Azərbaycanın yeni neft strategiyasının banisi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə neft və milyonlar səltənəti – Bakı şəhərində keçirilən ənənəvi “Xəzər neft-qaz, neftayırma, neft kimyası” beynəlxalq sərgi və konfransı Xəzər regionunu beynəlxalq əməkdaşlıq və təcrübə məkanına çevirmişdir. Düz 20 ildir ki, dünyanın neft və qaz sektorunda fəaliyyət göstərən iri, transmilli şirkətləri bu möhtəşəm tədbirdə iştirak etmək üçün Azərbaycan paytaxtına toplaşırlar.
Sərgi iştirakçıları – əcnəbi və yerli şirkətlərin nümayəndələri, eləcə də bir sıra xarici ölkələrin dövlət və hökumət üzvləri, diplomatik korpusların nümayəndələri bu mötəbər beynəlxalq tədbirdə Xəzər regionunda həyata keçirilən neft-qaz layihələrinin icra vəziyyəti ilə yaxından tanış olur, həmçinin enerji təhlükəsizliyi ilə bağlı geniş fikir mübadiləsi aparır, bir-birlərinin potensial imkanları və nailiyyətləri barədə zəngin məlumat əldə edirlər. Bununla da, Azərbaycan paytaxtı bir neçə günlüyə beynəlxalq görüş və iqtisadi əməkdaşlıq məkanına çevrilir.
Dünyanın transmilli şirkətlərinin Azərbaycanın neft sənayesinə marağının artmasında Xəzər neft-qaz sərgi və konfransının böyük əhəmiyyəti olmuşdur. Belə ki, 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ölkəmizi üzləşdiyi çətinliklərdən, dərin iqtisadi tənəzzüldən xilas etmək üçün çıxış yolunu, ilk növbədə, neft amilində gördü. Ancaq Azərbaycanın o zamankı məhdud maliyyə imkanları Xəzər dənizinin ölkəmizə aid sektorunda yerləşən zəngin karbohidrogen ehtiyatlarının işlənməyə cəlb edilməsi üçün yetərli deyildi. Bunun üçün Azərbaycanın neft sənayesinə xarici sərmayələrin cəlb edilməsi zəruri idi. Həmin məqsədə nail olmaq üçün isə xarici sərmayədarlarda ölkəmizə xüsusi maraq yaratmaq tələb olunurdu. Onları Azərbaycanda siyasi sabitliyin və əlverişli biznes mühitinin mövcudluğuna inandırmaq son dərəcə vacib idi. Azərbaycanı etibarlı tərəfdaş, siyasi risk tələb etməyən bir ölkə kimi tanıtmaq üçün isə, ilk növbədə, xarici sərmayədarları ölkəmizə dəvət etmək lazım idi. Məhz bu məqsədlə də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin iyun ayının ilk günlərində Bakıda birinci beynəlxalq Xəzər neft-qaz sərgi və konfransı keçirildi. Həmin möhtəşəm tədbirdə iştirak etmək üçün Azərbaycan paytaxtına gələn neft nəhəngləri ölkəmizin karbohidrogen ehtiyatları ilə zənginliyinə, burada əlverişli biznes mühitinin mövcudluğuna tam əmin oldular. Bununla da, Azərbaycan etibarlı tərəfdaş kimi dünyanın iqtisadi güclərinin maraq dairəsinə daxil oldu.
Təsadüfi deyil ki, iyunun 4-də Bakı Sərgi Mərkəzində 20-ci beynəlxalq “Xəzər neft-qaz, neftayırma, neft kimyası” sərgi və konfransının açılışına həsr olunmuş mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “ ... İyirmi il ərzində bu sərgi hər il daha çox şirkəti cəlb etmişdir. Builki sərgidə 400-ə yaxın şirkət iştirak edir. Yəni, bu, özlüyündə bir göstəricidir, onu göstərir ki, 20 il keçməsinə baxmayaraq, sərgi öz əhəmiyyətini itirməyib, əksinə onun əhəmiyyəti daha da artmışdır. Baxmayaraq ki, əsas neft və qaz müqavilələri artıq imzalanmışdır. Xarici şirkətlər uzun illər ərzində Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Buna baxmayaraq, sərginin əhəmiyyəti artmaqdadır.” Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və dövrün reallıqlarını tam əks etdirən yeni neft strategiyasının həqiqiliyi dünyanın transmilli şirkətlərini Azərbaycanın neft sənayesinə sərmayə yönəltməyə sövq etdi. Bunun nəticəsi olaraq Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş–“Əsrin müqaviləsi” imzalandı. Növbəti illərdə isə hasilatın pay bölgüsü tipli çoxsaylı sazişlər imzalandı və Azərbaycanın qapıları xarici sərmayədarların üzünə açıq elan olundu. Ötən müddətdə ölkəmizin neft sənayesinə 50 milyard dollardan artıq sərmayə yönəldildi.
“Əsrin müqaviləsi” çərçivəsində nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinin vaxtında və uğurla yerinə yetirilməsi nəticəsində Azərbaycan dünyanın potensial neft ixrac edən dövlətinə çevrildi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Əsrin müqaviləsi” tarixi hadisə, dönüş nöqtəsi idi. Çünki bu müqavilənin imzalanması beynəlxalq əməkdaşlıq üçün böyük təcrübə olmaqla yanaşı, digər sektorlarda da böyük canlanmaya gətirib çıxardı. Məhz “Əsrin müqaviləsi” nin imzalanması ilə həyata vəsiqə qazanmış ölkəmizin yeni neft strategiyası Azərbaycana enerji məsələlərinin uğurlu həllinə imkan yaratdı. Ötən illər ərzində özünün enerji təhlükəsizliyini tam təmin etməyə müvəffəq olmuş Azərbaycan Respublikası bir sıra dünya ölkələrinin də enerji təminatına mühüm töhfələr verməyə başladı. Azərbaycan neftinin dünya bazarına əlverişli marşrutlarla nəqlini təmin etmək üçün alternativ ixrac boru kəmərləri çəkildi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin istifadəyə verilməsi isə Azərbaycanın nəql imkanlarının bir neçə dəfə artırılması ilə yanaşı, ölkəmizin siyasi nüfuzunun və iqtisadi müstəqilliyinin güclənməsinə səbəb oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu kəmər bütövlükdə bölgənin və bəlkə də qitənin enerji xəritəsini əsaslı şəkildə dəyişdirdi. Məhz bunun nəticəsi olaraq Azərbaycan öz qazını müstəqil şəkildə dünya bazarına ixrac etmək üçün geniş imkanlara malik yeni qaz boru xəttinin çəkilişinə də nail oldu.
Yeri gəlmişkən, “Əsrin müqaviləsi”nin imzalanmasından iki il sonra Azərbaycan özünün qaz potensialını bütün dünyaya nümayiş etdirmək məqsədilə daha böyük bir uğura imza atmağa müvəffəq oldu. 1996-cı ilin iyun ayının ilk günlərində Bakıda keçirilən 3-cü beynəlxalq “Xəzər neft-qaz, neftayırma, neft kimyası” sərgi və konfransının keçirildiyi zaman xarici neft şirkətləri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalandı. Üç il sonra “Şahdəniz” yatağında ilk kəşfiyyat quyusunun tamamlanması buradakı qaz ehtiyatlarının1 trilyon 200 milyard kubmetrdən artıq olduğunu sübuta yetirdi. 2006-cı ilin sonlarında isə “Şahdəniz” yatağından ilk quyunun istismara verilməsi ilə ölkəmizdə böyük qaz hasilatının əsası qoyuldu. Beləliklə də, Azərbaycan dünyanın potensial qaz ixrac edən dövlətinə çevrildi. Hazırda “Şahdəniz” qazı Gürcüstan, Türkiyə, Yunanıstan və bir sıra Şərqi Avropa ölkələrinə ixrac olunur. Bununla yanaşı, vaxtilə Rusiyadan qaz alan Azərbaycan indi bu ölkəyə, eləcə də qonşu İrana “mavi yanacaq” satışını həyata keçirir. Təsadüfi deyil ki, sərginin açılışında Prezident İlham Əliyev bu barədə demişdir: “Düz 17 il bundan əvvəl, 1996-cı ildə “Şahdəniz” kontraktı da imzalanmışdır. O vaxt dünyada və Avropada, ümumiyyətlə, qaz amili o qədər də ciddi qəbul edilmirdi. Ona görə də “Şahdəniz” kontraktının imzalanması, demək olar ki, dünya miqyasında o qədər də böyük əks-səda yaratmadı. Halbuki biz bilirdik ki, vaxt gələcək Azərbaycan nəinki neft ölkəsi kimi, qaz ölkəsi kimi də özünü dünyaya təqdim edəcəkdir. Bilirdik ki, bizim çox zəngin qaz yataqlarımız vardır. Bilirdik ki, bu yataqların işlənilməsi nəticəsində ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir”.
Məlum olduğu kimi, hazırda dünyanın “mavi yanacağa” tələbatı daha çox olan ölkələr Azərbaycan qazına böyük maraq göstərirlər. Bu da ölkəmizə özü üçün daha əlverişli şərtlər və sərfəli marşrutla dünya bazarına çıxarmağa imkan yaradır. Ənənəvi olaraq sərgidə özünün yeni nailiyyətlərini, mühüm layihələrini təqdim edən Azərbaycan budəfəki tədbirdə yeni əsrin ən böyük qaz ixracı layihələrindən sayılan TANAP layihəsini nümayiş etdirdi. Təsadüfi deyil ki, dövlətimizin başçısı 20-ci “Xəzər neft-qaz, neftayırma və neft kimyası” sərgi və konfransının açılış mərasimindəki çıxışı zamanı bu vacib məqama toxunaraq demişdir: “Builki sərgidə mən son bir il ərzində bu sahədə ən vacib hadisə olan TANAP layihəsinin başlanmasını xüsusilə qeyd etmək istəyirəm... TANAP layihəsi “Cənub qaz dəhlizi”nin tərkib hissəsidir, bəlkə də bunun əsas hissəsidir. TANAP böyük maliyyə xərcləri tələb edən layihədir. Çox böyük texniki imkanlar da ortaya qoyulmalıdır. Biz tərəfdaşlarla birlikdə bunu etməyə hazırıq və edəcəyik. TANAP layihəsi “Cənub qaz dəhlizi”nin uğurlu icrası üçün əsas şərtdir. Eyni zamanda, TANAP layihəsinin başlanması o deməkdir ki, “Cənub qaz dəhlizi” reallaşacaqdır... TANAP layihəsi, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatı üçün də çox vacib amildir”. Göründüyü kimi, Azərbaycan, digər tranzit ölkələri, eləcə də Avropa dövlətləri “Cənub qaz dəhlizi”nin həyata keçirilməsində israrlıdır. Təsadüfi deyil ki, 2011-ci ilin əvvəllərində Azərbaycan ilə Avropa İttifaqı arasında “Cənub qaz dəhlizi” ilə bağlı strateji tərəfdaşlıq üzrə memorandum imzalanmışdır. Artıq bu sənəd uğurla icra olunur. O da məlumdur ki, enerjiyə olan tələbatın getdikcə artdığı müasir dövrdə dünyanın neft və qaz ehtiyatlarından mümkün qədər daha çox bəhrələnmək üçün kəskin rəqabət gedir, geniş müzakirələr aparılır. Artıq özünün enerji təhlükəsizliyini tam təmin edən Azərbaycan Respublikası dünyanın istənilən ölkəsi ilə bu sahədə əlverişli şərtlərlə əməkdaşlıq etməyə hazırdır. Bu da ölkəmizin dünyanın siyasi arenasındakı yerini və rolunu əhəmiyyətli dərəcədə artırır.
Yeri gəlmişkən, ötən illər ərzində özünün zəngin karbohidrogen ehtiyatlarına arxalanan Azərbaycan Respublikası Avropanın, həmçinin dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr vermiş, iqtisadi və siyasi baxımdan böyük uğurlar əldə etmişdir. Eyni zamanda, enerji müstəqilliyinin təmin olunması, həm də Azərbaycanın iqtisadi müstəqilliyinə böyük töhfələr vermişdir. Təsadüfi deyil ki, indi ölkəmizin razılığı olmadan regionda heç bir enerji və digər qlobal layihələrin reallaşdırılması mümkün deyil. Bu isə o deməkdir ki, hazırda Azərbaycan tam müstəqil siyasət yürütməyə qadir hərtərəfli inkişaf edən bir ölkədir. İndi bunu dünyanın əksər inkişaf etmiş ölkələri də birmənalı olaraq qəbul edir, Azərbaycanın regiondakı nüfuzunu yüksək qiymətləndirirlər. 20-ci beynəlxalq “Xəzər neft-qaz, neftayırma, neft kimyası” sərgi və konfransının açılışı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərən Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama qeyd edir: “ Azərbaycanın təbii sərvətlərinin beynəlxalq bazarlara çıxarılması məqsədilə ötən dövr ərzində qoyulmuş iri həcmli investisiyalar qlobal enerji təchizatının sabitləşdirilməsinə xidmət etmiş, Azərbaycanın müstəqilliyi və iqtisadi inkişafına töhfə vermişdir. Azərbaycanın beynəlxalq tərəfdaşları ilə möhkəm münasibətləri sayəsində mühüm enerji layihələri həyata keçirilmiş və bu layihələr öz növbəsində Azərbaycanı dünya bazarının önəmli neft təchizatçısına və regionun mühüm qaz mənbəyinə çevirmişdir... Azərbaycan Amerika Birləşmiş Ştatlarının simasında sadiq tərəfdaşa malikdir və Sizinlə uzun illər əməkdaşlıq əzmindəyəm”.
Ənənəvi neft-qaz sərgi və konfransı münasibətilə Azərbaycan rəhbərini və xalqımızı təbrik edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron da öz növbəsində qarşıdan gələn illər ərzində Azərbaycanın enerji ehtiyatlarının Avropa və dünya iqtisadiyyatında getdikcə mühüm rol oynayacağını vurğulayaraq qeyd edir: “Azərbaycanın yaxın dostu və tərəfdaşı kimi, mən qarşıdan gələn uzun illər ərzində sabit enerji mənbəyinin təmin edilməsi istiqamətində səy göstərilməsində iştirak edənlərə yeni uğurlar arzulayıram”. Göründüyü kimi, Azərbaycanın malik olduğu zəngin karbohidrogen ehtiyatları ölkəmizi beynəlxalq nüfuzlu dövlətlər üçün fəal və etibarlı tərəfdaşa çevirmişdir. Heç şübhəsiz, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatındakı rolunun getdikcə artması ölkəmizə olan inam və etimadın daha da güclənməsinə səbəb olur. Bu isə ölkəmizin siyasi arenadakı nüfuzunu getdikcə artırır.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.