Müasir dövrdə idarəçilik forması, quruluşu və siyasi rejimindən asılı olmayaraq, hər bir dövlətin inkişafa can atması, habelə bu niyyəti sağlam təməl üzərində gerçəkləşdirmək əzmi ilk növbədə onun zəngin dövlətçilik potensialı ilə şərtlənir. Azərbaycan xalqının dövlətçilik təfəkkürü də əsrlərlə davam edən sosial-iqtisadi, siyasi proseslərin təsiri altında formalaşmış, milli psixologiyası, düşüncə tərzi konkret tarixi-mədəni mühitdə yeni keyfiyyətlər əxz etmişdir. Nəticə etibarı ilə xalqımız ötən əsrin əvvəllərində yaranmış tarixi fürsətdən səmərəli şəkildə bəhrələnərək milli dövlətçilik idealını praktik şəkildə gerçəkləşdirə bilmişdir.
Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşmüş, xalqımız qısa müddətdə müstəqillik ideallarına qovuşmuşdur. Ümummilli lider Heydər Əliyev 2001-ci ildə 28 May Respublika Günü münasibətilə təşkil olunmuş rəsmi qəbuldakı dərin məzmunlu nitqində demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, o dövrdə Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi heç də təsadüfi hadisə deyildi. Hələ XIX əsrin ikinci yarısında, XX əsrin əvvəllərindən xalqımızın mütəfəkkir şəxsiyyətlərinin, qabaqcıl insanlarının fəaliyyəti nəticəsində Azərbaycanda milli oyanış, milli dirçəliş hissləri get-gedə artmışdı. Artıq XX əsrin əvvəllərindən, demək olar ki, xalqımız, onun qabaqcıl şəxsiyyətləri müstəqillik arzusu ilə yaşamışlar. 1917-ci ildə baş vermiş oktyabr inqilabı, rus-çar imperatorluğunun dağılması və o zaman onun ərazisində müxtəlif proseslərin meydana çıxması Azərbaycanın istiqlaliyyətinin elan edilməsi və Xalq Cümhuriyyətinin yaradılması üçün şərait yaratdı”.
Azərbaycan Xalq Cümhuriyyətinin ilk hüquqi sənədi 1918-ci il mayın 28-də elan olunmuş İstiqlal Bəyannaməsi olmuşdur. Konstitusiya aktı statusuna malik bu sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan olunmuş, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirilmiş, dövlətin əsas fəaliyyət prinsipləri əksini tapmışdı. Bəyannamədə demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa məxsusluğu, vətəndaşların mülki-siyasi hüquqlarının təmini, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şəraitin yaradılması, nəhayət, hakimiyyət bölgüsü kimi prinsiplərin əksini tapması suveren, demokratik, hüquqi dövlət yaradılması istəyinin təcəssümü idi.
İstiqlal Bəyannaməsini qəbul edən Milli Şura Azərbaycan hökumətini təşkil etməyi bitərəf Fətəli Xan Xoyskiyə tapşırmışdı. O, ilk hökumətin əsasən gənclərdən ibarət ilk tərkibini “Müsavat”, Müsəlman Sosialist Bloku, “Hümmət”, “İttihad”ın üzvlərindən, o cümlədən bitərəflərdən formalaşdırmışdı. Hökumətin və ali qanunverici orqanın səlahiyyətlərini eyni zamanda icra edən Milli Şuranın ilk mühüm addımlarından biri 1918-ci il iyunun 4-də qardaş Türkiyə ilə hərbi-siyasi müqavilə imzalaması oldu. Müqavilənin Azərbaycan üçün strateji əhəmiyyətə malik dördüncü maddəsində göstərilirdi ki, Osmanlı hökuməti, əgər zərurət olarsa, sülh və əmin-amanlığın möhkəmləndirilməsi, ölkənin təhlükəsizliyinin təmini məqsədilə Azərbaycan Xalq Cümhuriyyətinə hərbi kömək göstərməyi öz üzərinə götürür.
Osmanlı imperiyası ilə hərbi sahədə strateji əməkdaşlığı nəzərdə tutan belə bir müqavilənin bağlanması Azərbaycan dövlətçiliyinin beynəlxalq aləmdə təsdiqi və Azərbaycan xalqının müstəqilliyinin saxlanılmasında zəruri addım idi. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, respublika ərazisinin müəyyən hissəsi, o cümlədən Bakı və ətraf rayonlar erməni-bolşevik birləşmələrinin nəzarəti altında idi. Birinci Dünya müharibəsindən, habelə Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən istifadə edən ermənilər mənfur iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olmuş, Azərbaycanın bəzi bölgələrini, o cümlədən Bakını işğal etmişdilər.
