Müsəlman Şərqinin ilk cümhuriyyəti

1918-ci il mayın 28-də Azərbaycan xalqını təmsil edən Milli Şura tərəfindən müsəlman Şərqində ilk dəfə olaraq respublika formasında Azərbaycanın dövlət müstəqilliyi elan edildi. Cümhuriyyətin yaradılmasına aparan yol necə olub? Cümhuriyyət necə elan edilib? Ona hansı beynəlxalq amillər təsir edib? Azərbaycan hökumətinin ölkə daxilində həyata keçirdiyi tədbirlərin əhəmiyyəti nədən ibarət idi? Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin xarici siyasəti necə olub? Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə necə son qoyulub? Cümhuriyyət dövrü tariximizdən nələri öyrənməli və hansı ibrət almalıyıq?

Sovet dövründə Azərbaycan tarixinin barəsində danışılmayan, üstündən sükutla keçilən, yazıldıqda isə kobudcasına təhrif edilən səhifələrindən biri 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövrü olub. Bu tarixə dair arxiv sənədləri daim qapalı saxlanıldığından tədqiqatçılar tarixi həqiqətlərin heç də hamısını bilməyiblər, bilənləri isə ideologiyanın təsiri altında onu düşünərək təhrif edərək yazıblar. Lakin Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra yaranmış yeni şəraitdə “tam məxfi”, “məxfi” arxiv fondları açıldıqda tamamilə başqa bir mənzərə üzə çıxdı. Cümhuriyyət tarixinə yeni baxış meydana gəldi.

Cümhuriyyətə aparan yola qısa bir baxış

 Cümhuriyyətin elanı göydəndüşmə olmadı. Bu, bir sıra amillərin təsiri altında oldu. Məlumdur ki, çarizmin işğalına qədərki müəyyən dövrdə Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri var idi. Lakin 1828-ci ildə Şimali Azərbaycan çar Rusiyası tərəfindən xanlıqlar formasında işğal edildikdən sonra tamamilə yeni bir şərait yarandı. Azərbaycan ərazisi və xalqı iki yerə bölüşdürüldü. Azərbaycan xalqı işğalla barışmadı. Şimali Azərbaycanda işğala qarşı müqavimət hərəkatı, üsyanlar baş verdi. Amansızlıqla yatırılan üsyanlardan sonra müstəqillik şüurunun, onun daşıyıcılarının məhvinə başlandı. İşğaldan narazı olaraq ona qarşı çıxanları amansız Sibir sürgünləri və həbsxanalar gözləyirdi. Cümhuriyyət elan edilənədək Sibir sürgünündə təxminən 5 min nəfər azərbaycanlı var idi.

Çarizm orqanları hakimiyyət əleyhinə olan ən xırda təzahürləri qəddarlıqla məhv edirdi. Aparılan islahatlar başlıca olaraq çarizmin ümumi müstəmləkəçilik mənafelərinə xidmət edirdi.

Azərbaycanda demoqrafik şəraiti dəyişmək məqsədi ilə qeyri-azərbaycanlılar iri şəhərlərə və müxtəlif yaşayış məntəqlərinə yerləşdirilirdilər. Yadellilərin gəlməsi sadəcə demoqrafik şəraiti dəyişdirmədi. Köçürülənlər yerli əhaliyə məxsus zəngin torpaqlara sahib oldular. Onlar üçün üstün şərait yaradılırdı. Bütün bunlar təkcə sosial deyil, milli ziddiyyətləri də kəskinləşdirirdi. Sonrakı dövrlərdə baş verən ən böhranlı anlarda məhz köçürülənlər çarizmin müstəmləkəçilik siyasətinin yerlərdə dayaqlarına çevrilirdilər. Azərbaycanın qarşılaşdığı bütün milli və ərazi problemlərinin təməlləri məhz işğaldan sonra çar Rusiyası tərəfindən qoyuldu.

Çarizm özünün ümumi strateji mənafeləri naminə Azərbaycanda işlərin aparılmasına kömək edən yerli etibarlı şəxslərdən ibarət məmurlar yaradılmasında maraqlı idi. Bütün bunlar çarizmin müstəmləkəçilik və ruslaşdırma siyasətinə xidmət edirdi. Müasir məktəblər və mədəni-maarif müəssisələri yaradıldı. Ana dilində ilk qəzet nəşr edildi. İlk milli teatr yaradıldı. Hansı motivlərdən asılı olmasına baxmayaraq, təhsil və mədəniyyət sahəsində yeridilən siyasət Azərbaycan xalqının maariflənməsinə, dövrünün elm və mədəniyyət nailiyyətlərindən xəbər tutmasına imkan verirdi. Maarifçilik xalqda milli hisslərin oyanmasında, milli şüurun inkişafında və nəhayət, milli hərəkatın yaranmasında mühüm rol oynadı. Azərbaycan xalqının millətləşməsində bu amil mühüm rol oynadı. Rusiyada gedən proseslər heç şübhəsiz, Azərbaycana da təsirsiz ötüşmədi. İmperiya tərkibində olan Şimali Azərbaycanda xalqımızın ümmətçilikdən millətçiliyə keçməsi Cənubi Azərbaycana nisbətən daha sürətli oldu. Azərbaycan Rusiya vasitəsilə Avropaya daha çox yaxınlaşdı. Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi kimi ziyalılar xalqın maariflənməsində əvəzsiz xidmət göstərdilər. Çarizm dövründə yaradılmış müxtəlif ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri xalqın problemlərinin həllinə yardım edilməsində, humanitar əsasda birləşməsində müəyyən rol oynayırdı.

1905-1907-ci illər inqilabı və ondan sonra baş verən proseslər Azərbaycana da yeniliklər gətirdi. Bu dövrdə bütün dünyada gedən ictimai-siyasi hərəkatda iki böyük cərəyan – milli-azadlıq hərəkatı, millətçilik və sosial-demokratiya paralel olaraq gedirdi. Həmin məqsədlərə uyğun olaraq ictimai və siyasi təşkilatlar yaradıldı. Milli-azadlıq hərəkatı son nəticədə imperiyaların dağılmasına, zülm altında inləyən xalqların azad olmasına və müstəqil dövlətlərin yaradılması məqsədini güdürdüsə, sosial-demokratiya isə daha çox rejimləri dəyişməklə mahiyyətinə görə, imperiyaların qorunub-saxlanılmasına yönəlmişdi. Azərbaycan xalqının istəklərinin ifadəçiləri, milli-azadlıq hərəkatının öndərləri “Difai”, “Müsavat”, sosial-demokratiyanın təmsilçisi isə “Hümmət” oldu. Müxtəlif cərəyanları təmsil edən partiyaların mövcudluğu Azərbaycan siyasi tarixinin zənginliyini, çoxtərəfliliyini göstərir.

Çarizm Azərbaycanda pantürkçüləri və panislamçıları, müstəqillik tərəfdarlarını amansızlıqla təqib edirdi. Birinci Dünya müharibəsi və ya o zaman deyildiyi kimi, Böyük müharibə xalqları özlərini mühafizə etmək və gələcək həyatlarını necə qurmaq barədə düşünməyə vadar edirdi. İri imperiyaların və müstəmləkə zülmü altında inləyən xalqların həyatlarının daha əvvəlki kimi olmayacağı artıq müharibənin əvvəllərindən aydın idi. Heç əbəs deyil ki, müharibənin sonlarında yaranmış gərgin vəziyyətdə Azərbaycanın istiqlalı məsələsində çox az saylı azərbaycanlı ziyalılar Əlibəy Hüseynzadə, Əhmədbəy Ağayev, Məhəmmədəmin Rəsulzadə, Əlimərdanbəy Topçubaşov və b. müstəsna rol oynadılar. Onlar xalqın taleyi ilə bağlı məsələlərdə məsuliyyəti üzərlərinə götürdülər. Azərbaycanın gələcəyini düşünən şəxslər müxtəlif yollar aramağa başladılar. Onlar daxili amillərlə yanaşı xarici amilə də ümid edirdilər. Xarici amil isə Osmanlı dövləti idi. İstanbul dünya türklüyün və islamın mərkəzi olduğundan azərbaycanlılar da Osmanlıya nicat gözü kimi baxırdılar. Bu dövrdə azərbaycanlı ziyalıların da bir qismi öz ümidlərini türk və müsəlman dünyasının mərkəzi olan Osmanlı Türkiyəsinə bağlayırdı. Belə mövqe müharibə aparan Osmanlının da strateji niyyətlərinə tam uyğun gəlirdi. Bu məqsədlə bir neçə azərbaycanlı hətta Ərzuruma gedərək Ənvər Paşa ilə görüşmüşdü. Onlar azərbaycanlıların çarizmin zülmündən xilas olmalarına kömək göstərilməsini xahiş etmişdilər. Eyni zamanda Osmanlı hökuməti də Qafqaz və Mərkəzi Asiya istiqamətində hərəkət etmək üçün bir etibarlı müttəfiqə, sosial dayağa ehtiyac duyurdu.

1917-ci il fevral ayında Rusiyada çarizm devrildi. Müvəqqəti hökumət quruldu. Az sonra bolşeviklərin hakimiyyətə gəlməsi və müharibədən çıxdığını elan etməsi tamamilə yeni bir şərait yaratdı. Noyabr ayının əvvəllərində Bakıda bolşeviklər hakimiyyəti ələ aldılar. Bundan bir neçə gün sonra Antanta ölkələrinin yardımı ilə Tiflisdə Transqafqaz Komissarlığı yaradıldı. Rusiyada bolşevik hökuməti müharibədən çıxdığını elan etdi. Almaniya bloku ölkələri ilə barışıq imzaladı. Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilən deputatlar mərkəzdə fəaliyyətə başlaya bilmədiklərindən və bu orqan bolşeviklər tərəfindən qovulduqdan sonra onlar 1918-ci il fevralın 23-də Tiflisdə Transqafqaz Seymini (parlamenti) yaratdılar. Bu parlamentdə Azərbaycan fraksiyası 44 nəfərdən ibarət idi. Həmin ilin aprelin 22-də seym Cənubi Qafqazın müstəqilliyini elan edərək Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdı.

Osmanlı dövləti Cənubi Qafqaz istiqamətində əlverişli imkan qazandı. Azərbaycan uğrunda böyük dövlətlərin mübarizəsi gücləndi. Rus Qafqaz cəbhəsi dağıldı. Ordu hissələri ilə birlikdə geri dönən erməni terror dəstələri Cənubi Qafqazda kütləvi qırğınlar törətdilər. 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilən soyqırımın başlıca məqsədi istiqlal tərəfdarlarını məhv etmək, onun sosial dayaqlarını dağıtmaq, müharibənin son mərhələsində döyüşən dövlətlərin strategiyasında mühüm yer tutan Bakı neftinə sahib olmaq, Azərbaycanın Rusiyadan ayrılmasına imkan verməmək, Osmanlı hücumlarının qarşısını almaq idi. Transqafqaz Seymi azərbaycanlılara qarşı törədilən qırğınların qarşısını ala bilmədi. Daxili ziddiyyətlər ucbatından süquta yaxınlaşdı.

Cümhuriyyətin elanı

 Daxili ziddiyyətlər aradan qaldırılmadığından mayın 27-də Azərbaycan fraksiyası ayrıca iclasa toplaşaraq müstəqilliyi elan etmək qərarına gəldi. Bu zaman Osmanlı ilə Zaqafqaziya arasında Batumda keçirilən danışıqlarda iştirak edən M. Ə. Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri seçildi. Fraksiya özünü Azərbaycan Milli Şurası elan etdi. Azərbaycan xalqının tarixi istəyi yerinə yetirildi. Milli Şuranın mayın 28-də Tiflisdə “Orient” oteldə keçirilən iclasında Azərbaycanın İstiqlal bəyannaməsi qəbul edildi. Altı maddədən ibarət olan Bəyannamədə deyilirdi: 1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət hüququna malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir. 2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir. 3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərə, xüsusən qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir. 4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir. 5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır. 6. Müəssislər Məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət durur. Azərbaycanın idarə forması Xalq Cümhuriyyəti idi. Yeni dövlət bütün qonşularla mehriban münasibətlər qurmaq istəyini bəyan etdi. Ölkə ərazisində yaşayan bütün xalqlar bərabər elan edildilər. Onlar üçün bərabər hüquqlar elan olundu. Azərbaycanın başında xalqın seçdiyi Milli Şura-Parlament dururdu. Azərbaycan parlamentli respublika idi.

Cümhuriyyətin elan edilməsi ilə Azərbaycan xalqı XX əsrdə ilk dəfə olaraq dövlət millətinə çevrildi. Əgər Azərbaycan Rusiya tərəfindən xanlıqlar formasında işğal edilib imperiyanın tərkibinə qatılmışdısa, onun tərkibindən vahid, müstəqil dövlət kimi çıxdı.

 Ərazi

 Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi Cənub-Şərqi Zaqafqaziyanı əhatə edirdi. Sonralar Paris sülh konfransına Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi memorandumda cümhuriyyətin ərazisi aşağıdakı kimi göstərilirdi: Bakı quberniyası (Bakı dairəsi ilə birlikdə Bakı qəzası, Cavad qəzası, Göyçay qəzası, Şamaxı qəzası, Quba qəzası, Lənkəran qəzası; Yelizavetpol (Gəncə) quberniyası (Gəncə qəzası, Cavanşir qəzası, Nuxa qəzası, Ərəş qəzası, Şuşa qəzası, Qaryagin (Cəbrayıl) qəzası, Zəngəzur qəzası, Qazax qəzası (bu ərazinin üçdə birini təşkil edən dağlıq hissəsi Ermənistanla Azərbaycan arasında mübahisəli idi); İrəvan quberniyası (Naxçıvan qəzası, Şərur-Dərələyəz qəzası, Sürməli qəzası, Yeni Bəyazid qəzası, Eçmiədzin və Aleksandropol qəzalarının bir hissəsi); Tiflis quberniyası Borçalı qəzası, Tiflis və Sıqnax qəzalarının bir hissəsi); Zaqatala mahalı; Dağıstan vilayəti (Kürə və Samur nahiyələrini əhatə edən ərazisinin bir hissəsi, habelə Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla Qaytaq - Tabasaran qəzasının bir hissəsi). Eyni zamanda AXC Tiflis quberniyasındakı Axalsıx qəzasının Batum, xüsusən Kars əyalətlərini də öz ərazisinə daxil etməyə xüsusi önəm verirdi. Cümhuriyyətin ərazisi 113,9 min kv. km idi. Bunun 97,3 min kv. km mübahisəsiz, 16,6 min kv. km mübahisəli idi.

Əhali

Bu dövrdə Cənubi Qafqazda 8 milyon 81 min 668 nəfər əhali yaşayırdı. Onun 4 milyon 617 min 671 nəfəri Azərbaycanda idi. Azərbaycan əhalisinin 75,4 faizini və ya 3 milyon 481 min 889 nəfərini  azərbaycanlılar təşkil edirdi. Digərləri müxtəlif dövrlərdə çarizmin köçürmə siyasəti nəticəsində Azərbaycana yerləşdirilənlər idi.

Həyata keçirilən tədbirlər

Cümhuriyyətin elanından sonra milli hökumət yaradıldı. Nazirliklər quruldu. Azərbaycanda icraedici hakimiyyəti hökumət həyata keçirirdi. İlk baş nazir Fətəli xan Xoyski oldu. Hökumətdə birinci, ikinci və üçüncü  kabinetə Fətəli xan Xoyski, dördüncü və beşinci kabinələrə Nəsib bəy Usubbəyli başçılıq etdi.  Sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad etdi.

Gəncədə öz fəaliyyətini dayandırmış  Milli Şura noyabr ayında  Bakıda fəaliyyətə başladı. Milli Şura Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmağı  qərara aldı. Azərbaycan parlamentinin yaradılması haqqında qanun 1918-ci il noyabrın 19-da qəbul edildi.  Parlamentin tərkibinə əhalinin sayına uyğun olaraq 80 nəfər azərbaycanlı və digər xalqların nümayəndələri daxil edilməli idi. 1918-ci il dekabrın 7-də Tağıyevin qız məktəbində (indiki Əlyazmalar İnstutunun binasında) Azərbaycan parlamenti açıldı. Parlamentdə 11 fraksiya fəaliyyət göstərirdi. Yerlər aşağıdakı kimi bölüşdürülmüşdü: türk-müsəlman əhali-80; ermənilər-21; ruslar-10; almanlar-1; yəhudilər-1; gürcülər-1; polyaklar-1; Bakı həmkarlar ittifaqı-3; Bakı neft sənayeçiləri Şurası və Ticarət-Sənaye İttifaqı-2. Lakin Azərbaycanın müstəqilliyini istəməyən ermənilər və başqaları parlamentin işində iştirak etmədilər. Parlamentin sonuncu iclası 1920-ci il aprelin 27-də keçirildi. Ümumiyyətlə,  parlamentin 155 iclası keçirildi.   Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi  çıxarıldı. Onlardan 230-u qəbul edildi.  Parlamentin sədri Əlimərdan bəy Topçubaşov, müavinləri Həsən bəy Ağayev və Məmmədyusif Cəfərov idi. Azərbaycan parlamenti milli tolerantlıq baxımından hətta Qərb ölkələri üçün bir model idi. Dini baxımdan da bütün digər dövlətlərə nümunə rolunu oynayırdı. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara səsvermə hüququnu Qərb ölkələrindən əvvəl verdi.

Himn və bayraq qəbul edildi. Xüsusi xidmət orqanları yaradıldı. Sərhəd və Gömrük xidməti quruldu. Ordu yaradıldı. Türk dili (Azərbaycan dili) dövlət dili elan edildi. İbtidai və orta məktəblərdə işlərin ana dilində aparılması haqqında qanun qəbul edildi. Bakı Dövlət Universiteti yaradıldı. Təhsil və xalq maarifi, səhiyyə sahəsində tədbirlər həyata keçirildi. Ölkənin hər yerində müxtəlif səviyyəli məktəblər açıldı. Dərsliklər hazırlanmağa başladı. İşləməyə xaricdən müəllimlər dəvət edildi. Mədəniyyətə xüsusi diqqət yetirildi. Teatrlar, kitabxanalar yaradıldı. Ana dilində mətbuat orqanları quruldu. Milli kadrların hazırlanmasına xüsusi diqqət yetirildi.100 nəfər azərbaycanlı gəncin xarici ölkələrdə oxumağa göndərilməsi barədə qərar qəbul edildi.

Beynəlxalq fəaliyyət və xarici siyasət

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin əsas məqsədi yeni yaradılmış dövləti tanıtmaq idi. Buna görə də yeni yaranan hökumət  yarandığı vaxtdan etibarən fəal xarici siyasət yürütməyə başladı. İlk növbədə Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin yaradılması barədə məlumat göndərildi. Hökumət 1918-ci il iyun ayının 4-də Batumda Osmanlı ilə dostluq müqaviləsini bağladı. Xarici siyasətdə ilk addım Dördlər İttifaqı ilə Cənubi Qafqaz respublikaları arasında keçirilməsi nəzərdə tutulan İstanbul konfransına Məhəmmədəmin Rəsulzadə və Aslan Səfikürdskidən ibarət heyətin göndərilməsi oldu. Avropa ölkələri ilə diplomatik əlaqələri qurmaqdan ötrü Əlimərdan bəy Topçubaşov səfir kimi İstanbula göndərilmişdi.

Almaniya və müttəfiqləri müharibədə məğlub olduqdan sonra Bakıya ingilis generalı U.Tomson başda olmaqla noyabrın 17-də müttəfiq qoşunları gəldi. Erməni, rus milli şuralarının antiazərbaycan fəaliyyətinə baxmayaraq, Tomson Bakıda vəziyyətlə tanış olduqdan sonra bildirdi ki, Azərbaycan hökumətinə və onun baş nazirinə böyük hörmət bəsləyir və yeni koalisiyalı hökumət yaradılana qədər onun hökuməti ölkədə yeganə qanuni hökumət olaraq qalır.

   Azərbaycan hökumətinin ilk addımlarından biri dekabrın 28-də  qalib ölkələrin dövlət və hökumət başçılarının Paris sülh konfransına  göndəriləcək sülh nümayəndə heyətinin tərkibini müəyyənləşdirmək oldu. Parlamenitn sədri kimi Topçubaşov başda olmaqla nümayəndə heyəti İstanbulda bir sıra ölkələrin nümayəndələri ilə görüşlər keçirdikdən sonra Parisə getdi. Azərbaycan məsələsi ilk dəfə olaraq 1919-cu il mayın 2-də Dördlər Şurasının iclasında müzakirə edildi. Azərbaycan nümayəndə heyəti bir neçə görüş  keçirdi. Mayın 23-də İngiltərə nümayəndə heyətinin üzvü L. Mallet Topçubaşovla görüşdü. Söhbətdə siyasi, hərbi və iqtisadi vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı. Topçubaşov mayın 28-də günün birinci yarısı ABŞ nümayəndə heyətinin üzvü H. Morgentau, günün ikinci yarısında isə  prezident V.Vilsonla görüşdü. ABŞ prezidentinə Azərbaycanın memorandumu  təqdim edildi. ABŞ hökuməti Azərbaycanla əməkdaşlıq etmənin faydalı olacağını qeyd etdi.

1920-ci il yanvarın 11-də Azərbaycanın dövlət müstəqilliyi böyük dövlətlər tərəfindən tanındı. Bu, tarixi hadisə olub, Azərbaycan xalqının iradəsinə hörmət əlaməti idi. Azərbaycana yardım göstərilməsi barədə qərarlar qəbul edildi. Azərbaycan dövləti beynəlxalq münasibətlər sisteminə daxil olmaq üçün ilk addımlar atdı.

Xarici siyasətin mühüm istiqamətlərindən biri qonşu dövlətlərlə münasibətlər idi. Ermənilərin yeni yaratdıqları  Ararat Respublikasının paytaxtı olmadığından Azərbaycan milli sülhün yaradılması, digər ərazilərə əsassız iddialar irəli sürməyəcəyi düşüncəsi  ilə İrəvanı paytaxt olaraq güzəştə getdi. Lakin bununla kifayətlənməyən erməni dairələri azərbaycanlılara qarşı soyqırımları davam etdirdilər və əsassız ərazi iddialarını genişləndirdilər.

Problemlər və ya niyə məğlubiyyət?

Əlbəttə, ölkədə yeni dövlət quruculuğu problemlərsiz də deyildi. Aparılan islahatlar ardıcıl deyildi. Aqrar islahat həyata keçirilmədi. Cümhuriyyətin sosial dayaqları zəiflədi. Çarizm tərəfindən Azərbaycana köçürülmüş bir sıra xalqlar dövlət müstəqilliyini tanımır, onu Rusiyanın tərkib hissəsi hesab edirdilər. Erməni təcavüzü dövləti zəiflədirdi. Erməni terrorunun, ərazilərin işğalının və kütləvi soyqırımların dayandırılması başlıca problemlərdən idi. Beynəlxalq şərait də müstəqil Azərbaycan üçün əlverişsiz idi.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-də bolşevik Rusiyasının istilasına uğradı. Cümhuriyyət daxili deyil, xarici amillər səbəbindən məğlub oldu. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün əlverişli beynəlxalq şərait yox idi.  Osmanlı dövləti cümhuriyyətin yaradılmasında mühüm xarici amil rolunu oynamışdı. Azərbaycan xalqı monarxiyadan yardım alıb respublika qurmuşdu. Məğlubiyyətə beynəlxalq amillər, Mustafa Kamal Paşanın bolşevik lideri Lenin ilə yaxınlaşması mənfi təsir etdi.  Kamalçı Türkiyə və bolşevik Rusiyasının Antanta ölkələrinə qarşı mübarizəsi nəticəsində müttəfiqə çevrilmələri regionda geosiyasi vəziyyəti dəyişdi. Bu işğalda Bakı nefti amili mühüm rol oynadı. Rusiya bir neçə il əvvəl Bakını itirməklə böyük dövlət statusunu da itirmişdi. Bu mövqeyi bərpa etmək üçün  Rusiya yenidən Azərbaycanı işğal etdi.

Cümhuriyyətin beynəlxalq  əhəmiyyəti

Cümhuriyyətin yaradılması və fəaliyyəti əhəmiyyətinə görə Azərbaycan sərhədlərini aşaraq daha geniş bir anlam daşıyırdı. Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqinin dan ulduzu oldu. Müsəlman dünyasına Respublika məfhumunu və məfkurəsini Azərbaycan xalqı gətirdi. Onlara zülmətdən xilas olmağın yolunu göstərdi. Onların ürəyində ümid çırağı yandırdı. Heç əbəs deyil ki, cümhuriyyət yaradıldıqdan sonra Sibir sürgünündə azərbaycanlılarla yanaşı, zülm çəkən  yüzlərlə ərəb, fars, əfqan və başqa xalqların nümayəndəsi Azərbaycanın vətəndaşı olmaq üçün müraciət etmişdilər. Bu gün Şərqdə müstəmləkəçiliyin və müstəmləkə zülm altında inləyən  xalqlarının olmaması eyni zamanda cümhuriyyətin təsiridir.

İbrət dərsləri hansılardır?

Cümhuriyyət tarixinin öyrənilməsi bəzi ibrət dərslərini almağa imkan verir. Bunun üçün ilk növbədə həmin dövrdə buraxılan səhvləri bilmək və onlardan müvafiq nəticələr çıxarmaq gərəkdir. Dövlətin yaradılmasını  liberal dəyərlərlə elan etmək olar, amma daxili və xarici təzyiqlərin daim olduğu və olacağı bir şəraitdə liberalizmlə qorumaq mümkün deyildir. Bunun üçün çoxlu amillərin məcmusu tələb olunur. Xalq öz dövlətinin mühafizəsinə, güclənməsinə və tərəqqisinə çalışmalı, onu qorumalı, maraqlarını hər şeydən uca tutmalıdır. Hakimiyyət qanadları arasında sıx birlik olmalıdır.

Dünyanın hansı ölkəsində yaşamasından, hansı siyasi təşkilata mənsubluğundan  asılı olmayaraq, hər bir azərbaycanlı daim Azərbaycanın maraqlarını uca tutmalı, ümumi məqsədlərə xidmət etməlidir. Xaricdə yaşayan soydaşlarımız  yalnız Azərbaycanın yanında olduqda böyük, güclü  və qüdrətlidirlər. Milli tarixə və keçmişə daim hörmətlə yanaşılmalıdır.

Cümhuriyyətin süqutundan sonra siyasi və dövlət xadimlərinin bir qismi  xarici ölkələrə mühacirət etməyə məcbur oldu. Bir qismi isə erməni və bolşevik terrorunun qurbanı oldu. 20-30-cu illərdə milli düşüncəli ziyalılar repressiya edildilər. Amma sovet repressiya aparatı istiqlal fikrini məhv edə bilmədi. 70-80-ci   illərdə ziyalılar Azərbaycan rəhbəri Heydər Əliyevin qayğıcı ilə əhatə olundular.  Müstəqil dövlət üçün lazım olan təməllər məhz bu illərdə düşünülmüş şəkildə hazırlandı.  Nəhayət, hələ SSRİ-nin mövcud olduğu bir şəraitdə milli bayrağımız ilk dəfə olaraq rəsmi şəkildə Naxçıvanda qaldırıldı. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu.

* * *

Heç kəsə sirr deyildir ki, sovet dövründə cümhuriyyətin  dövlət səviyyəsində bayram ediləcəyi xəyallara belə gəlmirdi. Amma  ölkəmizdə milli tariximizə, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına və inkişafına dövlət səviyyəsində  xüsusi diqqət yetirilir. 1998-ci ildə ümummilli lider, Prezident  Heydər Əliyevin imzaladığı Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin qeyd edilməsi barədə sərəncamından sonra bu sahədə xeyli işlər görüldü. Cümhuriyyət dövrü tarixinin sistemli araşdırılmasına başlanılması  məhz Heydər Əliyevin adı ilə bağlıdır. Parlament iclaslarının stenoqramları nəşr edildi. Kitab və monoqrafiyalar çapdan çıxdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin paytaxtında cümhuriyyət xadimlərimizin şərəfinə abidə ucaldılıb. Onların xatirəsi əbədiləşdirilir.

Cümhuriyyətimizin 95  illiyi ilə bağlı geniş tədbirlər həyata keçirilir.

Cümhuriyyət xadimlərinin istəkləri, arzuladıqları dövlət müstəqilliyinə Azərbaycan xalqı nail oub. Ərazilərinin bir hissəsinin işğal altında qalmasına, qaçqın və məcbur köçkünlərin olmasına baxmayaraq,  Azərbaycan dövləti daxili və xarici siyasət sahəsində bir sıra uğurlar qazanıb. Dövlətimiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. “Eurovision” yarışması zamanı xalqımızın maddi və mənəvi mədəniyyət nümunələrinin təbliği ilə Azərbaycanın dünya xəritəsində axtarılmasına son qoyulub.  Azərbaycan  “Kosmos klubu”nun üzvüdür. Bütün bunlar hələ bundan sonra da ölkəmizdə çoxlu yeniliklərin olacağından xəbər verir...

 

Musa QASIMLI,

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında