Dördüncü Rusiya-Azərbaycan Forumu çərçivəsində iyunun 5-də Volqoqradda “Bakı” parkının təməlqoyma mərasimi olmuşdur.
Mərasimdə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov başda olmaqla nüfuzlu nümayəndə heyəti, respublikamızın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycanlıları Konqresinin (UAK), Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB), Volqoqrad vilayəti hökumətinin nümayəndələri iştirak etmişlər.
Volqoqrad vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin sədri Oleq Kirsanov mərasimi açaraq qeyd etmişdir ki, bu gün Volqoqradda “Bakı” beynəlxalq parkının tikintisinə start verilir. Volqoqrad vilayətinin vitse-qubernatoru bildirmişdir ki, iqtisadiyyatın bir çox sahələrində Azərbaycan ilə Rusiya arasında yaranmış möhkəm əlaqələri qiymətləndirmək çətindir. O.Kirsanov demişdir: “Parkın tikintisinin başlanması və onun yaxın vaxtlarda başa çatdırılması tarixi şəhərimizin xəritəsində yeni inci görməyə imkan verəcəkdir. Biz beynəlxalq əməkdaşlığımızın yeni təməl daşını qoyuruq. Bütün volqoqradlılar adından azərbaycanlı dostlarımıza demək istəyirəm ki, biz həmişə sizi burada görməyimizə şadıq, siz Volqoqrad torpağında ən sevilən qonaqlarsınız. Yeni parkın bünövrəsinə qoyacağımız kapsul dövlətlərimizin gələcəyinin rəhnidir”.
Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov mərasimin iştirakçıları qarşısında çıxış edərək demişdir ki, xatirə kapsulunun gələcək nəsillər üçün saxlanması Rusiya ilə Azərbaycan arasında sarsılmaz dostluğun rəmzi olacaqdır. Belə obyektlərin tikilməsi gözəl ənənəyə çevrilir. V.Çernov xatırlatmışdır ki, keçən il Həştərxanda Rusiya-Azərbaycan dostluğu körpüsü açılmışdır. O, Heydər Əliyev Fonduna, Volqoqrad vilayətinin Azərbaycan diasporuna və belə əhəmiyyətli, xeyirxah təşəbbüsləri həyata keçirənlərə minnətdarlığını bildirmişdir.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında qeyd etmişdir ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü və Bakı şəhərinin Qaradağ Rayon İcra Hakimiyyəti başçısının dəstəyi ilə “Bakı” parkının bünövrəsi qoyulacaqdır. Parkın salınması barədə razılaşma bu il aprelin əvvəlində Azərbaycan nümayəndə heyətinin Volqoqrada səfəri zamanı əldə edilmişdi. Ərazinin abadlaşdırılması və yaşıllaşdırılması, dostluq parkının salınması sahəsində kompleks işləri ən qısa müddətdə yerinə yetirmək qərara alınmışdır. Ə.Həsənov demişdir: “İnanıram ki, əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşamış xalqlarımız, ölkələrimiz və şəhərlərimiz arasında dostluğun rəmzi olan bu park volqoqradlıların ən gözəl və sevimli istirahət yerlərindən biri olacaqdır. Sevindirici haldır ki, parkın təməli Stalinqrad döyüşündə alman-faşist işğalçılarının sovet qoşunları tərəfindən darmadağın edilməsinin 70 illiyinin qeyd olunduğu ildə qoyulur. Bu Qələbəni digər xalqların nümayəndələri ilə yanaşı döyüşlərdə qəhrəmanlıq və igidlik göstərmiş Azərbaycan əsgərləri də yaxınlaşdırmışlar. Biz fəxr edirik ki, Stalinqrad döyüşü iştirakçılarının - iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanı, mayor Xıdır Mustafayevin adları müharibənin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılacaqdır”.
Əli Həsənov bildirmişdir ki, Volqoqradda yaşayan azərbaycanlıların indiki nəsli də xalqlarımızın çoxəsrlik ənənələrini layiqincə davam etdirir. Volqoqradın Azərbaycan diasporu arasında çox nüfuzlu insanlar vardır. Onlar vilayətin ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Rusiya Azərbaycanlıları Konqresinin Volqoqrad şöbəsi dostluq parkının yenidən qurulmasında bilavasitə iştirak edir. Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri vurğulamışdır: “Həştərxanda Heydər Əliyev Fondunun təşəbbüsü və Bakının Nərimanov Rayon İcra Hakimiyyəti başçısının dəstəyi ilə bir sıra buna bənzər layihələr həyata keçirilmişdir. Tezliklə həştərxanlılar da Bakıda dostluq parkı açacaqlar. Bu, bütöv bir dövr ərzində azərbaycanlıların və rusların bir-birini başa düşmək bacarığı nümayiş etdirdiklərinin, qarşılıqlı hörmətin əvəzsiz təcrübəsini qoruyub saxladıqlarına dəlalət edir. Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin yürütdükləri siyasət sayəsində ikitərəfli Rusiya-Azərbaycan münasibətləri inkişaf edir və genişlənir. Biz bundan sonra da əlaqələrimizin dərinləşməsi və genişlənməsi istiqamətində irəliləyəcəyik”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qonaqpərvərliyə görə Volqoqrad tərəfinə minnətdarlığını bildirərək demişdir ki, bu gün təkcə Volqoqradda yaşayan azərbaycanlılar üçün deyil, həm də Rusiyada yaşayan və işləyən bütün azərbaycanlılar üçün bayramdır. Səfir demişdir: “Volqoqradda bu günlər artıq xalqlarımız və ölkələrimiz arasında dostluğun nümayişinə çevrilir. Bu, bizim üçün çox vacibdir. Çünki biz qonşuyuq, qonşular isə mehribanlıq şəraitində yaşamalıdırlar. Yeni park illərlə xalqlarımız arasında dostluğun rəmzi olacaqdır”. P.Bülbüloğlu vurğulamışdır ki, park bir neçə ay ərzində qurulacaq və artıq sentyabrda açılacaqdır. Bu, hətta indiki vaxtda rekord dərəcədə qısa müddətdir. Səfir arzulamışdır ki, qoy bu parka gələn gənclər həmişə dostluğumuzu xatırlasınlar və onu gələcək nəsillərə çatdırsınlar.
Sonra Əli Həsənov və Vladimir Çernov gələcək nəsillərə ünvanlanmış müraciəti imzalamışlar. Müraciətdə deyilir: “Biz, forum iştirakçıları və Volqoqrad sakinləri əminik ki, salınacaq park təkcə şəhərlərimiz arasında deyil, həm də dövlətlərimiz arasında dostluğun rəmzi olacaqdır. Bu park birgə səylər nəticəsində yarandığı kimi, biz də gələcək nəsillərin rifahı naminə Rusiya Federasiyası və Azərbaycan Respublikası xalqlarının qarşılaşdıqları bütün çağırışları birlikdə dəf edəcəyik. Bu kapsulu bünövrəyə qoymaqla bundan sonra da ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafı yolu ilə getmək barədə birgə niyyətlərimizi təsdiq edirik”.
Sonra kapsul yeni parkın bünövrəsinə qoyulmuşdur.
Volqoqradın mərkəzi mədəniyyət və istirahət parkı öz fəaliyyətini ötən əsrin 60-cı illərindən başlamışdır. Həmin vaxt şəhərin mərkəzi hissəsində fəal tikinti işləri aparılırdı. Parkın birinci layihəsi 1967-ci ildə hazırlanmışdır. Sonra layihəyə dəyişikliklər edilmişdir. Son illər parkın 26 hektarlıq ərazisi baxımsız vəziyyətə düşmüşdür. Hazırda mərkəzi mədəniyyət və istirahət parkında ərazinin abadlaşdırılması işlərinə başlanılmışdır.
Fəridə ABDULLAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Volqoqrad
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.