Vəziyyətin gərginliyi həm də onunla bağlı idi ki, hələ 1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəzləyən erməni hərbi birləşmələri faktiki başıpozuqluq şəraitindən istifadə edərək yerli müsəlman əhaliyə qarşı soyqırımı siyasətinə başlamışdılar. Nəticədə hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmış, 135 min azərbaycanlının böyük əksəriyyəti ermənilər tərəfindən qətlə yetirilmiş, sağ qalanlar isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşdular.
Vəziyyətin gərginləşdiyini görən Osmanlı hökuməti özünün ağır durumuna baxmayaraq, 1918-ci ilin iyununda qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı altında hərbi qüvvələrini Azərbaycana göndərdi. Azərbaycan xalqı tərəfindən hərtərəfli dəstəklənən Qafqaz İslam Ordusunun hərbçiləri Gəncə ermənilərini tərksilah etdilər, Qaraməryəm, Kürdəmir, Şamaxı, Binəqədi döyüşlərində daşnak-bolşevik birləşmələrinə ağır zərbələr endirdilər. Nəhayət, rəşadətli Qafqaz İslam Ordusu ağır döyüşlərdə eser-menşevik və daşnak qoşunlarını darmadağın edərək sentyabrın 15-də Bakıya daxil oldu. Qəhrəman Azərbaycan-türk əsgərlərinin şücaəti, qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi.
Cümhuriyyət hökumətinin xalqda milli özünüdərki gücləndirməyə xidmət edən mühüm addımlarından biri də 1918-ci il iyunun 27-də “Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında” qərarın qəbulu idi. Həmin qərar Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsindən sonra ana dilinin dövlət dili kimi işlədilməsinə dair ilk sənəd idi. Bu qərarla Azərbaycan-türk dili bütün ölkə ərazisində dövlət dili elan edildi. Qərarın icrası ilə bağlı milli kadrlar hazırlanmalı, bu sahədə tədris işi yenidən qurulmalı idi. Təhsilin milliləşdirilməsi bu sahədə atılmış ilk addımlardan oldu. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən, bütün ibtidai tədris müəssisələrində təhsil ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməli idi.
Gənclərdə milli özünüdərki, milli ruhu gücləndirən mühüm addımlardan biri də dövlət bayrağının hazırlanması və qəbulu idi. 1918-ci il noyabrın 9-da Bakı şəhərində Fətəli Xan Xoyskinin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi, burada onun milli bayraq haqqında məruzəsi dinlənildi. Müzakirələrdən sonra “yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq” Dövlət bayrağı kimi təsdiqləndi.
Azərbaycanın üçrəngli bayrağı dahi mütəfəkkir və ziyalı Əli bəy Hüseynzadənin hələ əsrin əvvəllərində milli yaşam fəlsəfəsi kimi irəli sürdüyü “Türkləşmək, müasirləşmək, islamlaşmaq” devizinə əsaslanırdı. Türkləşmək - milli ənənələrin dirçəlməsi, milli dilin, ədəbiyyatın, tarix və mədəniyyətin yüksəldilməsi; islamlaşmaq - islamda milli dini-əxlaqi və ümumbəşəri dəyərlərin inkişaf etdirilməsi; avropalaşmaq - Avropa elm və texnikasının nailiyyətlərinin öyrənilib nəticələrini milli elm və mədəniyyətin inkişafına istiqamətləndirmək, Qərb demokratiyası ənənələrindən istifadə etmək deməkdir.
1918-ci il avqustun 11-də qəbul olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında” qanun da müstəqil respublika üçün mühüm əhəmiyyət daşıyırdı. Bu qanun insanlarda vətəndaşlıq hisslərinin tərbiyəsi, milli özünüdərk duyğularının gücləndirilməsi baxımından son dərəcə vacib sənəd idi. Qanunun 1-ci maddəsinə əsasən, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, özləri, yaxud valideynləri Azərbaycan Xalq Cümhuriyyəti ərazisində doğulmuş keçmiş Rusiya imperiyası vətəndaşları xalq cümhuriyyətinin vətəndaşları hesab olunurdular.
Azərbaycan Parlamentinin qəbul etdiyi qanunların, qərarların hamısı müstəqil ölkənin ilk qanun və qərarları olduğu üçün çox əhəmiyyətli idi. Bu sırada bəzi qanunların strateji önəmini də xüsusi vurğulamaq lazım gəlir. “Vətəndaşlıq haqqında”, “Ümumi hərbi mükəlləfiyyət haqqında”, “Mətbuat haqqında”, “Milli Bankın təsisi haqqında”, “Bakı Dövlət Universitetinin yaradılması haqqında”, “Gömrük və poçta-teleqraf xidmətinin təkmilləşdirilməsi haqqında”, “Məhkəmə qanunvericiliyi haqqında” və digər qanunları göstərmək olar.
Cümhuriyyət hökuməti fəaliyyətində ölkədə xalq maarifinin inkişafı, gənclərin müasir biliklərə yiyələnməsi məsələlərinə də xüsusi yer ayırırdı. Maarif işinin yüksək səviyyədə təşkili, tədris və teatr müəssisələrinin milliləşdirilməsi, yeni tədris müəssisələrinin açılması, orada dərs deyən müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması məsələləri diqqət mərkəzində idi. Çünki çar hökuməti Rusiyanın müstəmləkə əsarətində olan xalqların milli-siyasi şüurunun oyanmasına hər vasitə ilə mane olmuşdu. Buna görə də 1918-ci il mayın 28-də - Azərbaycanın müstəqilliyi elan olunan gün Fətəli Xan Xoyskinin sədrliyi ilə yaradılmış birinci hökumətdə Xalq Maarifi Nazirliyi də təsis edilmişdi. Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi nazirlik fəaliyyətinə Azərbaycan xalq maarifinin vəziyyətinin və bu sahədə həyata keçiriləcək vəzifələrin müəyyənləşdirilməsi ilə başladı.
Gənclər siyasəti sahəsində fəal iş aparan Azərbaycan Xalq Cümhuriyyətinin mühüm xidmətlərindən biri də ölkədə ali məktəblərin açılması olmuşdur. Xüsusilə də Bakı Dövlət Universitetinin açılıb-açılmaması məsələsi bir neçə ay müddətində parlamentdə qızğın müzakirəyə səbəb olmuş, bununla bağlı dəfələrlə ciddi mübahisələr getmişdi. Gənclərin ali təhsilini həyati əhəmiyyətli məsələ kimi diqqətdə saxlayan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təşəbbüsü və qərarı ilə 1919-cu ilin mayında professor V.İ.Razumovski başda olmaqla təşkil olunmuş komissiya Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında qanun layihəsi hazırlamışdı. Layihə Bakı şəhərində Avropa tipli ilk universitetin açılmasını nəzərdə tuturdu. Parlamentin qəbul etdiyi 10 maddəlik qanunda universitetdə bu fakültələrin - tarix-filologiya (Şərq bölməsi ilə birlikdə), riyaziyyat (fizika-riyaziyyat), hüquq (müsəlman hüququ və tarixinin tədris edilməsi) nəzərdə tutulmuşdu. Zaqafqaziya Universiteti bağlandıqdan sonra Tiflisdən Bakıya köçmüş bir qrup rus ziyalısının - V.İ.Razumovski, N.A.Dubrovski, L.A.İşkov, İ.S.Sitoviç, İ.İ.Şirokoqorov və başqalarının Bakı Dövlət Universitetinin yaradılmasında böyük xidmətləri olmuşdu.
Azərbaycanda elm və təhsilin inkişafı, milli kadrların yetişdirilməsi ilə yanaşı, xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil almaq üçün azərbaycanlı tələbələrin xaricə göndərilməsi sahəsində də mühüm işlər görülürdü. Azərbaycan hökumətinin yüz nəfər azərbaycanlı gənci ali məktəblərdə təhsil almaq üçün dövlət hesabına xarici ölkələrə göndərmək haqqında hazırladığı qanun layihəsi parlamentdə geniş müzakirə edilərək qəbul olunmuşdu. 1919-1920-ci tədris ilində 100 abituriyent və tələbənin xaricə göndərilməsi nəzərdə tutulmuşdu. Gənclərdən 45 nəfər Fransanın, 23 nəfər İtaliyanın, 10 nəfər İngiltərənin, 9 nəfər Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmişdi. Rusiyada təhsil almaq üçün göndərilməsi nəzərdə tutulan 13 nəfər gənc bu ölkədə vətəndaş müharibəsinin başlaması ilə əlaqədar olaraq oraya gedə bilməmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin həyatında ən əhəmiyyətli və şərəfli məqamlardan biri də parlamentin demokratik yolla seçilməsi və fəaliyyəti olmuşdur. Ümumiyyətlə, 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin 23 ay ərzində 145 iclası keçirilmiş, burada 270-dən artıq qanun layihəsi müzakirəyə çıxarılmış, onlardan 230-a yaxını təsdiq edilmişdi. Parlament mövcudluğu zamanı bütün fəaliyyətini ölkənin sosial-iqtisadi, maliyyə problemlərinin həllinə, siyasi suverenliyini və ərazi toxunulmazlığını təmin etməyə, vətəndaşların hüquqlarını qorumağa, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirməyə, Azərbaycanın beynəlxalq miqyasda tanınmasına, onun xarici ölkələrlə, ilk növbədə yaxın qonşuları ilə çoxşaxəli əlaqələrinin genişlənməsinə yönəltmişdi. Parlamentdə ümumilikdə 11 komissiya - maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssislər Məclisinə seçkilər üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər, sorğular, təsərrüfat, sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyalar formalaşdırılmışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti və hökuməti ölkənin başı üstünü almış xarici müdaxilə təhlükəsini sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq aləmdə tanınması istiqamətində fəal iş aparmışdır. Parlamentin xüsusi diqqət yetirdiyi problemlərdən biri də Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinin tənzimlənməsi olmuşdur. Gərgin müzakirələrdən sonra Gürcüstanla münasibətlər nizama salınmış, İranla Azərbaycan arasında dostluq əlaqələri haqqında müqavilə imzalanmışdı. Məlum səbəblərdən daşnak Ermənistanı və sovet Rusiyası ilə münasibətləri sahmanlamaq mümkün olmamışdı. Parlament eyni zamanda 1918-ci il dekabrın 28-də parlamentin sədri Ə.Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Ə.Topçubaşovun başçılıq etdiyi nümayəndə heyətinin səyi nəticəsində 1920-ci il yanvarın 12-də Paris Sülh Konfransına qatılan ölkələr Azərbaycanın müstəqilliyini tanımaq barədə qərar qəbul etmişdilər. 1920-ci il aprelin 22-də isə parlament Britaniya, Fransa, İtaliya, İsveçrə, Polşa və ABŞ-da diplomatik nümayəndəliklər açmaq haqqında qanun qəbul etmişdir. Lakin bir neçə gün sonra - 1920-ci il aprelin 27-28-də bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi ilə bu işlər yarımçıq qalmışdır.
XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Heydər Əliyev AXC-nin süqutundan sonra azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini - əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmuş, böyük fədakarlıqlar hesabına qurub-yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin daimiliyini, dönməzliyini təmin etmişdir. Həmin illərdə parlamentdə Azərbaycanda milli özünüdərk prosesinə əsaslı təkan verən bir sıra taleyüklü qərarların qəbulu Heydər Əliyevin xalqına və dövlətinə necə bağlı şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Ümumilikdə Heydər Əliyevin rəhbərliyi altında 70-80-ci illərdə istər icra strukturları, istərsə də parlament səviyyəsində həyata keçirilmiş kompleks tədbirlər respublikamızın ötən əsrin 90-cı illərə doğru müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratmışdır. Tarixi reallıqlar göstərir ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun əldə edilməsi qədər çətindir. 1991-ci ilin 18 oktyabrında Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində deklarativ xarakter daşıyırdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həqiqi müstəqilliyinə qovuşmasını təmin etmiş, ölkə xaos və anarxiya burulğanından çıxaraq davamlı, sabit inkişaf yoluna qədəm qoymuşdur.
Ümummilli lider qısa zamanda ölkədə ictimai-siyasi sabitliyi tam təmin etməklə yanaşı, demokratik, hüquqi, dünyəvi dövlət modeli konsepsiyasını da uğurla həyata keçirməyə başlamışdır. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratmışdır. Paralel olaraq ilk milli Konstitusiyanın qəbulu dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynamışdır.
Ümumiyyətlə, Heydər Əliyevin siyasi kursu bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənir. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlmişdir.
Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətinin vahidliyinin, monolitliyinin təmin olunmasını özünün əsas strateji vəzifəsi hesab edir. Bu baxımdan ulu öndərin əsasını qoyduğu siyasi xəttin davam etdirilməsi cəmiyyətin siyasi sifarişi, sosial tələbatı kimi diqqəti çəkir. 2003-cü və 2008-ci illərin prezident seçkiləri təsdiqləmişdir ki, Azərbaycan xalqı ümummilli liderinin siyasi kursuna sadiqdir və bu kursun dövlətçiliyin təhlükəsiz və sabit inkişafına imkan verən yeganə strateji seçim olduğunu tam mənası ilə dərk edir. Bu seçimin 2013-cü ildə də dəyişməz qalacağına cəmiyyətdə qəti əminlik var.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.