(əvvəli qəzetimizin 24 may 2013-cü il tarixli sayında)
1918-ci il sentyabrın 15-də Qafqaz İslam ordusunun Bakını azad etməsindən sonra sentyabr ayının 23-də Berlində aparılan danışıqlar nəticəsində Almaniya ilə Osmanlı Türkiyəsi arasında protokol imzalandı. Bu sənədə görə Almaniya əvvəlki 27 avqust tarixli müqavilədən imtina edir, Azərbaycanı diplomatik cəhətdən tanıyacağını bildirir və onun müstəqilliyinin Sovet Rusiyası tərəfindən tanınacağına yardım göstərməyi vəd edirdi. Lakin 1918-ci ilin payızında alman-türk bloku birinci dünya müharibəsinin nəticələrinə görə məğlub olduqdan sonra, Mudros barışığına əsasən, noyabr ayının 17-də müttəfiq qoşunları Bakıya daxil olmaqla Azərbaycanın istiqlaliyyətini ciddi təhlükə qarşısına qoydu.
Bu dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti və hökuməti xarici təhlükənin qarşısını almaq üçün müstəqil respublikanın beynəlxalq aləmdə tanınması istiqamətində böyük iş aparırdı. Bununla əlaqədar 1918-ci ilin dekabrın 7-də açılmış Azərbaycan Parlamenti Paris sülh konfransında iştirak etmək üçün Parlamentin sədri Ə.M.Topçubaşovun başçılığı ilə geniş səlahiyyətlərə malik xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Cümhuriyyət dövrünün görkəmli dövlət xadimlərindən biri olan Ə.M.Topçubaşov qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin tanınması üçün çox fədakarlıq göstərdi. Bunun nəticəsində Azərbaycanın 1920-ci il yanvarın 11-də müttəfiq dövlətlərin Ali Şurası tərəfindən de-fakto tanınması haqqında qərar qəbul olundu.
Azərbaycanın istiqlaliyyətinin Paris Sülh konfransı tərəfindən tanınması tarixi əhəmiyyətli hadisə idi. Azərbaycanın müstəqilliyinin tanınması ona olan marağı da artırdı. Artıq Belçika, İsveçrə, Hollandiya, Çexiya və Slovakiya, Finlandiya və digər dövlətlər Bakıda öz konsulluqlarını açdılar. ABŞ, İngiltərə, Fransa və İtaliya Azərbaycanla iqtisadi əlaqələrini genişləndirməyə başladı.
1920-ci il mart ayının 20-də Azərbaycanla İran arasında əməkdaşlığın bütün sahələrini əhatə edən saziş və müqavilələr imzalanmışdı. Tərəflər arasında imzalanan dostluq müqaviləsinə əsasən, İran Azərbaycan Respublikasını de-yure tanıdığını bildirdi. Qısa müddətdə Tehranda Azərbaycanın səfirliyi, Təbrizdə baş konsulluq, Rəştdə konsulluq, Ənzəlidə, Məşhəddə vitse-konsulluq, Xoy və Əhərdə konsul-agentlikləri yaradıldı. 1920-ci il aprel ayının ortalarında Azərbaycan Parlamenti Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, İsveç, Polşa, Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumıniya, Almaniya və Rusiyada diplomatik nümayəndəliklər təsis etmək haqqında qanun qəbul etdi. Bir sıra xarici dövlətlərin nümayəndəlikləri isə Azərbaycanda fəaliyyətə başlamışdı. Beləliklə, aprel işğalı ərəfəsində Azərbaycan Xalq Cümhuriyyəti təcridçilikdən çıxıb geniş beynəlxalq əlaqələr sisteminə daxil olmuşdu. Lakin az sonra, aprelin 28-də XI Qızıl ordunun Azərbaycanı işğalı ilə Xalq Cümhuriyyətinin süqut etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi iştirakını dayandırdı.
1920-ci ildə mövcud tarixi şəraitin doğurduğu qarışıqlıqlar içərisində itirilmiş milli dövlətçiliyin XX əsrin sonunda yenidən bərpası xalqımızın milli-azadlıq ruhunun hər zaman yaşadığından xəbər verir. Belə ki, 20 il əvvəl, yəni 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə Azərbaycan xalqı tarixinin yeni mərhələsinin başlanğıcına qədəm qoydu. SSRİ-nin süqutu ilə yaranan əlverişli tarixi şərait və milli-azadlıq mübarizəsi nəticəsində xalqımız XX yüzillikdə artıq ikinci dəfə öz dövlət müstəqilliyini elan etmişdir. Lakin əsrin sonunda öz istiqlaliyyətini bütün dünyaya bəyan edən Azərbaycan dövləti öz suveren hüquqlarını reallaşdırmaq üçün ciddi maneələrlə qarşılaşdı. Heç şübhəsiz ki, bu, ilk növbədə Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü ilə bağlı idi.
Yalnız 1993-cü ilin ikinci yarısından ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Ümumilli lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu cətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdidi. Ümummilli lider Heylər Əliyevin xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirilmişdir. Azərbaycan beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, eləcə də fəal surətdə iştirak etmək və səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edir. Avroatlantik strukturlara inteqrasiya istiqamətində çoxtərəfli Trans-Atlantik təhlükəsizlik əməkdaşlığı proqramlarını inkişaf etdirən Azərbaycan Avropa qitəsində və onun sərhədlərindən kənarda təhlükəsizlik və sabitliyə töhfə verir.
Azərabycanın Avropa institutlarına inteqrasiyası istiqamətində Avropa Şurasının bərabərhüquqlu üzvü olması - respublikamızın mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə obyektiv çatdırılması üçün yeni və çox mötəbər tribuna vermiş oldu. Dovlət başçısı Heydər Əliyev Avropa Şurasının tribunasından Azərbaycanın mənafeyinə uyğun şəkildə istifadə edilməsi üçün uğurlu bir addım atdı. Belə ki, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinə millət vəkili İlham Əliyevin rəhbərlik etməsi və daha sonra cənab İlham Əliyevin AŞ PA-dakı fəaliyyəti ümummilli liderimiz Heydər Əliyevin qarşıya qoyduğu bütün vəzifələri reallaşdırdı. Məhz cənab İlham Əliyevin prinsipial və ardıcıl fəaliyyəti nəticəsində AŞ PA-nın 2002-ci ilin sentyabrında keçirilən payız sessiyasında ilk dəfə olaraq bu beynəlxalq qurumun sənədlərində Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı faktı rəsmi şəkildə öz əksini tapdı.
Əsası ümumilli lider tərəfindən qoyulmuş və hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası əlaqələrə daha yaxından qatılaraq regionda, eləcə də dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirərək mənafelərini qoruyur. Ölkə daixilində gedən demokratik proseslər və iqtisadi yüksəlişlə yanaşı, uğurlu xarici siyasət bu gün dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini Azərbaycana yönəltmiş və bu da beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın yaranmasına və inkişafına əlverişli zəmin yaratmışdır.
Bu gün ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatarcasına, dinamik şəkildə və çox uğurla davam etdirən Prezident İlham Əliyev yüksək diplomatik fəaliyyəti sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirmişdir. Nəticədə, Azərbaycan yalnız beynəlxalq regionda gedən proseselərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir.
Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”.
Azərbaycanın neft sektorunun inkişafı artıq ölkəmizin iqtisadi yüksəlişinə töhfə vermiş, regional və qlobal əməkdaşlıq üçün əlavə imkanlar yaratmışdır. Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan neft kəmərləri və Cənubi Qafqaz qaz kəməri kimi regional infrastruktur regionun əhəmiyyətini artırmış, Avropa üçün yeni və həyati əhəmiyyətli enerji mənbələrinin əsasını qoymuşdur. Yalnız enerji istehsalçısı və ixracatçısı kimi Azərbaycanın regionun əsas iştirakçısı və beynəlxalq arenada əhəmiyyətli aktor olaraq imkanları getdikcə artmışdır. Cənubi Qfaqaz regionu üzərindən beynəlxalq nəqliyyat və komunikasiya dəhlizlərinin genişləndirilməsi və Azərbaycanın tranzit imkanlarının gücləndirilməsi ölkə iqtisadiyyatının və qeyri-neft sektorunun inkişafının vacib elementidir.
Bütün yuxarıda göstərilənlər önu deməyə əsas verir ki, bu gün Azərbaycanın xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi respublikamızın dünya miqyasında nüfuzunu xeyli artırmış, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda “The Business Year” jurnalına müsahibəsində demişdir: “Bu illər ərzində biz ölkənin təhlükəsizlik strategiyasını uğurla həyata keçirdik. İlk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olundu, xarici enerji mənbələrindən asılılıq aradan qaldırıldı. Bu gün Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, dünyanın qlobal enerji bazarında ciddi rol oynayan ölkədir”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Münaqişənin dinc vasitələrlə nizamlanması üzrə aparılan danışıqlar məhz bu prinsiplərdən irəli gələn detalların razılaşdırılmasına yönəldilmişdir.
Azərbaycan dövləti münaqişənin nizama salınmasında ilk növbədə sülh variantına üstünlük verir. Dövlət başçısı cənab İlham Əliyev dəfələrlə bildirmişdir ki, münaqişənin aradan qaldırılması üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması, bu ərazilərdə ölkəmizin pozulmuş suveren hüquqlarının bərpası, məcburi köçkünlərin öz torpaqlarına qaytarılması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində respublikamızın hərtərəfli iqtisadi inkişafı çərçivəsində kommunikasiyaların bərpası, Dağlıq Qarabağın Azərbaycan Respublikası tərkibində muxtariyyətini təmin edəcək statusun müəyyənləşdirilməsindən ibarətdir. Eyni zamanda, dövlət başçısı cənab İlham Əliyev bəyan etmişdir ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır. Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulamışdır.
Dövlət başçısı İlham Əliyev bəyan etmişdir ki, Azərbaycan bayrağı Şuşada, Xankəndidə, işğal olunmuş bütün torpaqlarda dalğalanacaqdır. O günün gələcəyinə əmin olduğunu bildirən Prezident İlham Əliyev demişdir: “O günü yaxınlaşdırmaq üçün bütün Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşları bir nöqtəyə vurmalıdır. Ölkəmizi gücləndirməliyik, ölkəmizi hərtərəfli inkişaf etdirməliyik. Biz tarixi ədaləti bərpa edirik. Bu gün Azərbaycan azaddır, müstəqildir. Müstəqil Azərbaycan öz tarixi keçmişini qorumağa da və gələcəyə inamla baxmağa da qadirdir”.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti,
siyasi elmlər üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.