Heydər ƏLİYEV və Dağlıq Qarabağda Azərbaycanın köklü maraqları

 

 

 

Mən Heydər Əliyevin millətsevər bir rəhbər olması haqqında ilk dəfə 1967-ci ilin iyul ayında eşitmişəm. O vaxtlar mən Azərbaycan Politexnik İnstitutunda oxuyurdum və yay tətilində Dağlıq Qarabağın Xankəndi şəhərindəki evimizə gəlmişdim.

Həmin ərəfədə Xocavənddə yaşayan 3 nəfər azərbaycanlı – Ərşad müəllim və 2 qohumu heç bir əsas olmadan bir erməni uşağının öldürülməsində təqsirləndirilərək cinayət məsuliyyətinə cəlb olunmuşdu. Açıq yay kinoteatrında keçirilən məhkəmə prosesi başa çatdıqdan sonra bir qrup erməni cinayətkar həmin 3 azərbaycanlını məhkəmədən aparan maşında xüsusi qəddarlıqla yandırıb qətlə yetirdi. Sonralar isə məlum oldu ki, bu cinayəti Edik Baqdasaryan adlı bir erməni törədib.

Belə bir çətin dövrdə bu ağır cinayəti törədənlərin tapılıb məsuliyyətə cəlb edilməsi üçün o vaxtlar Azərbaycanq Dövlət Təhlükəsizlik Komitəsinin sədri olan Heydər Əliyevin rəhbərliyi ilə xüsusi əməliyyat qrupu Xankəndinə gəlmişdi. Dağlıq Qarabağda, xüsusilə də Xankəndidə yaşayan azərbaycanlılar çox narahat idilər və cinayəti törədən əsl canilərin aşkar edilməsini səbrsizliklə gözləyirdilər. Nəhayət, günahsız azərbaycanlıların vəhşicəsinə yandırılmasını təşkil və icra edən ermənilər həbs edildilər. Məhkəmənin hökmü ilə onlara müxtəlif cəzalar, hətta ölüm cəzası verildi.

1969-cu ilin yayında tələbə yoldaşlarımla institutun göndərişi ilə Sankt-Peterburqda istehsalat təcrübəsi keçirdim. İyul ayının 14-də eşitdik ki, Azərbaycan Kommunist Partiyasının növbəti plenumunda Mərkəzi Komitənin birinci katibi vəzifəsinə DTK-nın sədri Heydər Əliyev seçilib. Bu xəbər bizi çox sevindirdi. Mənim isə gözlərim önündə Xankəndində baş verən həmin cinayətin açılmasında Heydər Əliyevin şəxsi şücaəti və cəsarəti canlandı. Artıq Azərbaycanın gələcək taleyi etibarlı əllərdə idi. Sonrakı illərdə şahidi olduqlarımız bunu bir daha təsdiq etdi.

1970-ci ildə mən institutu bitirib DQMV Yol İdarəsinə mühəndis vəzifəsinə təyinat aldım. Heydər Əliyevin respublikanın rəhbəri seçilməsi ilə o vaxtlar Dağlıq Qarabağda mövcud olan arzuolunmaz ab-havaya, azərbaycanlılara qarşı xoşagəlməz hadisələrə son qoyulmuşdu. O vaxtadək ermənilərin millətçilik əhval-ruhiyyəsi, DQMV-ni Azərbaycanın tərkibindən ayırıb Ermənistana birləşdirmək cəhdləri tez-tez müxtəlif formalarda özünü büruzə verirdi.

Ermənilərin tarixən Qarabağ xanlığına məxsus torpaqlara 1828-ci ildən başlayaraq köçürülməsi və onların bu torpaqlara qonaq kimi məskunlaşdırılması tarixi həqiqətdir. Bu faktı sübut etmək üçün ermənilərin bu torpaqlara köçürülməsinin 150 illiyi şərəfinə Dağlıq Qarabağda abidə qoymalarını yada salmaq kifayətdir. Daha sonra 1923-cü ilin iyul ayında İ.Stalinin, A.Mikoyanın köməkliyi ilə Azərbaycanın tərkibində əhalisinin sayı heç 100 min nəfər olmayan DQMV yaradılıb. O vaxt Ermənistanda azərbaycanlıların sayı erməni əhalisindən çox olduğu halda, nədənsə, orada azərbaycanlılar üçün muxtar vilayət yaradılmayıb. Görünür, DQMV-nin yaradılıması Rusiyanın uzaqgörən siyasətinin nəticəsi olaraq, Azərbaycan üçün daimi problem yaratmaq, lazım gələndə bu kartdan istifadə etmək məqsədi daşıyıb.

1970-ci ildən başlayaraq DQMV-də, o cümlədən Xankəndidə azərbaycanlıların sayı artmağa başladı. Eləcə də azərbaycanlı mütəxəssislər, peşə-sənət adamları buraya təyinatla işləməyə gəldilər. Müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə azərbaycanlıların sayı artdı.

Vilayət Partiya Komitəsində əvvəllər 1 nəfər azərbaycanlı olduğu halda sonralar bu rəqəm 5 nəfərə çatdırılmışdı. Artıq rayonların da partiya və sovet orqanlarında azərbaycanlılar çalışırdı.

Xankəndində ayaqqabı fabrikinin tikilib istifadəyə verilməsi ilə orada işləmək üçün xeyli azərbaycanlı mütəxəssis göndərilmişdi. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Xankəndində Pedaqoji İnstitut filialının açılması, orada erməni bölməsi ilə bərabər, Azərbaycan və rus bölməsinin də fəaliyyəti nəticəsində şəhərdə azərbaycanlı tələbələrin sayı çoxaldı. 35-40 nəfərə yaxın azərbaycanlı elmlər doktoru, namizədi və müəllim də burada çalışırdı. O illərdə vilayətin prokurorluq və polis orqanlarında işləyən azərbaycanlıların sayı xeyli artmışdı.

Mən 1975-1980-ci illərdə Vilayət Komsomol Komitəsinin ikinci katibi işləyərkən Heydər Əliyevin DQMV-də keçirdiyi görüşlərdə, iştirak etdiyi plenum və yığıncaqlarda onun dolğun, təmkinli və səfərbəredici çıxışlarının şahidi olmuşam. Açığını deyim ki, ermənilər Heydər Əliyevin iradəsindən, qətiyyətindən çəkinir, ehtiyatlı davranırdılar. Hiss edirdilər ki, onların hər hansı bir yanlış hərəkətinə lazımi cavab veriləcək. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə erməni millətçiləri bir dəfə də olsun DQMV-nin Ermənistana verilməsi məsələsini qaldırmağa cürət etmədilər.

Ulu öndər DQMV ilə bağlı Azərbaycanın və azəraycanlıların maraqları baxımından daha bir məsələni uzaqgörənliklə və müdrikliklə həyata keçirdi. 1976-1978-ci illərdə Sovetlər Birliyində Baykal – Amur dəmiryol magistralının tikildiyi bir məqamda Bakı — Xankəndi (Stepanakert) dəmiryol xəttinin çəkilişi başa çatdırıldı. Dəmiryol xəttinin açılışında Heydər Əliyev çıxış edib qırmızı lenti kəsdi. Bununla da Azərbaycanın paytaxtı Bakıdan birbaşa DQMV-nın mərkəzi şəhəri Xankəndinə sərnişin və yük qatarlarının hərəkətinə yol açıldı. Çoxları hələ də bilmir ki, ermənilər bu dəmiryol xəttinin çəkilişinə sevinmirdilər, çünki bunu istəmirdilər. DQMV ilə Azərbaycanın paytaxtı Bakı arasında birbaşa nəqliyyat əlaqəsinin yaranması onları Ermənistandan uzaqlaşdırırdı. Ermənilər Azərbaycanın ətraf rayonlarının yüklərinin və sərnişinlərinin Xankəndinə gəlməsinə paxıllıq hissi ilə yanaşırdılar. Bu dəmiryol xəttinin çəkilişi DQVM-nin Ermənistana birləşdirilməsi arzusu ilə yaşayan bir qrup erməni millətçisinin “arzusunu” gözlərində qoyurdu.

Budur Heydər Əliyevin uzaqgörən siyasəti. Ulu öndər çıxışlarının birində deyirdi ki, BAM çəkilən vaxtlar sovet respublikalarının heç birində dəmiryol xəttinin çəkilməsinə icazə verilmirdi. Bu xəttin çəkilməsi üçün o, L.Brejnev və A.Kosigindən şəxsən razılıq almışdı. Ulu öndər Heydər Əliyevin bu xəttin çəkilməsində əsas məqsədi DQMV-ni bir daha Azərbaycana nəqliyyat infrastrukturu ilə bağlamaq, həyat tərzini daha da yaxşılaşdırmaq olmuşdu.

1970-1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə Ağdərə rayonunda Sərsəng Su Elektrik Stansiyasının və su anbarının tikintisi başa çatdırıldı. Məqsəd aşağı rayonların – Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax və s. əkin sahələrinin suvarılması və su ilə təmin edilməsi idi. Çox təəssüf ki, hazırda bu möhtəşəm tikili erməni separatçılarının əlindədir və onlar obyektdən istədikləri kimi istifadə edirlər. Bəzən suyu lazım olmayan məqamlarda buraxır, ətraf rayonların əkin sahələrini batırırlar. Bu da onların mənfur simalarını bir daha göstərir.

1980-ci ildən mən Şuşa Rayon XDS İcraiyyə Komitəsinin sədri işlədiyim dövrdə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK-nın və Nazirlər Sovetinin 4 noyabr 1976-cı il tarixli 380 saylı “Şuşa şəhərində kurort kompleksini daha da inkişaf etdirmək tədbirləri haqqında” qərarının icrasına başlanılmışdı. O illərdə 600 yerlik qış kinoteatrı, 400 nəfərlik uşaq sanatoriyası kompleksi, Şuşa musiqi alətləri fabriki, Rabitə evi və s. istifadəyə verilmişdi. 1980-ci ildən sonra qərarın icrası ilə bağlı Avtomobil Nəqliyyatı Nazirliyinin sifarişi ilə Cıdır düzündə pioner düşərgəsi, 150 yerlik avtomaşın qarajı, Turist bazasının 300 çarpayılıq kompleksi tikilmiş, Kirs — Şuşa su xətti çəkilmişdi. Şuşada M.P.Vaqifin məqbərəsi ucaldılmış, Natəvanın büstü, Ü.Hacıbəyovun heykəli qoyulmuşdu. Turşsu mineral zavodunun, Əzizbəyov sovxozunda üstüörtülü isti şitillik təsərrüfatının tikintisinə, tarixi abidələrimizi genişmiqyaslı bərpası işlərinə başlanmışdı.

Heydər Əliyev 1982-ci il yanvar ayının 14-də Şuşaya Vaqifin məqbərəsinin açılışına gəlmişdi. Onunla birlikdə respublikamızın çoxsaylı əbədiyyat və incəsənət xadimləri, yazıçı və şairləri də təntənəli açılış mərasimində iştirak etmişdi. Şuşanın tarixində görünməyən qarlı hava şəraitinin olmasına baxmayaraq, tədbir yüksək səviyyədə keçirilmişdi.

Ümummilli lider Şuşaya ikinci dəfə 1982-ci ilin iyul ayının axırında, söz verdiyi kimi, ailə üzvləri ilə gəlmişdi və Vaqif poeziya günlərində, həm də bir neçə obyektin – Yaşıl aptek, Nətavanın büstü, Xalça muzeyi, Rəsm qalereyası, Poeziya evi və s. açılışında iştirak etmişdi. Yaddaqalan bir epizod. Tədbir vaxtı Şuşanın 90 yaşlı, hörmətli, həm də zarafatcıl ağsaqqalı Dağ İsmayıl yavaş-yavaş tribunaya yaxınlaşmış, ancaq mühafizə xidməti ona imkan verməmişdi. Bu, insanlara həmişə böyük diqqətlə yanaşan Heydər Əliyevin gözündən qaçmamışdı. O, tədbir qurtarandan sonra ağsaqqala müraciətlə demişdi: “Ağsaqqal, yaxın gəl, mənə sözün var?”

İsmayıl əmi ona yaxınlaşıb demişdi: “Heydər müəllim, Şuşaya xoş gəlmisiniz. Xahiş edirəm tez-tez gəlin, həm də aliboş gəlməyin. Şuşaya tikinti, abadlıq və xeyirxah işləri həyata keçirmək üçün vəsat ayırın”.

Heydər Əliyev gülə-gülə cavab vermişdi: “Mən Şuşanı çox sevirəm. Ona görə də Şuşaya ailəmlə birlikdə gəlmişəm. Söz verirəm ki, Şuşaya tez-tez gələcəm və köməyimi də Şuşadan əsirgəməyəcəm”. Elə oradaca o, elan etmişdi ki, hər il iyul ayında Şuşada Vaqif poeziya günləri keçirilsin.

Tədbir başa çatdıqdan sonra Cıdır düzündə böyük konsert olmuşdu. Xalqımızın sevimli müğənnisi Zeynəb Xanlarova oxuyanda gur yağış yağmağa başlamışdı. Ancaq Heydər Əliyev leysan yağış yağmasına baxmayaraq, böyük hörmətlə Zeynəb Xanlarovanı axıradək dinləmişdi. Təəssüf ki, ulu öndər şuşalılara söz versə də, bir də Şuşaya gələ bilmədi. Çünki 1982-ci ilin noyabrında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilməsi ilə əlaqədar Moskvaya getdi.

Bir məsələyə də toxunmaq istərdim. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə DQMV erməniləri və rəhbərləri ondan, sözün əsl mənasında, ehtiyatlanır, çəkinirdilər. O, Moskvaya gedəndən sonra respublika rəhbərliyində, sanki, boşluq yarandı və yavaş-yavaş ermənilərin azərbaycanlılarla münasibət və davranışlarında saymazyanalıq, özbaşınalıq hiss olunurdu. Amma Heydər Əliyev Moskvada yüksək post tutduğu müddətdə onlar Azərbaycana qarşı hər hansı tələb səsləndirməyə cürət etmirdilər.

Sovet imperiyasına ermənipərəst M.Qorbaçov rəhbər seçiləndən və 1987-ci ildə Heydər Əliyev vəzifədən uzaqlaşdırıldıqdan sonra ermənilər dərhal fəallaşdılar. Ermənistan və Dağlıq Qarabağdakı millətçi və separatçı qüvvələr Moskvadakı himayədarlarına arxalanaraq haqsız iddiaları, DQMV-nin Ermənistana birləşdirilməsi, müstəqillik kimi beynəlxalq hüquqa, Azərbaycanın ərazi bütövlüyünə zidd olan addımlar atdılar. Çox təəssüf ki, Heydər Əliyevdən sonra respublikaya rəhbərlik edənlər passiv hərəkət etdilər, vaxtında onların qanunsuzluqlarının qarşısını alıb siyasi iradə nümayiş etdirə bilmədilər. Xalqımız kimi, mən də əminəm ki, həmin dövrdə Heydər Əliyev Azərbaycanın rəhbəri olsaydı, ermənilərin bütün cəhdləri boşa çıxardı. Millətçi və separatçı qüvvələr layiqli cəzalarını alardılar.

Hazırda Azərbaycan torpaqlarının 20 faizi erməni işğalçıları tərəfindən zəbt olunub. 1 milyondan artıq vətəndaşımız doğma torpaqlarından, ata-baba yurdlarından didərgin düşüb. Amma inanırıq ki, Azərbaycanımızın iqtisadi, hərbi və siyasi qüdrətinin köməyi ilə ulu öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız, hansı yolla olursa-olsun, işğalçılardan azad ediləcək. Məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Rasim HACIYEV,

122 saylı Xankəndi Dairə Seçki Komissiyasının sədri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında