Xəbər verildiyimiz kimi, Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Belçika Krallığının paytaxtı Brüsseldə rəsmi səfərdədir.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, nümayəndə heyətinin tərkibinə parlamentin deputatları Çingiz Əsədullayev, Rövşən Rzayev, Fuad Muradov, Sahibə Qafarova, Asim Mollazadə, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində Milli Məclisin sədri ilk olaraq Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filip Blanşar ilə görüşmüşdür.
Görüşdə Filip Blanşar parlamentlərarası münasibətlərin uğurla inkişafından məmnunluğunu ifadə etmişdir. Dostluq qrupunun rəhbəri ölkəmizə səfəri zamanı Azərbaycanın yüksək iqtisadi inkişafından heyrətləndiyini söyləmişdir. O qeyd etmişdir ki, Azərbaycanda mövcud olan dini tolerantlıq bu gün Avropa dövlətləri üçün də nümunə ola bilər. Komitə sədrinin fikrincə, Avropada hələ də Azərbaycan həqiqətləri, ölkənin nail olduğu yüksək inkişaf dinamikası barədə obyektiv təsəvvür yoxdur. Bu məqsədlə Filip Blanşar ölkə parlamentində dinləmələr təşkil etdiyini diqqətə çatdırmışdır.
Söhbət zamanı Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan-Belçika əlaqələrinin sürətlə inkişaf etdiyini vurğulamışdır. Bildirilmişdir ki, digər sahələrdə olduğu kimi, parlamentlər səviyyəsində də münasibətlərimiz uğurla davam etdirilir. Sədr diqqətə çatdırmışdır ki, Azərbaycan artıq regionda iqtisadi və siyasi cəhətdən lider dövlətdir.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan Milli Məclisin sədri problemin həllinə dair beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərin icra olunmamasını vurğulamışdır. Oqtay Əsədov münaqişənin regionda həyata keçirilən iqtisadi layihələr üçün arzuolunmaz olduğunu qeyd etmişdir. Ancaq bütün maneələrə baxmayaraq, Azərbaycanın inkişafı göz önündədir. Qürurverici faktdır ki, bu gün ölkəmiz beynəlxalq səviyyəli forumlara ev sahibliyi edir.
Daha sonra Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Parlamenti Nümayəndələr Palatasının sədri Andre Flao ilə görüşmüşdür.
Görüşdə Milli Məclisin sədri qeyd etmişdir ki, bu gün Azərbaycan müstəqil siyasət aparır və ölkəmiz üçün Avropaya inteqrasiya prioritet sahələrdəndir. Azərbaycan-Belçika əlaqələrinin genişlənməsindən söz açan sədr dövlətlərimiz arasında imzalanmış sənədlərin ratifikasiya olunmasının vacibliyini vurğulamışdır.
Görüşdə, həmçinin Azərbaycanın nəhəng enerji layihələrinin reallaşdırılmasında və Avropanın enerji təminatındakı mühüm rolundan danışılmışdır.
Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan Oqtay Əsədov məsələnin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun bu illər ərzində real nəticə əldə etmədiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, ölkəmiz münaqişənin sülh yolu ilə həllinə inamını hələ itirməmiş və bu yöndə səylərini davam etdirir. Lakin buna baxmayaraq, BMT-nin Təhlükəsizlik Şurasının, AŞPA, ATƏT PA tərəfindən qəbul edilən sənədlər hələ də icra olunmamışdır. Münaqişəyə dair qəbul edilən sənədlərin reallaşması üçün səylər artırılmalıdır.
Görüşdə Belçika Krallığının regionlarının nazirləri də iştirak etmişlər.
Səfər çərçivəsində Belçika Senatının sədri xanım Sabina de Betkinlə keçirilən görüşdə Azərbaycan parlamentinin sədri Oqtay Əsədov qarşılıqlı əlaqələrin inkişafından, parlamentlərarası əməkdaşlığın genişləndirilməsindən söz açmışdır. Bildirmişdir ki, Avropaya inteqrasiya yolu tutmuş Azərbaycan bu istiqamətdə mühüm addımlar atmışdır.
Səfər zamanı Milli Məclisin sədri Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brokla görüşmüşdür. Komitə sədri bu yaxınlarda Azərbaycana etdiyi səfəri məmnunluqla xatırlamışdır.
Milli Məclisin sədri Avropa Parlamentinin Azərbaycanda insan haqlarına dair qəbul olunan bir sıra qərarları xatırlayaraq bildirmişdir ki, ətraflı araşdırmalar aparılmadan qəbul edilən bu sənədlər ölkə ictimaiyyətinin haqlı narazılığına səbəb olur. Bu kimi məsələlərin ilkin olaraq Avronest PA-da müzakirəsi və yalnız bundan sonra hər hansı bir qərarın verilməsi, zənnimizcə ədalətli olardı.
Avropa Parlamentinin komitə sədri bildirmişdir ki, Azərbaycandan fərqli olaraq digər dövlətlərlə bağlı qurumda daha sərt qərarlar qəbul olunur.
Görüşdə diqqətə çatdırılmışdır ki, Azərbaycan ilə Avropa təsisatları arasında əməkdaşlıq uğurla inkişaf edir və müsbət nəticələr əldə olunur. Hər iki tərəf əməkdaşlığın daha da genişlənməsində maraqlıdır. Bu baxımdan “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində həyata keçirilən tədbirlər olduqca önəmlidir.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri - Milli Məclisin deputatları Çingiz Əsədullayev, Sahibə Qafarova, Rövşən Rzayev və Fuad Muradov Belçika Krallığının Flaman və Volonya regionlarının parlament rəhbərləri ilə də görüşlər keçirmişlər.
Deputatlarımız Azərbaycana böyük maraq göstərən belçikalı həmkarlarına ölkəmizdə gedən sürətli iqtisadi inkişaf, eləcə də siyasi proseslər barədə ətraflı məlumat vermişlər. Bildirmişlər ki, bu gün Azərbaycan tolerantlıq nümunəsi kimi dünyaya örnək ola bilər. Ölkədə gender siyasəti uğurla həyata keçirilir.
Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan millət vəkilləri Ermənistanın münaqişənin həllinə dair tutduğu qeyri-konstruktiv mövqeyini qarşı tərəfin diqqətinə çatdırmışlar.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.