İstiqlal mücahidi Fətəli xan Xoyski

Azərbaycan xalqının milli oyanışında, milli özünüdərkində rolu olmuş şəxsiyyətlərin əksəriyyəti Rusiyanın, Avropanın ali məktəblərində təhsil almış insanlar idi. Onların təhsil aldıqları yad ölkələrdə həmyerlilər cəmiyyətləri təsis etməsindən başlamış, milli mətbuatın yaradılması, milli teatrın inkişafı üçün gördükləri işlərin böyük əhəmiyyəti vardır. Əksəriyyəti, ilk təhsillərini ruhani məktəblərində almış bu insanların Şərq tarixinə, ədəbiyyatına, mədəniyyətinə, islam dininə bələdliyi sonradan mənimsədikləri Avropa mədəniyyəti, düşüncəsi ilə vəhdət təşkil etmişdir. Milli-mənəvi zəmindən başlayaraq təhsil görmüş şəxsiyyətlərin milli tərəqqi, milli istiqlal uğrunda apardığı mübarizəyə töhfəsini vermiş Fətəli xan Xoyski klassik gimnaziya, sonradan isə Moskva Universitetində professional hüquq təhsili almışdır. Onun dünyagörüşünün formalaşmasına Gəncə mühiti, həmçinin peşəkar fəaliyyəti ilə bağlı rəsmi qurumların qeyri-rus, qeyri-xristian xalqlara ayrı-seçkilik münasibəti ciddi təsir göstərmişdir. Milli fikir mərkəzi Gəncədə maarifçiliyin, xeyriyyəçiliyin rolu nə qədər önəmli olmuşdursa, Yelizavetpol (Gəncə), Kutaisi (Suxumi, Yekaterinodar, Tiflis) məhkəmələrində qazandığı təcrübə də bir o qədər səmərəli oldu. Ədliyyə sisteminin fərqli səviyyələrində sırf peşəsi üzrə çalışmış Fətəli xan Xoyskinin siyasi, dövlətçilik bioqrafiyasında ikinci Dövlət Dumasının deputatı kimi fəaliyyəti xüsusi mərhələ təşkil edir.

Fətəli xan Xoyskinin bioqrafiyasını məzmununa görə 2 mərhələyə bölmək olar: milli-istiqlal hərəkatında iştirakına qədərki və iştirak dövrü. Birinci dövrü mərhələlərlə səciyyələndirsək, 3 məzmunda təsnif etmək olar: təhsil illəri, peşəkar fəaliyyət dövrü və Dövlət Dumasında deputatlığı. Deputatlıq dövrü uzun sürməsə də, Fətəli xanın sonrakı peşə fəaliyyətində və istiqlalçılıq, dövlətçilik xidmətlərində təsirə malik bir təcrübə olmuşdur. Eyni zamanda, bir hüquqşünas kimi, F.Xoyskinin peşə təcrübəsi deputat mandatını Müsəlman fraksiyasının üzvü kimi doğrultmağa yararlı oldu. Hökumətin yeritdiyi ayrı-seçkilik və köçürmə siyasətinə qarşı sərt çıxışlar edən Fətəli xana Dumaya seçildikdən iki həftə keçmiş, artıq “Müsəlman parlament qrupu” adından fikir bildirmək səlahiyyəti həvalə olunmuşdu. F.Xoyski 1907-ci il aprelin 2-də Dövlət Dumasındakı ilk geniş nitqində bildirirdi ki, “rus dövlətinin ümumi əhalisinin 20 milyondan çoxunu təşkil edən müsəlmanlar” da aqrar məsələnin həllini səbirsizliklə gözləyirlər. O, dövlətin köçürmə siyasətinin mahiyyətini ifşa edərək, ruslaşdırma siyasətinin fəsadlarını göstərmişdir. “Müsəlman qrupunun nöqteyi-nəzərincə, köçürmənin torpaq məsələsinin son həllinədək dayandırılmalı olduğunu”, Zaqafqaziyanın şərq hissəsində, yaxud Türküstanda" su məsələsinin ən zəruri , həyati məsələsi olduğunu, maldarlıqla məşğul olanlar üçün torpaq sahəsinin genişləndirilməsinin vacibliyini bəyan etmişdir.

Fətəli xan Yelizavetpol general-qubernatorunun şəhər əhalisinə qarşı qeyri-qanuni hərəkətlərini tənqid etmiş, ikinci Dövlət Dumasının buraxılmasından 4 gün əvvəl, 1907-ci il mayın 29-da geniş məzmunlu çıxışında yerli məhkəmələrin yenidən təşkili haqqında qanun layihəsi ilə bağlı ciddi iradlarını bildirmişdir: “Biz, ucqarların əhalisi üçün, həmişə aydın idi ki, bizim bürokratik əsaslarda təşkil olunmuş hökumətimiz həmişə ucqarları nəzərə almamışdır: o, (hökumət-F.Ə.) ucqarlara istismar obyekti kimi baxmışdır. Yerli özünüidarə orqanları olmadığı üçün ucqarlarda barışdırıcı hakim seçkilərinin keçirilə bilməməsi müddəasına qarşı Fətəli xan hüquqi və məntiqi cəhətdən əsaslandırılmış dəlillərlə çıxış etmişdir. Yeni vergilər imperiyanın hər yerində eyni vaxtda tətbiq edildiyi, hətta ucqarlara mərkəzi quberniyalara nisbətən daha artıq vergi qoyulduğu halda, xeyirli, faydalı islahatlar olunca hökumətin ucqarların hələ gözləyə biləcəyi qənaətindən yanaşması Xoyskini hiddətləndirmişdir. Ucqarlarda yerli məhkəmə seçkilərinə qoyulan məhdudlaşdırmalara etiraz səsini ucaldan Fətəli xan rəsmi mövqeyini yazılı surətdə də təsbit etmişdir: “Milli və dini fərqlərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğvinə dair Dövlət Dumasına təqdim edilmiş qanun layihəsini imzalayan 173 deputatdan biri” olmuşdur.

Fətəli xanın bioqrafiyasında parlaq səhifələrdən biri onun Bakı Şəhər Dumasının sədri seçilməsidir. 10 mindən çox səs almış müsəlman blokunu təmsil edən şəxs kimi dumanın sədri seçilməsi şəxsiyyət göstəricisi kimi yüksək meyardır. Cümhuriyyət xadimlərinin Gəncə və Bakı qanadlarının təsiri faktorunu təhlil edərkən nəzərə alınmalı məqamdır ki, Gəncənin paytaxt rol oynamadığı, Gəncə ictimai-siyasi mühitinin güclü təsir göstərmədiyi şəraitdə, kifayət qədər potensialı və iddiaları olan Bakı müsəlman qüvvələri içərisindən məhz Fətəli xan Xoyski Bakı Şəhər Dumasının sədri seçilə bildi. Fətəli xanın liderlik qabiliyyəti kimi dəyərləndirmək olar ki, onun rəhbərlik etdiyi dövrdə Bakı Şəhər Duması, hakimiyyəti kütləvi, amansız qırğınlar yolu ilə ələ keçirməyə nail olan Bakı Sovetinin yeganə rəqibi olmuşdur.

Bakı Xalq Komissarları Sovetinin sədri S.Şaumyan 1918-ci ilin mayında V.Leninə göndərdiyi teleqramda “xain” adlandırdığı “Xoyskilərə” qarşı əldə silah mübarizə aparacaqlarını yazırdı.

Seymdəki fəaliyyəti F.Xoyskinin fəal, qətiyyətli, çevik, konkret, realist və praktik məzmunlu keyfiyyətlərini göstərməyə imkan verdi. Qeyri-müəyyənliyin rəsmi bioqrafiyasında yer almadığı Fətəli xan menşeviklərin dəyişkən mövqeyindən xüsusi narahatlıq keçirmiş, Zaqafqaziyanın müstəqilliyinin bəyan ediləcəyi təqdirdə sərhədlərinin göstərilməsində israr etmişdir.

Müstəqil Zaqafqaziya Federativ Respublikası elan olunduqda, aprelin 26-da təşkil olunmuş hökumət tərkibində F.X.Xoyski xalq maarifi naziri vəzifəsini tutur. Qısamüddətli fəaliyyəti dövründə Fətəli xan Tiflisdə yaradılması qərarlaşdırılan Avropa tipli universitetin Bakıda açılması təklifini irəli sürmüş, sonralar Azərbaycan Cümhuriyyəti dövründə Bakıda universitetin açılmasında mühüm rol oynamışdır. Bakı Dövlət Universitetinin ilk rektoru olmuş professor V.İ.Razumovski həmin dövrü xatırlayarkən yazmışdır: “...Qafqaz Zaqafqaziya Respublikası kimi Rusiyadan ayrıldı və gürcülərdən, ermənilərdən və türklərdən ibarət qarışıq hökumət təşkil edildi. Xalq maarifi naziri bakılı  Xoyski idi. Biz Tiflisdə “rus universiteti"nin təşkili üçün apardığımız işdən istifadə etməyi həmin hökumətə təklif etdik. Nazir (Xoyski) bizi dinlədi, Qafqazda rus universitetinin təsis edilməsinə rəğbətini bildirdi, lakin əlavə edib dedi: “Bəs niyə Tiflisdə? Tiflisdə Politexnikum var, indi də gürcü universiteti... Bəlkə universiteti Bakıda açmaq daha düzgün olardı?” O, bizim məlumat məktubumuzu nəzərdən keçirmək üçün götürdü və bizim məqsədimiz barədə Nazirlər Şurasına məlumat verəcəyini vəd etdi". Lakin bu məsələ ilə məşğul olmağa hökumət imkan tapmadı.

Bakı və Yelizavetpol quberniyalarında vəziyyətin daha da kəskinləşməsi Müsəlman fraksiyasının mayın 6-da keçirilən iclasında müzakirə olundu. Fətəli xan həmin iclasda Seym üzvü olmaqdan öncə, Zaqafqaziya Mərkəzi Müsəlman Şurasının üzvü kimi iştirak edirdi. Növbədənkənar bəyanatla çıxış edən Fətəli Xan “Daşnaksütyun” partiyasının Seym fraksiyasının nümayəndələrinin Bakı ilə bağlı şərtlərini “həyasız təklif” adlandırmış, daşnaklara bir sıra şərtlər qoymağı təklif etmişdir: “Bakıda hakimiyyəti müsəlmanlara vermək, bu hakimiyyəti müdafiə etmək üçün müsəlman hərbi hissələrini Bakıya yeritmək və tərksilah edilmiş erməni hərbi hissələrini oradan çıxartmaq”. F.Xoyskinin təklifi yekdilliklə qəbul olunmuşdur.

Cənubi Qafqazda siyasi vəziyyətin kəskin dəyişilməsi ilə əlaqədar Zaqafqaziya Mərkəzi Müsəlman Şurasının mayın 16-da çağırılmış iclasında Batuma göndəriləcək əlavə nümayəndə heyətinin tərkibinə F.X.Xoyskinin də qatılması təklif olunur. Seymin bütün müsəlman fraksiyalarının mayın 25-də keçirilən axşam iclasında artıq F.Xoyski iştirak edirdi. Mayın sonuncu həftəsi ərzində keçirilmiş Müsəlman fraksiyası və Milli Şura iclaslarında Fətəli Xan xüsusi məsuliyyəti ilə seçilir. Azərbaycan xalqının müqəddəratının həlli ilə bağlı qərarların legitimləşdirilməsində F.X.Xoyskinin mühüm rolu olmuşdur. Həmin qərarların müəyyənləşdirilməsi, qəbul edilməsi Batumdakı nümayəndələr də daxil olmaqla Müsəlman Fraksiyasının üzvləri tərəfindən həyata keçirilmişdirsə də, amma qərarların qəbulu ilə bağlı Seym rəhbərliyi ilə müzakirələrin aparılması Fətəli xana həvalə olunmuşdu. Bu baxımdan Seymin müsəlman fraksiyasının 25 may tarixli axşam iclası Fətəli xanın üstün aktivliyi ilə müşayiət olunmuşdur. İclasa sədrlik edən Fətəli xana Seymin sədri Çxeidze ilə sabahkı - 26 may tarixli iclasın məsələlərini aydınlaşdırmaq və birbaşa xətlə Batumdakı azərbaycanlı nümayəndələrlə təcili danışıqlar aparmaq tapşırılmışdı. Üzərinə düşən vəzifəni yerinə yetirən Fətəli xan Seymin sədrinə, gürcü liderlərinə bildirmişdi ki, Gürcüstanın müstəqilliyi bəyan ediləcəyi təqdirdə Azərbaycan türkləri  də müvafiq qərar qəbul edəcəklər. Bu, Seymin Müsəlman fraksiyasının sonuncu iclası idi. Mayın 27-də fövqəladə iclasa sabiq Seym üzvləri kimi toplaşan müsəlmanlar - azərbaycanlılar xalq adına taleyuklü qərar qəbul etməli idilər. Zaqafqaziya Seyminin bütün sabiq müsəlman üzvləri özünü Zaqafqaziya Müsəlmanlarının Müvəqqəti Milli Şurası elan etdi. İcraedici quruma yekdilliklə sədr seçilən Fətəli xan Xoyskinin bioqrafiyasında  yeni səhifə açdı. Azərbaycanın müstəqil elan edilməsində təmkinli mövqe tutaraq dövlətlərlə sülh danışıqları aparmaq üçün tamhüquqlu hökumət təşkil etməyin tərəfdarı olmuşdur. Hərtərəfli, fəal müzakirədən sonra Azərbaycanın müstəqil demokratik respublika elan olunması haqqında “İstiqlaliyyət Aktı” bəyan edilir və hökumətin təşkili F.X.Xoyskiyə tapşırıldı. Bir saatlıq fasilədən sonra Fətəli xan hökumətin təşkili haqqında məruzə ilə çıxış edir.

Azərbaycanın istiqlalı haqqında əqdə imza atan, ilk, ümumilikdə isə ardıcıl olaraq 3 hökumətə sədrlik edən Fətəli xan Xoyskinin dövlətçilik fəaliyyətinin məzmunu məhv edilmiş Azərbaycan dövlətçiliyinin bir əsrdən sonra bərpası, həm də müsəlman Şərqində - türk aləmində ilk respublika kimi qurulması prosesinin salnaməsini təşkil edir. Birinci müvəqqəti hökumət kabinəsində “rəisi vükalə və daxiliyyə naziri” olan Fətəli xan ərazisi işğal altında olan, ordusu, maliyyəsi, paytaxtı əlində olmayan, yad torpaqda elan edilmiş bir dövlətin hökumət başçısı oldu. Hətta Azərbaycanın müstəqilliyinin elan olunması haqqında teleqramı belə Tiflisdən göndərmək çətinliyi çəkən Baş nazir teleqramın rus və fransız dillərində mətnlərini xarici işlər naziri M.H.Hacınskiyə göndərmişdi ki, Batumdan radio ilə birbaşa xətlə İstanbula, oradan da digər yerlərə xəbər versin.

Azərbaycanın müstəqil respublika elan olunması haqqında dünyanın əsas siyasi mərkəzlərinə 30 may 1918-ci ildə radioqram göndərmək şərəfi hökumət başçısı F.X.Xoyskiyə nəsib olmuşdur. Hökumət, müvəqqəti yerləşəcəyi Gəncə şəhərinə köçən kimi ciddi böhranla qarşılaşdı. Azərbaycan dövlətçiliyi zərbə altında idi. Milli Şuranın 17 iyun tarixli qapalı iclasında Fətəli xan çıxış edərək kabinetinin istefa verdiyini bildirmişdir, lakin Milli Şura hökumətin təşkilini yenidən ona tapşırmışdı. “Ölkənin hökumətsiz qala bilməyəcəyi” qənaətilə F.Xoyski yeni hökumət təşkil etdi. Baş nazir vəzifəsi ilə yanaşı, o, ikinci kabinetdə ədliyyə naziri vəzifəsini tutmuşdur. M.Ə.Rəsulzadə bütün tarixi məsuliyyət yükünün Fətəli xan Xoyski hökumətinin çiyinlərinə qoyulduğunu bildirməklə Fətəli xanın həyəcanlı davranışının hərbi mənada bənzətməsini göstərmişdir. Ən bariz bənzətməni Üzeyir bəy Hacıbəyli vermişdir: “Yeni vücuda gəlmiş Azərbaycan hökumətinin birinci rəisi-vüzərası olmaqla Azərbaycan tarixində mühüm mövqe tutmuş Fətəli xan həzrətləri bu yeni dövlətin vəziyyətini taxta paralarından əmələ gəlmiş bir gəmiyə bənzədir ki, bu kimi fırtınalı bir gündə dərya üzərində hər saat, hər an dağa-daşa çırpılıb dağıla bilmək təhlükəsi qarşısında qalmış, bütün ümidini gəmiçinin istedad və məharətinə bağlamışdır ... Bu zəif gəmini bu fırtınalı gündə bu dağın, bu daşın arasından salamat keçirmək və sahili-nicata çıxarmaq kimi çətinliyi Fətəli xan həzrətləri öz boynuna götürməyi qəbul etdi və gəmisini kamali-ehtiyat və ehtimal ilə sahili-nicata çıxarmaqda, fırtına sakit olana qədər dağa və daşa vurmayıb bunların arasından keçirməkdə böyük ustalıq va məharət göstərdi”. 

Azərbaycanın milli dövlət quruculuğunun ilklərinə imza atmaq şərəfi əsasən Fətəli xana nəsib oldu. Təşkilati işlərdən başlamış, cari tələbatları ödəmək zərurəti ilə qayğılanan hökumət strateji qərarları ilə cəsarətli başlanğıc etdi. Hökumətin 1 nömrəli vəzifəsi Bakının azad edilməsi olduğu səbəbindən ilk tədbir iyunun 19-da Azərbaycanda hərbi vəziyyətin elan edilməsi oldu. Ordu quruculuğuna başlandı, hərbi mükəlləfiyyət haqqında qanun qəbul edildi. Türk dili dövlət dili elan edildi, tarixi adların bərpasına başlandı, tədris müəssisələrinin milliləşdirilməsi haqqında qərar qəbul olundu. Son dərəcə mühüm, strateji əhəmiyyətli qərar Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında idi. İyulun 15-də yaradılmış komissiya birinci dünya müharibəsi illərində Zaqafqaziya ərazisində yerli müsəlmanlara qarşı törədilmiş vəhşilikləri araşdırmalı idi. Kəskin maliyyə sıxıntısı içərisində olan hökumət çıxış yolları axtarırdı. Belə bir vaxtda Fətəli xan İstanbulda olan M.Ə.Rəsulzadə ilə yazışmalarında Türkiyədə Azərbaycan pul nişanlarının hazırlanması ilə bağlı məsələni təxirəsalınmaz vəzifə kimi qoymuş və qısa müddətdə həll etməyə nail olmuşdu. Fətəli xan dövlət quruculuğu ilə bağlı heç bir məsələni diqqətdən kənar qoymasa da, bir nömrəli vəzifə kimi Bakının azad edilməsinə bütün qüvvələri səfərbər etmişdir. Qafqaz İslam Ordusunun Bakı uğrunda apardığı hərbi əməliyyatlarla yanaşı Azərbaycan hökuməti də intensiv iş görürdü. Özü cəbhədə vəziyyətlə yaxından tanış olur, diplomatik səyləri gücləndirirdi. M.Ə.Rəsulzadəyə İstanbula göndərdiyi məktublarında Azərbaycan əraziləri ilə bağlı, xüsusən, Bakı ilə əlaqədar məsələni dönə-dönə vurğulayırdı. Beynəlxalq səviyyədə Azərbaycanın maraqlarını müdafiə etmək məqsədilə Ə.M.Topçubaşovun fövqəladə səlahiyyətlərlə Türkiyəyə göndərilməsi qərarı da Fətəli xan hökumətinin mühüm tədbirlərindən sayılmalıdır. Belə ki, beynəlxalq konfransın başlayacağı təqdirdə Ə.M.Topçubaşova Azərbaycan nümayəndə heyətinin tamhüquqlu üzvü kimi konfransda iştirak etmək səlahiyyəti verilirdi.

Azərbaycan dövlətçiliyinin müqəddəratı ilə bağlı strateji qərarların qəbul edilməsində Fətəli xan prinsipial mövqe tutmuşdur. Yeganə beynəlxalq müttəfiq olan Osmanlı dövləti ilə son dərəcə sıx münasibətlərdə, taleyüklü məsələlərdə Türkiyənin nicat yeri olmasına baxmayaraq, türk komandanlığının Azərbaycanın daxili işlərinə qarışmasına qarşı etirazını bildirmiş, dövlətin müstəqilliyini qorumağı prioritet vəzifə hesab etmişdir. Bakının azad olması ilə əlaqədar söylədiyi fikirlər Fətəli xanın Azərbaycan xalqının müqəddəratına olan münasibətinin bariz ifadəsidir: “Bizim də yaşamaq, azad yaşamaq haqqımız var. Nə zirehli maşın, hidroplan, kanonerka, tikanlı məftil, mina və digər texniki qurğular, nə ingilislər və onların əlaltıları, nə də ümumiyyətlə hər hansı bir qüvvə tarixin təbii gedişini dayandıra bildi, onların əlliminlik orduya və texnikaya malik olmasına baxmayaraq, kiçik qüvvənin həmləsinə tab gətirməyib Bakını tərk etmələri öz rifahı və səadətini başqasının fəlakəti və bədbəxtliyi üzərində qurmağa çalışanlar üçün ibrət dərsi olmalıdır”.

Bakının 1918-ci il sentyabrın 15-də azad olunması haqqında teleqramları imzalamaq sevincini, qürurunu yaşamaq məmnunluğu uzun sürməmiş Azərbaycan hakimiyyəti yeni təhlükə ilə üz-üzə qaldı. Dövlət quruculuğu işlərinə yeni  vüsətlə qoşulan hökumət daha mühüm tədbirlər həyata keçirməyə başladı. Oktyabrın 6-da hökumət kabinetində dəyişikliklər edildi. Azərbaycan ərazilərinin tam hakimiyyət altında birləşdirilməsi başa çatmamış beynəlxalq vəziyyət Azərbaycan dövlətini çətin duruma saldı. Osmanlı dövləti məğlub tərəf kimi, Mudros müqaviləsini imzaladı və qoşunlarını Cənubi Qafqazdan çıxardıb Bakının işğalına etiraz etməməli idi. Azərbaycan İngiltərənin nüfuz dairəsi elan edilirdi. General Tomsonun rəhbərliyi altında Bakıya daxil olan Britaniya komandanlığı Azərbaycan hakimiyyətinə qarşı xoşagəlməz ovqatda idi. Fətəli xan Xoyskinin siyasətçi, diplomat, dövlət xadimi kimi keyfiyyətlərinin rol oynaması sayəsində qısa müddətdə Azərbaycan hökuməti ingilis komandanlığı ilə əməkdaşlığa nail ola bildi. Azərbaycan hakimiyyətinin legitimliyini qəbul etdirmək məqsədilə bir sıra təcili addımlar atıldı. ABŞ Prezidenti Vudro Vilsona, Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına kömək göstərmək xahişi ilə teleqram göndərildi.

 Parlamentin çağırılması işinin təşkili üçün komissiya yaradıldı. Azərbaycanın “Türk intriqasından yaranmış “dövlət” olmadığının təsbiti kimi noyabrın 9-da F.X.Xoyskinin məruzəsi əsasında hökumət Azərbaycanın üçrəngli bayrağını təsdiqlədi. Azərbaycan Milli Şurasının fəaliyyəti bərpa olundu. Milli Şuranın noyabrın 16-da keçirilən birinci iclasında çıxış edən Fətəli xan vəziyyətin yığcam mənzərəsini şərh edərək, dedi: “Hökumət və biz əminik ki, istiqlaliyyət nə qədər çətin ələ gələn və çox qurban tələb edib müşkülat çıxaran bir əmr isə də müttəhidən çalışsaq, müşküllər səhl olar”.

Azərbaycan Parlamentinin açılması üçün F.Xoyski Rus Milli Komitəsi, Erməni Milli Şurası, general Tomsonla mütəmadi danışıqlar aparırdı. Danışıqların gedişatı barədə Azərbaycan Milli Şurasının iclaslarında məlumat verərkən Fətəli xan Azərbaycan Parlamentinin açılış gününü də müəyyənləşdirmişdi. Dekabrın 3-ü Məhəmməd Peyğəmbərin s. vəfatı gününə təsadüf etdiyindən Fətəli xan Parlamentin açılışını dekabrın 7-nə keçirməyi təklif etmişdir. Tomsonla növbəti görüşünün təfsilatını anladarkən, generalın Azərbaycan hökumətinə xoş münasibətini, hökumətin daxili işlərinə qarışmamaq vədini, səylərini dəstəkləməyə hazır olduğunu bildirmişdir. Azərbaycan adında dövləti, hökuməti tanımaq istəməyən Tomson bir ay keçməmiş mövqeyini dəyişmiş, dekabrın 28-də Fətəli xan Xoyski hökumətini Azərbaycanın yeganə qanuni yerli hakimiyyət orqanı kimi tanımışdı.

Azərbaycan Cumhuriyyətinin müqəddəratı üçün yaranmış ağır şəraitdə Fətəli xan Xoyski hökumətinin müvazinətini itirməməsi, siyasi iradəsini ortaya qoyaraq dövlətçilik naminə qətiyyətli addımlar atması sayəsində Britaniya komandanlığı ilə münasibətlər işgüzar əməkdaşlıq müstəvisinə keçdi.

Parlamentin açılışında hökumətin fəaliyyəti haqqında hesabat verən Fətəli xan deputatlara müraciətlə demişdir: “...Bu altı ay müddətində ki hökuməti idarə eyləmişdir, siz görürsünüz ki, çox şeylər təzə təşkil olubdur. Daxildə hərci-mərcdən başqa heç bir şey yox idi. Hətta polis də yox idi. Ona görə hamıdan artıq polis işlərinə diqqət etdik. İndi, Allaha şükür olsun ki, Azərbaycanın hər yerində, lazımi qədər olmasa da, xalqın malını, canını müdafiə edəcək təşkilatımız var. Bu xüsusda çox sözlər ola bilər. Fəqət, vaxta baxıb tərəziyə qoyulmalıdır ki, bu işləri hansı hökumət və nə vaxt etmişdir? Tarixi, sabiqəsi, əsgər və xəzinəsi olan hökumətmi? Yoxsa, iki gündə təşkil olunmuş pulsuz və əsgərsiz hökumətmi? Əgər burasını nəzərə alsanız görərsiniz ki, nə qədər zəhmət lazım idi.  Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər, yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur: Millətin Hüququ, İstiqlalı, Hürriyəti”.

Sonra isə  bayram münasibəti ilə təbriklərini çatdırmışdır: “Bugünkü gün Azərbaycan üçün böyük, əziz mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi. Bu gün o gündür ki, muxtariyyəti əlinizə aldınız, hökumət vəkalətilə bu bayram günü sizi və sizinlə bərabər özümüzü də təbrik edirəm”. Parlament qarşısında istefa verən F.Xoyskidən H.Ağayev rəsmi məktubla yeni, sayca 3-cü hökumətin təşkilini xahiş edir ki, göstərilən etimada minnətdarlıqla hökumət təşkili təklifini qəbul etməyən F.X.Xoyskiyə Həsən bəy dekabrın 18-də Baş nazir vəzifəsini qəbul etməsi barədə təkrar müraciət edir: “...Millət naminə rica ediyorum ki, Vətənin bu ağır zamanında hökumət təşkili kimi məsuliyyətli bir vəzifədən bərkənar olmayıb, yeni müştərək bir kabinə təşkilini öhdənizə götürəsiniz”.

Yeni hökumətin təşkilinə böyük əzmlə başlayan F.Xoyski parlamentin beşinci iclasında geniş proqramla məruzə edir. Artıq parlament tribunasında hökumətin fəaliyyətinə dair mütəmadi hesabat verən Xoyski müxalifət nümayəndələrinin sorğularını qərəzli hesab edirdi: “Bu sorğu hökumətə badalaq vurmaq, biz soxmaq deməkdir... Bu sorğu deyil, dalında yumruq, cibində daş gizlətməkdir ki, hökuməti qəflətən vurasan, belə sorğuya nə cavab vermək olar... Azərbaycanın istiqlalı hər dəqiqə təhlükədədir. Biliniz, indi elə vaxtdır ki, nəinki bez və çit, hətta elə əhval çıxa bilər ki, Azərbaycan belə qalmaz, istiqlalımız gedər... Belə qorxulu zamanda dalğalar arasında bulunan qayığımızı bir tövr salamata çıxaraq ki, məqsədlərimizə müvəffəqiyyətlə nail ola bilək”. Hökumətə qarşı tənqidləri haqsız sayan F.Xoyski hökuməti 1919-cu ilin fevralında istefa verdi.

Parlament üzvü kimi fəaliyyətini davam etdirən F.Xoyski 1919 -cu ilin noyabrında Azərbaycan və Ermənistan arasında ərazi məsələlərini həll etmək üçün çağırılacaq konfransda Azərbaycan nümayəndə heyətinin sədri kimi iştirak edir. Bir qədər sonra, dekabrın 22-də təşkil olunan yeni hökumət tərkibində xarici işlər naziri təyin olunur. Xoyskinin bu vəzifədə fəaliyyəti Azərbaycan dövlətçiliyinin müdafiəsi baxımından şərəfli tarixdir. Sovet Rusiyası hökumətinə qətiyyətli mövqe bildirən, hüquqşünas məntiqi, diplomat bacarığı ilə Azərbaycan istiqlalını müdafiə edib, Rusiyanın təkəbbürlü, iddialı notalarına tutarlı cavab verdiyi günlərdə Xoyskinin qəlbini fərəhləndirən, sabaha ümidləndirən hadisə Azərbaycanın müstəqilliyinin Paris Sülh Konfransında tanınması xəbəri oldu. Bu barədə parlamentdə məlumat verərkən demişdir: “Özümü artıq dərəcədə xoşbəxt hesab edirəm ki,istiqlaliyyətimizi elan edən zamanda hökumət başında mən idim. Və indi də təsdiqini sizə mən elan edirəm. “Bu sevinci yaşamağa imkan vermiş qüvvələr gənc cümhuriyyəti taleyin hökmünə – bolşevik Rusiyasının caynağına buraxdılar. Xoyskinin Çiçerinlə nota davası məkirli prosesin bir həlqəsi idi. Diplomatik oyunbazlıqla Azərbaycanı duyuq salmamağa çalışan Rusiya 1920-ci il aprelin 27-də istədiyinə nail oldu, Azərbaycan işğal olundu, cümhuriyyət süqut etdi. İşğaldan dərhal sonra fəaliyyətini Tiflis şəhərinə keçirən Fətəli xan Xoyski iyunun 19-da erməni terrorçusu tərəfindən qətlə yetirildi və Tiflisdə azərbaycanlılar qəbiristanlığında dəfn olundu.

Azərbaycan istiqlalının işğaldan sonrakı ilk şəhidlərindən olan Fətəli xan Xoyskinin adı Azərbaycan dövlətçiliyi tarixinə əbədi həkk olunubdur.

Firdovsiyyə ƏHMƏDOVA,

tarix üzrə fəlsəfə doktoru, dosent

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında