Naxçıvan şəhərində yeni yaşayış kompleksi istifadəyə verilmişdir

 

İyunun 4-də Naxçıvan şəhərində yeni yaşayış kompleksi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində çıxış edərək demişdir: Muxtar respublikamızda əhalinin rahatlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni yaşayış kompleksləri tikilərək istifadəyə verilir. Naxçıvan şəhərində dünya təcrübəsinə əsaslanaraq inşa edilən bu yaşayış kompleksində sakinlərin rahat və müasir mənzillərlə təmin olunması, onların gündəlik məişət tələbatlarının ödənilməsi və istirahətlərinin təşkili diqqət mərkəzində saxlanılmışdır. Yaşayış kompleksindəki mənzillərin həm ipoteka kreditləri hesabına dövlət qulluğunda çalışanlara, həm də digər vətəndaşlara satışı həyata keçirilir.

Ali Məclisin sədri demişdir: Bu gün ölkəmizin, eləcə də muxtar respublikamızın hərtərəfli sosial-iqtisadi inkişafı əhalinin həyat səviyyəsinin yüksəldilməsinə səbəb olmuşdur. Hazırda muxtar respublikada orta aylıq əmək haqqı 450 Amerika Birləşmiş Ştatları dollarından artıqdır. Son illər yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması işsizlik problemini aradan qaldırmışdır. Muxtar respublikada insanların sosial rifah halının yaxşılaşdırılması müasir və rahat yaşayış komplekslərinin, müasir ticarət mərkəzlərinin yaradılmasını zəruri edir. İstifadəyə verilən bu yaşayış kompleksi əhalinin tələbatına uyğun olaraq inşa edilmişdir. Yeni yaradılan yaşayış kompleksləri və ticarət mərkəzləri sakinlərin rahatlığına xidmət etməklə yanaşı, həm də yeni iş yerlərinin açılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Naxçıvan şəhərində yeni yaşayış komplekslərinin tikilməsi istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirən Ali Məclisin Sədri kompleksin yaradılmasında əməyi olanlara təşəkkür etmiş və açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, müasir layihə əsasında və yüksək keyfiyyətlə inşa olunan kompleksin tərkibinə iki 10 mərtəbəli və bir 15 mərtəbəli yaşayış binası daxildir. 10 mərtəbəli yaşayış binalarının hər birində sahəsi 175 kvadratmetr olan 40 dördotaqlı, 15 mərtəbəli yaşayış binasında isə 78 mənzil vardır. Binalarda müasir liftlər quraşdırılmış, zirzəmilərdə avtomobil dayanacaqları yaradılmışdır.

Kompleksdə hər cür kommunal-məişət şəraiti mövcuddur. Binalara kommunikasiya xətləri çəkilmiş, mənzillər sürətli internetlə təmin olunmuşdur. Mərkəzi isitmə, soyutma və yanğından mühafizə sistemləri ilə təmin olunan binalar isti, soyuq, rütubət və radiasiyaya davamlı izolyasiya qatına malikdir. Kompleksin həyətində geniş abadlıq işləri aparılmış, istirahət parkı istifadəyə verilmişdir.

Ali Məclisin sədri kompleksdə yaradılan yeni ticarət mərkəzinə baxmışdır.

Bildirilmişdir ki, ikimərtəbəli ticarət mərkəzində 30 satış yeri, iş otaqları və kafe vardır. Burada 27 nəfər işlə təmin olunmuşdur. Ticarət mərkəzində əsasən kişi, qadın və uşaq geyimlərinin, eləcə də digər təlabat mallarının satışı həyata keçirilir. Çeşid çoxluğu istehlakçılara keyfiyyətli məhsul təklif etməyə imkan verir.

Ali Məclisin sədri ticarət mərkəzində nağdsız əməliyyatlara üstünlük verilməsi, əhaliyə keyfiyyətli xidmət göstərilməsi barədə tapşırıqlar vermişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında