Uruqvay Cənubi Qafqaz regionunun aparıcı ölkəsi olan Azərbaycan ilə əməkdaşlığını genişləndirməkdə maraqlıdır

 

 

Mayın 22-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Uruqvay Şərq Respublikasının parlamentinin Nümayəndələr Palatasının sədri Herman Kardosonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Elmar Məmmədyarov bu səfərin iki ölkə arasındakı münasibətlərin inkişafında yeni mərhələ açacağını qeyd etmişdir. Vurğulanmışdır ki, Azərbaycan Cənubi Amerika regionu, xüsusilə də Uruqvay ilə münasibətlərini genişləndirməkdə maraqlıdır. Ölkələrimiz arasında enerji, tikinti-memarlıq, aqrobiznes kimi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar vardır.

Münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin rolunu qeyd edən nazir diqqətə çatdırmışdır ki, Azərbaycanın və Uruqvayın parlamentlərində dostluq qruplarının fəaliyyəti qanunverici orqanlarımız arasında əməkdaşlığın dərinləşməsinə töhfə verəcəkdir.

Herman Kardoso bildirmişdir ki, Uruqvay Cənubi Qafqaz regionunun aparıcı ölkəsi olan Azərbaycan ilə əməkdaşlığını genişləndirməkdə maraqlıdır. Parlamentlər arasında təmasların artırılmasının əhəmiyyətini vurğulayan Herman Kardoso ölkəsinin qanunverici orqanında Uruqvay-Azərbaycan dostluq qrupunun fəaliyyətini yüksək qiymətləndirmişdir. O, müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin vacibliyini də qeyd etmişdir.

German Kardoso Azərbaycana səfərləri çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqlarla tanış olmaq və münaqişə ilə bağlı ölkəmizin haqlı mövqeyini yaxından öyrənmək imkanı əldə etdiyini vurğulamışdır. Azərbaycanı tolerantlıq nümunəsi adlandıran Herman Kardoso ölkəmizin sivilizasiyalararası dialoqa verdiyi töhfəni yüksək qiymətləndirmişdir.

Nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən Elmar Məmmədyarov Ermənistanın özünü regionda təcrid etdiyini vurğulamışdır. Diqqətə çatdırmışdır ki, Ermənistan destruktiv mövqeyindən əl çəkməlidir.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin davam etdirilməsi, eləcə də mədəniyyət, humanitar və idman sahələrində əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında