Çin Xalq Respublikasının Sian şəhərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) “Yaşıl inkişafı təşviq edək və birlikdə daha gözəl Asiya yaradaq” mövzusunda xüsusi iclası keçirilmişdir.
Asiya və Sakit okean hövzəsi ölkələrinin quruma üzv olan 50-dən çox siyasi partiyasından 100-dən çox nümayəndənin qatıldığı tədbirdə Azərbaycanı Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı və deputat Mirkazım Kazımov təmsil etmişlər.
Asiya regionunda ekoloji məsələlərin diqqət mərkəzində olduğu iclasda, həmçinin Latın Amerikası və Afrikadan müşahidəçi statusunda nümayəndə heyətləri də iştirak etmişlər.
Xüsusi iclasın açılış mərasimində Çinin vitse-prezidenti Li Yuançao, Şri-Lankanın prezidenti Mahinda Racapaksa, İCAPP-ın Daimi Komitəsinin həmsədri Xose de Venesia və digərləri özünün yeni inkişaf dövrünü yaşayan Asiyada müxtəlif çağırışların ortaya çıxdığını bildirmişlər. Vurğulanmışdır ki, bunlardan ən vacibi ekologiya, ətraf mühitin qorunması, iqlim dəyişikliyi məsələləridir. Ölkələrin aparıcı siyasi partiyalarının bu istiqamətdə görə biləcəyi işlər, birgə əməkdaşlıq, dövlət və hökumət qurumları ilə məsləhətləşmələr olduqca vacibdir. İCAPP-ın “Yaşıl inkişafı təşviq edək və birlikdə daha gözəl Asiya yaradaq” mövzusundakı xüsusi iclası da məhz bu mövzuların müzakirəsi baxımından önəmlidir.
Açılış mərasimində BMT-nin baş katibi Pan Gi Munun videomüraciəti nümayiş olunmuşdur. Baş katib müraciətində iqtisadi inkişaf ilə ətraf mühitin mühafizəsi arasında tarazlığın qorunmasının vacibliyini ön plana çəkmişdir.
Xüsusi iclasın seminarlarında nümayəndə heyətlərinin başçıları mövzu ilə əlaqədar çıxışlar etmişlər. Çıxışlarda əsasən dünyanın ərazicə və əhalicə ən böyük qitəsi olan Asiyada ekologiya, ətraf mühitin qorunması, iqlim dəyişikliyi kimi mövzuların daim gündəmdə saxlanılmasının əhəmiyyəti vurğulanmışdır.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı iclasda çıxışı zamanı qeyd etmişdir ki, hazırda sağlam həyat, ətraf mühit qorunması bəşəriyyətin əsas vəzifələrindən biridir. Biz gələcək nəsillərə daha təmiz ətraf mühitə malik planet verməliyik. Aydındır ki, ətraf mühitin qorunması ayrıca bir ölkənin işi deyildir. Bunun üçün hamının səyləri birləşdirmək daha məqsədəuyğundur. Bu istiqamətdə BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində yeni qərarlara ehtiyac vardır.
M.Qurbanlı hazırda dünyanın bir sıra bölgələrində münaqişə ocaqlarının sülh üçün təhlükə mənbəyi olmaqla yanaşı, həmçinin ekologiyaya böyük ziyan vurduğunu da diqqətə çatdırmışdır. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində ciddi ekoloji problemlər ortaya çıxmış, meşələr yandırılmış, flora və faunaya böyük ziyan vurulmuşdur. Sürətlə silahlanmaya, yeni-yeni silah növlərinin yaradılmasına ayrılan vəsaiti ekoloji problemlərin həllinə yönəltmək indiki şəraitdə dünya ölkələrinin əsas vəzifələrindəndir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkəmizdə ekoloji problemlərin həlli, ətraf mühitin qorunması istiqamətində görülən işlərdən də danışmış, “Ekologiya ili” çərçivəsində həyata keçirilmiş tədbirlərin digər ölkələr üçün də örnək olduğunu demişdir.
İkigünlük müzakirələrin sonunda iclasın yekun sənədi - “Sian təşəbbüsü” qəbul olunmuşdur. Sənəddə güclü iqtisadi inkişafın müşahidə olunduğu Asiyada yaşıl inkişafın dəstəklənməsinə diqqətin artırılmasının vacibliyi qeyd olunmuşdur. Yaşıl inkişaf ekologiyanı daha az korlayan istehsala və istehlaka üstünlüyün verilməsini nəzərdə tutur. Sənəddə “Daha gözəl Asiya” yaratmaq üçün beynəlxalq və dövlətlərarası əməkdaşlığa çağırış əksini tapmışdır. Bu istiqamətdə Asiya Yaşıl İnkişaf Fondunun, Asiyada Böyük Yaşıl Texnologiya Bazarının yaradılması ideyaları diqqəti çəkən məqamlardır.
Xatırladaq ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı üzv ölkələr arasında qarşılıqlı etimadın və anlaşmanın gücləndirilməsinə, siyasi partiyaların iştirakı və dəstəyi ilə Asiya regionunun inkişafına dair əməkdaşlıq və fikir mübadiləsi aparmaq məqsədi ilə 2000-ci ildə yaradılmışdır.
Azərbaycan bu forumun fəal iştirakçılarından biridir. Belə ki, 2012-ci ilin noyabrında qurumun 7-ci Baş Məclisi, cari ilin aprelində isə Daimi Komitənin Qadınlar qolunun ilk iclası Bakıda keçirilmişdir.
Bundan başqa, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov qurumun Daimi Komitəsinin üzvüdür.
Şahin CƏFƏROV,
AzərTAc-ın xüsusi müxbiri
Sian
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.