Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” devizi altında keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 31-də Birinci Nazirlər Görüşü olmuşdur. Görüşün birinci sessiyasında “Mədəniyyət və yaradıcılıq mədəniyyətlərarası etimadı necə yarada bilər?” mövzusunda müzakirələr aparılmışdır.
Sessiyanın moderatoru, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs QARAYEV bildirmişdir ki, Bakı Forumu beynəlxalq mədəniyyətlərarası dialoqa bir proses kimi baxır. Biz insanların arasında inamı yaratmalıyıq. Bu, Birinci Forumda əksini tapmış konsepsiyadır.
Mədəniyyətlərarası dialoqun zəruri bir tələb olduğunu vurğulayan nazir Forumun sülhə əsaslanan dünyanın qurulması məqsədini güddüyünü bildirmişdir. Diqqətə çatdırmışdır ki, ilk Forumda biz mədəniyyətin və turizmin qarşılıqlı anlaşma və məsuliyyətli idarəetmənin yaradılmasında rolundan danışırdıq. Biz mədəniyyət və turizmi eyni auditoriyaya gətirərək bu iki amilin insanların ünsiyyətində nə dərəcədə mühüm rol oynadığını vurğulamaq istəyirik. Müasir texnologiyalar da bu prosesdə - turizmin və mədəniyyətin bizi dünyanın sivil icmasına çevirməsində çox böyük rol oynaya bilər.
Azərbaycan Prezidentinin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işləri ilə bağlı Təşkilat Komitəsinin yaradılması təklifini diqqətə çatdıran nazir növbəti Forumun 2015-ci ildə yenə də Bakıda keçiriləcəyini bildirmişdir.
BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri, BMT baş katibinin ali nümayəndəsi Nassir Əbdüləziz əl-NASSER belə mühüm Foruma yüksək səviyyədə ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkürünü bildirmişdir.
BMT-nin Sivilizasiyalar Alyansının mədəniyyət və yaradıcılıq, eləcə də mədəniyyətlərarası dialoqun, irsin saxlanılmasına yönəlmiş turizmin yaradılmasına çalışdığını vurğulayan qonaq İkinci Forumda iştirakçıların sayının çox olmasından məmnunluğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan cəlbedici mərkəzə çevrilmişdir. Mən bu barədə Azərbaycana tamamilə güvənirəm. Çünki Azərbaycan mədəniyyətlərarası dialoqa çox uğurla ev sahibliyi edir.
Litvanın mədəniyyət naziri Sarunas BİRUTİS mədəniyyətlərimizin, cəmiyyətlərimizin xüsusiyyətlərinin dərk olunmasının mədəniyyətlərarası vərdiş, səriştə tələb etdiyini bildirmişdir. Demişdir ki, bunun üçün biz müxtəlif mədəniyyətləri daha geniş qavramalı və dialoqu inkişaf etdirməliyik. Biz qloballaşan dünyada öz milli mədəniyyətimizi qorumaqla yanaşı, digər mədəniyyətlərə və cəmiyyətlərə qarşı da açıq olmalıyıq.
Azərbaycanda Forum iştirakçılarına göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Bruneyin mədəniyyət, gənclik və idman nazirinin müavini xanım Datin Paduka ADİNA Forumun tarixi-mədəni mərkəz olan gözəl Bakı şəhərində keçirilməsindən məmnunluğunu bildirmişdir. O, müxtəlif bölgələrdə zorakılıq hallarının baş verdiyi bir dövrdə Bakıda sülh şəraitində mədəni əməkdaşlıqla bağlı belə müzakirələrin aparılmasını çox mühüm hadisə kimi qiymətləndirmişdir.
Latviyanın mədəniyyət naziri xanım Zaneta JAUNZEME-QRENDE mədəniyyətlərarası dialoqu təcrübələrin bölüşdürülməsi baxımından müstəsna məkan kimi qiymətləndirmişdir. Qeyd etmişdir ki, müxtəlif mədəniyyətlər arasında dəyərlər sistemi və identikliyimiz haqqında danışmaq üçün mədəniyyətlərarası dialoqda iştirak etmək çox əhəmiyyətlidir. Xanım nazir bu cür mədəni tədbirlərin lokal şəraitdə qlobal fəaliyyət göstərməyin bariz nümunəsi olduğunu bildirmişdir.
Səudiyyə Ərəbistanı Krallığı mədəniyyət nazirinin müavini Abdullah əl-CƏSİR bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyinə, müxtəlif mədəniyyətlərin nümayəndələrinə eyni şərait yaratdığına görə Azərbaycan hökumətinə təşəkkürünü bildirmişdir. O, Səudiyyə Ərəbistanı Krallığının mədəniyyətlərarası dialoq işinə yaxından töhfə verdiyini vurğulayaraq ölkəsinin bu sahədə həyata keçirdiyi tədbirlərdən danışmışdır.
TÜRKSOY-un baş katibi Düsen KASEİNOV rəhbərlik etdiyi təşkilatın türkdilli xalqlar arasında mədəni birliyin yaradılmasında mühüm rol oynadığını bildirmişdir. Diqqətə çatdırmışdır ki, biz müxtəlif türkdilli xalqların mədəniyyətini təşviq etməklə onları digər mədəniyyətlərə tanıtmaq məqsədini güdürük.
Kot d-İvuarın mədəniyyət və Frankofoniya məsələləri üzrə naziri Moris Koku BANDAMA çoxmədəniyyətli tərkibə malik olan ölkəsinin mədəniyyətlərarası dialoqa mühüm əhəmiyyət verdiyini vurğulamışdır.
İordaniyanın mədəniyyət naziri Barakat AVACAN ölkəsində müxtəlif dinlərin dialoq şəraitində yaşaması üçün lazımi şəraitin yaradıldığını bildirmişdir. Azərbaycana yüksək qonaqpərvərliyinə görə minnətdarlıq edən qonaq müxtəlif mədəniyyətlərə məxsus insanların sülh şəraitində yaşamasının cəmiyyətin strukturunda önəmli yer tutduğunu diqqətə çatdırmışdır.
Serbiyanın mədəniyyət və informasiya üzrə dövlət katibi Zoran AVRAMOVİÇ mədəni və siyasi qurumlar arasında münasibətlərin əhəmiyyətindən danışmışdır. Qonaq bildirmişdir ki, biz mədəniyyətlərarası əməkdaşlığın və dialoqun dəstəklənməsinə çalışırıq. Çünki mədəniyyətlərarası dialoqun alternativi yoxdur.
Braziliyanın mədəniyyət məsələləri üzrə katibi Ameriko Xose Cordula TEİKSERİA ölkəsində mədəni müxtəlifliyin müdafiə olunması üzrə Milli Mədəniyyət Sisteminin və Milli Mədəniyyət Planının yaradıldığını bildirmişdir. O, bu plan əsasında qurulan mədəni nöqtələrin sayının 15 minə çatdırılmasının nəzərdə tutulduğunu vurğulamışdır.
Mərakeşin mədəniyyət naziri Məhəmməd Amin SBİHİ mədəni müxtəlifliyin idarə olunmasının çox böyük vərdişlər tələb etdiyini demişdir. Qeyd etmişdir ki, məhz bu baxımdan belə forumların keçirilməsi çox vacibdir. Yalnız birgə səylərimiz nəticəsində fərqlərimizi və onlardan yarana biləcək problemləri minimuma endirə bilərik.
Yaradılıcılığın mədəni sintez əsasları üzərində qurulduğunu söyləyən Beynəlxalq Əlaqələr Departamentinin administratoru, Yunanıstanın mədəniyyət naziri Çarilaos PAPPİS bildirmişdir ki, əsas məqsəd mədəniyyətlər arasındakı fərqləri sintezləşdirməkdir. Azərbaycan bu sahədə maraqlı və gözəl nümunə ilə çıxış edir. Azərbaycanda tolerantlıq, mədəni müxtəliflik vardır. Əks təqdirdə biz burada olmazdıq. Azərbaycanın bu sahədəki addımlarını biz çox təqdir edirik və bu ölkəyə uğurlar diləyirik.
* * *
Forumun Birinci Nazirlər Görüşünün ikinci sessiyasının mövzusu “Mədəniyyətlərarası dialoq üçün birgə əsas: mədəni irs və turizm” olmuşdur.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs QARAYEV müzakirə olunan məsələnin mədəniyyətlərarası dialoq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Çıxış edən Banqladeşin mülki aviasiya və turizm naziri Məhəmməd Faruk XAN mədəniyyətlərarası dialoqun yaradılması üçün ölkələrin əhalisi, xüsusən gənclər arasında bu sahədə geniş maarifləndirmə işinin aparılmasının əhəmiyyətini vurğulamışdır. Qeyd etmişdir ki, bu məsələdə KİV-lərin üzərinə böyük vəzifə düşür. O, Banqladeşdə müsəlman, xristian, buddist və digər icmalara mədəni müxtəliflik üçün qanuni təminatların verildiyini diqqətə çatdırmışdır.
Polşanın milli irs və mədəniyyət naziri Yaçek OLBRİXT Baltik regionunda əməkdaşlıq və inteqrasiyanın davam etdirilməsi sahəsində həyata keçirilən layihələrdən danışmışdır. Nazir 10 Baltikyanı ölkəni birləşdirən layihə çərçivəsində müxtəlif tədbirlərin keçirildiyini, hər ölkənin öz ədəbiyyatını, musiqisini, mətbəxini təbliğ etməsinə imkan yaradıldığını, bununla da mədəniyyətlərin qarşılıqlı əlaqədə olduğunu vurğulamışdır.
Gürcüstanın mədəniyyət naziri Quram ODİŞARİA dahi şəxsiyyətlərin, böyük yaradıcı insanların hər hansı millətə deyil, bütün dünyaya məxsus olduğunu bildirmişdir. Mədəniyyət hər şeydən üstün olmalıdır, - deyən qonaq Azərbaycanın və Gürcüstanın müvafiq nazirlikləri tərəfindən Cənubi Qafqazın turizm marşrutlarının təbliği məqsədilə yayda birgə layihənin reallaşdırılacağını diqqətə çatdırmışdır.
Monteneqronun mədəniyyət naziri Branislav MİÇUNOVİÇ Azərbaycanın müxtəlif mədəniyyətlərin və sivilizasiyaların nümayəndələrinin birgə yaşadığı ölkə olduğunu söyləmişdir. Bildirmişdir ki, bu ölkə məhz mədəniyyətlərarası dialoqu özündə yaşadan bir nümunədir. Mədəniyyətlərarası dialoqun cəmiyyətimizin əsas komponentinə çevrildiyini vurğulayan nazir Azərbaycanın və Monteneqronun müvafiq nazirlikləri arasında 2011-ci ildə imzalanmış müqavilənin bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün yeni üfüqlər açdığını söyləmişdir. O, Monteneqronun mədəniyyəti və turizmi birlikdə inkişaf etdirmək baxımından mühüm təcrübəyə malik olduğunu bildirmişdir.
Şri-Lankanın mədəniyyət və incəsənət naziri Thilakaratna Bandara EKANAYAKA çoxmədəniyyətli ölkəsində Azərbaycanın bu sahədəki təcrübəsinin tətbiq olunmasının vacibliyini vurğulamışdır. O, bu gözəl tədbirin yüksək səviyyədə təşkilinə və yüksək qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü çatdırmışdır. Azərbaycan nümayəndə heyətinin Şri-Lankaya səfərini xatırladan qonaq, belə səfərlərin də mədəniyyətlərarası əməkdaşlıq baxımından əhəmiyyətini vurğulamışdır.
Moldovanın mədəniyyət nazirinin müavini George POSTİKA ölkəsinin mədəni irsinin bu sahədə strategiyanın hazırlanmasında mühüm rol oynadığını bildirmişdir. Mədəniyyət sosial inkişafla yaxından bağlıdır, - deyən qonaq müxtəlif xalqları və regionları bir arada birləşdirməsi baxımından turizmin, muzeylərin əhəmiyyətini yüksək qiymətləndirmişdir. O, son vaxtlar Moldovada xüsusən üzümçülük sahəsində kənd muzeylərinin yaradılmasına başlandığını diqqətə çatdırmışdır.
Vyetnamın mədəniyyət, idman və turizm naziri Vuonq Duy BİEN çıxışında mədəni müxtəlifliyin qorunmasının müasir dünyamızda əsas məqsədlərdən biri olduğunu bildirmişdir. O, Vyetnamda yaşayan müxtəlif mədəniyyətlərin təmsilçiləri üçün dövlət tərəfindən əlverişli şəraitin yaradıldığını demişdir.
Sudanın əntiq mədəniyyət, turizm və təbiət naziri Mohammed Gasmelseed HAMİD mədəniyyətin hər bir xalq üçün mühüm sərvət olduğunu bildirmişdir. Turizmin insanları bir-birinə yaxınlaşdırdığını, ümumi dəyərlərin bölüşdürülməsi üçün imkan yaratdığını vurğulayan nazir, münaqişələrin aradan qaldırılmasında mədəniyyətlərin ünsiyyətinin rolunu yüksək qiymətləndirmişdir. Qeyd etmişdir ki, məhz bu baxımdan səyahət və turizm mühüm rol oynayır.
Avstriyanın Təhsil, İncəsənət və Mədəniyyət Nazirliyinin ikitərəfli və çoxtərəfli mədəni əməkdaşlıq məsələləri departamentinin rəhbəri Norbert RİEDL müasir dünyamızda turizmin inkişafının mədəniyyətlər arasında əlaqələrin daha da genişləndirilməsinə şərait yaratdığını bildirmişdir.
Cənubi Afrika Respublikasının mədəniyyət nazirinin müavini Tokozila XASA ölkəsinin konstitusiyasında müxtəlif dillərə, dinlərə, mədəniyyətlərə, irqlərə mənsub insanlara böyük hörmətlə yanaşılmasının əksini tapdığını qeyd etmişdir. Bildirmişdir ki, mədəniyyətlərarası dialoqun ümumi məqsədi insan övladına hörmətin, demokratiyanın və qanunun aliliyinin qorunmasıdır. Heç bir insan, sahə diqqətdən kənarda qala bilməz. O, ölkəsində irs və mədəni turizm ilə bağlı strategiyanın hazırlandığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, burada mədəni ehtiyatlardan istifadə edərək davamlı turizmin təmin edilməsi mühüm rol oynayır.
Tunisin mədəniyyət naziri Mehdi MABRUK mədəni turizmin BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə daxil edilməsini alqışladığını bildirərək gənclərin bu prosesdə çox fəal olduğunu diqqətə çatdırmışdır. Ölkəsində turizm imkanlarının geniş olduğunu bildirən qonaq Tunisin bu proseslərdə yaxından iştirak etdiyini demişdir.
Tailandın mədəniyyət üzrə daimi katibi xanım Prisna PONGTADSİRİKUL mədəni turizmin mədəni müxtəlifliyə əsaslandığını bildirərək ölkəsində bunun üçün geniş potensialın olduğunu qeyd etmişdir. O, bildirmişdir ki, mədəni turizm dövlətlər arasında alyansların yaradılmasına və son nəticədə mədəni müxtəlifliyin inkişaf etdirilməsinə gətirib çıxaracaqdır.
Misirin Xarici İnvestisiyalar və İnkişaf Şirkətinin sədr müavini İbrahim FAVZİ insanlar arasında münasibətlərin mədəniyyətlərarası dialoqa səbəb olduğunu bildirmişdir.
Suriyanın mədəniyyət naziri Lubanah MUSHAVEH turizmin müxtəlif mədəniyyətlər arasında əlaqə yaradan qüvvə olduğunu diqqətə çatdırmışdır. O, demişdir ki, birgə dəyərləri gücləndirərək təbliğ etməyimiz problemlərin qarşısını almaqda çox vacibdir.
Hindistanın mədəniyyət üzrə birgə katibliyinin sədri Şri Rakeş RANCAN ölkəsinin konstitusiyasında 32 dilin tanındığını bildirmişdir. Məlumat vermişdir ki, Hindistan konstitusiyasında bərabər hüquqlar ən vacib dəyər kimi müəyyən edilmişdir. Çoxmədəniyyətli dünyada əsas məsuliyyət çoxluğu təşkil edən icmaların üzərinə düşür ki, onlar azlıqlara şərait yaratmalı, qarşılıqlı ehtiramı təmin etməlidirlər.
Əlcəzair Nazirlər Kabinetinin turizm məsələləri departamentinin sədri Keznadci CAMEL demişdir ki, mədəniyyətlərarası dialoqa mühüm töhfə verən Azərbaycan bu böyük tədbirin uğurla keçməsi üçün əlindən gələni etmişdir. Bildirmişdir ki, biz ölkələrimizin davamlı inkişafına nail olmaq üçün insanlar arasında qarşılıqlı anlaşma üzərində işləməliyik.
Müzakirələrə yekun vuran Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs QARAYEV Birinci Nazirlərin Görüşündə 29 çıxışın dinlənildiyini, faydalı fikirlərin səsləndiyini, səmərəli müzakirələrin aparıldığını bildirmişdir. Nazir bildirmişdir ki, biz mədəni turizmi xalqlarımız arasında əməkdaşlıq baxımından inkişaf etdirməliyik.
Əbülfəs Qarayev alimlərin, mədəniyyət və incəsənət xadimlərinin bu prosesə geniş cəlb edilməsinin əhəmiyyətini xüsusi vurğulayaraq mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi üçün strategiyanın hazırlanmasının vacibliyini bildirmişdir.
Sonda Forumun Bəyannaməsi müzakirə edilərək təsdiq olunmuşdur.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.