödəməli olacaqdır”.

Baş nazirin müavini demişdir ki, artıq Ermənistana himayədarlıq edən bir sıra ölkələr də təcavüzkar dövlətin mövqeyini müdafiə etməkdən  yorulmuşlar. Bir gün gələcək erməni diasporunun özü də bu ölkədən üz döndərəcəkdir. Kimsə düşünürsə ki, bu məsələ yalnız Azərbaycanın problemidir, o, böyük səhv edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün dünyanın problemidir.

Natiq diqqətə çatdırmışdır ki, ermənilərin işğal etdikləri torpaqlarımızda narkotik vasitələr becərməsinə, tranzitinə, onlar tərəfindən terrorçu dəstələr hazırlamasına dair Azərbaycanın əlində tutarlı faktlar vardır. Bu faktlar və sənədlər artıq beynəlxalq qurumlara təqdim edilmişdir.

Ermənilər tərəfindən  işğal olunmuş Azərbaycan torpaqlarında silahlı dəstələrin hazırlandığını deyən Baş nazirin müavini vurğulamışdır ki, bu silahlı dəstələr, terrorçu qruplar dünyanın bütün münaqişə zonalarına göndərilir.

Günün ikinci yarısında öz işini davam etdirən konfransda seçilmiş mövzuya uyğun çıxışlar edilmiş, qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılmışdır.

Konfrans işini iyunun 7-də yekunlaşdıracaqdır. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında