Bakıda “Meydana çıxan təhlükəsizlik çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin genişləndirilməsi” mövzusunda NATO tərəfdaşlıq konfransı keçirilir

 

 

Mayın 22-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) Xarici İşlər Nazirliyinin, NATO-nun, ABŞ Dövlət Departamentinin, ADA-nın Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin və Rumıniyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə “Meydana çıxan təhlükəsizlik çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin genişləndirilməsi” mövzusunda NATO tərəfdaşlıq konfransı işə başlamışdır.

AzərTAc xəbər verir ki, konfransı açan xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev tədbirin məqsədinin enerji təhlükəsizliyinə mümkün risklərin çevik şəkildə qarşısının alınması yollarını və təhlükəsizlik sahəsində elmi əməkdaşlığın gücləndirilməsi imkanlarının müzakirə etməkdən ibarət olduğunu bildirmişdir.

Hafiz Paşayev ADA və NATO arasındakı mövcud əməkdaşlıq əlaqələrindən danışmış, konfransın bu əməkdaşlığın inkişafına töhfə verəcəyini diqqətə çatdırmışdır.

Tədbirin əhəmiyyətini vurğulayan Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu qeyd etmişdir ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır. O, demişdir: “Rumıniya NATO və Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinə bundan sonra da dəstək olacaqdır”.

Tədbirdə çıxış edən NATO-nun Meydana Gələn Təhlükəsizlik Çağırışları İdarəsinin enerji təhlükəsizliyi bölməsinin rəhbəri Mixael Ruhle terrorizm və kibercinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın vacibliyini vurğulamışdır. Bildirilmişdir ki, NATO Azərbaycan ilə terrorizm və kibercinayətkarlıqla mübarizə, təhlükəsizliyin təmin olunması kimi sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır.  Azərbaycan NATO-nun fəaliyyətinə böyük töhfə verir, sülhməramlı əməliyyatlarda fəal iştirak edir.

Enerji təhlükəsizliyi üzrə əsas məruzə ilə çıxış edən ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar qlobal enerji sahəsində baş verən dəyişikliklər, enerji təhlükəsizliyinin təmin olunmasında ölkələrin rolu və digər məsələlər haqqında danışmışdır. Vurğulamışdır ki, Azərbaycan NATO üzrə tərəfdaşları üçün alternativ enerji tədarükünün artırılmasında mühüm rol oynayır.

Diplomat diqqətə çatdırmışdır ki, ABŞ Azərbaycan qazını Avropaya daşıyacaq əlavə kəmər marşrutu ilə bağlı qərarın qəbul olunmasını gözləyir və istənilən marşrutun seçilməsinə neytral yanaşır. Əsas odur ki, bu layihə Avropanın qaz təchizatını şaxələndirəcək və Azərbaycan qazının Avropaya nəql edilməsi üçün geniş imkanlar yaradacaqdır.

Azərbaycan və ABŞ arasındakı dialoqun bundan sonra da davam edəcəyini bildirən Riçard Morninqstar demişdir: “Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həllində maraqlıyıq. Amma bu məsələnin enerji layihələrinin icrasına aidiyyəti yoxdur. Enerji sahəsi vacib bir məsələ olsa da, ABŞ Azərbaycanda sabitliyin təmin edilməsini daha önəmli problem hesab edir”.

Tədbir “Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Xəzər regionunun rolu”, “Terrorizm və enerji infrastrukturunun təhlükəsizliyinə ondan irəli gələn təhdidlər”, “Enerji infrastrukturlarına kiber risklər” mövzularında panel iclaslarla davam etdirilmişdir.

Konfrans işini mayın 23-də başa çatdıracaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında